Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ dövlət katibinin MDB ölkələri üzrə xüsusi müşaviri Stefan Sestanoviçi və ATƏT-in Minsk qrupunun ABŞ tərəfdən həmsədri səfir Kerri Kavanonu qəbul edərkən söhbətindən - 31 oktyabr 2000-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar!

Bizim yaxın dostlarımız, tanışlarımız, siz Azərbaycana xoş gəlmisiniz. Sizinlə görüşlərimiz artıq çox ənənəvi xarakter daşıyır. Bu, yaxşı haldır. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin belə yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana, ümumiyyətlə, bizim bölgəyə gəlməsi ABŞ-ın həm Azərbaycana, həm də bu bölgəyə olan diqqətini və marağını bir daha nümayiş etdirir. Mən bundan məmnunam. Təbiidir ki, sizi dinləmək istəyirəm.

Stefan Sestanoviç: Cənab prezident, bizi qəbul etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Mən indiki vəzifəmdə olarkən üç ildir ki, Azərbaycana səfərlər edirəm. Sizinlə tamamilə razıyam ki, bizim bu görüşlərimiz yaxşı bir ənənə xarakteri almışdır.

Bu, ABŞ-ın Azərbaycanda səfiri cənab Uilsonun da iştirak etdiyi nümayəndə heyətimizin Sizinlə ilk görüşüdür. Bilirsiniz ki, cənab Uilson bu vəzifəyə təyin olunana qədər mənim əsas müavinim işləyirdi.

Heydər Əliyev: Siz öz adamınızı buraya göndərmisiniz. Amma yaxşı olar ki, bu, bizim üçün xeyirli olsun.

Stefan Sestanoviç: Hər halda bu görüşümüzün protokolda yazısının, stenoqrafik məlumatının rəsmi qeydiyyatda, tarixdə qalacağını nəzərə alaraq mən deməliyəm ki, o, prezident Klintonun buradakı adamıdır. Amma onu bir az mən özüm də tanıyıram.

Heydər Əliyev: Bir az yox, yaxşı tanıyırsınız. Prezident Klintona da siz onu təqdim etmisiniz. Yəni, bunu mən yaxşı mənada deyirəm. Bizim xarici ölkələrdəki səfirlərimiz də təbiidir ki, mənim adamlarımdır. Amma onların çoxlarını mənə təqdim edirlər, mən də təqdimatla razı oluram və göndərirəm.

Stefan Sestanoviç: Əgər prezident Klinton özü seçim etmiş olsaydı, Sizi inandırıram ki, o da elə səfir Uilsonu seçərdi.

Heydər Əliyev: Mənə də seçmək ixtiyarı versəydilər, mən də Uilsonu seçərdim.

Stefan Sestanoviç: Siz və prezident Klinton çox məsələlərdə razılaşırsınız.

Heydər Əliyev: Bəli, biz eyni fikirdəyik.

Stefan Sestanoviç: Səfir Uilsonun etimadnaməsini tez bir zamanda qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Siz ona tez bir zamanda ABŞ-ın buradakı səfiri kimi səlahiyyətlərini icra etmək şəraiti yaratdınız. Buna görə Sizə minnətdarlığımızı bildiririk.

Nyu-Yorkda Sizinlə görüşmüş prezident Klintonun və xanım Olbraytın Sizə ən səmimi salamlarını gətirmişəm. Həmişə olduğu kimi, Nyu-Yorkda keçirilmiş görüş də çox faydalı və səmərəli oldu.

Cənab prezident, bu günlər biz ABŞ-da ən çox seçki məsələləri ilə məşğul oluruq. Amma öz seçkilərimizlə, Amerikadakı seçkilərlə ciddi məşğul oluruq. Onu da bildirmək istəyirəm ki, bizim seçkilərdə çox böyük sayda müşahidəçilər monitorinq həyata keçirəcəklər. Ölkəmizdəki prezident seçkilərini ATƏT də müşahidə edəcəkdir.

Heydər Əliyev: Bəs, Azərbaycandan müşahidəçi niyə dəvət etməmisiniz?

Stefan Sestanoviç: Onları orada məmnuniyyətlə görmək istərdik.

Heydər Əliyev: Yox, siz dəvət etməmisiniz. Dəvət etsəydiniz, biz də gəlib müşahidə edərdik.

Stefan Sestanoviç: Bu olsaydı, çox məmnun qalardıq. Düzdür, ümidvarıq ki, bu seçkilərin azad və ədalətliliyi barədə heç kimdə şübhə olmayacaqdır. Amma get-gedə dünyada sayı artmaqda olan insanların çoxu ABŞ-ın xarici siyasətinin hansı yönümdə olacağı ilə daha çox maraqlanır.

