Gəncədəki "N" hərbi hissəsinin şəxsi heyəti ilə görüşdə Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin nitqi - 24 may 2000-cü il


Əziz əsgərlər, zabitlər, Azərbaycan Ordusunun qəhrəman döyüşçüləri!

Sizi səmimi qəlbdən salamlayıram və sizə, Azərbaycan Ordusunun bütün əsgər və zabitlərinə bu şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram.

Azərbaycan Ordusu, ölkəmizin Silahlı Qüvvələri müstəqil Azərbaycan dövlətinin əsas sütunlarından biridir. Azərbaycan Ordusu ölkəmiz dövlət müstəqilliyini əldə edəndən sonra ağır, çətin, eyni zamanda çox şərəfli yol keçmişdir. Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman respublikamızın nizami ordusu yox idi. Azərbaycan bir neçə il idi ki, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində hərbi münaqişəyə qoşulmuşdu, torpaqlarımızı qorumaq uğrunda döyüşürdü və onu müdafiə edirdi. Ancaq bilirsiniz ki, bunlar hamısı pərakəndə xarakter daşıyırdı.

Təəssüflər olsun ki, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başlayan zaman bu təhlükənin respublikamıza böyük zərərlər gətirəcəyini anlamalıdırlar. Ermənilər Azərbaycan torpağı olan Dağlıq Qarabağı ələ keçirmək üçün uzun illər müxtəlif üsullara əl atmışdılar, ancaq buna nail olmamışdılar. Nəhayət, 1988-ci ilin əvvəlində yeni bir təxribat həyata keçirib münaqişəni başlamışlar. Ermənilər bu münaqişəyə hazırlaşarkən müəyyən silahlı dəstələr yaratmışdılar. Təəssüf ki, bu təhlükə Azərbaycan tərəfindən lazımi dərəcədə, bəlkə də tamamilə qiymətləndirilməmiş, ona görə də heç bir hazırlıq işləri görülməmişdi. Azərbaycanın igid, mərd övladları hərbi hazırlığı, silahı olmadan, əlinə keçən silahla, vasitə ilə torpaqlarımızı Ermənistanın təcavüzündən qorumağa çalışmışlar.

Təbiidir ki, belə bir vəziyyətdə güclər, qüvvələr bərabər olmamışdır. Bunun da nəticəsində və bir çox başqa səbəblərə görə Ermənistan təcavüzkarları Azərbaycan öz dövlət müstəqilliyini əldə edənə qədər torpaqlarımızın bir qismini işğal etmiş, Dağlıq Qarabağı tamamilə öz idarəsi altına keçirmiş, Dağlıq Qarabağda olan azərbaycanlıların əksəriyyətini zorla çıxarmışlar. Nəhayət, Dağlıq Qarabağın qorunması üçün ən vacib qala - Şuşa qalası 1992-ci il may ayının 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.

O vaxt, 1992-ci ildə Azərbaycanda ordu yaradılması prosesi başlanmışdır. Ancaq bu proses çox bacarıqsız aparılmışdır. Bəzi silahlı dəstələr, insanlar torpaqlarımızın müdafiəsində qəhrəmanlıqla vuruşmuşdular. Lakin bəzi silahlı dəstələr bir sıra cinayətkar qüvvələrin əlinə keçərək torpaqlarımızı qorumaq əvəzinə ayrı-ayrı şəxslərə xidmət etmişdir. Ona görə də müstəqil Azərbaycan dövlətinin nizami ordusunun yaranması ağır və gərgin dövrdə olmuş, bir çox maneələrlə, çətinliklərlə rastlaşmışdır.

O vaxt ki, vəziyyət Azərbaycan ictimaiyyətinə məlumdur. Bu gün mənim qarşımda sırada duran zabitlərin, əsgərlərin əksəriyyəti o dövrü yaşayıbdır. Yəni hamısı o dövrü yaşayıb və həmin dövrün ağır vəziyyətini bilir və unutmayıbdır.

Ölkəmizdəki belə ağır vəziyyətə və bəzi başqa səbəblərə görə Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının bir hissəsini işğal etməyə nail olublar.

Azərbaycanda milli, nizami ordunun qurulması, demək olar ki, 1993-cü ilin noyabr ayından başlanmışdır. Mən bu gün məmnuniyyət hissi ilə deyə bilərəm ki, o vaxtdan indiyə qədər keçən dövr ərzində Azərbaycanda ordu qurulmuş, yaranmış, güclənmiş, inkişaf etmişdir. Bu gün müstəqil Azərbaycanın dövlət mənafelərini, ölkəmizin dövlətçiliyini, torpaqlarını qorumağa və işğal olunmuş ərazilərimizi azad etməyə qadir ordumuz vardır.

