Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdarkən Binə Hava limanında jurnalistlərə verdiyi müsahibə -15 avqust 2002-ci il


Heydər Əliyev: Səfər zamanı Siz orada mənim yanımda olmusunuz. Operativ olaraq materiallar vermisiniz. Mənə deyirdilər ki, çox şeylər qəzetlərdə dərc olunubdur, televiziyada verilibdir. Onda nə qalıb ki, hər şey məlumdur. Onu deyə bilərəm ki, Naxçıvana bu səfər, mənim qarşıda qoyduğum məqsəd və tərtib etdiyim proqram, hamısı artıqlaması ilə yerinə yetirilibdir.

Bilirsiniz ki, Naxçıvana səfərimin iki məqsədi vardı. Birincisi, Ermənistan prezidenti Köçəryanla ayın 14-də görüşmək, ikincisi də – mən bunu gedəndə də bəyan etmişdim, bu məlumdur – Naxçıvan üçün vacib olan bir neçə sosial-iqtisadi proqramların həyata keçirilməsi haqqında orada qərarlar qəbul etmək və onları elan etmək, bu qərarların həyata keçirilməsi vaxtını müəyyən etmək idi. Bunlar birincisi, Naxçıvanda beynəlxalq hava limanının tikilməsi, ikincisi, Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılması, üçüncüsü də Vayxır su anbarının tikintisinin davam etdirilməsi, yəni həmin tikintiyə yenidən başlanması, tikinti işlərinin davam etdirilməsi və istismara verilməsi məsələləri idi.

Bunların hamısını mən etmişəm, siz bunu bilirsiniz. Bunların hər biri barəsində, keçirdiyim tədbirlər haqqında məlumatlar var. Mənə dedilər ki, dövlət televiziyası oxuyublar. Təkrar etməyə ehtiyac yoxdur. Ancaq mən bir də qeyd etmək istəyirəm, bu tədbirləri, hansıları ki, mən özüm öz təşəbbüsümlə irəli sürmüşəm və onların həyata keçirilməsi üçün Naxçıvana getmişəm və bu işləri görmüşəm – onlar Naxçıvan Muxtar Respublikası üçün, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün, Azərbaycanın ərazisinin bütün sahələrini, hər hissəsini əhatə edib, onların inkişafını təmin etmək üçün, Azərbaycanın gələcəyi üçün çox əhəmiyyətli tədbirlərdir. Bunlar sadə tədbirlər deyil, təsadüfi bir şey deyildir. Mən bunu edirəm ki, orada bir qədər çox məhsul alsınlar, yaxud insanlar təyyarədən yaxşı istifadə etsinlər. Mən bunun daxili siyasi mənasını bilərək, bunların hamısını edirəm. Mən məmnunam ki, orada da bunları yaxşı müzakirə etdik. Hesab edirəm ki, yaxşı işlər başlanacaqdır. Köçəryanla görüşümüz haqqında məlumat verilibdir.

Mənə dedilər ki, televiziyada, qəzetlərdə verilibdir. Ona heç bir şey əlavə edə bilmərəm. Orada biz ikimiz də görüşdən sonra bəyanat verdik və onunla danışdıq ki, o da, mən də bundan artıq heç nə deməyəcəyik. Bir də ki, yolüstü mən Şahbuz rayonunun mərkəzində, dağ kəndləri var – Kolanı, Biçənək – orada yaşayan insanlarla görüşdüm, söhbət etdim, keçmişdə gördüyümüz bəzi işləri xatırladıq, bu gün haqqında danışdıq. Dünən də Sədərəkdən qayıdarkən kəndlərin – yol əsasən Şərur rayonunun ərazisindən keçir, orada bir çox böyük kəndlər var – bəzilərində insanlar yola çıxmışdılar. Mən də çox məmnunam ki, orada onları gördüm. Onlarla da görüşdük, söhbət etdik. Naxçıvana gəldiyim günün axşamı hava həddindən artıq isti idi, hazırlaşıb şəhərə, istirahət yerlərinə çıxana kimi hava qaranlıqlaşdı. Amma havanın qaranlıq vaxtında da bu görüş yaxşı idi. Orada çox yaxşı istirahət edirlər. Mənim müqayisə etmək imkanım var. Çünki mən Naxçıvandan 1993-cü ildə çıxmışam. O vaxt bunların heç birisi yox idi. İnsanlar axşamlar çıxıb haradasa gəzə bilərdilərmi, hansısa parka gedə bilərdilərmi?

Heç bir şey yox idi. İnsanlar, sadəcə, çalışırdılar ki, özləri üçün yaşamaq imkanı yaratsınlar. Haradasa işləsinlər, gedib evlərində otursunlar. Amma indi Naxçıvanda yaşayış çox yaxşılaşıbdır. Bir neçə tikililər də var. Orada yeni bir otel də tikilibdir. Mənə dedilər ki, prezidentin katibliyinin rəisi Dilarə Seyidzadə də səfər günləri orada qalır. Yaxşı otel idimi?

Dilarə Seyidzadə: Bəli, cənab Prezident, çox gözəl oteldir. Jurnalistlər də deyəsən başqa oteldə yer almışdılar.

Jurnalistlər: Biz ticarət evindəki oteldə qalırdıq.

Heydər Əliyev: Naxçivan inkişaf edir. Bu da çox gözəldir. Mən çox şad oldum. Adamların əhval-ruhiyyələri yaxşıdır. Bilmirəm, mənimlə olan mətbuat nümayəndələrimiz əgər obyektiv olsalar, hər halda, hardasa bunu deməlidirlər. Deməsələr də düşünməlidirlər ki, o insanların əhval-ruhiyyəsinin qarşısında heç bir şey dura bilməz. Onların hamısı çox yüksək əhval-ruhiyyədədirlər. Mənim üçün çox əhəmiyyətli oldu ki, insanlarla bilavasitə təmasda oldum, görüşdüm, onların əhvalını duydum. Bununla da səfəri qurtardıq, gəldik. Mən çox məmnunam. Mətbuat nümayəndələrinə də orada böyük müsahibə verdim. Qənirə bir neçə dəfə gəldi. Çətin adın var, demək mümkün deyildir. Qənirə xanım çoxdan fürsət axtarırdı ki, məndən müsahibə alsın. Orada imkan oldu, mən də fikirləşdim, bir halda ki, vaxt var, danışaq. Danışdıq. O müsahibəni də yayıblar, siz bunu bilirsiniz. Onu da danışmağa ehtiyac yoxdur. Mətbuat nümayəndələri də 5 gün mənimlə birlikdə əziyyət çəkdilər. Mənə belə gəlir ki, oranı gedib görmək çəkilən əziyyətə dəyər. Sən orada var idin? Sən də var idin? Sən hansı qəzetdənsən?

Jurnalistlər: «Azadlıq» qəzetindənəm.

Heydər Əliyev: «Azadlıq» qəzetindən... Sən necə, vardın?

Jurnalist: Xeyr, mən yox idim.

Heydər Əliyev: Mənə bir sözünüz varmı?

Sual: Cənab Prezident, Köçəryanla son görüşünüz əvvəlkilərdən mahiyyəti etibarilə əsasən nə ilə fərqlənir?

Cavab: Bu söhbətləri kənara qoyun. Mən sizə dedim ki, Köçəryanla görüşüm haqqında dediyimiz sözlərdən başqa heç nə deməyəcəyəm. Bu barədə sual verməyin.

Sual:  Cənab Prezident, Siz Köçəryanla görüşərkən Ermənistanın Müdafiə naziri bizim kütləvi informasiya vasitələrinə müsahibə verib və bildirib ki, Dağlıq Qarabağı Azərbaycanın tərkibində təsəvvür etmir və ümumiyyətlə, heç Mehri problemi də ortalığa gələ bilməz. Bəs Siz bunu necə qiymətləndirirsiniz?

Cavab: Bilirsənmi, o mənimlə danışmayıbdır. Mən prezidentlə danışmışam. Prezident də mənimlə danışıbdır. Orada hər adam öz sözünü deyə bilər.

Sual:  Cənab Prezident, Azərbaycanda taxıl məhsulu artıb. Yığım zamanı Bərdədə, Cəlilabadda kənd təsərrüfatı texnikasının çatışmaması ilə əlaqədar müəyyən problemlər yaranıbdır.

Cavab: Mən bunu bilmirdim. Belə bir hal varsa, mən sabah göstəriş verərəm. Çünki bu il taxılımız keçən ilkindən də  çox olmalıdır. Mənə dedilər ki, bu il topladığımız taxılla ölkəmizin tələbatını təmin edəcəyik. Əlbəttə, məhsul var, indi

əsas odur ki, onu yığıb, toplayıb anbara gətirmək lazımdır. Məndə bu siqnal yoxdur. Bir halda ki, siz deyirsiniz, sabah mən məşğul olaram.

Sual: Cənab Prezident, sabah sərhədçi günüdür. Bununla əlaqədar Zaqatala hadisələrində həlak olan sərhədçilərlə bağlı fərman verəcəksinizmi?

Cavab: İş onda deyil ki, hansı gün, nə vaxt sərəncam verəcəyik. Zaqatalada fərqlənmiş, həlak olmuş sərhədçilərin xidmətini mən qeyd edəcəyəm. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR