Azərbayca - Tacikistan münasibətləri

Münasibətlərin tarixi: Azərbaycan-Tacikistan münasibətlərinin tarixi uzaq əsrlərə təsadüf edir. Tacik-fars ədəbiyyatının klassikləri kimi ehtiram bəslənilən Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Nizami Gəncəvi də tacik xalqı tərəfindən daima hörmətlə qarşılanıb. Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir. Onların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər. Azərbaycanlı Mirzə Davud Hüseynov 1930-1933-cü illərdə Tacikistan KP MK-nın birinci katibi olub. Tacikistanda havaların şaxtalı keçməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən ziyanı aradan qaldırmaq üçün Tacikistan hökumətinin müraciətini nəzərə alaraq Azərbaycan 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Tacikistana bir milyon ABŞ dolları məbləğində humanitar yardım edib.

İkitərəfli siyasi münasibətlər: Tacikistanla Azərbaycan arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə qurulub. 2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Respublikasında, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 8 may 1998-ci ildə ümummilli lider Heydər Əliyevin 75 illik yubileyi çərçivəsində Tacikistan baş naziri müavininin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. 1996-1999-cu illərdə \"BMT ilə ATƏT arasında əməkdaşlıq haqqında\" qətnamə layihəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən, mühüm əhəmiyyət kəsb edən düzəliş Tacikistan tərəfindən dəstəklənib.

 

10 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin rəhbərlərinin VIII zirvə görüşündə iştirak etmək üçün Tehranda səfərdə olarkən Tacikistan prezidenti Emoməli Rəhmanovla görüşüb. Görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşdən məmnun qaldığını xüsusi qeyd edən Tacikistan prezidenti hüquqi demokratik dövlət qurulması və islahatların uğurla yerinə yetirilməsi sahəsində son illər Azərbaycanda həyata keçirilən tədbirlərə böyük maraq göstərdiyini bildirib. Görüş zamanı Prezidenti Heydər Əliyev bildirib: \"Hər iki gənc müstəqil respublikanın nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini daim müdafiə etməsinin böyük əhəmiyyət daşıdığını nəzərə çarpdıraraq əmin olduğumu bildirirəm ki, İslam Konfransı Təşkilatının VIII zirvə görüşü həm Azərbaycanın, həm də Tacikistanın qarşılaşdığı problemlərin tezliklə aradan qaldırılmasına kömək edən sənədlər qəbul edəcəkdir\".

2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin prezidentliyi dövründə Tacikistanla münasibətlər yüksələn xətt üzrə inkişaf edib.

15 Mart 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistana rəsmi səfər edib. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonla təkbətək görüşü olub. Görüş zamanı Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Səfər zamanı Azərbaycanla Tacikistan arasında bir sıra sənədlər imzalanıb. Prezidentlər İlham Əliyev və Emoməli Rəhmon Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqaviləni imzalayıblar. Sonra Azərbaycan Respublikası və Tacikistan Respublikası vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi, beynəlxalq avtomobil əlaqələri sahəsində, mədəniyyət və incəsənət sahəsində, gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım, turizm sahəsində, standartlaşdırma, metrologiya, sertifikasiya və akkreditasiya sahəsində, dəmir yol nəqliyyatı sahəsində əməkdaşlıq, hava əlaqəsi haqqında hökumətlərarası sazişlər imzalanıb.

İmzalanma mərasimindən sonra dövlət başçılarının birgə mətbuat konfransı keçirilib. Dövlət başçıları bəyanatlarla çıxış ediblər.

Prezident Emoməli Rəhmon bəyanatında bildirib: \"...Dövlətlər arasında bütün mübahisələrin dincliklə həllinin qəti tərəfdarı olan Tacikistan Dağlıq Qarabağ münaqişəsinin tərəflər arasında danışıqların bərpasını alqışlayır və bunu dünyanın bu çox mühüm regionunda sülhün və sabitliyin möhkəmlənməsi üçün yeganə vasitə sayır...\".

13 avqust 2007-ci ildə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib. Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon təkbətək görüş keçiriblər. Görüşdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial imkanlardan tam istifadə edilməsinin zəruriliyi bildirilib.

Prezident İlham Əliyevin və Prezident Emoməli Rəhmonun geniş tərkibdə görüşündən sonra Azərbaycanla Tacikistan arasında bir sıra sənədlər imzalanıb. Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında Birgə Bəyannaməni imzalayıblar. Sonra statistika sahəsində əməkdaşlıq haqqında, \"Det.Al Metal DMCC\" və \"TALCO management Ltd\" şirkətləri arasında çoxtərəfli əməkdaşlıq proqramı haqqında çərçivə sazişi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Ədliyyə Nazirliyi arasında, elm, texnika və texnologiya sahəsində, rabitə və informasiyalaşdırma sahəsində, təhsil sahəsində əməkdaşlıq haqqında, ikiqat vergitutmanın aradan qaldırılması, gəlir və kapitala görə vergilərin ödənilməsindən yayınma hallarının qarşısının alınması və azad ticarət haqqında hökumətlərarası sazişlər imzalanıb.