Bu illər Azərbaycanın Silahlı Qüvvələrinin, ordumuzun zabit heyətinin tərkibi keyfiyyətcə dəyişmiş və onların bilik, peşəkarlıq keyfiyyətləri yüksəlmişdir. Azərbaycan Silahlı Qüvvələrində, ordumuzda hərbi işi bilən, peşəkar keyfiyyətlərə malik olan və Azərbaycanın dövlətçiliyinə sadiq olan komandan, zabit korpusumuz var. Bu, ordumuzun onurğa sütunudur. Bu, ordumuzun əsasını təşkil edir və ordumuz təşkilatlanıbdır. İndi hər bir birləşmə, hər bir hissə öz yerini, vəzifəsini bilir və öz şərəfli borcunu yerinə yetirmək üçün lazım olan imkanlara malikdir.

Ordumuzda nizam-intizam yaranıbdır. Ordu, hansısa silahlı qüvvə nizam-intizamsız heç bir şeyə nail ola bilməz. Hərbi xidmətin əsas şərtlərindən biri nizam-intizamdır, hər bir əsgərin, zabitin, hər bir hərbi qulluqçunun nizamnaməyə, Konstitusiyaya, Azərbaycanın dövlətçiliyinə sədaqətidir, bu əsas sənədlərdən irəli gələn nizam-intizam qaydalarına riayət etməsidir.

Bu sahədə nöqsanlar da var, hər şey biz istədiyimiz kimi deyil. Ancaq orduda əsasən yaxşı səviyyədə nizam-intizam yaranıbdır. İndi vəzifə ondan ibarətdir ki, nöqsanlar aradan qaldırılsın, hər bir zabit, hər bir əsgər öz müqəddəs borcunu, vəzifəsini yaxşı dərk edə bilsin və ordumuzda, onun hər bir hissəsində - ən kiçik hissədən tutmuş, Müdafiə Nazirliyinin rəhbərliyinə qədər - dəmir intizam yaransın.

Bu, əsas şərtlərdən biridir. Azərbaycanın dövlət müstəqilliyi vətəndaşlarımızın dövlətçiliyə, millətimizə, xalqımıza, Azərbaycanın Konstitusiyasına sədaqətindən ibarətdir. Bu, hər bir Azərbaycan vətəndaşının borcudur. Bu, hərbi qulluqçunun, əsgərin, zabitin, silahlı qüvvələrdə xidmət edən hər bir azərbaycanlının da müqəddəs borcudur.

Azərbaycanın Müdafiə Nazirliyi, hərbi hissələrin, birləşmələrin komandanları, bütün zabit heyəti bu sahədə fəaliyyətini gücləndirməli və lazımi təhsil, tərbiyə işlərini, təbliğat tədbirlərini həyata keçirərək, hər bir əsgərin, zabitin, hər bir hərbi qulluqçunun doğma torpağa, Vətənə, müstəqil Azərbaycan Respublikasına, dövlətimizə sədaqət ruhunda işləməsini və yaşamasını təmin etməlidirlər.

Hərbi xidmət şərəfli işdir. Bu peşə dünyada olan bütün peşələrdən şərəflidir - Vətəni, xalqı, torpağı qorumaq peşəsidir. Əziz əsgərlər, zabitlər, hərbi qulluqçular, ona görə də siz yüksək hörmətə layiqsiniz. Çünki siz özünüzü bu müqəddəs, şərəfli peşəyə həsr etmisiniz və həsr edəcəksiniz.

Azərbaycanın zabit heyəti gərək öz şəxsi hazırlığını günü-gündən təkmilləşdirsin. Bu gün əldə olunan nailiyyətlər təbiidir ki, göz qabağındadır. Ancaq biz bununla heç vaxt qane ola bilmərik. Hələ dünya standartlarına çatmaq üçün, ordumuzu istənilən səviyyəyə qaldırmaq üçün Azərbaycan Ordusunun zabit heyəti bundan da keyfiyyətli, bacarıqlı, bilikli, rəşadətli, sədaqətli olmalıdır.

Mən bu gün sizi - Azərbaycan Silahlı Qüvvələrinin bütün zabitlərini bu vəzifələrin şərəflə icrasına çağırıram. Mənim sizə əmrim, tövsiyəm bundan ibarətdir. Əmin olduğumu bildirmək istəyirəm ki, siz Ali Baş Komandanın bu əmrini, tövsiyələrini ardıcıl surətdə yerinə yetirməyə çalışacaqsınız.

