Azərbaycan Prezidenti Heydər Əliyevin Supsada, Bakı-Supsa neft kəmərinin açılışına həsr olunmuş təntənəli mərasimdə nitqi - 17 aprel 1999-cu il

Zati-aliləri, hörmətli Gürcüstan prezidenti Eduard Şevardnadze!

Zati-aliləri, hörmətli Ukrayna prezidenti Leonid Kuçma!

Xanımlar və cənablar, qonaqlar, dostlar!

Mən sizi ürəkdən salamlayıram və bu xoş görüşlə əlaqədar çox böyük sevinc keçirdiyimi bildirirəm. Gürcü xalqına, bütün Gürcüstan vətəndaşlarına səmimi salamımı yetirir, sülh, firavanlıq və tərəqqi arzulayıram.

Bu gün biz tarixi bir hadisənin şahidiyik. Bakı-Supsa neft kəmərinin inşasına dair böyük səmərəli iş başa çatdırılmışdır və biz Azərbaycanın Xəzər nefti yüklənmiş ilk tankerinin dünya bazarlarına yola salınmasını təntənəli şəraitdə qeyd edirik.

Əsrimizin əvvəllərində Bakı-Batumi neft kəməri - Avropada ilk neft kəməri çəkilmişdir. İndi, XX-XXI əsrlərin ayrıcında biz Bakı-Supsa neft kəməri çəkmişik və o, Azərbaycan neftinin dünya bazarlarına ixracını həyata keçirəcəkdir. Bu, Gürcüstanın, Azərbaycanın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan neft şirkətlərinin birgə səyləri sayəsində mümkün olmuşdur. Bu, 1995-1996-1997-ci illərdə başlanmış səylərimizin məntiqi nəticəsidir. Bu, Azərbaycanda 1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın 9 ölkəsini təmsil edən 11 ən iri neft şirkətləri arasında imzalanmış \"Əsrin müqaviləsi\"nin praktiki surətdə həyata keçirilməsidir. 1994-cü il sentyabrın 20-də \"Əsrin müqaviləsi\"nin imzalanması müstəqil Azərbaycanın yeni neft strategiyası və doktrinasının başlanğıcıdır.

Azərbaycan qədim neft və qaz ölkəsidir. 50 il bundan öncə Azərbaycan dünya praktikasında ilk dəfə olaraq dənizin dərinliklərindən sənaye üsulu ilə neft çıxarmağa başlamışdır. 1949-cu ilin noyabrında Xəzər dənizində, neft daşlarında güclü neft fontanı vurmuş və bu, dünyaya dənizdə neft hasilatının yeni mərhələsinin başlandığını bildirmişdir.

Bizim zəmanəmizdə Azərbaycan dünyanın bir çox ölkələrinin neft şirkətlərinin iştirakı ilə Xəzər dənizində karbohidrogen xammalı hasilatının təşəbbüsçüsü olmuşdur. 1994-cü ildə imzalanmış \"Əsrin müqaviləsi\" bu neft doktrinasının həyata keçirilməsinin başlanğıcını qoymuşdur. Bu, asan olmamışdır. Biz müqaviləni imzalamaq, həyata keçirmək üçün böyük sınaqdan çıxmalı, böyük maneələri dəf etməli olmuşuq.

Lakin biz bu müqavilə imzalandıqdan sonra da böyük çətinliklərlə, hətta faciəli hadisələrlə qarşılaşdıq. Bilin ki, müqavilə imzalandıqdan cəmi bir neçə gün sonra Azərbaycanda ölkəmizin siyasi xadimlərinə qarşı terror aktları keçirildi. Bundan bir neçə gün sonra Azərbaycanda silahlı dövlət çevrilişi cəhdi oldu, onu bəzi ölkələrin xüsusi idarələri və daxili irtica etmişdi.

Ancaq bununla iş qurtarmadı. Bir neçə aydan sonra dövlət çevrilişi cəhdi yenidən təkrar edildi. Sonra bir sıra terror aktları törətməyə cəhd göstərildi. Bütün bunlar məhz onunla bağlı idi ki, müstəqil dövlət olan Azərbaycan müstəqil siyasət aparmağa başlamışdı, Azərbaycan özünün təbii ehtiyatlarından, neft və qaz sərvətlərindən necə istifadə etməyi özü, müstəqil surətdə müəyyənləşdirdi və bunu qərbin neft şirkətləri ilə birlikdə həyata keçirməyi qərara alaraq Azərbaycana və bütün Xəzər hövzəsi məkanına xarici sərmayələrin axınını təmin etmişdi.

Biz bütün çətinlikləri dəf etdik, \"Əsrin müqaviləsi\" həyata keçirilir. 1997-ci ilin noyabrında biz \"Çıraq\" yatağından ilk nefti çıxardıq və onu Bakı-Novorossiysk neft kəməri ilə nəql etməyə başladıq. Bu neft kəməri Rusiya Federasiyası ilə Azərbaycan arasında imzalanmış müqavilə əsasında xüsusi olaraq bunun üçün çəkilmişdi.

Lakin biz hələ onda, neftin dünya bazarlarına ixracı marşrutlarını planlaşdırdığımız vaxtlarda qərb marşrutu üzrə alternativ neft kəmərinə malik olmağı lazım bildik. Açığını deyim ki, bu, bəzi dairələrdə, bəzi ölkələrdə böyük narazılıqla, etirazla qarşılandı. Amma biz öz istədiyimizə nail olduq - Gürcüstan ilə Azərbaycan arasında saziş imzalayaraq Bakı-Supsa neft kəmərini layihələşdirməyə başladıq və boru kəmərinin praktiki surətdə inşası üçün işləri təşkil etdik.

Bu gün mən son dərəcə sevinc hissi keçirirəm ki, neftin hasilatına və ixracına dair çox böyük proqramı dörd ildən bir qədər artıq müddətdə reallaşdırmağa müvəffəq ola bilmişik.

Təbii ki, bunların hamısı ümumi səylərin nəticəsidir. Əlbəttə, biz 1994-cü ildə ilk müqaviləni imzalayaraq, bu işi dünyanın bir çox neft şirkətləri ilə davam etdiririk. Dünyanın neft şirkətlərinin dəstəyi, Xəzərdəki, Xəzər dənizinin Azərbaycan sektorundakı təbii ehtiyatlara, karbohidrogen xammalına onların böyük marağı, xarici sərmayələr bu layihənin uğurla həyata keçirilməsini təmin edəcəkdir.

1994-cü ilin sentyabrından sonra ötən dövrdə Azərbaycan Dövlət Neft Şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı və Azərbaycan ərazisinin quru hissəsindəki neft və qaz yataqlarının birgə işlənilməsi haqqında daha 15 iri müqavilə imzalamışdır. Bu müqavilələrdə dünyanın 14 ölkəsini təmsil edən 32 iri neft şirkəti iştirak edir. Bu, Xəzər dənizinin təbii ehtiyatlarının istismarı üçün sərmayələr cəlb olunması sahəsində apardığımız çox böyük işdir. Biz bu təşəbbüsü göstərməklə Xəzər dənizinin başqa sektorlarında da neft və qaz hasilatı işini stimullaşdırdıq. Qazaxıstan, Türkmənistan, Rusiya, İran sektorlarında böyük iş görülür. Bütün bunlar bizi sevindirir, çünki Xəzər dənizində olduqca böyük neft və qaz ehtiyatları var, bunlar bütün Xəzəryanı ölkələr üçün kifayət edər. Hər ölkə öz sektoruna malikdir və Xəzər dənizindəki öz sektorunda ehtiyatların sahibidir. Azərbaycan öz sektorunun hüdudları daxilində fəaliyyət göstərir, Azərbaycan sektorunda böyük neft və qaz ehtiyatları var.

Neft strategiyamızın həyata keçirilməsinə mane ola bilməyən bəzi düşmən dairələr müxtəlif xəbərlər, fikirlər uydurub yaymağa başladılar ki, demə, Azərbaycan Dünya Birliyinə yalan məlumat verib, Xəzər dənizində güman edildiyi qədər neft yoxdur və guya bəzi neft şirkətləri Xəzər dənizinə və xüsusən Azərbaycan sektoruna marağı itirirlər. Bu, yalandır, uydurmadır!

