Bakıda "Xəzərneftqaz-96" Üçüncü Beynəlxalq sərgisinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 4 iyun 1996-cı il


Hörmətli xanımlar və cənablar, möhtərəm qonaqlar!

Bu gün Bakıda, Azərbaycanda əlamətdar, mühüm hadisə baş verir. 20 ölkənin 190 neft və qaz şirkətinin nümayəndələri "Xəzərneftqaz-96" beynəlxalq sərgisinin açılışı ilə əlaqədar Azərbaycan Respublikasının paytaxtına - Bakıya toplaşıblar. Burada olanların hamısını, sərginin açılışı ilə əlaqədar Azərbaycana gəlmiş sərgi iştirakçılarını, qonaqları səmimi salamlayıram.

"Xəzərneftqaz-96" sərgisini açıq elan edirəm.

1994-cü ildən etibarən artıq dalbadal üçüncü ildir ki, ilin məhz bu vaxtı Bakıda neft və qaz problemlərinə dair beynəlxalq sərgi işinə başlayır. Bu gün biz yenə də sərginin açılışındayıq. "Speahed eksibişnz LTD" şirkətinin Azərbaycan Ticarət-Sənaye Palatası ilə birlikdə təşkil etdiyi bu sərgi getdikcə daha da məşhurlaşır, öz miqyasını genişləndirir. Elə indi də bu sərgi istər mahiyyətinə görə, istərsə də adına görə həqiqətən geniş beynəlxalq xarakter daşıyır. Diqqətəlayiq haldır ki, bu sərginin təşkilində, onun işində nəinki neft və qaz problemləri ilə bilavasitə və ya dolayısı ilə əlaqələri olan müxtəlif neft və qaz şirkətlərinin rəhbərləri və nümayəndələri, həm də məhsulları bu sərgidə göstərilən ölkələrin hökumət nümayəndələri fəal iştirak edirlər. Mən bu sərgiyə gələn hökumət nümayəndələrini səmimi salamlayıram. Hesab edirəm ki, onların sərginin açılışında, bu sərgi çərçivəsində keçiriləcək konfransın işində iştirakı ona daha böyük əhəmiyyət verir.

Neft və qaz problemlərinə həsr olunmuş belə beynəlxalq sərginin üç il dalbadal Bakıda keçirilməsini qanunauyğun sayıram. Bu, ölkəmizin neft və qaz sərvətlərinə, Azərbaycan Respublikası neftçilərinin ənənələrinə marağın artdığını göstərir. Məlumdur ki, Azərbaycan qədim neft ölkəsidir. Azərbaycanın, Bakının neft yataqları, neft sərvətləri bütün dünyada məşhurdur. Ötən vaxtlarda Azərbaycan nefti təkcə Azərbaycanın, keçmiş Rusiyanın, keçmiş Sovetlər İttifaqının deyil, dünyanın bir çox ölkələrinin də iqtisadiyyatının inkişafında rol oynamışdır. Biz hər dəfə iftixar hissilə danışırıq və bu gün də deməyi lazım bilirəm ki, dünyada ilk dəfə olaraq məhz Bakıda, Azərbaycanda 1848-ci ildə neft fontan vurmuşdur. Dünyada ilk dəfə olaraq məhz Azərbaycanda dənizdə neft yataqlarının istismarına başlanmışdır və 1949-cu ildən etibarən Xəzər dənizinin Azərbaycan sektorunda zəngin neft və qaz yataqları fəal istismar edilir. Bütün bunlar birlikdə götürüldükdə belə deməyə tam əsas verir ki, Azərbaycan Odlar yurdu, neft diyarıdır.

XX əsrdə Yer kürəsinin müxtəlif regionlarında, müxtəlif ölkələrdə yeni-yeni çox zəngin neft yataqları kəşf edilmişdir. İndi quruda da, dənizdə də çoxlu neft və qaz çıxarılır. Lakin neft məmləkəti kimi Azərbaycan öz əhəmiyyətini itirməyib. Bu bir yana. Xəzər dənizinin Azərbaycan sektorunda neft və qaz yataqlarının aşkara çıxarılması, Azərbaycan ərazisində bir çox köhnə neft və qaz yataqlarının olması belə deməyə əsas verir ki, ölkəmizdə neft və qaz hasilatının hələ çox böyük gələcəyi var. Bütün bunlar belə deməyə haqq verir ki, 190 neft və qaz şirkətinin eksponatları olan beynəlxalq neft və qaz sərgisinin məhz Azərbaycanda açılması Azərbaycanın istər tarixinə, istərsə də bugünkü gününə tam müvafiqdir.