Azərbaycanda əsgərlik xidmətinin vaxtı indi çox da uzun deyildir. Ordu sıralarına bir il altı ay müddətinə gəlmiş hər bir Azərbaycan övladını, gənci, əsgəri zabitlər gərək tamamilə hazırlasınlar. Bir il altı ay ərzində görək onlar hərbi peşəyə alışsınlar. Hərbi peşəni mənimsəsinlər, döyüş qabiliyyətinə malik olsunlar. Onlar həm orduda xidmət etdikləri zaman, həm də ordudan tərxis edildikdən sonra lazım olarsa yenidən orduya çağırılanda Azərbaycan dövlətinin torpaqlarını, ölkəmizin müstəqilliyini qorumaq üçün gərək özlərini peşəkar hərbçi kimi göstərə bilsinlər və üzərlərinə düşən vəzifəni yerinə yetirsinlər.

Dünyada hərbi peşə indi təkcə insanların şəxsi gücündən, fiziki imkanlarından asılı deyildir, müasir silahlardan, müasir hərbi texnikadan onların istifadə etmək qabiliyyətindən asılıdır. İndi müasir dünya hər bir ölkənin ordusuna, o cümlədən Azərbaycanın Ordusuna bu günün tələblərinə uyğun olan silah, sursat, hərbi texnika və başqa vasitələr gətiribdir. Bunlarsız hərbi fəaliyyət göstərmək olmaz. Bunlarsız Azərbaycanın torpaqlarını qorumaq mümkün deyildir. Ona görə də gərək hər bir zabit öz sahəsində bütün müasir silahları, hərbi texnikanı mənimsəsin, ondan səmərəli istifadə etməyi bacarsın, beləliklə də ordumuzun gücünü, müdafiə, döyüş qabiliyyətini artırsın.

Azərbaycan dövləti olaraq biz böyük problemlə rastlaşmışıq. Bu da ondan ibarətdir ki, Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal olunmuş torpaqlar dağıdılıb, viran edilibdir. İşğal edilmiş torpaqlardan bir milyon soydaşımız zorla çıxarılıb, yerindən-yurdundan didərgin düşüb çadırlarda ağır vəziyyətdə yaşayır. Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Bu, bizim Azərbaycan torpağına vurulan ən ağır yaradır.

Ancaq biz bu yaradan xilas olmalıyıq. Biz Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməliyik. Biz Azərbaycanın ərazi bütövlüyünü təmin etməliyik, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızı öz evinə, yurduna, elinə-obasına qaytarmalıyıq, onlar üçün normal yaşayış şəraiti yaratmalıyıq. Bunlar hamısı böyük vəzifələrdir. Bu vəzifələr Azərbaycan dövləti, hökuməti, xalqımız qarşısında, eyni zamanda ordumuz, Azərbaycanın Silahlı Qüvvələri qarşısında durubdur. Bu vəzifələri biz hamımız birlikdə yerinə yetirməliyik.

Bilirsiniz ki, 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan münaqişəsində, yəni hərbi döyüşlərdə biz atəşin dayandırılması haqqında saziş imzaladıq. Altı ildir ki, döyüşlər yoxdur, Azərbaycan xalqı atəşkəs şəraitində yaşayır. Bu altı il müddətində bizim ordumuz daha da güclənib, döyüş qabiliyyətini artırıb və istənilən vaxt döyüşə girib qalib olmağa qadirdir. Ancaq bildiyiniz kimi, biz məsələni ilk növbədə sülh yolu ilə həll etməyə çalışırıq. Bu barədə sizə məlum olan danışıqlar aparılır. Müxtəlif istiqamətlərdə, müxtəlif vasitələrdən istifadə edərək, biz Azərbaycanın işğal olunmuş torpaqlarını sülh yolu ilə azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə çalışırıq. Altı il müddətində bu sahədə çox iş görülübdür. Birinci növbədə dünya ictimaiyyətinin diqqəti bu problemə cəlb olunubdur. Dünyanın böyük ölkələrinin bu məsələnin həll olunmasında iştirakı təmin edilibdir. Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in, başqa təşkilatların nümayəndələri bu məsələlərlə məşğul olurlar.

Bu məsələ ilə məşğul olmaq üçün ATƏT-in Minsk qrupu yaranıbdır. Minsk qrupunun vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasından ibarətdir. Minsk qrupuna rəhbərlik edən Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa dünyanın ən güclü, ən qüdrətli dövlətləridir. Biz onlarla mütəmadi iş aparırıq, onları bu məsələnin həll olunması üçün daha da fəal olmağa dəvət edirik, bunu onlardan tələb edirik. Bu işlər bizi irəliyə aparır. Güman edirəm ki, biz bundan sonra da irəliyə gedəcəyik.