Təbii ki, bu yalan informasiyalar ictimai rəyi dəyişdirə bilməz. Lakin aydın olsun deyə bildirmək istəyirəm ki, imzalanmış 16 müqavilə üzrə Azərbaycana təxminən 50 milyard dollar məbləğində sərmayə qoymaq nəzərdə tutulur. Bu müqavilələrin əhatə etdiyi ərazilərdə neftin həcmi 4 milyard tondan 10 milyard tonadək qiymətləndirilir. Lakin bütün bunlar hələ ilkin rəqəmlərdir. Yeri gəlmişkən, bizdə Xəzərdə və quruda öz istismarını gözləyən neft yataqları hələ çoxdur. Yaxın vaxtlarda Amerikanın neft şirkətləri ilə üç iri müqavilə imzalanması nəzərdə tutulur. Bax bu, bəzi ölkələrin müxtəlif kütləvi informasiya vasitələrində yayılan uydurma xəbərlərə cavabdır.

Beləliklə, 1994-cü ildə başlanmış işlər artıq öz praktiki nəticələrini verir. Bakı-Supsa neft kəməri, burada tikilmiş gözəl terminal, müvəffəqiyyətlə işləmək və nefti fasiləsiz olaraq vurmaq, onu dünya bazarlarına daşımaq üçün yaradılmış gözəl şərait buna inandırıcı sübutdur.

Bakı-Supsa neft kəməri Gürcüstan ilə Azərbaycan arasında dostluğa, əməkdaşlığa parlaq misaldır. Bizim xalqlarımız həmişə səmərəli və müvəffəqiyyətlə əməkdaşlıq etmişlər. Gürcü və Azərbaycan xalqlarının çoxəsrlik dostluğu bizim əvəzsiz sərvətimizdir. Biz bu dostluğu qoruyur və yeni şəraitdə inkişaf etdirir, genişləndiririk.

Gürcüstanın və Azərbaycanın səmərəli əməkdaşlığına dair misallar çoxdur. Lakin Bakı-Supsa neft kəməri, şübhəsiz ki, indiki mərhələdə bu əməkdaşlığın zirvəsidir.

Bununla yanaşı, əməkdaşlığımızın böyük perspektivi var. Ötən ilin oktyabrında Ankarada biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası haqqında bəyannamə imzalamışıq. Bu iş davam edir. Lap bu yaxınlarda, bir neçə gün öncə Amerika Birləşmiş Ştatlarının strateji tədqiqatlar mərkəzi Bakı-Tbilisi-Ceyhan layihəsinin İstanbulda böyük müzakirəsini keçirmişdir. Müzakirədə, indi burada olan cənab Morninqstar və cənab Kalitski, Türkiyə və Azərbaycan nümayəndələri iştirak etmişlər. Orada Bakı-Tbilisi-Ceyhan neft kəməri inşasının həyata keçirilməsinə dair konkret praktiki tədbirlər haqqında Türkiyə ilə Azərbaycan arasında protokol imzalanmışdır. Müəyyən edilmişdir ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsinin növbəti mərhələsinə başlamaq üçün bütün texniki və maliyyə məsələləri üç ay ərzində diqqətlə öyrənilməlidir.

Digər mühüm layihə Türkmənistan qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə nəqli barədədir. Bu haqda saziş ötən ilin oktyabrında Türkiyə ilə Türkmənistan arasında imzalanmışdır, və layihə indi həyata keçirilir. Bu layihənin həyata keçirilməsində Gürcüstan da, Azərbaycan da mühüm yer tutur.

Bir sözlə, qarşıda böyük işlər durur. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə qaz kəməri əməkdaşlığımızı, xüsusən Gürcüstan ilə Azərbaycan arasında əməkdaşlığı təmin edəcək çox iri layihələrdir.

Deməliyəm ki, bütün bu işlərdə biz dostlarımızın dəstəyini, xeyirxah münasibətini görürük. Bu dostların arasında Ukrayna və onun prezidenti çox hörmətli Leonid Daniloviç Kuçma da var. Azərbaycanın, Gürcüstanın Ukrayna ilə əməkdaşlığı, prezident Leonid Daniloviç Kuçmanın bu sahədə fəal səyləri çox mühüm rol oynayır. Bizim səylərimiz sayəsində Xəzər dənizi ilə Qara dəniz iqtisadi cəhətdən birləşir. Qara dənizdə Ukrayna və Gürcüstan, Xəzərdə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və digər ölkələr regionumuzun iri layihələrinin həyata keçirilməsi üçün daha sıx birləşməlidirlər.