Cənab prezident, bu baxımdan tam əminliklə Sizə deyə bilərəm ki, bizdəki seçkilərin nəticələrindən asılı olmayaraq, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlər baxımından ölkəmizin xarici siyasətində davamlılıq müşahidə ediləcəkdir. Əlaqələrimizin davamlılığı ona görə təmin olunacaqdır ki, bu əməkdaşlıq qarşılıqlı maraq üzərində qurulmuşdur. Onu da deyim ki, ölkəmizdə Azərbaycana maraq və diqqət demək olar ki, hər iki partiya tərəfindən eyni dərəcədə dəstəklənir. Məsələn, noyabr ayının ortalarında senator Makkeyn və onun həmkarları Azərbaycana gələcəklər. Ümidvarıq ki, Azərbaycan ilə ABŞ arasında bizim indiyə qədər əldə etdiyimiz əməkdaşlıq gələcəkdə də genişləndiriləcək və digər sahələrdə əlaqələr yaranacaqdır.

Biz Azərbaycan ilə enerji sahəsində əməkdaşlığımızın gələcəkdə daha da genişləndirilməsini arzulayırıq. Bu yaxınlarda biz Azərbaycanda enerji şirkətləri ilə Bakı-Tbilisi-Ceyhan layihəsinə dair son sazişlərin böyük müvəffəqiyyətlə imzalanmasının şahidi olduq. Hesab edirəm, indi hamıya aydındır ki, bu boru kəməri artıq reallığa çevrilməkdədir.

Biz gələcək münasibətlərimizdə regional diplomatiyanın daha da inkişaf etdirilməsini də nəzərdə tuturuq. Bugünkü görüşümüz zamanı biz sizinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək və prezident Koçaryanla Sizin danışıqlarınızı necə irəli aparmaq barədə fikir mübadiləsi aparmaq niyyətindəyik.

Səfir Kavano bu yaxınlarda ATƏT-in Minsk qrupunun iclasından geri dönübdür və noyabr ayının sonunda Dağlıq Qarabağ məsələsinin müzakirəsinin ATƏT-in nazirlər səviyyəsində də keçirilməsi gözlənilir.

Biz terrorizm əleyhinə mübarizənin aparılması sahəsində də Azərbaycanla əməkdaşlığımızı genişləndirmək niyyətindəyik. Məhz buna görə də xanım Olbrayt özünün baş müşaviri səfir Şiyanı Azərbaycana göndərmək qərarına gəlibdir. O, bu yaxınlarda ölkənizi ziyarət edəcək və Sizinlə danışıqlar aparacaqdır.

Bildirmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində də əməkdaşlıq genişlənməkdədir. Bu gün səhər biz Müdafiə Nazirliyində general Əbiyevlə yaxşı danışıqlar apardıq və gələn ayın ortasında ən böyük və yüksək rütbəli hərbçilərdən ibarət nümayəndə heyəti Azərbaycana gələcəkdir.

Cənab prezident, mən öz çıxışıma ölkəmizdəki seçkilərlə başladım. Bəlkə də Sizin ölkənizdə keçiriləcək seçkilər barədə də bir iki kəlmə deməyim lazımdır. Hesab edirik ki, bu seçkilər də bizim gələcək birgə maraqlarımıza söykənir və əməkdaşlığımız üçün əsasdır. Siz sentyabr ayında Vaşinqtonda olarkən sizinlə birlikdə bir ziyafətdə iştirak edirdik. Orada cənab Bjezinskinin çıxışını dinlədik. O söylədi ki, Azərbaycanın təkamül yolu ilə demokratik inkişafı ölkələrimiz arasında əlaqələri və təmasları daha da sıxlaşdıracaqdır.

Biz ümidvar olduğumuzu bildirmək istəyirik ki, bu həftə Azərbaycanda keçiriləcək seçkilər də ölkənizdə demokratiyanın inkişaf etdirilməsi sahəsində irəliyə doğru atılmış bir addım ola biləcəkdir. Ümidvarıq ki, müşahidəçilər Azərbaycanın bu sahədə irəliyə doğru bir addım atdığını demək imkanı əldə edə biləcəklər.

Cənab prezident, icazə verin, bizi bu gün qəbul etdiyinizə görə, Sizə bir daha təşəkkürümü bildirim. Bizi əvvəllər də dəfələrlə qəbul etdiyinizə görə Sizə minnətdarlığımızı ifadə etmək istəyirik. Ümidvaram ki, ötən görüşlərimiz zamanı biz Sizinlə yaxın təmaslar quraraq, ölkələrimiz arasındakı əlaqələrin qarşılıqlı, faydalı müstəvidə inkişaf etdirilməsi üçün müəyyən işlər görə bilmişik.

