Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-ın \"Pi-Es-Ci İnternəşnl\" şirkətinin prezidenti Edvard Smiti qəbul edərkən söhbətindən - Prezident sarayı, 15 aprel 1999-cu il

Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Mən bilirəm ki, siz böyük işlərə başlayırsınız və Azərbaycansız bu işlər həyata keçirilə bilməz. Ona görə də bu məsələləri Azərbaycanda müzakirə etmək lazımdır. Mən sizi dinləyirəm, buyurun.

Edvard Smit: Cənab prezident, çox sağ olun ki, bizi Azərbaycanda salamlayırsınız. Doğru dediniz ki, biz üzərimizə çox çətin bir öhdəlik götürmüşük. Bu işin öhdəsindən gəlmək üçün Azərbaycanın yardımı və dəstəyi lazımdır.

Türkmənistan prezidenti Saparmurad Niyazov \"Pi-Es-Ci İnternəşnl\" şirkətini boru kəmərinin çəkilişi üçün yaradılmış konsorsiumun lideri adlandırıbdır. Bu layihənin həyata keçirilməsində dörd ölkə iştirak edəcəkdir. Bu işdə Azərbaycan mühüm rol oynayır.

Mənim həmkarım, şirkətimizin vitse-prezidenti Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyevlə bir neçə gün bundan əvvəl bu məsələ, layihə haqqında söhbət aparmışdır. Həmkarım həmin görüş haqqında bizə məlumat verərək demişdir ki, cənab İlham Əliyev bu məsələni dəstəkləmiş və mühüm göstərişlər verərək bizə kömək etmişdir.

Çox şadam ki, mənim həmkarım Bakıdakı görüşlərində Azərbaycan tərəfi ilə eyni fikrə gəlmişdir. Biz buradakı işimizi açıq giriş adlandırırıq. Bu da o deməkdir ki, nəql olunan qazdan istifadə etməyə Azərbaycan istehlakçısına da imkan yaranacaqdır. Biz yalnız Türkmənistan qazını daşımaqla öz işimizi məhdudlaşdırmayacağıq.

Sizə məlum olduğu kimi, mən həm də bir konsorsiumun prezidentiyəm. Dörd ildən çoxdur ki, bu işdə çalışıram və vəziyyətlə yaxından tanışam.

Cənab prezident, onu da anlayıram ki, qaz boru kəməri layihəsinin həyata keçirilməsi Sizin liderliyiniz, köməyiniz, bir sıra podratçı şirkətlərin iştirakı olmadan mümkün deyildir. Biz çox şadıq ki, Baki-Ceyhan boru kəməri layihəsinin həyata keçirilməsi sahəsində tərəqqi əldə edilibdir. Buna görə də çox çalışırıq ki, qaz boru kəməri layihəsini də eyni sürətlə həyata keçirək.

Qeyd etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları hökuməti bu layihəni maliyyələşdirmək fikrindədir və buna böyük dəstək verir. Amerika hökuməti tərəfləri hələlik razı salmayan bütün məsələləri həll etmək əzmindədir. Ümid edirik ki, Azərbaycanın, Türkmənistanın və qaz istehlakçısı olan ölkələrin, eləcə də tranzit ölkələrin yardımı ilə bu bölgədəki böyük qaz ehtiyatlarını çox tezliklə bazarlara çıxaracağıq.

Ümid edirəm ki, Sizinlə, eyni zamanda Azərbaycan Dövlət Neft Şirkəti ilə bizim işimiz çox uğurlu olacaqdır, üzümüzə gələn illərdə də fəal əməkdaşlıq edəcəyik. Mən Sizin məsləhətlərinizi eşitmək istərdim.

Heydər Əliyev: Türkmənistan qazının Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən dünya bazarlarına çıxarılması layihəsi çoxdan mövcuddur. Ancaq Türkmənistan və prezident cənab Saparmurad Niyazov bu məsələnin onlar üçün çox əhəmiyyətli olmasına baxmayaraq bu barədə qərar qəbul edə bilmirdi. Bilirsiniz ki, bu da müəyyən siyasi məsələlərlə əlaqədardır. Nəhayət, bu prosesə son qoyuldu. Türkmənistan prezidenti bu layihənin həyata keçirilməsi üçün qərar qəbul etdi. O bu barədə şəxsən mənə də müraciət etdi ki, biz bu layihənin həyata keçirilməsinə öz dəstəyimizi verək və gələcəkdə də birgə əməkdaşlıq edək.

