Azərbaycan Prezidenti Heydər Əliyevin ATƏT-in Minsk qrupunun Fransa tərəfdən yeni həmsədri Jan Jak Qayyard başda olmaqla bu ölkənin nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 9 noyabr 1999-cu il

Heydər Əliyev: Xoş gəlmisiniz, cənab Qayyard! Mən məmnunam ki, Minsk qrupunun həmsədri kimi Fransa fəaliyyətini bir az gücləndiribdir. Bu vəzifəyə təyin olunmağınız münasibətilə sizi təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu məsələ həll edilənə kimi siz bu vəzifədə olacaqsınız.

Təəssüf ki, həm Amerika Birləşmiş Ştatları, həm Fransa, həm də Rusiya - Minsk qrupunun həmsədrləri bu işlə məşğul olan öz səfirlərini, təmsilçilərini tez-tez dəyişdirirlər. Biz bunu başa düşürük, - hər ölkənin öz işləri var, kadrların inkişaf etməsi var. Amma belə dəyişiklik, şübhəsiz ki, bizim işlərimizə ciddi mənfi təsir edir. Arzu edirəm ki, siz bizimlə hələ çox əməkdaşlıq edəsiniz və bu vəzifəni tez tərk etməyəsiniz. Buyurun, sizi dinləyirəm.

Jan Jak Qayyard: Cənab prezident, qonaqpərvərlik üçün Sizə minnətdarlığımı bildirirəm. Mən xoşbəxtəm ki, bu gün Bakıda, Azərbaycandayam, Sizinləyəm. Müəyyən adamlarla görüşmək, buradakı vəziyyəti öyrənmək, onun bəzi məqamlarını başa düşmək üçün, gəlmişəm. Cənab prezident, burada olduğum müddətdə baş nazirin qaçqınların işi ilə məşğul olan müavini ilə birlikdə qaçqınlarla görüşmüşəm. Ümumi götürdükdə, belə fikirləşirəm ki, bu, bizim məşğul olduğumuz məsələnin ən vacib hissələrindən biridir və ona görə də buna üstünlük vermişəm.

Cənab prezident, mən həm də öz ölkəmin Sizə dost salamlarını gətirmişəm. Demək istəyirəm ki, Fransa prezidenti cənab Şirak və Fransa hökuməti bu məsələyə çox böyük əhəmiyyət verirlər, ona görə də bununla həmişə yaxından maraqlanırlar. Bu baxımdan demək istəyirəm ki, mən də buraya o əzmlə gəlmişəm ki, məsələnin həlli yolunda əlimdən gələni edim. Söz verirəm ki, bu yolda səylərimi əsirgəməyəcəyəm.

Cənab prezident, Siz arzu etdiniz ki, mən bu vəzifədə çox qalım. Əlbəttə, mən bu vəzifədə qalacağam. Amma digər tərəfdən arzu edirəm ki, bu vəzifədə çox qalmayım. İstəyirəm bir şeyi də deyim. Bəlkə də Sizin dedikləriniz haqlıdır, amma ola bilsin ki, bunu Fransaya o qədər də aid etmək olmaz. Çünki məndən əvvəl bu vəzifədə olan şəxs üç il bu vəzifəni tutmuşdur.

Heydər Əliyev: Çox məmnunam ki, Fransa prezidenti, mənim dostum cənab Jak Şirak və Fransa hökuməti Azərbaycana, xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasına çox böyük diqqət yetirirlər və ciddi münasibət göstərirlər. Mən sizin bu vəzifədə çox qalmağınızı o mənada dedim ki, bu məsələ qurtarana qədər qalasınız. Amma biz hamıdan çox istəyirik ki, bu münaqişə tez qurtarsın və Minsk qrupu da öz fəaliyyətini sona çatdırsın.

Təəssüf ki, Minsk qrupu yaranandan - 1992-ci ildən indiyə qədər keçən yeddi il müddətində hələ ki, məsələnin sülh yolu ilə həll olunmasında istədiyimiz nailiyyəti əldə edə bilməmişik. Danışıqlar gedir, Minsk qrupu işləyir, görüşlər keçirilir. Ötən müddətdə iki dəfə - 1994-cü ilin dekabr ayında və 1996-cı ilin dekabr ayında - biri Budapeştdə, biri Lissabonda ATƏT-in iki zirvə görüşü olubdur. Onlar müəyyən qərarlar qəbul etmişdilər, amma təəssüflər olsun ki, bu qərarlar həyata keçirilmir və məsələ indiyə qədər həll edilməyibdir.

Sentyabr-oktyabr aylarında, Rusiyanın xarici işlər naziri cənab İvanov və Amerika Birləşmiş Ştatları prezidentinin Dağlıq Qarabağ problemi üzrə xüsusi nümayəndəsi, səfir cənab Kavana - o, bu vəzifəyə yeni təyin olunubdur - Azərbaycana səfər etdikləri zaman mən Minsk qrupundan və xüsusən həmsədrlərindən ölkəmizin narazılığını bildirmişəm. Mən bu narazılığı bu gün sizə də, yəni Fransaya da bildirirəm.

1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündən sonra Minsk qrupunun üç həmsədri, yəni Rusiya ilə bərabər Amerika Birləşmiş Ştatları və Fransa Minsk qrupunun həmsədrləri oldular. Bu, bizdə, xalqımızda, dövlətimizdə çox böyük ümidlər yaratdı. Çünki o vaxta qədər bu məsələlərlə Rusiya təkbaşına məşğul olurdu. Amerika Birləşmiş Ştatlarının və Fransanın həmsədr olması da məhz Azərbaycanın təşəbbüsü ilə meydana gəldi. Biz hesab edirdik ki, Rusiya ilə bərabər, Amerika Birləşmiş Ştatları və Fransa kimi böyük dövlətlər - dünyada, beynəlxalq aləmdə böyük nüfuza malik olan dövlətlər bu məsələnin həll olunmasını üçü birlikdə təmin edə biləcəklər. Təəssüf ki, bu, olmadı. Üç il keçdi. Bir həftədən sonra - noyabr ayının 18-də İstanbulda ATƏT-in növbəti zirvə görüşü keçiriləcəkdir. Biz bu zirvə görüşünə münaqişənin həll edilməsi barədə heç bir irəliləmə əldə olunmamış vəziyyətdə gəlirik.

Bilirsiniz ki, ATƏT-in zirvə görüşündən sonra, 1997-ci ildə Minsk qrupunun həmsədrləri münaqişənin sülh yolu ilə həll olunması üçün iki dəfə təkliflər vermişdilər. Azərbaycan birinci təklifi də, ikinci təklifi də dəstəklədi, amma Ermənistan bunlardan imtina etdi. Minsk qrupu 1998-ci ildə demək olar ki, heç bir fəaliyyət göstərmədi. Yalnız 1998-ci ilin noyabr ayında, yəni bir il bundan öncə yeni bir təklif verildi ki, münaqişə "ümumi dövlət" prinsipi əsasında həll olunsun. Bunu da biz qəbul etmədik. Bu dəfə Ermənistan həmin təklifi qəbul etdi. Biz bunu qəbul edə bilməzdik. Çünki bu təklifə görə Azərbaycanın ərazisində Dağlıq Qarabağ sifətində ikinci erməni dövləti yaradılmalı idi. Ermənistan isə bu təklifi ona görə qəbul etdi ki, bu, onların mənafelərini tamamilə təmin edir. Amma Minsk qrupu gərək hər iki tərəfin mənafelərini təmin edən təkliflər irəli sürsün.

Biz Minsk qrupundan xahiş etdik ki, yeni təklif versin. Ancaq bir il keçibdir, yeni təklif yoxdur. Ona görə də narazılığımızı bildirməyə bizim haqqımız vardır. Bilirsiniz ki, bu münaqişədən zərər çəkən yalnız Azərbaycandır. Azərbaycanın ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur və indiyə qədər işğal altındadır. İşğal olunmuş torpaqlardan bir milyondan artıq qaçqın - azərbaycanlılar, vətəndaşlarımız çıxarılıbdır. Onlar 6-7 ildir ki, çox ağır vəziyyətdə, əksəriyyəti çadırlarda yaşayırlar.