Sülh danışıqlarının bir hissəsi kimi keçən il, 1999-cu ildə Ermənistan prezidenti ilə Azərbaycan prezidentinin bilavasitə görüşləri də olmuşdur. Bu görüşlər faydalı olmuşdur. Çünki biz təkbətək, üz-üzə oturaraq öz mövqelərimizi açıq-aydın bildiririk və məsələnin sülh yolu ilə həll olunması üçün müxtəlif yolları müzakirə edirik. Təəssüflər olsun ki, oktyabr ayında Ermənistanda baş vermiş terror hadisələri bizim bu danışıqlarımızı kəsdi. Ancaq bu danışıqlar davam edəcəkdir. ATƏT-in Minsk qrupunun rəhbərləri ilə bərabər, onlarla birlikdə Ermənistan və Azərbaycan prezidentlərinin danışıqlarının davam etməsi məsələnin sülh yolu ilə həll olunmasına bizi yaxınlaşdıracaq və inanıram ki, biz məsələnin sülh yolu ilə həll edilməsinə nail olacağıq.

Ancaq bu, bizi, xalqımızı, Azərbaycanın vətəndaşlarını, o cümlədən Azərbaycan Silahlı Qüvvələrini də heç də arxayın salmamalıdır. Onu da bilmək lazımdır ki, hər bir müstəqil dövlət daim öz ordusunu təkmilləşdirir, öz ordusunu gücləndirir, öz ordusunu müasir səviyyədə saxlamaq istəyir. Bu o demək deyil ki, o dövlətlər müharibə etmək istəyir. Sadəcə bu, ona görədir ki, hər bir dövlət öz dövlətçiliyini, öz torpaqlarını müdafiə etməyə qadir olsun və lazım olsa döyüşlərə girişsin. Bu, tarix boyu hər bir dövlətin vəzifəsi olubdur.

İndi Azərbaycan müstəqil dövlət olaraq, Azərbaycan xalqının bir çox problemlərini həll edərək, Azərbaycan Ordusunun, Silahlı Qüvvələrinin daim güclənməsini, daim inkişaf etməsini özünün müqəddəs vəzifəsi hesab edir. Biz güclü dövlət olmalıyıq və güclü dövlət olmaq üçün bizim güclü ordumuz, silahlı qüvvələrimiz olmalıdır. Bu gün bu var və mən bundan çox məmnunam. Ancaq bu güc günü-gündən artmalıdır, döyüş qabiliyyəti artmalıdır, müdafiə imkanları artmalıdır və bizim ordumuz, yenə də deyirəm, daim elə səviyyədə olmalıdır ki, o, Azərbaycanın dövlətçiliyini, müstəqilliyini, Azərbaycan xalqının həyatını, Azərbaycan torpaqlarını qorumağa, müdafiə etməyə qadir olsun.

Hər bir sülhsevər dövlət, sülh siyasəti həyata keçirən dövlət eyni zamanda öz silahlı qüvvələrini gücləndirir. Bunlar bir-biri ilə vəhdət təşkil edir, bunlar bir-biri ilə bağlıdır. Çünki sülhü daim təmin etmək üçün, əmin-amanlığı daim təmin etmək üçün, hansısa bir təhlükənin qarşısını almaq üçün hər bir dövlətin güclü ordusu olmalıdır. Dünyanın böyük dövlətləri də bunu nümayiş etdirirlər - keçmişdə də nümayiş etdiriblər, bu gün də nümayiş etdirirlər.

İkinci Dünya müharibəsi qurtarandan sonra dünyada böyük müharibə olmayıbdır. Ancaq ayrı-ayrı lokal müharibələr, münaqişələr olubdur. Onlardan biri və ən ağırı Ermənistan-Azərbaycan münaqişəsidir, müharibəsidir, Dağlıq Qarabağ münaqişəsidir. Bunları nəzərə alaraq, biz dünya təcrübəsindən istifadə edərək, dünyanın böyük, qüdrətli dövlətlərinin təcrübəsindən istifadə edərək Silahlı Qüvvələrimizi daim gücləndirməliyik, onların döyüş qabiliyyətini artırmalıyıq. Bizim Silahlı Qüvvələrimiz, bizim ordumuz sülhsevər siyasətimizlə yanaşı, hər dəqiqə, hər an Azərbaycan torpaqlarını qorumağa, işğal olunmuş torpaqlarımızın azad edilməsinə hazır olmalıdır.