Prezident cənab Niyazovun məktubu mənə çatdırılmışdır. Bundan sonra onun şəxsi nümayəndəsi, \"Merhav\" şirkətinin prezidenti cənab İosif Neyman gəlib bu barədə mənə geniş məlumat vermişdir. Bu layihə haqqında mənim əvvəlcədən məlumatım var idi və ona ümumiyyətlə müsbət münasibət göstərirdim. Sonra isə, bu layihə reallaşanda biz onu bir daha təhlil etdik. Mən qərar qəbul etdim ki, biz bu layihəni dəstəkləyirik və onun həyata keçirilməsində iştirak edəcəyik.

Bilirsiniz ki, Azərbaycanın ərazisi o qədər də böyük deyildir. Torpaqlarımız bizim üçün çox qiymətlidir. Ancaq torpaqlar şəxsi mülkiyyətə veriləndən sonra bir çox hallarda biz bu torpaqların sahibi deyilik. Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsi Azərbaycan ərazisində müəyyən torpaqların boru kəmərinin qatında qalmasını tələb edir. Ancaq bu layihənin həm Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə üçün böyük əhəmiyyətinə, həm də ümumiyyətlə Şərqlə Qərbin kommunikasiya xətti ilə daha da bağlanmasına görə mən bu layihənin tam dəstəklənməsi barədə qərar qəbul etmişəm.

Mənə məlumdur ki, konsorsiumun tərkibində olan şirkətlər bu layihənin həyata keçirilməsi ilə məşğul olur. Bizə bildirilibdir ki, onun maliyyə məsələlərini siz özünüz həll edirsiniz. Biz bunları nəzərə alaraq hesab edirik ki, bu layihəni həyata keçirmək lazımdır.

Biz Bakı-Ceyhan boru kəməri layihəsinin həyata keçirilməsi haqqında artıq prinsipial qərar qəbul etmişik. İndi bu qərarın texniki, maliyyə məsələləri araşdırılır. Mən əminəm ki, biz Bakı-Ceyhan neft kəmərini mütləq yaradacağıq. Bununla yanaşı, Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə qaz kəmərinin yaranması da, şübhəsiz ki, bölgədə vəziyyəti xeyli dəyişdirəcəkdir. Mən Amerika Birləşmiş Ştatları şirkətlərinin və sizin şirkətin bu layihənin həyata keçirilməsində iştirak etməsini çox mühüm amil hesab edirəm.

Mən çox məmnunam ki, siz bildirdiniz, - artıq dörd ildir burada bu işlərlə məşğulsunuz, respublikamızın həyatı ilə tanışsınız, Azərbaycan Dövlət Neft Şirkəti ilə əlaqələriniz vardır. Bunların hamısı sizin uğurla işləməyiniz üçün imkanlar yaradır. Mən bu işdə sizin uğurla çalışmağınızı arzulayıram.

Edvard Smit: Cənab prezident, mən Sizin bu qərarlarınıza çox böyük hörmətlə yanaşıram. Sizin xüsusilə qaz layihəsini dəstəkləmək barədə qərarınıza hörmətlə yanaşır və rəğbətimi bildirirəm. Bildirmək istəyirəm ki, Sizin dəstəyiniz olmasa, bizim uğurumuz da olmayacaqdır.

Heydər Əliyev: Xatırladım ki, bu layiyənin həyata keçirilməsi müddəti üç il nəzərdə tutulub. Bu realdırmı?

Edvard Smit: Cənab prezident, bizim fikrimizcə, bu layihə 2003-cü ildə başa çatdırıla bilər. Biz belə planlaşdırmışıq ki, 12-18 ay müddətində bu layihənin maliyyələşdirilməsi ilə məşğul olacağıq. Daha sonra 24-30 ay müddətində tikinti işləri görəcəyik. Lakin bu, son hədd deyildir. Elə bilirik ki, biz müasir texnikadan istifadə edərək bir çox işləri eyni vaxtda görəcəyik. Biz bütün məsələləri kompleks şəkildə öyrəndikdən sonra bu layihəni həyata keçirə bilərik. Əgər Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə bizim razılığımız daha tez əldə edilsə, mövqelərimiz üst-üstə düşsə, bu layihəni tezliklə həyata keçirmək mümkündür. Ona görə də biz tezliklə işə başlamaq fikrindəyik.

\"Azərbaycan\" qəzeti, 16 aprel 1999-cu il.