Azərbaycan Prezidenti Heydər Əliyevin Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin yeni tədris binasının açılışı mərasimində nitqi - 28 sentyabr 1998-ci il


Hörmətli həkimlər!

Hörmətli alimlər, müəllimlər, əziz tələbələr!

Mən bu gün sizinlə burada, tibb universitetinin yeni böyük, möhtəşəm binasının açılışı münasibətilə görüşümdən çox məmnunam, çox şadam, çox sevinirəm və sizi ürəkdən salamlayıram. Azərbaycan Tibb Universitetinin böyük tarixi vardır. Tibb universiteti Azərbaycan Respublikası, xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Əsrin əvvəlində Azərbaycanda həkimləri barmaqla saymaq olardı. Onların da hamısı Rusiyada, Avropada təhsil almış insanlar idi. Amma eyni zamanda bu gün qeyd etmək lazımdır ki, çox dəyərli, görkəmli insanlar idilər. 1919-cu ildə Bakı Dövlət Universiteti yaranarkən onun tərkibində tibb fakültəsi də var idi. Azərbaycan özü üçün həkimlər, səhiyyə işçiləri hazırlamağa başladı. Amma o vaxt həkimləri hazırlamaq, onlara dərs vermək, təbabət elmini, həkimlik peşəsini öyrətmək üçün kadrlarımız, müəllimlərimiz yox idi. Onlar çox az idi. Başqa ölkələrdən gəlmiş müəllimlər, həkimlər Azərbaycanda tibb işçilərinin hazırlanmasına səy göstərdilər. Qısa bir zamanda tibb fakültəsi böyüdü, inkişaf etdi, azərbaycanlılar məhz azərbaycanlıların özündən həkimlər hazırladı və 1930-cu ildə ilk dəfə Azərbaycanda indi tibb universiteti olan tibb institutu yarandı. Mənim xatirimdədir, 1980-ci ildə biz tibb institutunun 50 illiyini qeyd edirdik və institutun xidmətlərini böyük iftixar hissi ilə dünyaya bəyan edirdik. İndi isə biz artıq tibb institutunun, universitetinin 70 illik yubileyinə yaxınlaşırıq. Bu dövrdə Azərbaycanda məhz tibb institutunun, universitetinin fəaliyyəti nəticəsində böyük və çox gözəl səhiyyə işçiləri, həkimlər dəstəsi yaranmışdır. Onlar Azərbaycan vətəndaşlarıdır, azərbaycanlıdırlar, onlar bizim millətə mənsubdurlar, öz xalqına, millətinə xidmət edirlər, onun sağlamlığının keşiyində dururlar ki, məmnuniyyətlə deyirəm ki, dəyərli xidmət edirlər. Azərbaycanda səhiyyənin, tibb işinin inkişaf etdirilməsi üçün xəstəxanalar, müxtəlif tibb ocaqları yarandı və tibb institutu da günbəgün inkişaf etdi. Mən xatırlayıram, 60-cı illərdə tibb institutunun əsas binası "Molokan bağı" adlanan yerin yanında iki-üç mərtəbəli kiçik bir bina idi. Biz burada, məhz bu sahədə o zaman Semaşko adını daşıyan xəstəxananın yanında tibb institutunun böyük şəhərciyini yaratmağa başladıq. İndi burada artıq bu şəhərcik yaranıbdır. Bu gözəl universitet binası da bu şəhərciyin daha da gözəl olmasını nümayiş etdirir və tibb universitetinin bundan sonrakı fəaliyyəti üçün də çox əhəmiyyətli olacaqdır. Bəli, biz o illər tibb institutunun yataqxanalarını, müxtəlif kafedraların yerləşdiyi xəstəxanaları yaratdıq, tikdik, quraşdırdıq, genişləndirdik. Beləliklə, Azərbaycanda səhiyyə işi yüksək inkişaf əldə etdi. Bunlar hamısı insan üçündür, Azərbaycan vətəndaşları, xalqı üçündür. İndi biz fəxrlə deyə ilərik ki, müstəqil Azərbaycanın hər bir şeyi vardır: onun müstəqil dövləti var, onun güclü iqtisadi potensialı var, onun böyük elmi var, onun parlaq mədəniyyəti var, onun gözəl səhiyyəsi var, onun böyük alimləri, həkimləri var, onun gözəl həkim olmaq istəyən gəncləri vardır.

Burada qeyd olundu ki, bu binanın əsası 1980-ci ildə qoyulubdur. O işlər, qərarlar xatirimdədir. Şübhəsiz ki, biz bunu qısa bir zamanda tikib başa çatdırmaq əzmində idik. Amma sonrakı dövr və Azərbaycanda vəziyyətin ağırlaşması, gənginləşməsi, inşaatın demək olar ki, tamamilə dayanması buna da təsir etdi və bu bina yarımçıq qaldı. Son illər Azərbaycanda iqtisadi çətinliklərə, inşaat sahəsində imkanlarımızın xeyli azalmasına, yeni tikinti aparmaq üçün vəsaitimizin, imkanımızın çox az olmasına baxmayaraq, biz bu binanın tikilib başa çatdırılması barədə qərar qəbul etdik, vəsait ayırdıq və sizing hamınız da bu işləri gördünüz. İndi bu gözəl, möhtəşəm bina bizim qarşımızdadır və biz bu gün bunu böyük iftixar hissi ilə açırıq. Azərbaycanda həkimlər, tibb alimləri həmişə ziyalılarımızın görkəmli hissəsini təşkil ediblər. Bəlkə gənclər bunu bir o qədər bilmir, ancaq kitablardan oxuya bilərlər. Burada bizim hörmətli professorlarımız bu işlərin şahididirlər. Mən də onlarla bərabər ötən onilliklərdə və Azərbaycanın tarixində həkimlərin, tibb alimlərinin respublikamızda təkcə insanların sağlamlığını qorumaq sahəsində yox, tibb elminin inkişaf etdirilməsi sahəsində yox, eyni zamanda Azərbaycanda ziyalılığın, ziyalı təbəqəsinin yaranmasında, elmin inkişafında, dövlət quruculuğu işində iştirakını yaxşı bilirəm və bu gün xüsusi qeyd edirəm. Azərbaycanda böyük tibb alimləri olubdur, onlar sizing xatirinizdədir. Azərbaycanda 1945-ci ildə Elmlər Akademiyası yarananda onun ilk prezidenti həkim, professor, alim Mirəsədulla Mirqasımov olubdur. Elmlər Akademiyasını yaradanlardan biri böyük cərrah, alim Mustafa bəy Topçubaşov olubdur. Azərbaycanda tibb elminin, səhiyyənin inkişafında böyük xidmətlər göstərmiş, uzun müddət tibb institutunun rektoru, səhiyyə naziri olmuş, Azərbaycanın rəhbərliyində olmuş, Dağıstana rəhbərlik etmiş böyük tibb alimi, professor Əziz Əliyev olubdur. Bəli, bu insanlar və onlarla bərabər yüzlərlə belə insanlar Azərbaycanda mədəniyyəti, ziyalılığı, yüksək tərbiyəni, mənəviyyatı yaradıblar və Azərbaycanın mühitinə çox böyük təsir ediblər. Bu gün də Azərbaycanın səhiyyə, tibb elmi sahəsində fədakarcasına çalışan alimlərimiz, həkimlərimiz, ziyalılarımızın gözəl bir hissəsini təşkil edir və Azərbaycanın mədəniyyətinin, elminin, səhiyyəsinin inkişafında böyük xidmətlər göstərirlər. Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra isə Sovetlər İttifaqının, SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxm olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən 80-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən eyni zamanda səhiyyə sisteminə rəhbərlik edirdim. Səhiyyə Nazirliyi birbaşa mənim rəhbərliyim altında işləyirdi. Mən o vaxt Sovet İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji mərkəzin, həm kardioloji mərkəzin, həm ürək cərrahiyyəsi mərkəzinin, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində, onların madditexniki bazasının yaranmasında çox səylərim olmuşdu. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ Tibb Elmləri Akademiyasının 40 illik yubileyində Sovet İttifaqının rəhbərliyi adından iştirak etdim, tibb elmi haqqında böyük nitq söylədim və tibb alimlərinə müxtəlif mükafatlar təqdim etdim. Bunlar o vaxt mənim vəzifəmdən irəli gələn işlər idi. Bununla bərabər, mənim şəxsən səhiyyə, tibb elminə çox bağlı olduğumdan irəli gəlirdi. Mən bir də bunları edərək o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin, səhiyyə mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım. Bəlkə də bilirsiniz ki, bununla bərabər, mən şəxsən səhiyyə ilə, həkimlik, tibb elmi ilə də çox bağlıyam. Ona görə yox ki, mənim həkimlərə ehtiyacım olubdur. Allaha şükürlər olsun ki, indiyə qədər buna ehtiyacım olmayıbdır. Mən bu fürsətdən istifadə edib bir şəxsi məsələni də sizə çatdırmaq istəyirəm. Mən 1993-cü ildən Bakıya gəlmişəm, burada işləyirəm və Azərbaycanın prezidentiyəm. Çoxları maraqlanırlar ki, Heydər Əliyev necə yaşayır, nə yeyir, yaxud da ki, nə içir və ona hansı həkim baxır. Bu təbiidir. Çünki adətən böyük dövlət işində olan adamları həkimlər həmişə müşahidə edirlər, onlara vaxtaşırı baxırlar. Sizə bildirmək istəyirəm ki, mən Moskvada işləyəndə Siyasi Büronun üzvü olduğuma görə, hər bir Siyasi Büro üzvünün şəxsi həkimi var idi. Onun başqa işi yox idi, ancaq bir adamın, onun ailəsinin səhhəti ilə məşğul idi. Moskvaya gələndə mənə də bir həkim gətirdilər, tanış etdilər. Qəbul etdim. Ancaq bir, iki, üç ay keçəndən sonra o həkim mənim yanıma gəldi, dedi ki, bilirsiniz, məni işdən çıxarmaq istəyirlər. Dedim ki, nə üçün? Dedi, axı mən gəlib sizə heç baxmıram. Bizdə də qanun vardır - gərək gündə bir dəfə gəlib görəm ki, onun qan təzyiqi, səhhəti necədir. Siz də buna imkan vermirsiniz. Mən ona dedim ki, əgər mənim buna ehtiyacım yoxdursa, nəyə görə vaxt itirməliyəm? Cavab verdi ki, bilirəm, ehtiyacmız yoxdur, - mən sizi müayinədən keçirmişəm, - ancaq rica edirəm, heç olmasa həftədə bir dəfə icazə verin, mən gəlim sizi görüm. Ondan sonra gedim öz rəhbərlərimə deyim ki, mən bu adama baxmışam. Mən belə yaşadım. Amma sonra, 1987-ci ildə həkimlər bir gün məni xəstəxanaya apardılar və dedilər ki, mənim ürəyim xəstədir. Sonra da o vaxtlar Moskvada mənimlə SSRİ rəhbərliyi arasında münasibətlər gərginləşmişdi. Məni işdən kənar etmək istəyirdilər, amma bunu edə bilmirdilər. Sonra mənə bəzi həkimlər gəlib dedilər ki, siz bundan sonra işləyə bilməzsiniz, ərizə yazınvə gedin istirahət edin. Dedim nəyə görə işləyə bilmərəm? Dedilər sizin səhhətiniz elədir ki, əgər gedib bir, iki, üç saat işləsəniz vəziyyətiniz xarab olar. Mən dedim, sizin işiniz həkimlikdir, siz müalicə edin, amma başqa məsələni mən bilərəm. Bir sözlə, 1987-ci ilin sonunda mən istefa verdim. Bir müddət işləmədim. Amma orada həkimlərin bəziləri mənə demişdilər ki, onlar sizə yalan deyirlər. Mən özüm də sonra bildim ki, yalan deyirlər. Çünki ondan sonra on ildir işləyirəm və bu gün də həkimlərə ehtiyacım yoxdur. Burada da bir prezident kimi mənim şəxsi həkimim yoxdur, mənə daimi baxan bir həkim yoxdur, nəbzimi də yoxlamırlar, qan təzyiqimi də heç vaxt ölçmürəm. Ancaq mən ailədə öz ailəmlə, həkimlərlə çox yaxın olmuşam. Bilirsiniz ki,mənim ailəmin bir hissəsi həkim olubdur. Ona görə də mən elə gənc vaxtlarımdan bu həkimlik, tibb sahəsini şəxsi həyatımda da hiss etmişəm, maraqlanmışam və bu barədə həm Azərbaycanda, həm də Moskvada işləyəndə çox tövsiyələr də vermişəm. Bu gün mənim sizə tövsiyə verməyimə ehtiyacınız yoxdur. Siz hər şeyi bilirsiniz. Amma mən həmişə həkimlərə bir şeyi demişəm: elminizi inkişaf etdirin, biliyinizi artırın, müalicə işinizi gücləndirin. Ancaq keçmişdə də demişəm, bu gün də deyirəm - Hippokratın andını heç vaxt unutmayın. Mən keçmişdə SSRİ Tibb Elmləri Akademiyasının prezidenti Nikolay Nikolayeviç Bloxinlə çox yaxın dost idim. O, buraya gəlib-gedirdi. Sonra Moskvada da mənimlə çox təmasda idi. Onunla bu barədə bir neçə dəfə söhbət apardıq. Mənim mərhum həyat yoldaşım Zərifə xanım da deontologiya haqqında böyük bir məruzə hazırladı. Sonralar bir kitab da yazmışdı. Güman edirəm, siz deontologiyanı bilirsiniz. Mən bəzən başqa adamlara izahat verirəm, amma siz bunu yaxşı bilirsiniz. Yəni həkimlərin, səhiyyə işçilərinin mənəviyyatı. Həkim üçün hər bir keyfiyyət lazımdır. Amma ən əsas keyfiyyət yüksək mənəviyyatdır. Mən sizə arzu edirəm ki, hər biriniz öz peşənizlə bərabər, yüksək mənəviyyata malik olasınız. Əziz dostlar! Bu gün siz burada mənim haqqımda xoş sözlər dediniz və oktyabr ayının 11-də yenidən prezident seçilməyimi arzuladınız, bəyan etdiniz ki, siz mənim indiyə qədər gördüyüm işləri qiymətləndirirsiniz, fəaliyyətimi dəstəkləyirsiniz və oktyabr ayının 11-də də mənim prezident seçilməyim üçün mənə səs verəcəksiniz. Mən buna inanıram və buna görə də sizə ürəkdən təşəkkür edirəm. Mənim keçmiş xidmətlərim tarixdə qalıb və Azərbaycanın hər bir yerində onların izi var, onlar görünur. Ancaq müstəqil Azərbaycanın, hələ yeddi yaşı tamam olmamış müstəqil Azərbaycanın beş illik prezidentliyim dövründə gördüyüm işləri siz daha da yaxşı bilirsiniz. Bu işlər haqqında çox danışmaq olar, amma buna ehtiyac yoxdur, çünki siz bilirsiniz. Qısa demək istəyirəm ki, bu beş il müddətində Azərbaycanın dövlət müstəqilliyi möhkəmlənib, inkişaf edib və dönməz olubdur. Ermənistan-Azərbaycan müharibəsi dayandırılıb. Sülh danışıqları aparılır. Artıq qan tökülmür, döyuşlər yoxdur və Azərbaycan xalqı şəhidlər vermir. İnanıram