Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər Komitəsinin Ermənistan - Azərbaycan münaqişəsi üzrə məruzəçisi Terri Devisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 15 aprel 2003-cü il

Heydər Əliyev: Sizin Azərbaycana səfəriniz bizim üçün, yəni ölkəmiz üçün, xalqımız üçün həddindən artıq vacib məsələ ilə bağlıdır.

Biz Avropa Şurası ilə əməkdaşlıq edirik. İki ildir ki, Avropa Şurasının tərkibindəyik. Avropa Şurasından Azərbaycana müxtəlif məsələlər üçün çox nümayəndələr gəlir. Bunların hamısı əhəmiyyətlidir. Amma sizin səfərinizlə əlaqədar olan məsələ indiyə qədər Avropa Şurasından Azərbaycana gələn adamların həll etdiyi məsələlərdən xeyli vacibdir.

Ermənistan silahlı qüvvələri 10 ildən çoxdur ki. Azərbaycanın ərazisinin 20 faizini işğal edib və bu ərazilərdən bütün azərbaycanlı sakinlər zorla çıxarılıblar, yaxud da müharibə nəticəsində çıxmağa məcbur olublar. Ancaq bu 10 il müddətində biz beynəlxalq təşkilatlarda sübut edə bilmirik ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edibdir. Ona görə də biz sizin səfərinizi alqışlayırıq, sizi çoxdandır gözləyirik və biz öz ümidlərimizi sizin səfərinizlə bağlayırıq.

Siz burada bir çox görüşlər keçirmisiniz. Özü də mən görürəm ki, çox gərgin iş rejimi ilə işləyirsiniz. Dünən həddindən artıq çox görüşlər keçirmisiniz. Məndə bu məlumatlar var. Bu gün də vertolyotla Azərbaycanın böyük bir hissəsini seyr etmisiniz və nəhayət, qaçqınlar yaşayan düşərgələrdən birində olmusunuz. Mən bunu eşitdim. Yəqin ki, orada çox şeylər görmüsünüz. Siz özünüzə çox əziyyət verirsiniz. Siz gərək Azərbaycanda olmaq müddətinizi bir az artıraydınız, bunları da gedib rahat görəydiniz və daha çox vaxtınız olardı. Ancaq yəqin bu, sizin iş üslubunuzdur.

Güman edirəm ki, bütün bu görüşlər və nəhayət, bu gün qaçqın düşərgəsini görməyiniz sizdə müəyyən təəssürat yaradıbdır. İndi mən fikirləşirəm, bu məsələni sizə danışım, yoxsa siz bu barədə geniş məlumat almısınız? Ancaq buna baxmayaraq, hesab edirəm ki, mən bu barədə sizə müəyyən qədər öz fikirlərimi, məlumatlarımı verməliyəm.

Yəqin ki, siz ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi tarixini bilirsiniz. Mən bu barədə sizə demək istəmirəm. Vaxtilə Türkiyədən, İrandan erməniləri buraya xüsusi olaraq köçürüblər və ermənilər Azərbaycan ərazisində yaşamağa başlayıblar. Olsun, yaşasınlar, burada belə bir problem yoxdur. Ancaq təəssüflər olsun ki, bunların özləri, ideoloqları tamamilə başqa fikirlərlə yaşayırmışlar. Yerləşdikləri torpaqlarla razılaşmayaraq, öz ərazilərini genişləndirməyə çalışmışlar və buna müəyyən qədər də nail olmuşlar.

1920-ci ildə bizim bölgədə sovet hakimiyyəti qurulduğu zaman Moskva Azərbaycanın, Gürcüstanın, Ermənistanın sərhədlərini öz bildiyi kimi çəkirdi. O vaxt onlar qədim Azərbaycan torpaqlarının bir hissəsini Ermənistana veriblər. Burada kommunist ideologiyası hökm sürdüyü zaman çalışıblar ki, bu millətlər arasında münaqişələr olmasın.

Bilin, azərbaycanlılar qanuna çox tabe olan xalqdır. Ancaq ermənilər yox. Ermənilər o vaxtdan yenə torpaq iddiasına başlayıblar. İndi bütün dünya üçün bir problem olan həmin bu Qarabağ məsələsi 1920-ci, 1922-ci. 1923-cü illərdən başlayıbdır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, buna şübhə ola bilməz və demək olar ki, Azərbaycanın ərazisinin ortasındadır. Ancaq vaxtilə İrandan köçürülmüş ermənilər orada yerləşdirilmişdilər. 1921-1923-cü illərdə bu məsələ qalxıb və Kommunist partiyası bu məsələ ilə məşğul olubdur. Sorğu aparılıb, Dağlıq Qarabağın əhalisi bildiribdir ki, bura Azərbaycanın tərkibində olmalıdır.

Beləliklə, bu məsələ qurtarıbdır və Azərbaycanın tərkibində Dağlıq Qarabağa muxtar vilayət statusu verilibdir. Amma ondan sonra Ermənistanda olan millətçilər vaxtaşırı, - Dağlıq Qarabağın əhalisinin özü bu barədə sakit yaşayıbdır, - Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana verilməsi məsələsini qaldırıblar. Amma Sovet İttifaqında olan ciddi rejim hər dəfə bunun qarşısını alıbdır. Yəni heç bir münaqişə meydana çıxmayıbdır.

Mən Dağlıq Qarabağın Azərbaycan tərkibindəki tarixinin müəyyən dövrünün canlı şahidiyəm. 1950-ci ildən, 53 il bundan qabaq mən Bakıda dövlət təhlükəsizliyi idarəsində işləmişəm. O vaxt işimizin xüsusiyyətinə görə bu məsələləri biz daim öyrənirdik. Mənim xatirimdədir, Dağlıq Qarabağda əhali normal yaşayırdı. Amma üç ildən, dörd ildən bir Yerevandan bəzi tanınmış ziyalılar Dağlıq Qarabağa gəlib onları qızışdırırdılar ki, bura Ermənistana birləşdirilməlidir. 1950-1960-cı illərdə bu məsələ bir az da genişlənmiş, amma bunun qarşısı alınmışdı.

Mən 1969-cu ildən Azərbaycanın başçısı olmuşam - o vaxtdan nə qədər vaxt keçdiyini bilirsiniz və Dağlıq Qarabağ ilə xüsusi məşğul olmuşam. O mənada ki, çalışmışam Dağlıq Qarabağın sosial-iqtisadi vəziyyətini, bütün problemlərini Azərbaycanın başqa bölgələrinə nisbətən daha da yaxşı həll edim ki, onların bu barədə heç bir bəhanəsi olmasın. Mən bunlara nail olmuşam.

Mən tez-tez Dağlıq Qarabağa gedirdim. Orada universitet açdım, bir neçə sənaye müəssisələri - İpək fabriki, ayaqqabı fabriki, maşınqayırma zavodu yaratdıq. Yəni işsiz adamları işlə təmin etdik. Kənd təsərrüfatına əlavə çox vəsaitlər verdik və orada kənd təsərrüfatının inkişafını təmin etdik. İndi gedib Dağlıq Qarabağın mərkəzi Xankəndini - ermənilər ona Stepanakert deyirlər - görsəniz, oradakı olan yeni yaşayış binalarının, inzibati binaların əksəriyyəti mənim burada işlədiyim dövrdə tikilibdir. Onlar məndən razı idilər, hər dəfə oraya gedəndə məni çox təntənə ilə qəbul edirdilər. Hətta yaşlı qadınlar küçələrə çıxırdılar, məni qucaqlayırdılar, öpürdülər. İndi o fotoşəkillərin hamısı durur. Münasibətlər çox yaxşı idi və onlar mənə də çox inanırdılar. Mən də onlara xüsusi yardım göstərirdim.

Hətta indi bir az qabağa gedib demək istəyirəm ki, SSRİ dağılan zaman burada cürbəcür adamlar meydana çıxanda məni günahlandırırdılar ki, guya mən Dağlıq Qarabağa xüsusi münasibət göstərmişəm, ermənilərə kömək eləmişəm. Mən, həqiqətən, kömək etmişəm, bunu inkar etmirəm. Ancaq bunun üçün məni, nə təhər deyərlər, suçlandırmağa əsas yoxdur.

Bilirsiniz ki, mən sonra, 1982-ci ildə Moskvaya getdim. Orada Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini idim. Burada mənim yerimdə qalan adamlara xüsusi tapşırdım ki, Dağlıq Qarabağa fikir verin. Təbiidir, onlar çalışmışdılar, ancaq mənim kimi yox. Həmin vaxt Yerevandakı ermənilər, millətçilər mənim buradan getməyimdən istifadə ediblər, Dağlıq Qarabağa daha çox soxulmağa başlayıblar. Orada vəziyyəti qızışdırıblar. Təəssüf ki, burada Azərbaycanın rəhbərliyi də o məsələlərdə lazımi səviyyədə olmayıb və mərkəz, Moskva da bu məsələlərdə həmişə Ermənistana tərəf dururdu.

Sonra 1988-ci ilin fevral ayında orada münaqişə başlayıbdır. Əvvəl onlar çıxış ediblər ki, biz Ermənistana birləşmək istəyirik. Sonra silahlı toqquşmalar olubdur və get-gedə bu, silahlı münaqişəyə gətirib çıxarıbdır.

1988-ci ildə SSRİ-nin möhkəm vaxtı idi. Yəqin bilirsiniz, mən 1987-ci ildə Moskvada bütün vəzifələrdən istefa vermişdim, artıq istəmirdim və bu məsələlərə də müdaxilə etməyə, imkanım yox idi. Amma kənardan müşahidə edirdim. Mən Siyasi Büronun, SSRİ hökumətinin gücünü bilirdim. Əgər onlar istəsəydilər, o vaxt bunun qarşısını ala bilərdilər. Amma bunu etmədilər və bu işdə, ola bilər, xüsusi rolu Mixail Qorbaçov oynadı. Sonra məlum oldu ki, o, çox ermənipərəst adam imiş.

Bu hərbi münaqişə dörd il SSRİ mövcud olan vaxt gedibdir. İndi təsəvvür edin. Sovet hökuməti kimi gücü hökumət istəsəydi ki, bu münaqişəni aradan qaldırsın, o imkan verərdi ki, bu, dörd il get-gedə genişlənsin? Əksinə, bizdə çox məlumatlar var ki, o vaxt Moskva erməniləri qızışdırırdı və bu məsələni ermənilərin xeyrinə həll etmək istəyirdi. Sovet İttifaqı hələ dağılmamış Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ üstündə müharibə başlandı və ermənilər Azərbaycanın bir neçə bölgələrini hələ o vaxt işğal etdilər.

Sonra Sovet İttifaqı dağıldı. Ermənistan müstəqilliyini elan etdi, Azərbaycan müstəqilliyini əldə etdi. Təbii ki, müstəqil dövləti qurmaq üçün çox işlər görülməli idi. Azərbaycanın müharibə aparmaq imkanı yox idi, hərbi kadrları yox idi. Bu sarıdan Ermənistanın imkanları çox idi. Rusiyanın Ermənistanda olan hərbi hissələri bu məsələdə ermənilər tərəfindən istifadə olunubdur.

Həmin dövrdə Azərbaycanda rəhbərlikdə hakimiyyət uğrunda mübarizə gedibdir. 1988-ci ildə burada işləmiş adam çıxıb qaçıbdır. 1991-ci ildə prezident seçilmiş Mütəllibov da buradan çıxıb qaçıb və indiyə qədər Moskvada yaşayır.

Ondan sonra burada Xalq Cəbhəsi hakimiyyətə gəlib, onlar indiki müxalifətdə olan adamlardır, - təbii ki, onlar da hökuməti idarə etmək imkanına malik deyildilər. Onlar küçədən çıxmış adamlar idilər. Ona görə bir ilin içərisində xalqın qarşısında bütün nüfuzlarını itirdilər və özləri qaçıb dağıldılar. Bu fürsətdən istifadə edən Ermənistan silahlı qüvvələri ardıcıl olaraq Azərbaycan torpaqlarını işğal ediblər.

1993-cü ildə Azərbaycanda, demək olar ki, ictimai-siyasi böhran yaranmışdı. Burada hakimiyyət mübarizəsi nəticəsində Xalq Cəbhəsi hökuməti idarə edə bilmədi və bu zaman məni, - onda Naxçıvanda yaşayırdım, - buraya dəvət etdilər. Məni parlamentin sədri seçdilər. Prezident Xalq Cəbhəsinin başçısı Əbülfəz Elçibəy idi. Mən onunla danışdım və bildirdim ki, bu vəziyyətdən çıxmaq olar. Amma təəssüflər olsun ki, o, iki gündən sonra gecə xəlvəti Bakını tərk etdi, gedib dağın başında öz kəndlərində yaşamağa başladı. Mən burada tək qaldım.

Mən bu barədə danışmaq istəmirəm. Hər halda, 1993-cü ildə mən vəziyyəti müəyyən qədər normallaşdırdım. Bu müddətdə mən də müharibəyə, cəbhəyə o qədər fikir verə bilmirdim. Çünki bilmirdim, kiminlə nə iş görüm. Amma mən bizim ordu hissələrini səfərbər etdim, döyüşü bir az gücləndirdik, bəzi torpaqları azad etdik. Ancaq 1994-cü ilin may ayında Ermənistan da, biz də belə fikrə gəldik ki, atəşkəs yaratmaq lazımdır.

Biz may ayının 12-də atəşkəs haqqında saziş imzaladıq. Bu ilin mayında 9 il olacaqdır. Atəşkəsdən sonra hərbi münaqişəmiz yoxdur. Amma ermənilər azərbaycanlıları çox öldürdülər, yandırdılar, əsir götürdülər, lakin qaytarmadılar, onları da orada öldürdülər. Biz həm döyüşçülərdən, həm də mülki vətəndaşlardan çox insan itirdik.

O vaxt, 1992 və 1993-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu məsələni dörd dəfə müzakirə etdi və təklif etdi ki. erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarını, qeyri-şərtsiz azad etməlidirlər. Ancaq Ermənistan bunu yerinə yetirmir və heç kəs Ermənistana heç bir söz demir.

1992-ci ildən ATƏT çərçivəsində Minsk qrupu yaranıbdır. Mən 1993-cü ildən Minsk qrupu ilə daim əməkdaşlıq edirəm. Əvvəlcə Minsk qrupuna İtaliya, sonra İsveçrə, Finlandiya rəhbərlik edirdi. Amma Rusiya bütün hallarda bu məsələnin içində idi.

Məsələnin sülh yolu ilə həll olunması üçün 1997-ci ildə ATƏT iki təklif verdi. Yəni əvvəl bir təklif verdi. Biz onu qəbul etdik, Ermənistan qəbul etmədi. Bir neçə aydan sonra ikinci təklif verdi. Biz yenə onu qəbul etdik, onlar qəbul etmədilər. Beləliklə, bunlardan da bir şey çıxmadı.

1996-cı ildə ATƏT-in Lissabonda zirvə görüşü keçirilirdi. Orada mən məsələni çox kəskin qoydum, tələb etdim ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın. Ermənistan indiyə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımır. Orada yekun sənədində Ermənistan-Azərbaycan münaqişəsi haqqında yaxşı bir maddə hazırlanmışdı. Ermənistan buna razılıq vermədi. Bilirsiniz ki, orada qərarlar konsensusla qəbul olunur.

Mən çox fikirləşdim, ATƏT-in yekun sənədinə bütünlükdə razılıq vermədim. Belə bir gərgin vəziyyət yarandı. Bir çox dövlət başçıları mənə müraciət etdilər ki, Siz ATƏT-in zirvə görüşünün yekun sənədini pozursunuz. Yadımdadır, Albert Qor mənə deyirdi ki, Siz pozursunuz. Dedim, bəs Ermənistan da pozur, razılıq vermir. O dedi ki, bu, onun hüququdur. Mən də dedim ki, bu da mənim hüququmdur. Söhbət bununla da qurtardı.

Sonra ATƏT-in o vaxt İsveçrədən olan sədri gəldi, mənimlə çox danışdı və nəhayət, sammitin adından yaxşı bir bəyanat hazırladı. O bəyanatda Azərbaycanı ərazi bütövlüyü haqqında, başqa məsələlər haqqında hamısı yazıldı. Bu, çox vacib sənəd idi. Ona görə mən vetomu götürdüm, sənəd qəbul olundu. Amma Ermənistan Lissabon sammitinin bu bəyanatını da qəbul etmədi və yerinə yetirmədi.

Beləliklə. vəziyyət get-gedə gərginləşdi. Üç-dörd il bundan qabaq Rusiya qəribə, bir təklif - ümumi dövlət formulu irəli sürdü. Bu o deməkdir ki, Dağlıq Qarabağ və Azərbaycan ümumi dövlətidir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olunur, amma Azərbaycanın Dağlıq Qarabağa rəhbərlik etmək, onun işinə qarışmağa heç bir hüquqları yoxdur. Mən bundan çox narazı oldum. O vaxt Primakov Rusiyanın xarici işlər naziri idi. Mən hətta ona telefon etdim, onunla çox ciddi danışdım ki, niyə belə təklif verirsiniz. Bu, bizi aldatmaq deməkdir. Biz indi o qədər də ağılsız adam deyilik bizi aldatsınlar. Amma Ermənistan bunu dərhal qəbul etdi. İndi də hərdənbir deyir ki, gəlin o formula ilə işləyək. Demək, hər şeyi, xüsusən Rusiya, Ermənistanın xeyrinə edirlər, elə o biri dövlətlər də.

Məsələn, ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, Amerika və Fransadır. Rusiyanı dedim. Ancaq Amerika da bir prinsipial mövqe tutmur. Fransa da prinsipial mövqe tutmur. O vaxtdan indiyə qədər yeni bir təklif yoxdur. ATƏT-in həmsədrləri dedilər ki, Ermənistanda prezident seçkiləri keçir. Bu məsələyə fasilə vermək lazımdır. Onlarda may ayında da parlament seçkiləri keçiriləcəkdir. Oktyabr ayında Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Beləliklə, bu il gedir. Ancaq insanlar gördüyünüz vəziyyətdə yaşayır, işğal olunmuş torpaqlarda olan varidatın hamısı çoxdan dağıdılıbdır. İndi torpaqları da çox pis vəziyyətə salıblar. Bəzən deyirlər ki, kənardan erməniləri gətirib bu ərazilərdə yerləşdirirlər.

Qəribə vəziyyətdir - bizim işğal olunmuş torpaqlara heç bir beynəlxalq təşkilatın nümayəndələri girmək istəmirlər. ATƏT-in monitorinq qrupu var. Onun başçısı Kaspşik, təbiidir, o ərazilərdə olur, oraya gedir. Mən iki dəfə ATƏT-in həmsədrlərindən çox xahiş elədim ki, heç olmasa, orada bir rayona gedin, görün orada nə var nə yox. Getdilər, gəldilər mənə dedilər ki, hər şey dağıdılıbdır. Bizim İranla sərhədimizin 130 kilometri ermənilərin əlinə keçibdir. Bizdə məlumatlar var ki, oradan narkotiklər keçirirlər, silah alveri edirlər və bir çox başqa cinayətlər edirlər. Bu ərazi tamamilə nəzarətsizdir.

İndi Avropa Şurası tərəfindən sizə belə bir tapşırıq verilib ki, bu məsələni öyrənəsiniz və öz fikirlərinizi deyəsiniz. Zənnimcə, bu birinci haldır ki, bu məsələ ilə xüsusi maraqlanıblar, o da Avropa Şurasıdır. Mən ümidvaram ki, siz bu məsələnin həlli ilə məşğul olacaqsınız və biz sizə çox böyük ümidlər bəsləyirik. Təşəkkür edirəm, mən bir az çox danışdım, ancaq istədim ki, sizə hər şeyi bildirəm.

Terri Devis: Cənab prezident, Sizin də dediyiniz kimi, Azərbaycan müstəqillik qazandığı gündən bəri Avropa Şurasının bir çox nümayəndə heyətləri buraya gəlmişdir. Yəqin ki, mən Avropa Şurasından buraya gələn birinci adam olacağam ki, Sizi Avropa Şurasının üzvü olmaq münasibətilə təbrik etməyəcəyəm. Mən bunu gürcüstanlı dostlarıma da demişəm, Avropa Şurasının həqiqi üzvü olduqdan sonra da bəzən adamı təbrik etmək istəyirlər.

Cənab prezident, buraya gəlməyimin səbəblərini bilirsiniz. Bu gün mənə verdiyiniz məlumata görə Sizə minnətdaram. Bu gün və dünən keçirdiyim görüşlər zamanı nazirlərin, bu məsələ üzrə ayırdığınız xüsusi nümayəndələrin verdikləri məlumatlara görə də Sizə təşəkkürümü bildirmək istəyirəm.

Diqqətinizə çatdırım ki, buraya gəlməzdən əvvəl Sizin parlament nümayəndə heyətiniz mənə bu barədə kifayət qədər məlumat vermişdir. Parlament nümayəndə heyətiniz bu məsələ üzrə, eləcə də digər bütün məsələlər üzrə Avropa Şurasında çox fəal işləyir.

Əlbəttə, Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələrin tarixi böyük əhəmiyyət daşıyır. Elə bilirəm ki, bu cəhətdən Birləşmiş Krallığın və Cənubi Qafqazın ümumi bir oxşarlığı vardır. Bu da odur ki, biz tarixə çox varırıq. Yəqin ki, mənim yazacağım məruzədə tarix daha çox yer tutacaqdır.

Cənab prezident, Siz dediniz ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağa və ətraf rayonlara getmirlər. Bildiyiniz kimi, mən ətraf rayonlara getdim və insanların orada yaşadığı vəziyyəti gördüm. Çünki belə hesab etdim ki, həqiqətən də oraya getmək, onların yaşadığı vəziyyəti görmək çox vacibdir. Mən istəməzdim Azərbaycanda, Azərbaycan əhalisində belə bir fikir oyansın ki, Dağlıq Qarabağa getməklə mənim ora ilə müəyyən əlaqələrim var. Bu gün Sizinlə danışığımdan belə nəticə çıxarıram ki, oraya getmək yaxşı bir fikir olardı.

Heydər Əliyev: Bəli, getmək lazımdır.

Terri Devis: Əlbəttə, mən gedəcəyəm və bu, nəzərə alınacaqdır.

Mənə vaxt ayırdığınıza görə Sizə çox minnətdaram.. Azərbaycanda ən məşğul adamın vaxtını alıram. Cənab prezident, mənə kifayət qədər məlumat veriblər. Sizin nümayəndələrə dediklərimdən artıq bir söz deyə bilmərəm. Mən burada bəyanatlar verməyəcəyəm və Azərbaycandan sonra Gürcüstana dostlarımı görməyə gedəcəyəm, daha sonra Ermənistana səfər edəcəyəm. Bu səfərim zamanı Dağlıq Qarabağa getməyəcəyəm. Amma məruzəni tamamlamazdan əvvəl Dağlıq Qarabağa mütləq gedəcəyəm. Artıq bu sözü vermişəm, əlimdən gələni edəcəyəm ki, məsələ həll olunsun. Vaxt ayırdığınıza görə bir daha çox sağ olun.

Heydər Əliyev: Sizə təşəkkür edirəm. Elə mən də onu istəyirəm. Siz dediniz, söz vermisiniz və əlinizdən gələni edəcəksiniz ki, məsələ həll olunsun. Mənə elə bu bəsdir, artıq sözə ehtiyac yoxdur. Çox sağ olun.

\"Azərbaycan\" qəzeti, 16 aprel 2003-cü il.