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon birgə mətbuat konfransı keçiriblər. Bəyanatlarla çıxış edən dövlət başçıları jurnalistlərin suallarına cavab veriblər. Tacikistan Prezidenti Emoməli Rəhmon Heydər Əliyev Fondunda olub. Tacikistan Prezidentinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun fəaliyyəti barədə məlumat verilib. Prezidentlərin qarşılıqlı səfərlərindən sonra əlaqələr daha da inkişaf edib.

13 fevral 2008-ci ildə Prezident İlham Əliyev Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın həmsədriBobozoda Qulomconun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Tacikistan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın işçi qrupunun iclasının işə başlamasının ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

11 noyabr 2009-cu ildə isə Tacikistan prezidenti bu ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri Səfər Əbiyevi qəbul edib. Görüşdə hərbi və hərbi-texniki əməkdaşlığa dair məsələlər, qoşunların döyüş hazırlığının artırılması, hərbi kadrların hazırlanması və elmi əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlığı genişləndirməyin zəruri olduğu bildirilib. Emomali Rahmon Tacikistanla Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirərək, iki ölkənin müdafiə qurumları arasında da münasibətlərin bu səviyyəyə çatacağından əminliyini ifadə edib.

İqtisadi əlaqələr: \"Sovet dönəmində taciklər üçün həyat əhəmiyyətli obyekt olan \"Nurek\" Su Elektrik Stansiyasının tikintisinə sovet rəhbərliyi etiraz etsə də, Heydər Əliyev bu layihəni əvvəldən sonadək dəstəkləyib. Tacik xalqı dahi şəxsiyyətin yaxşılığını unutmayacaq\". Tacikistan prezidenti bu fikirləri 2009-cu ildə Tacikistanda keçirilən Beynəlxalq simpoziumda bildirib. Ümumi gücü 2.700 MW\'t olan \"Nurek\" Su Elektrik Stansiyası Paytaxt Düşənbə də daxil olmaqla Tacikistanın əksər ərazilərini işıqla təmin edir.

Müasir dövrdə Azərbaycanla Tacikistan arasında ticari-iqtisadi əlaqələrin əsasını idxal-ixrac, həmçinin tranzit yükdaşımalar təşkil edir. Tacikistan Respublikası alüminium istehsalı üçün Azərbaycan Respublikasından gil-torpaq və neft koksu idxal edir. Gəncə gil-torpaq kombinatından Tacik Alüminium Şirkətinə hər il 300 min tondan çox gil-torpaq göndərilir. Bununla yanaşı, Azərbaycandan nar şirəsi, kərə yağı, şəkər və digər kənd təsərrüfatı məhsulları idxal edir.
Azərbaycan iqtisadiyyatının ət-süd istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq sahəsi, şərabçılıq və digər kənd təsərrüfatı bitkiləri kimi sahələr Tacikistan üçün müəyyən maraq doğurur. Ölkələrimiz arasında mal dövriyyəsi 2009-cu ildə 25 milyon 472 min dollar təşkil edib.

Mədəni əlaqələr: Dərin tarixi köklərə söykənən Azərbaycan - Tacikistan mədəni əlaqələri hər iki respublika müstəqillik əldə etdikdən sonra daha da inkişaf etməyə başlayıb. 2007-ci ilin oktyabrında Azərbaycanda Tacikistan mədəniyyət günləri keçirilib. Tacikistanın mədəniyyət naziri Mirzoşoxrux Asrorovun rəhbərlik etdiyi 90 nəfərlik nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

2008-ci ilin 9-12 noyabrında isə Tacikistanda \"Azərbaycan mədəniyyət günləri\"nə start verilib. Mədəniyyət günlərində Azərbaycanın 73 nəfərdən ibarət nümayəndə heyəti Tacikistanda səfərdə oldu. Mədəniyyət günlərinin yekunu olaraq Tacikistanın prezidenti İmomali Rəhmon nümayəndə heyətini qəbul edib. Tacikistanda Azərbaycan dramaturqlarının əsərləri, eləcə də, \"Didor-Düşənbə\" 3-cü Beynəlxalq Kino Festivalında Azərbaycan kinematoqrafçıları Əli İsa Cabbarovun qısametrajlı \"Düyün\" və Murad İbrahimbəyovun tammetrajlı \"Üç qız\" filmi nümayiş etdirilib.

Azərbaycanla Tacikistan İKT, İƏT, MDB və s. kimi regional təşkilatlarda, həmçinin, TRACECA kimi beynəlxalq proqramda faydalı əməkdaşlıq edirlər. 8 sentyabr 1998-ci ildə Bakıda \"Tarixi İpək Yolunun bərpası\" adlı Beynəlxalq Konfrans keçirilib və 32 ölkə və 12 beynəlxalq təşkilat nümayəndələrinin iştirak etdiyi bu konfransda Tacikistan da təmsil olunub. Konfransda \"Avropa-Qafqaz-Asiya Dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş\" (Əsas Saziş) və onun Texniki Əlavələri imzalanıb.