"Uoll-strit cornal" qəzeti


ABŞ-ın işgüzar dairələrinin aparıcı mətbu orqanıdır (Uoll-strit - ABŞ-ın Nyu-York şəhərinin işgüzar mərkəzində yerləşən küçənin adıdır. Fond birjası, mühüm bankların idarə heyətləri və s. burada yerləşir). 1882-ci ildə Çarlz Henri Dounun (1856-1902) və Edvard Devid Consun (1856-1920) birlikdə yaratdıqları firma bank işçilərini və birja brokerlərini gündəlik bülleten ilə təmin edirdi. Səhmlərin kursunu əks etdirən bu bülletenləri 1889-cu ildən etibarən Dou və Consun təsis etdiyi "Uoll-strit cornal" qəzeti əvəz etdi. Ömrünün sonuna kimi Çarlz Dou "Uoll-strit cornal" qəzetinin naşiri olub.