Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri şəbəkəsinin II konqresinə - 11 sentyabr 2002-ci il


Hörmətli Konqres iştirakçıları!

Sizi – Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri şəbəkəsinin II Konqresinin iştirakçılarını müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nəzdində formalaşıb fəaliyyət göstərən Qara Dəniz Ölkələrinin Universitetləri şəbəkəsi regionda elm və təhsil sahələrində əməkdaşlıq məsələlərinin gerçəkləşdirilməsində mühüm rol oynayan nüfuzlu beynəlxalq quruma çevrilməkdədir. Artıq on bir ölkənin bir çox ali tədris ocağını özündə birləşdirən şəbəkə əməkdaşlığın gələcək inkişafı ilə bağlı öz məqsəd və vəzifələrini müəyyən edərək bu yolda konkret işlər həyata keçirməyə başlamışdır. Təhsili idarəetmə strukturları və ali məktəb rəhbərlərinin, elm və təhsil sahələrində çalışan görkəmli mütəxəssis və alimlərin iştirakı ilə keçirilən konqresiniz də bu istiqamətdə atılan ciddi addımdır.

Gənc Azərbaycan dövləti elm və təhsili öz inkişafının prioritet sahələrindən hesab edir. Ölkəmizdə son illər ərzində bu sahələrin müasir dünya standartlarına uyğunlaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, idarə edilməsinin təkmilləşdirilməsi üçün bir çox işlər görülmüşdür və indi də davam etdirilir. Məhz bu baxımdan Bakıda keçirilən forumunuz və ali təhsildə yüksək keyfiyyətin təminatı ilə bağlı orada müzakirə olunacaq məsələlər ölkəmizdə elm və təhsilin inkişaf etdirilməsi, eləcə də ali məktəblərimizin regionda və dünyada daha yaxşı tanınması işi üçün də əhəmiyyət kəsb edir. İnanıram ki, konqresiniz regionda elm və təhsilin inkişafına öz töhfəsini verməklə Qara dəniz hövzəsi ölkələri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və nəcib işlərinizdə uğurlar arzulayır, konqresinizə səmərəli iş diləyirəm.

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri