Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Roma papası II İohann Pavel ilə təktəbək görüşü - Prezident sarayı, 22 may 2002-ci il


Ali qonağı səmimiyyətlə, hörmət və ehtiramla salamlayan Prezident Heydər Əliyev onun dəvətini qəbul edib Azərbaycana rəsmi səfərə gəldiyinə görə Zati-Müqəddəsləri II İohann Pavelə minnətdarlığını bildirdi.

Azərbaycan Respublikasının müstəqilliyinin Vatikan dövləti tərəfindən rəsmən tanınmasının 10-cu ildönümü günü ərəfəsində Zati-Müqəddəslərinin ölkəmizə rəsmi səfərini tarixi hadisə kimi qiymətləndirən Prezident Heydər Əliyev II İohann Paveli dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, bütün insanların və xalqların dostu kimi tanıdığını vurğuladı.

1997-ci ilin sentyabrında İtaliyaya rəsmi səfəri zamanı Müqəddəs Vatikanı ziyarət etdiyini, orada Zati-Müqəddəsləri ilə görüşdüyünü və ətraflı fikir mübadiləsi apardığını xatırlayan Prezident Heydər Əliyev II İohann Pavelin Azərbaycana gəlməsindən məmnunluq duyduğunu bildirdi.

Səmimi sözlərə, Azərbaycana rəsmi dəvətə və ona göstərilən qonaqpərvərliyə görə Prezident Heydər Əliyevə minnətdarlıq edən II İohann Pavel bu gözəl ölkəyə gəlməyindən böyük sevinc duyduğunu nəzərə çatdırdı.

II İohann Pavel həzrətləri respublikamıza rəsmi səfərinin Azərbaycan ilə müqəddəs Vatikan arasında diplomatik münasibətlər yaradılmasının 10-cu ildönümünə təsadüf etdiyindən çox məmnun qaldığını vurğuladı.

Vatikan dövlətinin başçısı II İohann Pavel Azərbaycan ilə Vatikan arasında qurulmuş əlaqələrdən razılıqla söhbət açdı, Prezident Heydər Əliyev ilə 1997-ci ildə Vatikanda keçirdiyi görüşləri, apardığı danışıqları həmişə xatırladığını söylədi.

Prezident Heydər Əliyev müstəqillik qazandıqdan sonra Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində görülən işlərdən, aparılan islahatlardan ətraflı söhbət açdı.

Ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən dövlətimizin başçısı Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyondan çox vətəndaşımızın yerindən-yurdundan zorla qovularaq uzun illərdən bəri çadırlarda ağır şəraitdə yaşadığını nəzərə çatdırdı. Prezident Heydər Əliyev bu münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə aradan qaldırılması sahəsində görülən işlərdən, danışıqlar prosesindən söhbət açaraq bildirdi ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatları və dövlətləri münaqişənin tezliklə həll edilməsi sahəsində səylərini artırmalıdırlar.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə hər iki tərəfi maraqlandıran bir sıra məsələlər barədə də geniş fikir mübadiləsi aparıldı.