Hazırda Azərbaycanın neft-qaz sənayesi yeni mərhələ - dirçəliş mərhələsi keçirir. Neft və qaz kəşfiyyatı və hasilatının miqyası genişlənib, başlıcası isə neft və qaz hasilatında dünyanın bir çox ölkələri və şirkətləri ilə əməkdaşlığın miqyası genişlənibdir. Bütün bunlar onun sayəsində mümkün olmuşdur ki, Azərbaycan xalqı öz milli istiqlaliyyətini qazanmışdır, Azərbaycan müstəqil suveren dövlət olmuşdur və indi Azərbaycan xalqı, Azərbaycan dövləti öz taleyinin, öz sərvətlərinin, öz təbiətinin sahibidir. Bunun nəticəsində Amerika Birləşmiş Ştatlarının, Rusiya, Böyük Britaniya, Norveç, Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Türkiyə, İran və bir çox digər dövlətləri təmsil edən bütün bu şirkətlər indi sərginin iştirakçılarıdır. Bu ölkələrin hökumət nümayəndələri, bu şirkətlərin nümayəndələri sərgiyə öz eksponatlarını təqdim etmişlər ki, bu da çox mühüm hadisədir. Məhz dövlət müstəqilliyi və suverenliyi şəraitində Azərbaycan Respublikası 1994-cü ilin sentyabrında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" neft yataqlarının birgə işlənməsi haqqında neft şirkətlərinin iri beynəlxalq konsorsiumu ilə "Əsrin müqaviləsi" adlandırılan müqavilə imzalamaq imkanı tapmışdır.

1995-ci ilin noyabrında Xəzərin Azərbaycan sektorundakı "Qarabağ" adlı iri neft və qaz yatağının birgə işlənməsi haqqında bəzi böyük neft şirkətləri ilə ikinci müqavilə imzalandı. Bu gün Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz və neft yatağının birgə işlənməsi haqqında dünyanın bir çox böyük neft şirkətləri ilə üçüncü müqavilə imzalanacaqdır.

Bütün bunlar, bir tərəfdən, Azərbaycan Respublikasının çox zəngin neft və qaz ehtiyatlarına malik olduğuna, digər tərəfdən isə yataqların birgə işlənməsində, bu neft sərvətlərindən birgə istifadə edilməsində dünyanın neft şirkətləri ilə, bir çox böyük ölkələrlə fəal əməkdaşlığımıza sübutdur. Bunların hamısı Azərbaycan iqtisadiyyatının bütün dünya üçün açıq olmasına, onun dünya iqtisadiyyatı ilə inteqrasiyasına yönəldilmiş siyasətimizi, xəttimizi nümayiş etdirir. Bunların hamısı bazar iqtisadiyyatı prinsiplərinə müvafiq dərin iqtisadi islahatlar aparılmasına və bu əsasda dünya iqtisadiyyatı ilə inteqrasiyaya yönəldilmiş Azərbaycan hökumətinin, dövlətinin xəttini nümayiş etdirir. Biz məhz bu yolla dönmədən gedəcək, azad iqtisadiyyat, bazar iqtisadiyyatı prinsiplərini Azərbaycanda dönmədən həyata keçirəcək, Azərbaycan iqtisadiyyatının inkişafı üçün, əməkdaşlığımızın inkişafı üçün, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə inteqrasiyasının inkişafı üçün bütün ölkələrlə, dünyanın bütün şirkətləri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq edəcəyik.

İndiki beynəlxalq sərgi əməkdaşlığımızı fəallaşdırmaq məqsədilə yeni əlaqələr yaratmaq üçün gözəl imkanlar verir. Əminəm ki, sərgi də, burada onun çərçivəsində keçiriləcək konfrans da bizə əməkdaşlığımızın miqyasını genişləndirməyə, getdikcə daha çox xarici şirkətləri, dövlətləri Azərbaycanla əməkdaşlığa cəlb etməyə də imkan yaradacaqdır.

Bu gün açılan sərgi bəlkə də bütöv bir il ərzində, yəni 1995-ci ilin sərgisi başa çatdığı vaxtdan bəri görülmüş böyük və çox gərgin, zəhmətli işin nəticəsidir. Bununla əlaqədar çox böyük və zəhmətli iş görmüş olan Britaniyanın "Speahed ekzibişnz LTD" şirkətinə təşəkkürümü bildirmək və təbii olaraq, bu şirkətin icraçı direktoru, bu gün mənə təqdim edilən gözəl xanımı alqışlamaq istəyirəm. Bu sərginin hazırlanması üçün böyük səy göstərmiş olan Azərbaycan Ticarət-Sənaye Palatasına, onun bütün əməkdaşlarına da təşəkkür etmək istəyirəm. Bu sərgiyə öz eksponatlarını təqdim edən və təbii olaraq, onun bu gün keçirilməsi üçün çox böyük iş görən bütün şirkətlərə, firmalara təşəkkürümü bildirirəm.

Sərginin açılışında iştirak etmək üçün Azərbaycana gələn ölkələrin hökumət nümayəndələrini səmimi salamlayır və onlara, habelə hazırda fəal əməkdaşlıq etdiyimiz ölkələrə öz böyük ehtiramımı bildirirəm. Əməkdaşlığımızın daha da inkişaf etməsinə uğurlar arzulayıram. Bir daha sizin hamınızı beynəlxalq sərginin açılışı münasibətilə təbrik edirəm, sərgiyə də, burada təqdim olunmuş şirkətlərə də müvəffəqiyyətlər diləyirəm. Sizin hamınızı təbrik edirəm, sizə xoşbəxtlik, firavanlıq, işlərinizdə uğurlar arzulayıram.