Azərbyacan Respublikasının Prezidenti Heydər Əliyevin görkəmli Azərbaycan balerinası, xalq artisti, professor Leyla Vəkilovaya həsr edilmiş tamaşaya baxdıqdan sonra baletin iştirakçıları - İncəsənət ustaları ilə görüşdə çıxışı - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, 2 fevral 1997-ci il


Leyla xanım, sizi, bütün tamaşa iştirakçılarını, hamınızı səmimi qəlbdən təbrik edirəm.

Mən belə başa düşdüm ki, bugünkü tamaşa Leyla xanımın yubileyinə həsr olunub. Hesab edirəm ki, siz ona layiq hədiyyə hazırlamısınız. Bugünkü tamaşa mənə çox böyük təsir bağışladı. Gözəl, yaxşı, şən tamaşalardır. Mənim üçün xoşdur ki, bu tamaşalar bizdə birinci dəfə göstərilir. Bu, respublikamızın mədəni həyatında hadisədir, tamaşaçılarımıza, adamlarımıza qiymətli hədiyyədir. Bu baletlərin belə gözəl şəkildə tamaşaya qoyulmasına görə çox sağ olun, hamınız çox sağ olun. Siz əla ifa etdiniz. Şadam ki, baletimiz, Azərbaycan baleti yaşayır, mövcuddur, heç bir çətinliyə baxmayaraq, bu gün də yaxşı vəziyyətdədir.

Leyla xanımla görüşdükdə düşünürsən ki, o, Azərbaycanda müasir baletin yaradılmasına nə qədər zəhmət çəkmiş və qüvvə sərf etmişdir! Bizdə klassik balet onun çox böyük əməyinin nəticəsidir. Bu işə siz neçə il - əlli ilmi həsr etmisiniz?

Leyla Vəkilova: Ömrümün 53 ilini bu işə sərf etmişəm, cənab prezident.

Heydər Əliyev: Bu illər heç də sadəcə 53 il deyildir. Mən təsəvvür edirəm, lakin siz özünüz daha yaxşı bilərsiniz ki, özünü balet sənətinə həsr etmək heç də asan deyildir. Tamaşaçı yarım saat, bir saat, saat yarım, iki saat oturur, əl çalır, həzz alır, çox böyük estetik zövq alır, sevinir - bu da təbiidir. Amma bu balet necə yaranır, necə ərsəyə gətirilir, hər bir ifaçı səhnədə nə kimi hisslər keçirir... Məsələn, mən təsəvvür edirəm, lakin bununla yanaşı, mən də təsdiqləməyə cürət etmərəm ki, hər şeyi təsəvvürümdə axıradək canlandıra bilərəm. Bunu ancaq siz bilərsiniz ki, səhnədə hər şeyin gözəl, yaxşı görünməsi, yüksək səviyyədə olması üçün nə qədər əmək qoyulur. Azərbaycanda baletin belə inkişaf etməsinə görə biz məhz incəsənət ustalarımıza, o cümlədən Leyla xanıma minnətdarıq. Leyla xanım mənə bir balaca düzəliş verib dedi ki, ömrünün 53 ilini bu sənətə həsr etmişdir.

Zənnimcə, o, ömrünün bu illərini sənətə nahaqdan həsr etməyibdir, çünki bu, adamlara, xalqa çox böyük sevinc gətirən gözəl sənətdir, ən başlıcası isə bu sənət onu özünə peşə seçənlərə məmnunluq hissləri bəxş edir. Axı insan peşəni elə-belə seçmir, əksər hallarda öz daxili bacarığını, arzu və istəyini nəzərə alaraq seçir. Əlbəttə, baletlə hər kəs məşğul ola bilməz. Bundan ötrü xüsusi bacarıq və istedad gərəkdir. Lakin bundan başqa böyük arzu da lazımdır ki, sənətin belə çətin, belə ağır, çox ağır növü ilə məşğul olasan - bundan ötrü necə ürək gərəkdir!

Hesab edirəm ki, səhnədə olanların hamısı hünər göstərir. Balet isə səhnə sənətinin bütün janrları arasında, əlbəttə, xüsusi yer tutur. Mən bütövlükdə incəsənət, o cümlədən də balet həvəskarı kimi bunu həmişə hiss etmişəm, başa düşmüşəm və həmişə də qeyd etmişəm. Bu gün də çox şadam ki, Azərbaycan baleti belə yaxşı səviyyədədir.

Leyla xanım sizə təşəkkür edirəm, mən sizə öz təbrikimi göndərmişəm, siz onu almısınız. Mənim təbrikim mətbuatımızda dərc olunub. Bu gün xüsusi olaraq gəldim ki, sizi şəxsən təbrik edim. Eyni zamanda hamını bugünkü gözəl tamaşa münasibətilə təbrik edim. Çox sağ olun.

Mədəniyyət xadimlərini, görüş iştirakçılarını əmin edirəm ki, əvvəllər olduğu kimi, yenə də incəsənətə, opera teatrına həmişə kömək edəcəyəm, müasir şəraitdə mümkün olan bütün tədbirləri görəcəyəm ki, baletimiz getdikcə yüksəlsin, opera və balet teatrımız bugünkü kimi yaşasın, var olsun, bizdə yeni-yeni balet ustaları, yeni-yeni incəsənət ustaları yaransın.

Leyla xanım, sizi bir daha təbrik edirəm, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Sağ olun.

"Heydər Əliyev: müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyənatlar, məktublar, müsahibələr) - 8-ci cild səh. 395.

Tarixi arayış

MƏDƏNİYYƏT