Bu gün bizim ordumuz buna qadirdir. Mən inanıram ki, Azərbaycan Ordusunun şəxsi heyəti - zabitlər, əsgərlər, silahlı qüvvələrin bütün şəxsi heyəti daim bu gücə malik olacaqlar və Azərbaycan dövlətçiliyinin keşiyində şərəflə, qəhrəmanlıqla duracaqlar.

Mən dəfələrlə demişəm ki, Azərbaycan müstəqil bir dövlət kimi sülhsevər, sülhpərvər dövlətdir. Biz heç kəslə müharibə aparmaq istəmirik, heç kəsin torpağına göz dikməmişik. Biz istəyirik ki, bölgəmizdə sülh olsun, dünyada sülh olsun, hər yerdə sülh olsun. Çünki artıq sona çatan XX əsr sübut etdi ki, böyük müharibələr, kiçik müharibələr dağıntılardan savayı, insan tələfatından savayı dünyada cəmiyyətə və heç bir dövlətə heç bir şey verməyibdir.

İkinci Dünya müharibəsinin qurtarmasının və alman faşizmi üzərində çalınmış qələbənin 55 illiyini biz bu ay qeyd etdik. Nə qədər dəhşətli bir müharibə idi! Biz - Azərbaycan Respublikası o vaxt Sovetlər İttifaqının tərkibində olarkən 600 min vətəndaşımızı cəbhəyə göndərdik. Onlardan 300 mini geriyə qayıtmadı, həlak oldu. Sovetlər İttifaqı o müharibədə 27 milyon insan itirdi. O qədər də Avropa ölkələri itirdilər. Ancaq nəticə nə oldu? Nəticə yenə sülh oldu. Ancaq neçə illər, onilliklər lazım oldu ki, o müharibənin törətdiyi zərər, dağıdılmış şəhərlər, kəndlər bərpa olunsun və insanlar normal şəraitdə yaşaya bilsinlər.

55 il keçibdir, amma o müharibənin yaralarını özündə yaşadan insanlar hələ də var. Bir o deyil. Başqa müharibələr də olubdur. Onların hamısı sülhlə qurtarıbdır. Bunları bilərək, tarixdən dərs alaraq mən Azərbaycanın prezidenti kimi bu gün də bəyan edirəm: Azərbaycan sülhsevər siyasət aparır və bundan sonra da sülhsevər siyasət aparacaqdır. Buna görə də bizim Azərbaycan xalqına, vətənimizə, xalqımıza, vurulmuş bütün zərbələrə baxmayaraq, bütün itkilərimizə baxmayaraq, biz Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək istəyirik. Yenə də deyirəm, mən ümid edirəm ki, apardığımız işlər bu nəticəni verəcəkdir. Ancaq əgər buna nail ola bilməsək, biz torpaqlarımızı işğal altında qoya bilmərik. Biz müharibə istəmirik. Amma kimsə bizi yenidən müharibəyə cəlb etsə, Azərbaycan xalqı, Azərbaycan Ordusu, Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını qorumaq üçün, öz dövlətçiliyini qorumaq üçün, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər bir belə hadisəyə hazırdır və hazır olmalıdır.

Bütün bu dediklərim Azərbaycan Silahlı Qüvvələrindən, Azərbaycan Ordusundan, bütün şəxsi heyətdən tələb edir: günü-gündən öz peşə qabiliyyətini artırmaq, döyüş qabiliyyətini gücləndirmək və hər an, hər dəqiqə döyüşə girib, - əgər bizi buna məcbur etsələr, - qalib gəlmək. Mən inanıram ki, Azərbaycan əsgərləri, Azərbaycanın igid oğulları bundan sonra daim qalib gələcəklər, heç vaxt məğlub olmayacaqlar.

Əziz əsgərlər, əziz zabitlər!

Azərbaycanın əziz övladları!

Mən bir daha bəyan edirəm ki, sizin peşənizi - hərbi peşəni bütün xalqımız, dövlətimiz, mən çox yüksək qiymətləndiririk. Mən arzu edirəm və əminəm ki, siz bu peşəyə daim sadiq olacaqsınız, Azərbaycanın dövlətçiliyinə sadiq olacaqsınız, Azərbaycanın müstəqilliyinə sadiq olacaqsınız. Azərbaycan Ordusu güclənərək, inkişaf edərək ən güclü ordulardan biri olacaqdır. Bu yolda mən sizə - Azərbaycan Silahlı Qüvvələrinin bütün əsgərlərinə, zabitlərinə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

Tarixi arayış

ORDU QURUCULUĞU