Heydər Əliyev: Təşəkkür edirəm, cənab Sestanoviç. Birincisi, mən prezident cənab Bill Klintonun və xanım Olbraytın sizin vasitənizlə mənə göndərdikləri salama görə təşəkkür edirəm. Bir daha bəyan edirəm ki, indiyə qədər olan Azərbaycan-ABŞ əlaqələrinə, bundan sonrakı əməkdaşlığımıza sadiqəm və prezident Klintonu, xanım Olbraytı özümün çox yaxın, mehriban dostlarım hesab edirəm.

Mən də Nyu-Yorkda xanım Olbraytla, prezident Klintonla görüşlərimi çox yüksək qiymətləndirirəm. Bu görüşlər sizin iştirakınızla keçmişdir. Hesab edirəm ki, biz yenidən, demək olar ki, bütün məsələlərdə eyni fikirdə olduğumuzu bəyan etdik və bundan sonra da əməkdaşlığımızı inkişaf etdirmək haqqında bəyanatlar verdik.

Mən Nyu-Yorkda, Vaşinqtonda olarkən sizinlə şəxsən görüşlərimdə və başqa bütün görüşlərdə Bakı-Ceyhan neft kəməri haqqında yenə də çoxlu fikirlər, mülahizələr irəli sürülürdü. İndi siz görürsünüz ki, Azərbaycan əvvəlcədən tərtib etdiyimiz proqramın həyata keçirilməsi üçün bütün imkanlardan istifadə etdi. Bir çox çətinliklərə, müqavimətlərə, - xüsusən, bu çətinlikləri biz çəkirdik, müqavimətlər bizə qarşı idi, - baxmayaraq, nəhayət, oktyabr ayının 17-19-da Bakıda, Tbilisidə və Ankarada Bakı-Ceyhan boru xəttinin son sazişlərinin imzalanmasına nail olduq. Bu, bizim üçün tarixi hadisədir. Təbiidir ki, biz bunu öz proqramımızda bir mərhələ hesab edirik. Amma Azərbaycanın dövlət neft strategiyasının həyata keçirilməsi üçün bu, çox böyük əhəmiyyət daşıyır.

Biz indi və gələcəkdə çox miqdarda hasil ediləcək neftin dünya bazarlarına çıxarılması üçün lazımi tədbiri görmüşük. Əminəm ki, indiyə qədər olduğu kimi, qarşıdan gələn illərdə də biz öz iradəmizi göstərəcəyik və Bakı-Ceyhan neft kəmərinin tikilib istifadəyə verilməsini təmin edəcəyik. Təbiidir ki, biz bu işi görərkən, həmişə-başlanğıcdan sona qədər Amerika Birləşmiş Ştatlarının və şəxsən prezident Bill Klintonun dəstəyi bizimlə olmuşdur. Mən bunu dəfələrlə demişəm və bu gün bir daha bəyan etmək istəyirəm ki, əgər biz Amerika Birləşmiş Ştatlarının, şəxsən prezident Bill Klintonun bu məsələyə daimi diqqət və qayğısını, dəstəyini hiss etməsəydik, yəni bu olmasaydı, həmin layihənin həyata keçirilməsi mümkün olmazdı.

Bəli, Bakı-Ceyhan neft kəməri Amerika Birləşmiş Ştatları üçün də çox əhəmiyyətlidir. Çünki ABŞ-ın Xəzər hövzəsində uzunmüddətli marağını təmin etmək üçün və gələcəkdə də bizim bu sahədə əməkdaşlığımızı təmin etmək üçün, ölkənizin çoxsaylı şirkətlərinin Azərbaycanda iş görməsi üçün bu layihənin çox böyük əhəmiyyəti vardır. Prezident Bill Klintonun bu münasibətlə mənə göndərdiyi təbrik məktubu və həmin məktubda Azərbaycanın, xüsusilə onun prezidentinin rolunun qiymətləndirilməsi, təbiidir ki, bizim üçün yeni bir dəstəkdir. Mən təşəkkür edirəm, eyni zamanda sizi, Amerika Brləşmiş Ştatlarının hökümətini, şəxsən prezident Bill Klintonu bu münasibətlə təbrik edirəm.

