Azərbyacan Respublikasının Prezidenti Heydər Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki - Bakı şəhəri, 7 fevral 1997-ci il

Əziz həmvətənlərim!

Sizi - Azərbaycanın bütün müsəlman əhalisini İslam dünyasının müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olunduğu mübarək Ramazan ayı xeyirxah niyyətlər, mənəvi zənginlik, fiziki-ruhi kamillik və əxlaqi saflıq ayıdır. Bu bayram xeyirin şər, mənəvi ucalığın nəfs üzərində təntənəsinin bayramıdır.

Azərbyacan xalqı həmişə Tanrıya tapınan, qəlbində daim iman və inam gəzdirən xalqdır. Öz tarixi köklərinə, milli-dini keçmişinə sadiq olan xalqımızın mərd oğul və qızlarının yüksək vətəndaşlıq qeyrəti, Vətənə, torpağa bağlılığı, milli müstəqilliyimiz uğrunda sarsılmaz mübarizə əzmi də məhz belə ülvi mənəvi dəyərlərdən qaynaqlanır.

Bu gün suveren, demokratik Azərbaycan dövlətində dini etiqad və vicdan azadlığı bərqərar edilmişdir. Mütərəqqi islami dəyərlərə qayıdış, milli-dini ənənələrin dirçəldilməsi cəmiyyətimizin əxlaqi-mənəvi yüksəlişində, xalqımızın bütövlüyü və birliyində misilsiz rol oynayan amillərdəndir.

Əziz müsəlman qardaş və bacılarım!

Orucluq Allah üçündür və müqəddəs dinimiz qarşısında mənəvi borcdur. Siz mübarək Ramazan günlərini böyük məmnunluq və fərəh hissləri ilə başa vurursunuz. İnanıram ki, Allah və din yolunda cəfakeşliyiniz və Azərbaycanın əmin-amanlığı, tərəqqisi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi, dövlət müstəqilliyimizin əbədi olması naminə etdiyiniz dualar sayəsində Böyük Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir.

Bu əziz bayram günündə hamınıza firavanlıq, ailələrinizə xoşbəxtlik, evlərinizə xeyir-bərəkət arzulayıram.

Allah orucunuzu qəbul etsin!

"Heydər Əliyev: müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyənatlar, məktublar, müsahibələr) - 8-ci cild səh. 398