Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rumıniya Respublikasına rəsmi səfəri (1-2 iyul 1995-ci il)


Dostluq zəminində qurulan və strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Rumıniya-Azərbaycan münasibətləri çox sürətlə inkişaf edir. Rumıniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Prezidentlərin qarşılıqlı səfərləri, artan iqtisadi imkanlar, enerji sahəsində aparılan danışıqlar və nəzərdə tutulan praktik addımlar əməkdaşlığı daha da gücləndirir. Rumıniyanın xüsusilə bölgədə mövcud olan münaqişələrlə bağlı prinsipial mövqeyi Azərbaycanda çox yüksək qiymətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rumıniyaya rəsmi səfəri iyulun 1-də başlayıb. Elə həmin gün Azərbaycan və Rumıniya prezidentlərinin görüşü olub. Görüşdə ikitərəfli münasibətlər, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzusu olub.

Görüşdən sonra Rumıniya-Azərbaycan sənədlərinin imzalanma mərasimi olub. İki ölkə arasında gələcək əməkdaşlıq üçün bünövrə qoyan elm, təhsil, mədəniyyət və idman, həmçinin iqtisadi və elmi - texniki əməkdaşlıq haqqında sazişlər imzalanıb. Bu baxımdan xüsusilə Rumıniya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında prezidentlərin imzaladıqları bəyannamə xüsusi əhəmiyyətə malikdir.

İyulun 1-də Rumıniya Prezidenti İon İliyesku tərəfindən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib. Qəbulda çıx;ş edən Prezident Heydər Əliyev Rumıniya-Azərbaycan əlaqələrinin tarixi, iki dövlət arasında münasibətlərin əhəmiyyəti haqqında danışıb, Azərbaycanın üzləşdiyi ən böyük problem – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətindən bəhs edib.

İyulun 2-də Azərbaycan və Rumıniya prezidentlərinin birgə mətbuat konfransı olub. Mətbuat konfransında Rumıniya-Azərbaycan əlaqələrinin əhəmiyyətini Prezident Heydər Əliyev belə səciyyələndirib: «Rumıniya Avropa ölkəsidir, çoxəsrlik, qədim tarixə, gözəl ənənələrə malikdir. Lakin son illər Rumıniyada böyük siyasi dəyişikliklər baş verir. Bütün bunlar bizim üçün böyük maraq doğurur. Buna görə də gələcək əməkdaşlıq üçün daha sıx münasibətlər yaradılmasının müstəqil Azərbaycandan ötrü xüsusi əhəmiyyəti var. Öz müstəqilliyini üç il yarım bundan əvvəl əldə edən Azərbaycan Respublikası Avropa ilə Asiyanın qovuşuğunda yerləşir və Avropa ölkələri ilə sıx münasibətlər yaratmağa meyl göstərir. O, öz coğrafi mövqeyinə və bir çox digər amillərə görə gələcək əməkdaşlıq baxımından Rumıniya üçün yaxşı tərəfdaş ola bilər. Yüksək səviyyədə görüşümüzü səciyyələndirən cəhət də məhz budur».

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rumıniyaya rəsmi səfəri bu dövlətlə münasibətlərin gələcəkdə daha dinamik inkişaf etməsi üçün zəmin yaradıb.