Azərbaycan Prezidenti Heydər Əliyevin Mstislav Rostropoviçi qəbul edərkən söhbətindən - 7 oktyabr 2000-ci il


Heydər Əliyev: Vədinizi yerinə yetirdiyinizə görə sağ olun. Bilirəm ki, iş cədvəliniz çox gərgindir, səfər cədvəliniz də gərgindir. Ümumiyyətlə, açığını desək, bütün dünyanı bu qədər çox gəzib-dolaşan və bu qədər işləyən ikinci bir adamı təsəvvürümə gətirmirəm. Biz, dövlət başçıları da səfərlər etməli oluruq, amma bu qədər yox. Özünüzü necə hiss edirsiniz?

Mstislav Rostropoviç: Yaxşı, ona görə ki, buraya gəlmişəm.

Heydər Əliyev: Çox xoşdur. Mən Nyu-Yorkda, Klintonun verdiyi ziyafət zamanı, - o, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin sessiyasına gəlmiş dövlət başçıları üçün ziyafət təşkil etmişdi, ümumi dostumuz Vulfensonla görüşdüm. Soruşdum ki, "Slava necədir?". Dedi ki, "Mən onu çoxdandır görmürəm". Dedim ki, "Mən də çoxdandır görməmişəm". Dedi: "Görsəniz, ona salam söyləyin". Dedim, yəqin ki, mən onu tezliklə görəcəyəm. Sonra mən Fransanın prezidenti Şirakla da görüşdüm, işgüzar söhbətimiz oldu, soruşdum: "Slava necədir?" Dedi ki, "Çox yaxşıdır".

Şadam ki, sizin hər il Azərbaycana gəlməyiniz və burada ustad dərsləri keçmək barədə üzərinizə götürdüyünüz öhdəliklərin yerinə yetirilməsi möhkəm, sabit ənənə şəklini almışdır. Əlbəttə, siz öz konsertlərinizlə bakılıları və ümumiyyətlə, Azərbaycanda hamını həmişə sevindirirsiniz. Ona görə də hesab edirəm ki, bu dəfəki konsertiniz də Azərbaycanda hadisə olacaq, böyük hadisə olacaqdır. Mən nəinki sizin üçün, həm də sizin musiqiniz üçün darıxmışdım. Təşəkkür edirəm.

Mstislav Rostropoviç: Mən bu dəfə Dvorjakın konsertini ifa edəcəyəm. Dvorjak bizim konsertlərin tacıdır. Onun konserti, ümumiyyətlə, violonçel üçün bəstələnmiş bəlkə də ən mühüm, dramatik konsertdir.

Mən dünən gəldim. Təəssüf ki, başqa təyyarə ilə gəldim, beş saat gecikdim. Hətta ümid edirdim ki, Tofiq Quliyevin dəfn mərasiminə çatacağam. Mən dərhal onun evinə getdim. Bu gün səhər isə Fəxri xiyabanı ziyarət etdim. Bütün dostlarımın məzarlarını ziyarət etdim, Zərifə Əzizovnanın məzarını ziyarət etdim. Mən bunu etməyi heç vaxt unutmuram.

Heydər Əliyev: Sağ olun, mənə dedilər. Qalina Pavlovna necədir?

Mstislav Rostropoviç: Hər şey yaxşıdır.

Heydər Əliyev: Uşaqlar, nəvələr necədir?

Mstislav Rostropoviç: İki böyük oğlum Almaniyaya gediblər, indi kollecə qəbul olunublar. Yeri gəlmişkən, ingilis kraliçası Yelizavetanın əri şahzadə Filipp də orada təhsil almışdır. İspaniya kraliçası Sofiya da bu məktəbi bitirmişdir. Çox mötəbər məktəbdir. Orada xoşuma gələn budur ki, uşaqlara hətta valideynlərin də pul verməsi qadağandır.

Heydər Əliyev: Onlar pansionda yaşayırlar?

Mstislav Rostropoviç: Bəli, indi dərsləri başlayır, mən oraya gedəcəyəm. Ayın 18-də Danimarkada iki kraliçanın ad günləri qeyd ediləcəkdir. Bu il onlardan birinin - indi taxt-tacda olan II Marqretin 60 yaşı, onun anasının, çox sevdiyim İnqridin isə 90 yaşı tamam olmuşdur. Mən oktyabrın 12-də Kopenhagendə onların şərəfinə konsert verəcəyəm. Ertəsi gün isə Fransada konsertim olacaqdır. Orada ilk dəfə olaraq musiqi alətləri üzrə ustadlar üçün ümumdünya konfransı keçiriləcəkdir.

Heydər Əliyev: Sizin bütün konsertləriniz möhtəşəmdir, görürsünüz, kraliçalar...

Mstislav Rostropoviç: Bilirsinizmi, mən Çindən yenicə gəlmişəm. Ötən ay ilk dəfə olaraq Çinə getmişdim. Tayvanda dörd dəfə olmuşam, Çinə isə ilk dəfə gəlmişdim. Ona görə də bir qədər ehtiyatlıydım, çünki onlar sovetləri lap çox xatırladırdılar. Lakin gəlib orada - Şanxayda da, Pekində də ustad dərsləri verdim, Pekinsayağı bişirilmiş ördək əti də yedim. Gördüyünüz kimi, həmişə səfərdəyəm və bütün dünyanı gəzib -dolaşıram.

Heydər Əliyev: Dünyanı sizin qədər gəzib-dolaşan adam çətin ki, tapılsın.

Mstislav Rostropoviç: Bilirsinizmi, vaxt fərqi mənim üçün problem deyildir. Mənim üçün belə şeylər yoxdur.

Heydər Əliyev: Az adam tapılar ki, vaxt fərqinə belə asanlıqla dözsün. Yeri gəlmişkən, bu baxımdan mənim üçün də fərqi yoxdur. Məsələn, şikayətlənirlər ki, Birləşmiş Ştatlara gedib-gəldim, üç gecə yata bilmədim, çünki vaxt fərqi var. Amma məndən ötrü belə problem yoxdur.

Bildiyiniz kimi, mən Amerikada bir balaca xəstələnmişdim...

Mstislav Rostropoviç: Bilirəm. Mətbuat bunu düzgün şərh etməmişdi. Eşitdikdə ki, Sizin həyatınızla əlaqədar deyilənlər şayiədir, - bu, doğrudan da şayiə idi, - mən çox sevindim. Bilirsiniz, niyə sevindim? Bunun şayiə olduğuna görə. Çünki rusların inancına görə, sağlığında ölüm xəbəri çıxan adam olduqca çox yaşayacaqdır. Bu, rusların inancıdır. Hər şey çox gözəldir. İndi mən Sizin sağlamlığınız sarıdan arxayınam.

Heydər Əliyev: Bilirsinizmi, bu inanc azərbaycanlılarda da var. Mən hələ Klivlenddə olarkən İTAR-TASS-ın müxbiri mənimlə görüşməyi xahiş etdi. O, yanıma gəldi. Mən ona hər şeyi danışdım və o, bunu mənə dedi. Londonda olarkən yenə də moskvalı müxbirlər yanıma gəldilər. Bunu mənə onlardan biri də dedi. Azərbaycanda da belə inanc var. Mən bu yaxınlarda dostum, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəllə danışdım. O da dedi ki, bizdə, Türkiyədə də belə bir inanc var - kiminsə öldüyü barədə xəbər yayıldıqda, onun ömrü uzanır. Bir sözlə, bu şayiələri yayan adamlar mənə kömək etmiş oldular.

Mstislav Rostropoviç: Mən də istərdim ki, mənim barəmdə də belə şayiələr yaysınlar, ömrüm uzansın.

Heydər Əliyev: Əlbəttə, gözlənilməz hadisə idi. Bilirsinizmi, belə düşünürəm ki, mən həyatda elə hadisələrlə qarşılaşmışam, nəhayət, bunu da hiss etdim. Nə isə, Slava. Hesab edirəm ki, sizin səfər proqramınız gərgindir. İstəyirəm ki, siz bütün proqramı yerinə yetirəsiniz.

Mstislav Rostropoviç: Hələlik hər şey çox gözəl gedir.

Heydər Əliyev: Mən konsertə hökmən gələcəyəm. Axı, sizə dedim ki, sizin üçün, sizin ifanız, musiqiniz üçün darıxmışdım. Odur ki, sizin burada vaxtınızın xoş keçməsi üçün nə lazımdırsa, hər şeyi edirik. Mən bizimkilərə həmişə demişəm ki, çalışın, çalışın, çalışın...

Mstislav Rostropoviç: Hər şey öz qaydasındadır. Axı, mənim himayədarım buradadır...

Heydər Əliyev: Görürsünüz, siz artıq onu himayədar kimi qəbul edirsiniz...

Mstislav Rostropoviç: Mədəniyyət naziri Polad Bülbüloğlu da mənim üçün hər şeyi edir. Dünən məni Rusiyanın buraya gəlmiş yeni səfiri qarşıladı. Mən onu tanıyıram, ona inanıram. O, elə bu gün mənə Azərbaycana olan məhəbbətindən danışdı.

Heydər Əliyev: Mən onu hələ qəbul etməmişəm, çünki o, buraya gələndə burada deyildim. Mən onu bu yaxın günlərdə qəbul edəcəyəm. O, öz etimadnaməsini mənə təqdim edib işə başlamalıdır. Yeri gəlmişkən, Amerika Birləşmiş Ştatlarının bizdəki səfiri də yenidir. Mənə dedilər ki, o, sizin şərəfinizə ziyafət verəcəkdir. Mən onu da qəbul etməliyəm. Mən bütün bunları yaxın günlərdə həyata keçirəcəyəm.

"Azərbaycan" qəzeti, 8 oktyabr 2000-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT