Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Neapol şəhərinin meri cənab Bassollininin adından Azərbaycan Prezidentinin şərəfinə verilmiş rəsmi ziyafətdə çıxışından - Neapol, "Savoy-klub", 27 sentyabr 1997-ci il


Hörmətli ziyafət iştirakçıları, xanımlar və cənablar!

Bu gün burada, Neapol şəhərinin görməli yerlərindən birində - "Savoy-klub"da şəhər meri cənab Bassolinin adından mənim şərəfimə verilən rəsmi ziyafətə görə səmim-qəlbdən təşəkkürümü bildirirəm.

Mənim üçün çox xoşdur ki, ziyafətdə İtaliya hökumətinin yüksək vəzifəli şəxsləri, Neapol şəhərinin və limanının rəhbərləri, işgüzar dairələrin nümayəndələri iştirak edirlər. Ziyafət iştirakçılarının mənim haqqında söylədikləri xoş sözlərə, İtaliyaya ilk rəsmi səfərim zamanı keçirdiyim görüşlər, apardığım danışıqlar, imzalanan sənədlər haqqında deyilən dəyərli fikirlər bir daha onu sübut edir ki, bütün bunlar ölkə ictimaiyyəti və yüksək rəsmi dairələr tərəfindən böyük rəğbətlə qarşılanır. Bu isə onu göstərir ki, İtaliya hökumətinin yüksək vəzifəli şəxsləri Azərbaycanda həyata keçirilən tədbirləri diqqətlə izləyirlər və dəstəkləyirlər, zəngin təbii ehtiyatlara malik olan bu ölkə ilə sıx əlaqələr qurmağa xüsusi maraq göstərirlər.

Rəsmi ziyafət zamanı iştirakçıların Azərbaycanın iqtisadi həyatı, problemləri, nəqliyyat kommunikasiyaları, Xəzərin statusu məsələsi ilə maraqlanması məni bu məsələlər barədə ətraflı məlumat vermək məcburiyyəti qarşısında qoydu və vurğulayıram ki, Avrasiya nəqliyyat dəhlizi artıq fəaliyyət göstərməkdədir, həm də bu dəhlizə maraq göstərən ölkələrin sayi getdikcə artır. Çünki Avrasiya dəhlizi yük daşımaları üçün ən əlverişli, qısa və təhlükəsiz yoldur. Avropadan Bakıya gətirilən yüklər gəmi-bərələr vasitəsilə Xəzərin sərq sahilindəki Türkmənbaşı limanına çatdırılır. Asiyadan yüklər isə həmin xətlə Bakıya gətirilərək dəmir yolu ilə Qara dəniz limanlarına və oradan da Avropa ölkələrinə daşınırə İtaliya da bu nəqliyyat dəhlizindən istifadə prosesinə qoşulub fayda götürə bilər. Bununla bağlı məsələləri bizim Nazirlər Kabineti ilə birlikdə həll etmək mümkündür.

O ki qaldı, Azərbaycan gəmilərinin hansı limanlarda işləməsi barədə Neapolun iş adamlarının sualına, o barədə bunu demək olar ki, respublikamızın böyük nəqliyyat donanması var. Bizim gəmilər Xəzər dənizindən əlavə Volqa çayı vasitəsilə Qara dənizə çıxır, buradakı limanlar arasında işləyir, habelə Bosfor boğazından keçib Avropa, Afrika sahillərinə üzür, o cümlədən İtaliya limanlarına daxil olurlar.

Hüquqi, demokratik dövlət quran, bazar münasibətləri yolunu seçən Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsində hiss ediləcək uğurlar əldə olunmuşdur. Respublikamzın dünya ölkələri ilə əməkdaşlığın daha da möhkəmləndirilməsi sahəsində də önəmli işlər görülmüşdür. Biz Azərbaycanın qapılarını dünyanın bütün iş adamlarının üzünə geniş açmışıq və ölkəmizə qoyulan sərmayələrin möhkəm qorunması haqqında qanun qəbul etmişik, hər bir şirkətin normal fəaliyyəti üçün lazımi şərait yaratmışıq.

Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi üçün xarici ölkələrin çox nüfuzlu şirkətləri ilə müqavilələr imzalanmışdır. Razılıqla qeyd etmək istəyirəm ki, "Qarabağ" yatağının müştərək istismarında İtaliyanın "Acip" Şirkəti də iştirak edir. Mən "Kürdaşı" blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsipləri və müddəaları haqqında Romada "Eni-Acip" ilə ARDNŞ arasında bağlanmış kontraktqabağı müqavilənin perspektivlərindən danışmaq istəyirəm. Təsadüfi deyildir ki, bu yatağa xarici ölkələrin bir sıra nüfuzlu şirkətləri də böyük maraq göstərirlər.

Ziyafətin təşkili üçün böyük əmək sərf edənlərin hamısına bir daha təşəkkür edir və ümidvar olduğumu bildirirəm ki, ziyafət zamanı edilmiş geniş fikir mübadiləsi Bakı və Neapol limanlarının qarşılıqlı sürətdə faydalı əməkdaşlıq imkanlarının daha da genişlənməsində mühüm rol oynayacaqdır.

Mənim barəmdə söylənmiş səmimi sözlərə görə Neapol şəhərinin meri Bassoliniyə və onun adından mənim şərəfimə təşkil edilmiş rəsmi ziyafətin bütün iştirakçılarına bir daha ürəkdən təşəkkür edirəm.

"Savoy-klub"un fəxri qonaqlar kitabına ürək sözləri:

"Savoy-klub"da Neapol şəhərinin meri və işgüzar dairələrin nümayəndələri ilə keçirdiyim görüş çox səmərəli olmuşdur. Biz Neapol şəhəri ilə Azərbaycan, Bakı arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi haqqında əməli tədbirlər planını qəbul etdik. "Savoy-klub" Neapolun gözəl bir mənzərəsində yerləşmişdir, bizə çox təsir bağışladı. Bu görüşün keçirilməsi üçün yaranmış gözəl şəraitə görə təşəkkür edirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasinin Prezidenti.