Bütün bu işlər, indiki halda Bakı-Supsa neft kəməri Qafqazda sabitliyin və sülhün möhkəmlənməsinə mühüm töhfədir. Sülh bizə çox gərəkdir, bizə dinc Qafqaz gərəkdir, bizə sabitlik gərəkdir, biz silahlı münaqişələrə son qoymalı, Qafqaz ölkələri ilə regionumuzu əhatə edən ölkələr arasında ən yaxşı və mehriban münasibətlər yaratmalıyıq. Bununla əlaqədar Bakı-Supsa neft kəməri regionumuzda sabitliyin, sülhün böyük amilidir.

Bütün bu işlərdən danışarkən Xəzər dənizinin karbohidrogen ehtiyatlarından istifadə edilməsinə maraq göstərən dünyanın bir çox ölkələrinin, xüsusən Amerika Birləşmiş Ştatlarının böyük dəstəyini qeyd etməliyəm. Biz 1994-cü ildə \"Əsrin müqaviləsi\" imzalanarkən aldığımız dəstəyi qiymətləndiririk. Biz Qərb, Bakı-Supsa marşrutunun çəkilişi məsələsinin həlli zamanı aldığımız dəstəyi qiymətləndiririk. Biz indi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası barədə aldığımız dəstəyi qiymətləndiririk. Amerika Birləşmiş Ştatları hökumətinin çox böyük səyləri sayəsində Türkmənistan - Türkiyə Transxəzər qaz kəməri layihəsi reallığa çevrilmişdir. Bu gün biz Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klintonun bu təntənəli hadisə ilə əlaqədar təbrik göndərməsindən böyük sevinc hissi keçiririk. Hesab edirəm ki, bütün bunlar Gürcüstanın da, Azərbaycanın da, Ukraynanın da Qərb, Avropa ölkələri ilə, Avropa Birliyi, Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığı üçün yaxşı bünövrə qoymuşdur. Biz buna böyük əhəmiyyət veririk və bu əməkdaşlığın daha uğurlu olması üçün gələcək işlərimizdə bütün tədbirləri görəcəyik.

Əzis dostlar, Gürcüstan prezidentini, dostum Eduard Şevardnadzeni, bütün gürcü xalqını, buraya toplaşan bütün dostları bu əlamətdar hadisə münasibətilə ürəkdən təbrik edirəm. Əziz dostlar, sizə xoşbəxtlik, firavanlıq və yeni-yeni uğurlar arzulayıram.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətini \"Əsrin müqaviləsi\"nin həyata keçirilməsində, Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin inşasında nail olduğu gözəl nəticələr münasibətilə təbrik edirəm. Qısa müddətdə çox böyük iş görülmüşdür. Qeyd etməliyəm ki, bizim planlarımıza müqavimət göstərən qüvvələr o vaxtlar deyirdilər ki, bu layihə real deyil, həyata keçirilə bilməz. Bu ilin sentyabrında müqavilənin imzalanmasının beş ili tamam olacaq, amma bir baxın, necə böyük iş görülmüşdür və işin bundan sonra da davam etməsi üçün necə böyük bünövrə qoyulmuşdur. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin konsorsiumuna daxil olan bütün şirkətlər və bu şirkətin rəhbərləri çox sağ olsunlar.

Leonid Daniloviç Kuçmanı burada, Gürcüstanda, eyni zamanda Azərbaycanda, - bunun fərqi yoxdur, eyni şeydir, - ürəkdən salamlayıram. Gürcüstanda olmaq həm də Azərbaycanda olmaq deməkdir. Onu salamlayıram və şadam ki, o, bu hadisəyə böyük diqqət göstərmişdir. Şadam ki, Xəzər dənizinin ehtiyatlarından istifadə barəsində Ukraynanın öz planları var. Hesab edirəm ki, Odessa -Brodı və oradan Polşaya çəkiləcək neft kəməri də reallıqdır və biz bu reallığı nəzərdə tutmalı, onun üzərində işləməliyik. Buna görə də Ukrayna prezidenti hörmətli Leonid Kuçmanın burada olması tamamilə qanunauyğundur və eyni zamanda bizim hamımız üçün fərəhli hadisədir.

Sizin hamınızı ürəkdən təbrik edir və inanıram ki, Bakı-Supsa neft kəməri bütün XXI əsr ərzində yaşayacaq və işləyəcəkdir.

Diqqətinizə görə çox sağ olun, sizin hamınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.

\"Azərbaycan\" qəzeti, 18 aprel 1999-cu il