Təbiidir ki, istərdik bütün başqa sahələrdə də bizim əməkdaşlığımız belə uğurlu olsun. Təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində ABŞ-ın Azərbaycanla sıx əməkdaşlıq etməsinin bizim tərəfimizdən müsbət qarşılanmasını siz qeyd etdiniz. İnanıram ki, biz bu sahədə həqiqətən səmərəli əməkdaşlıq edə bilərik. Ancaq təbiidir ki, biz arzu edərdik, çox istərdik ki, - şəxsən mən bunu dəfələrlə demişəm, - Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün, bir milyondan çox azərbaycanlının, 8 il çadırlarda yaşayan vətəndaşlarımızın öz yerinə-yurduna qayıtması üçün bizim əməkdaşlığımız da belə uğurlu olsun, belə səmərəli olsun. Sizinlə bu barədə fikir mübadiləsi aparmağa mən yenə də hazıram.

Minsk qrupunun həmsədri səfir Kavanonun Vyanadakı görüşləri haqqında da mənim məlumatım vardır. Bu barədə verilən bəyanat da, hesab edirəm ki, yaxşı bir bəyanatdır. Siz məlumat verdiniz ki, noyabr ayında ATƏT-in, mən belə başa düşdüm ki, ATƏT-in Minsk qrupunun xarici işlər nazirləri də görüşəcəklər. Əgər bunlar həqiqətən həyata keçirilsə və bunlardan bir nəticə əldə olunsa, təbiidir ki, biz bu sahədə irəliləyə bilərik.

Mən sizin qarşıdan gələn prezident seçkilərində ABŞ xalqına, Amerika dövlətinə uğurlar arzulayıram. Mən elə bilirdim ki, müşahidəçilər təkcə bizim ölkəyə gəlir, ABŞ-a getmirlər. Çünki dünyada hər yerdə bütün seçkilərə Amerika Birləşmiş Ştatları müşahidəçi göndərir. Amma bilirəm, sizdə demokratiya o qədər inkişaf edib seçki ilə bağlı o qədər gözəl təcrübəniz var, inanmıram ki, müşahidəçilər hansısa bir qüsur tapa bilsinlər.

Mən də belə fikirdəyəm ki, bu seçkilərdə kimin prezident seçilməsindən asılı olmayaraq, Amerika Birləşmiş Ştatlarının indiyə qədər Azərbaycanla əlaqədar apardığı siyasət dəyişməyəcəkdir. Mən bəyan edirəm ki, biz də, Azərbaycan da, ölkənin prezidenti də bu seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, ABŞ ilə indiyə qədər apardığımız əməkdaşlığı və siyasətimizi bundan sonra da ardıcıl surətdə davam etdirəcəyik.

Azərbaycanda noyabrın 5-də keçiriləcək parlament seçkiləri haqqında tövsiyələrinizə görə təşəkkür edirəm. Məqsədimiz bundan ibarətdir ki, bu seçkilər maksimum bizim imkanlarımız çərçivəsində demokratik prinsiplər əsasında keçirilsin. Vaşinqtonda sizin də, mənim də böyük bir ziyafətdə olduğumuz zaman hörmətli cənab Zbiqnev Bjezinskinin bu barədə söylədiyi fikirləri xatırlatdınız.

Xatırladınız və dediniz ki, cənab Bjezinski Azərbaycanda demokratiyanın təkamül yolu ilə inkişaf etməsi haqqında öz fikirlərini bildirdi. Mən bununla tam razıyam. Xatirinizdədir ki, cənab Bjezinskidən sonra mən də öz çıxışımda bu məsələyə geniş yer verdim. Cənab Bjezinskinin fikirləri ilə tam razı olduğumu bildirdim. Mən hesab edirəm ki, biz bu seçkilərdə demokratiya yolunda irəliyə doğru böyük bir addım ata biləcəyik.

İki gün bundan öncə mən burada, bu salonda Azərbaycanın icra hakimiyyəti orqanlarının başçıları ilə çox geniş müşavirə keçirdim. Onları bir daha xəbərdar etdim ki, keçmişdə bəzən buraxdıqları nöqsanlara bundan sonra yol verməsinlər. Seçki prosesinə müdaxilə etməsinlər, seçkini yalnız Mərkəzi Seçki Komissiyası və yerli seçki komissiyaları keçirməlidir. İcra hakimiyyəti orqanları isə onlara qanunda nəzərdə tutulmuş çərçivədə lazımi yardımlar etməlidir. Ciddi tapşırıqlar vermişəm. Amma məsələ təkcə bunda deyil, indiyədək görülən işlərdədir. Hər halda mən hesab edirəm ki, Azərbaycanda seçkiqabağı kampaniya demokratik şəraitdə gedir. Bu da noyabrın 5-də seçkilərin demokratik şəraitdə keçirilməsi üçün əsas yaradır. Mən bunu istəyirəm və bunu Azərbaycan üçün çox əhəmiyyətli hadisə hesab edirəm. Təşəkkür edirəm. Sözünüz yoxdursa, mətbuatı azad edək, sağ olsunlar.