Mən çox təşəkkür edirəm ki, siz gedib qaçqınlarla görüşmüsünüz və onların vəziyyəti ilə tanış olmusunuz. Görmüsünüz ki, insan 6-7 il belə vəziyyətdə yaşaya bilməz. Amma Bakıda yaşayanların vəziyyəti o birilərindən demək olar ki, müəyyən qədər, nisbətən yaxşıdır. O çadırlarda yaşayanlar isə çox əziyyət çəkirlər.

Dünən axşamdan Bakıda yağış yağmağa başlayıbdır. Azərbaycanın başqa bütün yerlərində yağış yağır, sonra da qar yağacaqdır. İnsanlar yağış yağmasından öz evlərində, küçəyə çıxanda, başqa yerlərdə nə qədər çətinlik çəkirlər. Təsəvvür edin, çadırlarda yaşayanlar nə qədər əziyyət çəkirlər. Çadır onları yağışdan mühafizə etmir. Onlar çadırlardan asfalt küçəyə çıxmırlar, palçığın üstü ilə gedirlər. Hər halda mən bu barədə söhbət açmaqla vəziyyəti təfsilatı ilə danışmaq məqsədi daşımıram. Güman edirəm ki, siz təsəvvür edirsiniz.

Mənim xatirimdədir, altı ildi ki, buraya gəlib həm Bakıda, həm də çadırlarda yaşayan qaçqınların vəziyyətini görən adamlar çox dəhşətə gəlirlər, üzülürlər. Ancaq dünya ictimaiyyəti, o cümlədən Minsk qrupunun həmsədrləri bu məsələyə biganədirlər. Ona görə də mən deyirəm ki, bu münaqişənin bütün ağırlığı Azərbaycanın üzərinə düşür. Təbiidir, Azərbaycan istəyir ki, bu münaqişə tezliklə qurtarsın, işğal olunmuş torpaqlarımız azad ediılsin, çadırlarda və digər yerlərdə yaşayan qaçqınlar, köçkünlər öz yerlərinə qayıtsınlar. Nəzərə alın ki, işğal olunmuş həmin torpaqlarda hər şey dağıdılıbdır. Təsəvvür edin, onlar öz yerlərinə qayıdandan sonra da hələ neçə il əziyyət çəkəcəklər.

Bütün bunlara görə biz Minsk qrupunun belə fəaliyyətsizliyindən narazıyıq. Güman edirəm ki, ATƏT-in İstanbul zirvə görüşündə irəliyə doğru hansısa bir addım atılmalıdır. Mən prezident cənab Jak Şirakla bu barədə bir neçə dəfə danışmışam. Bu yaxın vaxtlarda da mən onunla telefonla danışdım. Mən hiss edirəm ki, prezident Jak Şirak bu məsələnin həll olunmasına çox səmimi surətdə çalışır. Bu məsələyə onun münasibəti bizim üçün çox əhəmiyyətlidir. Amma bizə real nəticə lazımdır. Bu da ki, Minsk qrupu həmsədrlərinin və onların nümayəndələrinin fəaliyyətindən çox asılıdır. Ona görə də ümid edirəm ki, sizin bu vəzifəyə başlamağınız münasibətilə öz fəaliyyətini daha da artıracaqdır.

Jan Jak Qayyard: Cənab prezident, mən qeyd etmək istəyirəm ki, Minsk qrupunun fəaliyyəti bəlkə də o qədər passiv olmayıbdır. Onlar iki təklif irəli sürüblər. Mən demək istəyirəm ki, o təkliflərin hamısı hazırda gündəlikdə qalır. Lakin məsələnin başqa bir tərəfi də var. Bir neçə vaxtdır ki, bununla paralel olaraq, Sizin və Ermənistan prezidentinin birbaşa danışıqları başlandı. Biz bununla əlaqədar bu ideyanı götürdük ki, Sizin danışıqlarınız Minsk qrupunun fəaliyyətinin yenidən başlanması üçün əsas olar, yəni razılaşdırılmış prinsiplərin ortaya çıxarılmasına bəlkə də kömək edə bilər.

