Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına - Bakı şəhəri, 5 oktyabr 2000-ci il


Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bu ilin noyabr ayının 5-də keçirilməsi nəzərdə tutulmuş parlament seçkiləri ilə əlaqədar "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında" qanunlardan irəli gələn bütün zəruri tədbirləri həyata keçirmiş və bu sahədə öz işini davam etdirir.

Mərkəzi Seçki Komissiyasının seçkilərlə bağlı nüfuzlu beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla öz səlahiyyətləri çərçivəsində qəbul etdiyi təlimatlar və digər qərarlar ümumiliklə tanınmış beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi üçün lazımi zəmin yaradır.

Məlum olduğu kimi, vahid çoxmandatlı seçki dairəsi üzrə proporsional sistemi əsasında parlament seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edən 14 siyasi partiya və siyasi partiyaların blokları tərəfindən təqdim olunmuş namizədlər siyahısından cəmi 5 siyasi partiyanın siyahısı qeydə alınmışdır. Mərkəzi Seçki Komissiyasının digər siyasi partiyaların namizədlər siyahısının qeydə alınmasından imtina haqqında qərarlarının obyektiv dəlillərə əsaslanması heç bir şübhə doğurmur və bir sıra hallarda bu haqda qərar müvafiq məhkəmə tərəfindən də təsdiqlənmişdir. Lakin hesab edirəm ki, siyasi partiyaların proporsional seçki sistemi əsasında 25 deputat mandatı uğrunda mübarizədən kənarlaşdırılması əhalinin bütün təbəqələrinin siyasi baxışlarını azad ifadə etmək imkanlarını bir qədər məhdudlaşdırır. Seçkilərdə əsas siyasi qərar seçicilər tərəfindən çıxarılmalı və məhz seçicilər müəyyən etməlidir ki, hansı siyasi partiya müstəqil Azərbaycanın parlamentində təmsil olunmağa layiqdir. Hər bir siyasi partiyanın parlamentdə təmsil olunması hansısa orqandan deyil, partiyanın sosial bazasından və əhali tərəfindən nə dərəcədə dəstəklənməsindən asılı olmalıdır.

Zənnimcə, gələcək parlament seçkilərində Azərbaycan Respublikasının siyasi palitrası mümkün olduğu qədər geniş təmsil olunmalıdır. Bu addım ölkəmizdə aparılan demokratik islahatlara əlavə təkan verər, ictimaiyyətin siyasi fəallığını daha da artırır və cəmiyyətdə vətəndaş həmrəyliyini möhkəmləndirər. Yalnız seçkilərin nəticələri siyasi partiyaların nə dərəcədə vətəndaşların iradələrini ifalə etmələrinin obyektiv meyarıdır.

Bütün bunları nəzərə alaraq, Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi qərarları heç bir şübhə altına almayaraq və onlara hörmətlə yanaşaraq, xahiş edirəm Azərbaycanın siyasi partiyalarının qarşıdan gələn parlament seçkilərində proporsional seçki sistemi üzrə iştirakını məhdudlaşdıran qərarlara yenidən baxmaq imkanını müzakirə edəsiniz.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış