Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ Ticarət Nazirliyinin MDB məsələləri üzrə müşaviri Yan Kalitskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 20 aprel 1999-cu il

Heydər Əliyev: Hörmətli cənab Kalitski, hörmətli qonaqlar. Mən sizinlə yenidən görüşməyimdən çox məmnunam. Azərbaycana xoş gəlmisiniz. Aprelin 17-də biz sizinlə Supsada yaxşı bir gün keçirdik. Bizim Azərbaycanda ictimaiyyət bu hadisəni çox böyük ruh yüksəkliyi ilə qəbul edibdir. Sizinlə biz orada gördüyümüz işlərin əməli nəticəsini müşahidə etdik.

Yan Kalitski: Cənab Prezident, Bakı-Supsa kəmərinin və terminalının açılışından sonra Sizinlə yenidən görüşmək mənim üçün çox şərəflidir. Çox şadam ki, Sizi yenidən görürəm. Sizi və cənab Şevardnadzeni bu hadisə münasibətilə təbrik edirəm. Supsadakı hadisə göstərdi ki, bu, yalnız Xəzərdən enerji daşınması məsələsi deyildir, eyni zamanda Azərbaycanın və Gürcüstanın iqtisadi sabitliyinin və müstəqilliyinin qorunması deməkdir. Bütün bunların hamısını nəzərə alaraq bilirəm ki, Bakıdan Tbilisiyə, sonra isə Ceyhana çəkilməsi planlaşdırılan boru kəmərinin tikintisini gələcəkdə uğurla həyata keçirəcəyik. Çox sağ olun. Mən burada olmağımdan çox şadam.

Heydər Əliyev: Mən də çox məmnunam. Bir daha qeyd edirəm ki, Bakı-Supsa neft kəmərinin istismara verilməsi təbii ki, həm iqtisadi, həm də siyasi cəhətdən çox böyük hadisədir. Siz doğru buyurdunuz, biz bir daha nümayiş etdirdik ki, müstəqil Azərbaycan, müstəqil Gürcüstan özləri öz problemlərini həll edirlər və Dünya Birliyi ilə, xüsusən bir çox ölkələrlə səmərəli əməkdaşlıq edirlər.

Azərbaycan nefti artıq təhlükəsiz, etibarlı olaraq dünya bazarlarına bu boru xətti ilə çıxarılacaqdır. Mən Supsada olarkən nitqimdə bunu qeyd etdim. Bir daha bildirmək istəyirəm ki, bu Qərb marşrutunun, yəni Bakı-Supsa boru xəttinin, neft kəmərinin tikilməsində Amerika Birləşmiş Ştatları hökumətinin və prezident Bill Klintonun böyük xidmətləri olmuşdur.
Xatirinizdədir, bizə bu marşrutun seçilməsinə nə qədər müqavimət göstərənlər, maneçilik edənlər var idi. Həmçinin onun həyata keçirilməsinə də. Biz bunların hamısının öhdəsindən gələ bildik. Bir də ona görə ki, biz dəstək alırdıq. Biz bununla eyni zamanda, Bakı-Ceyhan neft kəmərinin tikilməsinə də yeni bir şərait yaratdıq. Mən şübhə etmirəm ki, bizim ümumi səylərimiz nəticəsində Bakı-Ceyhan neft kəmərinin həyata keçirilməsi prosesi başlanacaqdır. Yaxın günlərdə mən Vaşinqtonda olarkən bu məsələlər barəsində geniş məlumatlar verəcəyəm.

Yan Kalitski: Cənab Prezident, biz Sizi böyük səbirsizliklə Vaşinqtonda gözləyirik və ümid edirik ki, Siz Vaşinqtonda olarkən enerji məsələləri ilə əlaqədar yeni planlar müzakirə olunacaqdır. Amerika Birləşmiş Ştatları dövlətinin nümayəndəsi kimi mən cənab Klintona aid dediyiniz sözlərə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu layihənin lap əvvəlindən Siz və cənab Klinton eyni mövqedə idiniz.

Cənab Prezident, ümid edirəm ki, Sizin davamlı liderliyiniz sayəsində biz həm əsas boru kəməri layihəsini, həm də Transxəzər layihəsini həyata keçirəcəyik. Bütün bunların hamısı Supsadakı görüş zamanı qeyd olunmuşdur. Böyük məmnuniyyətlə onu da qeyd etmək istəyirəm ki, Potidən Ukraynaya bərə yolu açılmışdır və bu keçidin açılması bir daha təsdiq edir ki, bunun vasitəsilə yalnız neft və qaz deyil, digər məhsullar da daşınacaqdır. Həmin yoldan yalnız bu regiondan deyil, eləcə də Mərkəzi Asiyanın digər hissələrindən Avropaya yüklər daşınmasında istifadə olunacaqdır. Cənab Prezident, Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Heyr Əliyev: Bəli, bu bərə keçidinin açılması da, Bakı-Supsa neft kəmərinin çəkilməsi də Böyük İpək yolunun bərpası sahəsində atılan ciddi addımlardır. Biz çox məmnunuq ki, Böyük İpək yolunun bərpasına Amerika Birləşmiş Ştatlarında çox böyük qayğı göstərilir. Senator Braunbəkin bu barədə verdiyi qanun layihəsi bizi çox sevindirir. Mən çox məmnunam ki, Vaşinqtonda bu məsələ senatda senator Braunbəkin və başqa senatorların iştirakı ilə müzakirə olunacaqdır.

Bildiyiniz kimi, Vaşinqtonda Azərbaycan Dövlət Neft Şirkəti ilə Amerika Birləşmiş Ştatlarının neft şirkətləri arasında üç böyük müqavilə imzalanacaqdır. Bu da bizim əməkdaşlığımız sahəsində yeni bir addım olacaqdır. Allaha çox şükür ki, işlərimiz uğurla gedir.

Yan Kalitski: Cənab Prezident, həqiqətən bu, böyük hadisədir. Birləşmiş Ştatların hökuməti senator Braunbəkin qanun layihəsinə böyük dəstək verir. Eyni zamanda, bu layihəni elə Sizin layihə də adlandırmaq olar. Üç yeni müqavilənin imzalanması da bizim üçün çox böyük hadisədir. Biz bu anları böyük səbirsizliklə gözləyirik və bizim ticarət nazirimiz Sizi Vaşinqtonda böyük səbirsizliklə gözləyir. O, sənədlərin imzalanma mərasimlərində iştirak edəcəkdir.

"Azərbaycan" qəzeti, 21 aprel 1999-cu il