"Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin Bakıda ümumrespublika müşavirəsində çıxışı (24 avqust 1993-cü il)" sənədinə tarixi arayış


1993-cü ilin avqustunda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tabe olmayan qanunsuz silahlı birləşmənin rəhbəri Əlikram Hümbətov ətrafındakı cinayətkar ünsürlərlə Azərbaycan Respublikasının Konstitusiyasını pozaraq qanuni hakimiyyəti zəbt etdi. Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar əhalisinin iradəsinə zidd olaraq Əlikram Hümbətov mafioz separatçı dəstələrinin yardımı ilə heç bir səlahiyyəti olmayan qondarma “Talış-Muğan Respublikası”nı yaratdığını elan etdi. Heydər Əliyev cənub rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla məsləhətləşmək və məsələni aydınlaşdırmaq üçün 1993-cü il avqustun 13-də görüş keçirdi.

Əlikram Hümbətovun törətdiyi cinayətlər ətraflı müzakirə edildi və siyasi qiymət verildi. Heydər Əliyevin nitqi cənub əhalisini, ümumiyyətlə, Azərbaycan əhalisini separatçılığa, etnik düşmənçiliyə qarşı səfərbər etdi. Həyata keçirilən tədbirlər və atılan qəti addımlar nəticəsində respublikanın ərazi bütövlüyünə qarşı qəsdin qarşısı alındı.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.19