"Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının birgə işlənməsi haqqında ‎sazişin imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər ‎Əliyevin nitqi" (Bakı, 4 iyun 1996-cı il) sənədinə tarixi arayış‎


‎4 iyun 1996-cı ildə Bakıda "Gülüstan" sarayında Azərbaycan Prezidenti Heydər ‎Əliyevin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının birgə ‎işlənməsi haqqında ARDNŞ ilə xarici neft şirkətləri arasında müqavilənin ‎imzalanması mərasimi olub. ‎

Mərasimi giriş sözü ilə Azərbaycan Prezidenti Heydər Əliyev açıb. Sonra ‎mərasimdə Rusiya yanacaq və energetika nazirinin birinci müavini Vladimir ‎Kostyunin, "Britiş Petroleum" şirkətinin vitse-prezidenti Bayron Qrodin, "Türkiyə ‎Petrolları Anonim Ortaqlığı" şirkətinin prezidenti Sidqi Səncər, Fransanın "Elf ‎Akiten" şirkətinin prezidenti Filip Jofren, İranın "OİEK" neft şirkətinin prezidenti ‎Seyid Əli Əkbər Haşimi, Rusiyanın "LUKoyl" neft şirkətinin vitse-prezidenti Ravil ‎Maqanov çıxış ediblər.‎

Bakıdan 60 km cənubda yerləşən "Şahdəniz" strukturu 1954-cü ildə Azərbaycan ‎geoloqarı tərəfindən kəşf edilib. Struktur Xəzər dənizində 12 km enində və 30 km ‎uzunluğunda olan zolağı əhatə edir. Strukturun şimalında suyun dərinliyi 50, ‎cənubunda isə 500 metrə çatır. "Şahdəniz" qaz kondensatı yatağı Xəzərin ‎Azərbaycana aid hissəsində yerləşən ən böyük qaz yatağıdır. Müqavilə imzalanan zaman yataqda 400 milyard kubmetr qaz, 200 milyon ton qaz-kondensat və 100 milyon ton neft hasil edilməsi proqnozlaşdırılırdı. Lakin 2007-ci ilin sonlarında son kəşfiyyat-axtarış işlərinin nəticələri elan edildi və yataqdakı qaz ehtiyatının həcminin 1 trilyon kubmetrdən artıq olduğu aşkarlandı. Keçmiş SSRİ ‎dövründə işlənilməmiş bu yataq Azərbaycanın istiqlaliyyət qazanmasından sonra ‎yenidən gündəmə gəlib və yeni neft strategiyası çərçivəsində xarici tərəfdaşlarla ‎birgə işlənilməsi qərara alınıb. "Şahdəniz" yatağının birgə işlənilməsi barədə ‎danışıqlara 1992-ci ildə başlanılsa da, yatağın istismarına dair saziş 1996-cı ilin ‎iyununda imzalanıb və bu saziş həmin ilin 17 oktyabrında Azərbaycan parlamenti - ‎Milli Məclis tərəfindən bəyənilərək ratifikasiya edilib.‎

‎"Şahdəniz" strukturunun birgə işlənilməsini nəzərdə tutan müqavilədə iştirak edən ‎şirkətlər və onların payları aşağıdakı kimidir: "BP" (Böyük Britaniya) - 25,5%, ‎‎"Statoyl" (Norveç) - 25,5%, ARDNŞ (Azərbaycan) - 10%, "OİEK" (İran) - 10%, ‎‎"Totalfinaelf" (Fransa) - 10%, Rusiyanın "LUKoyl" və İtaliyanın "ACİP" neft ‎şirkətlərinin müştərək yaratdıqları "LukAcip" - 10%, "TPAO" (Türkiyə) - 9%. ‎

Müqavilə işlənmə, istismar və nəqletmə məsələləri daxil olmaqla üç mərhələni ‎əhatə edir. ‎Layihənin operatoru "bp Exploration "Şahdəniz" Limited" şirkətidir. ‎Müqaviləyə görə, 30 il ‎müddətində bu ehtiyatların hasil edilməsinə 4 milyard ABŞ ‎dolları məbləğində investisiya ‎qoyuluşu planlaşdırılıb.‎ ‎

‎12 iyul 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə ‎‎"Şahdəniz" yatağı üzrə üç il ərzində görülən ilkin işlərin təqdimat mərasimi olub. ‎İlkin nəticələrin təhlili ‎sayəsində məlum olub ki, genişmiqyaslı hasilat prosesi ‎zamanı yataqdan ildə 16-20 milyard ‎kubmetr qaz çıxarılacaq. Bu isə həmin qazın ‎satışı üçün xarici bazarların axtarılması və qaz boru ‎kəməri marşrutunun seçilməsi ‎məsələsini gündəmə gətirib. ‎Müzakirə və təhlillər nəticəsində Tükiyə Respublikası ‎və Gürcüstan bu baxımdan əlverişli hesab ‎edilib. Həmin ökələrin rəsmiləri ilə ‎danışıqlara başlanıb və qazın nəqlini təşkil edəcək Bakı-‎Tbilisi-Ərzurum ‎marşrutunun çəkilməsi üçün razılıq əldə olunub.‎ ‎