ki, sülh danışıqları nəticəsində Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqları azad olacaq, bizim vətəndaşlarımız öz yerlərinə-yurdlarına qayıdacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Azərbaycanda 1990-cı ildə başlamış və gün-gündən ölkəmizin vəziyyətini gərginləşdirmiş hərc-mərcliyə, özbaşınalığa, hakimiyyətsizliyə və nəhayət, 1993-cü ildə baş vermiş vətəndaş müharibəsinə son qoyulub, Azərbaycanda ictimai-siyasi vəziyyət sabitləşdirilib, insanlar rahat yaşayırlar, çalışırlar və öz müstəqil dövlətini qururlar. Müstəqil Azərbaycan demokratiya yolu ilə irəliləyir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi gedir. Azərbaycanda insan haqları, siyasi plüralizm, demokratiyanın bütün prinsipləri bərqərar olubdur. Azərbaycan iqtisadi islahatlar keçirir, iqtisadiyyatda dəyişikliklər əmələ gətirir. Bunlar hamısı Azərbaycam bundan sonra da sərbəst, azad demokratiya yolu ilə irəli aparacaqdır. Azərbaycanda demokratiyanm varlığının ən gözəl təzahürü indi respublikamızda prezident seçkilərinin keçirilməsidir. Prezident seçkiləri azad, sərbəst, demokratik şəraitdə keçirilir. Hər bir vətəndaş öz fikrini açıq bildirir və oktyabrın 11-də istədiyi namizədə səs verəcəkdir. Beləliklə, oktyabrın 11-i Azərbaycanda demokratiyanın təntənəsinə çevriləcəkdir.Demokratiya Azərbaycanda müxalifətin mövcud olmasını təmin edibdir və Azərbaycanda müxalifət mövcuddur. Ancaq lazımdır ki, müxalifətdə duran qüvvələr yalnız və yalnız qanun çərçivəsində hərəkət etsinlər, Azərbaycanın Konstitusiyasına və qanunlarına tabe olsunlar. Təəssüf edirəm ki, Azərbaycanda radikal mövqedə duran bəzi qüvvələr, partiyalar demokratik müxalifət səviyyəsində deyillər. Burada deyildi, - onlar dağıdıcı, pozucu mövqe tutublar, ayrı-ayrı mitinqlər, küçə yürüşləri və başqa təxribat tədbirləri həyata keçirməklə, Azərbaycanda böyük çətinliklə yaranmış ictimai-siyasi sabitliyi pozmaq istəyirlər və oktyabr ayınm 11-də keçiriləcək prezident seçkilərinə mane olmaq, onu pozmaq istəyirlər. Amma siz buna yol verməyəcəksiniz. Azərbaycan xalqı buna yol verməyəcəkdir. Azərbaycanın müstəqil dövləti, qanunları bunların heç birinə yol verməyəcəkdir. Biz sizin hüquqlarınızı qoruyuruq, Azərbaycanın qanunlarını, konstitusiyasını qoruyuruq. Mən Azərbaycanda yaranmış ictimai-siyasi sabitliyin, sakitliyin, rahatlığın keşiyində durmuşam və bundan sonra da duracağam. Azərbaycanda prezidentliyə namizəd olan, qeydiyyatdan keçmiş şəxslər indi seçicilərlə görüşlər keçirirlər, televiziya və radio vasitəsilə çıxış edirlər. Bunlar hamısı normal haldır. Bir də deyirəm - bu, Azərbaycanda prezident seçkilərinin demokratik keçirilməsini dünyaya nümayiş etdirir. Ancaq eyni zamanda bəzi namizədlər televiziya və radio vasitəsilə seçicilər qarşısında öz çıxışlarında yalan danışırlar, iqtidara böhtan