Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin NATO Baş katibinin elm və ətraf mühit məsələləri üzrə müavini, alyansin Elm Komitəsinin sədri Jan Fürne ilə görüşü - Prezident sarayı, 7 may 2002-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev qonağı salamlayaraq, onun respublikamızda ekologiya məsələləri ilə məşğul olması, burada həyata keçirilən böyük proqramda iştirak etməsi barədə məlumatı olduğunu vurğuladı.

Səmimi qəbul üçün Azərbaycan prezidentinə təşəkkürünü bildirən cənab Jan Fürne bu görüşü özü üçün şərəf saydığını bildirdi. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovla birlikdə Xəzərdə ətraf mühitin qorunmasına dair seminarda iştirak etdiyini söyləyən qonaq dedi ki, bu seminar Xəzəryanı ölkələr və Xəzər hövzəsinə yaxın olan dövlətlər, hətta regiondan uzaqda olan ölkələr üçün də böyük maraq doğurur.

Məşğul olduğu işlərin elm adamlarını, ekspertləri bir yerə yığmaq, onları yaxınlaşdırmaq məqsədi daşıdığını deyən Jan Fürne ənənəvi olaraq təhlükəsizlik problemləri ilə məşğul olan NATO çərçivəsində digər əməkdaşlıq üsulunun da təklif edildiyini nəzərə çatdırdı.

Cənab Jan Fürne dedi ki, Bakıya gəlməzdən əvvəl ekspertlərlə söhbət etmiş və Azərbaycanda NATO ilə əməkdaşlığa, xüsusən siyasi sahədə əlaqələrə böyük maraq göstərildiyini bilirdi. Buraya gəldikdən sonra isə onun məşğul olduğu sahəyə Azərbaycanda maraq olduğunu öyrəndi.

Bu gün səhər keçirilən seminar, qarşıdakı aylar üçün planlaşdırılan işlər buna əyani sübutdur.

Qonağa təşəkkürünü bildirən Prezident Heydər Əliyev dedi ki, NATO-nun eyni zamanda ətraf mühitin qorunması ilə məşğul olması çox mühümdür. NATO-nun Baş katibinin bu sahədə xüsusi müavininin olması da onu göstərir ki, bu təşkilat doğrudan da bu məsələlərə çox böyük diqqət yetirir.

Dövlətimizin başçısı ətraf mühitin qorunmasının qlobal məsələ olduğunu, bütün Dünya Birliyi kimi, Azərbaycanın da buna böyük əhəmiyyət verdiyini vurğulayaraq dedi ki, ölkəmiz NATO ilə «Sülh naminə tərəfdaşlıq» proqramı və başqa proqramlar çərçivəsində geniş əməkdaşlıq edir.

Azərbaycanda NATO-ya çox böyük hörmət, rəğbət və müsbət münasibət olduğunu söyləyən Prezident Heydər Əliyev bildirdi ki, NATO-nun müxtəlif proqramlarının ölkəmizdə həyata keçirilməsi dövlətimizin milli mənafeləri baxımından çox əhəmiyyətlidir.

Cənab Jan Fürnenin Bakıda çox mühüm məsələ–Xəzərin ekoloji vəziyyətinin öyrənilməsi məsələsi ilə maraqlanmasını müsbət qiymətləndirən Prezident Heydər Əliyev dedi ki, qonağın burada keçirdiyi görüşlər və Xəzərə həsr edilmiş seminar ekologiyanın sağlamlaşdırılması sahəsində ölkəmizə böyük yardım olacaqdır.

Prezident Heydər Əliyev vurğuladı ki, Xəzər nadir bir dənizdir.

Xəzəryanı dövlətlərin başçılarının bu yaxınlarda Aşqabadda Xəzərin hüquqi statusu məsələsini müzakirə etdiklərini söyləyən dövlətimizin başçısı bildirdi ki, dənizin statusunun müəyyən olunması eyni zamanda Xəzərin ekologiya problemləri ilə sıx bağlıdır.

Xəzəryanı dövlətlərin başçıları eyni fikirdə oldular ki, Xəzərin qorunması, onun çirklənməsinin qarşısının alınması bu ölkələrin əsas vəzifələrindən biridir.

Azərbaycan prezidenti təəssüflə vurğuladı ki, Xəzər son illər davamlı olaraq çirklənir. Xəzəryanı ölkələrin heç birində dənizin çirklənməsinin qarşısını almaq barədə təsirli tədbirlər görülmür. Dənizin çirklənməsi isə onun bioloji ehtiyatlarının məhvinə gətirib çıxaran əsas səbəblərdən biridir.

Bütün bu məsələlərə NATO-nun diqqət göstərməsini təqdirəlayiq hal kimi qiymətləndirən Prezident Heydər Əliyev ölkəmizin NATO ilə bu səhədə daha geniş əməkdaşlıq etməyə hazır olduğunu vurğuladı.

Xoş sözlərə görə Azərbaycan prezidentinə təşəkkürünü bildirən cənab Jan Fürne dövlətimizin başçısını əmin etdi ki, NATO bu sahədə gələcəkdə də Azərbaycanla sıx əməkdaşlıq edəcək, təcrübəsini bölüşəcəkdir.

Qonaq Prezident Heydər Əliyevə xatirə hədiyyəsi təqdim etdi.