‎12 mart 2001-ci ildə bu razılıq gerçəkləşib və "Şahdəniz" qazının çox hissəsinin ‎Türkiyə ‎Respublikasına satılması haqqında Ankarada həm hökumətlərarası ‎anlaşma, həm də alqı-satqı ‎üzrə anlaşma imzalanıb. Həmin ilin 29 sentyabrında isə ‎Bakıda "Cənubi Qafqaz Boru Kəmər ‎Sistemi vasitəsilə təbii qazın Azərbaycan ‎Respublikası və Gürcüstan Respublikası ərazilərində ‎və onların hüdudlarından ‎kənarda tranziti, nəqli və satışı haqqında" Azərbaycan Respublikası ilə ‎Gürcüstan ‎Respublikası arasında saziş imzalanıb. ‎ Qeyd edilməlidir ki, "Şahdəniz" yatağının ‎adları yuxarıda qeyd edilən tərəfdaş sirkətləri həm də əldə ediləcək təbii qazın ‎dünya bazarına çatdırılmasını təmin edəcək Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin ‎tikintisini də öz üzərlərinə götürüblər.‎

‎16 oktyabr 2004-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan və ‎Gürcüstan ‎hissələrinin birləşdirildiyi gündən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin ‎də tikintisinə start verilib. ‎Kəmərin layihə dəyəri ilkin hesablamalara görə 900 ‎miliyon ABŞ dolları həcmindədir. Kəmərin çəkilməsində istifadə olunan 700 km ‎uzunluqda polad boruları Yaponiyanın "Sumitomo" şirkəti təqdim edib.‎ 2007-ci ilin yanvarında adı çəkilən qaz kəməri istifadə verilib.

Hazırda birinci mərhələdə olan işlər ‎qrafikə uyğun davam etdirilir və "Şahdəniz" qazı 2007-ci ilin əvvəllərindən başlayaraq ‎Türkiyə və Gürcüstana ixrac edilir. Birinci mərhələnin təqribən 2010-cu ilədək davam edəcəyi ‎bildirilir. Bu müddət ərzində yataqdan 625 milyard kubmetr qaz və 101 milyon ton ‎kondensatın hasil edilməsi planlaşdırılır. ‎"Şahdəniz yatağından 2008-ci ildə qaz hasilatının 8,0 milyard kubmetrə, 2015-ci ildə 22 milyard kubmetrə, yatağın tam miqyasda işlənilməsinin həyata keçirilməsi nəticəsində isə qaz hasilatının 35 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır. 2007-ci ildə Azərbaycanda qaz hasilatı 16,9 milyard kubmetr olub ki, bu da 2006-cı il göstəricisindən 3,4 dəfə artıqdır. (http://www.news.azerbaijan.az/)

Müqavilənin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər ‎Əliyev Azərbaycanın yeni neft strategiyası çərçivəsində imzalanan sayca bu ‎üçüncu müqavilənin qısa bir vaxtdan sonra milli iqtisadiyyatın inkişafinda hiss ‎ediləcək təsirə malik olacağına inandığını bildirib.‎ O, deyib:"Bütün Azərbaycan xalqını bu əlamətdar hadisə münasibətilə, yeni neft müqaviləsinin imzalanması münasibətilə ürəkdən təbrik edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, iqtisadi əməkdaşlıq, iqtisadiyyatın inkişaf etdirilməsi sahəsində atdığımız bu böyük addım Azərbaycan xalqının rifahı naminə yeni uğurlar gətirəcəkdir." 

Tarixi arayış 8 iyul 2008-ci ildə tərtib edilib.‎

***

4 iyun 1996-cı ildə Heydər Əliyevin iştirakı ilə “Şahdəniz” layihəsi üzrə müqavilə imzalanıb, 4 ay sonra - 4 oktyabrda Milli Məclisdə təsdiqlənib, 9 oktyabrda Prezident fərmanı ilə qüvvəyə minib. Təşkilati məsələlər həll ediləndən sonra 17 oktyabr 1996-cı ildə BP Exploration (Shah-deniz) Ltd. əməliyyat şirkəti müqavilə öhdəliklərini həyata keçirməyə başlayıb.

1999-cu ilin iyununda ilk kəşfiyyat quyusu qazılandan sonra şirkət elan edib ki, “Şahdəniz” iri qaz kondensat yatağıdır. Hal-hazırda layihə iştirakçıları bunlardır: BP 25,5 %(operator), Statoil 25,5 %, NIOC 10%, Total 10%, LUKoyl 10%, ARDNŞ 10%, TPAO 9%.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.76