atırlar, xalqa heç bir əsası olmayan vədlər verirlər və beləliklə, ucuz şöhrət qazanmaq istəyirlər. Mən onlara bildirmək istəyirəm ki, bu yollarla insanları aldatmaq lazım deyildir. Əlbəttə, mən hər bir namizədə arzu edirəm ki, o, istəyinə nail olsun. Ancaq hələ onların heç biri bu xalqın qarşısında heç bir xidmət etməyib, heç biri bir yerə bir kərpic qoymayıb, bir daş qoymayıb, bir ağac əkməyib, bir bina tikməyib, bir təşkilat yaratmayıb. Onlar, ola bilər, bundan sonra işlər görsünlər. Ancaq əvvəl iş görmək lazımdır, ondan sonra bilmək lazımdır ki, nəyi etmək olar, nəyi etmək olmaz. Bizim gördüyümüz işlər çoxdur. Onları siz bilirsiniz. Onlardan biri də Bakını - Azərbaycanın paytaxtını gözəlləşdirən bu əzəmətli binadır. Əgər biz indiyə qədər belə binaları, tibb ocaqlarını, belə elm, tədris ocaqlarını yaratmışıqsa, bu gün də yaradırıqsa, demək, biz bundan sonra da bunları etməyə qadirik. Əziz dostlar! Siz həkimsiniz, tibb alimlərisiniz. Tibb universitetinin tələbələri həkim olub xalqa, millətə xidmət edəcəklər. Biz indi səhiyyə sahəsində böyük islahatlar aparırıq. Azərbaycanda gedən islahatlar səhiyyə sahəsinə də toxunubdur. Bu təbiidir. Mənim yaratdığım islahat komissiyası artıq islahatların layihələrini hazırlayıbdır. Biz onları həyata keçirəcəyik. Bu islahatların həyata keçirilməsi bəzi çətinliklər yaratsa da, gələcək üçün Azərbaycanda səhiyyəni daha da keyfiyyətli edəcək və insanlara xidmətin keyfiyyətini daha da artıracaqdır. Mən bu islahatlara inanıram və ümidvaram ki, siz, səhiyyə işçiləri, hamınız birlikdə səhiyyə sahəsində islahatların aparılmasında fəal iştirak edəcəksiniz. Sizin peşəniz elə bir peşədir ki, hər bir insana lazımdır və dünyanın hər bir yerində lazımdır. Bu, sizin kimi adamlar üçün böyük xoşbəxtlikdir. Çünki siz hamıya, hər bir vətəndaşa, cəmiyyətə, dövlətə lazımsınız. Ona görə də sizin sahəniz çox dəyərli sahədir, xalq, cəmiyyət, ölkə, dövlət üçün çox vacib sahədir. Biz bundan sonra da səhiyyəyə qayğını artıracağıq. Siz rəqəmləri bilirsiniz, artıq bu deyilib, mətbuatda da yazılıb ki, son illər səhiyyə sahəsinə ayrılan vəsait iki dəfə də, bəlkə ondan da çox artıbdır. Bundan sonra da artacaqdır. Həkimlərin maddi vəziyyətini yaxşılaşdırmaq üçün bundan sonra da tədbirlər, işlər görəcəyik. Bizim həyata keçirdiyimiz islahatlar məhz bunları təmin etməkdən ötrüdür. Əziz dostlar! Mən sizinlə görüşməyimdən xoşbəxt olduğumu bir daha bildirirəm: Hamınıza cansağlığı, səadət arzulayıram. Hər bir insan üçün çox gərəkli olan şərəfli peşənizdə sizə yeni uğurlar arzulayıram.Eşq olsun tibb universitetinə! Eşq olsun Azərbaycanın gözəl tələbələrinə, ənclərinə! Eşq olsun həkimlərə! Yaşasm müstəqil, demokratik Azərbaycan! İndi mən bu universitet binasının qapılarını açıram ki, siz buraya daxil olasınız, burada işləyəsiniz, təhsil alasınız.