Biz belə bir qərara gəlirik, belə bir fikri dəstəkləyirik ki, əldə edilmiş razılıq, saziş o zaman daha möhkəm olar ki, o, hər iki ölkənin rəhbərləri arasında fundamental prinsiplər üzərində qurulmuş olsun. Bütün bunlarla bərabər, mən onu da demək istəyirəm ki, Minsk qrupu və onun həmsədrləri əvvəlki fəaliyyətlərinə yenidən başlamağa, tərəflər arasında əlaqə yaratmağa, onların mövqeyini öyrənməyə və bu məsələnin həll edilməsinə öz köməyini göstərməyə indi də hazırdırlar.

Əlbəttə, biz başa düşürük ki, bu işin təcili həll olunması hamıya lazımdır. Çünki bunun həm insani, həm də siyasi nöqteyi-nəzərdən çox təcili bir məsələ olduğunu başa düşürük.

Cənab prezident, icazənizlə, Sizə bir sual vermək istərdim. Mənim üçün çox maraqlıdır, bilmək istərdim ki, Siz indi, Ermənistan prezidenti belə bir dialoqa başladığınız zaman bu prosesin məntiqi davamını necə görürsünüz?

Heydər Əliyev: Bəli, bu ilin aprel ayından başlayaraq, Azərbaycan və Ermənistan prezidentləri bir neçə dəfə bilavasitə görüşüb, münaqişənin həll olunması üçün məsələləri müzakirə ediblər. Bu görüşlər faydalıdır. Mən hesab edirəm ki, bu görüşlərin keçirilməsi məsələnin tezliklə həll olunmasına kömək edə bilər. Ermənistan prezidenti də, Azərbaycan prezidenti də bu görüşlərdən sonra bəyan ediblər ki, qarşılıqlı kompromislər lazımdır. Başqa məsələlərlə bərabər, bu görüşlərin əsas nəticəsi bundan ibarətdir ki, hər iki tərəf anlayır və bəyan edir ki, qarşılıqlı kompromis olmasa, münaqişəni həll etmək mümkün deyildir. Mən bu gün də bu fikri təsdiq edirəm.

Amma eyni zamanda mən hesab edirəm ki, bizim bilavasitə görüşlərimiz gərək Minsk qrupunun fəaliyyətini dayandırmayaydı. Çünki hər halda bu məsələ son olaraq Minsk qrupu çərçivəsində, Minsk qrupunun həmsədrləri - Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa ilə birlikdə həll olunmalıdır. Yəni mən hesab edirəm ki, bu görüşlər Minsk qrupunun fəaliyyətini dayandırmamalıydı, bu işlər paralel getməli idi və bəlkə də bu, daha yaxşı nəticə verə bilərdi. İki prezidentin razılaşdıra bilmədiyi məsələləri bəlkə Minsk qrupu vasitəsilə razılaşdırmaq olardı. Mən bu mənada hesab edirəm ki, gərək bu işlər kompleks şəkildə olsun. Bu gün də bu fikirdəyəm.

Jan Jak Qayyard: Cənab prezident, bəs onda paralel surətdə aparılan bu iki fəaliyyət arasında praktik əlaqəni Siz necə görürsünüz?

Heydər Əliyev: Çox aydın görürəm. Gərək Minsk qrupu fəaliyyətini dayandırmayaydı, bu işlərlə maraqlanaydı, bizdən müəyyən informasiyalar alaydı və bu işdə iştirak edəydi.

Jan Jak Qayyard: Cənab prezident, mən belə başa düşürəm, dəvət edirsiniz ki, Minsk qrupunun üç həmsədri tezliklə gəlib Sizinlə görüşsünlər.

Heydər Əliyev: Bəli.

Jan Jak Qayyard: Çox sağ olun.

Heydər Əliyev: Sağ olun.

"Azərbaycan" qəzeti, 10 noyabr 1999-cu il.