Rusiyanın \"LUKoyl\" neft şirkətinin Bakıdakı yeni ofisinin təntənəli açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 3 oktyabr 1999-ci il

Hörmətli xanımlar və cənablar!

Hörmətli dostlar!

Mən Rusiya Federasiyasının \"LUKoyl\" şirkətini və sizi bugünkü əlamətdar hadisə münasibətilə ürəkdən təbrik edirəm. \"LUKoyl\" şirkətinə bu gözəl binada uzun illər ömür və uğurlu fəaliyyətlər arzulayıram.

\"LUKoyl\" şirkətinin inşa edilmiş, təmir olunmuş, modernləşdirilmiş və istifadəyə verilmiş bu ofisi, binası, indiyə qədər görülən işlər və bugünkü mərasim ölkəmizin, Bakı şəhərinin həyatında əlamətdar bir hadisədir.

Mən və güman edirəm, buraya toplaşanlar bu binaya həm xaricdən, həm də daxildən baxa bildilər və burada görülmüş işləri qiymətləndirmək imkanı əldə etdilər. Mən \"LUKoyl\" şirkətinin bu təşəbbüsünü onlar bu işə başlayarkən mənə verilən məlumatdan hələ o vaxt bəyəndim və indi görürəm ki, bu təşəbbüs doğrudan da həm \"LUKoyl\" şirkəti, həm də ölkəmiz, Bakı şəhəri üçün çox dəyərli təşəbbüsdür. Biz Bakı şəhərində yeni memarlıq üslubuna malik və dünya standartlarına cavab verən gözəl bir bina əldə etdik.

Vahid Ələkbərov vaxtilə bu binanı götürüb, burada \"LUKoyl\" şirkətinin ofisini yaratmaq haqqında mənə müraciət edib öz fikirlərini bildirəndə tərəddüd etdim. Çünki hesab edirdim ki, bu bina xalqımızın qədim memarlıq abidəsidir, Azərbaycanın vaxtilə gözəl bir oteli olubdur, bunu \"LUKoyl\"a vermək olmaz. Yəni bundan bir otel kimi istifadə etmək lazımdır.

Həm Vahid Ələkbərov, həm də şəhər icra hakimiyyətinin başçısı o vaxt mənə bildirdilər ki, indi bu bina vaxtilə sizin gördüyünüz bina deyil, çox ağır, çətin bir vəziyyətə düşübdür. Vahid Ələkbərov mənə dedi ki, biz elə iş görəcəyik, bu binanı elə vəziyyətə gətirib çıxaracağıq ki, siz bundan razı olacaqsınız. Mən bu gün çox məmnunam ki, verilən söz yerinə yetirilibdir. Doğrudan da, bina yenidən doğulubdur. Bugünkü Bakı şəhəri, Azərbaycan yeni, gözəl bir memarlıq abidəsi əldə edibdir.

Bu binanın tarixini Azərbaycanda yaxşı bilənlər var. Amma güman edirəm ki, burada iştirak edən şəxslərdən az adam tapılar ki, bu binanı 1940-cı, 1950-ci, ya da ondan da öncə - 1930-cu illərdə görmüş olsun. Mən bunların hamısını o vaxtlar şəxsən görmüşəm və yaxşı tanımışam. Onu da deyə bilərəm ki, o vaxt bakılılar, nəinki bakılılar, bütün Azərbaycan vətəndaşları, o cümlədən mən də bu binanı çox sevirdik.

Tarixdən məlumdur ki, bu bina XX əsrin əvvəlində inşa olunubdur. Onu böyük neft sahibkarı Musa Nağıyev tikdiribdir. O vaxt, əsrin əvvəlində Azərbaycanda neft bumu lap yüksək səviyyəyə çatdığı zaman, şübhəsiz ki, xaricdən gələn şirkətlərin nümayəndələrinin, iş adamlarının yerləşdirilməsi üçün belə bir otel çox vacib olmuşdur. O vaxtdan bu bina Bakının ən gözəl otellərindən biri olubdur.

Mənim xatirimdədir, 1940-cı-1950-ci illərdə Azərbaycanda iki otel var idi. Onlardan biri \"Novı Yevropa\" adlanan bu bina, digəri isə \"İnturist\" idi. \"İnturist\" çox zaman xaricdən, yaxud da Sovetlər İttifaqının başqa şəhərlərindən gələn insanlara təqdim olunurdu. Amma \"Novı Yevropa\" otelindən adətən Azərbaycanın şəhərlərindən, rayonlarından gələnlər istifadə edirdilər. Təbiidir ki, Azərbaycana gələn qonaqların çoxu da bu oteldən istifadə edirdi.

Xatirimdədir, təxminən 1940-cı illərin əvvəllərində - o vaxt mən Bakıda yaşamırdım - Bakıya gəlmişdim. Gəlib burada özümə yer aldım və bu otel məni heyran etdi. Mən bu gün buradakı lifti görərkən dedim ki, o vaxt Bakıdakı binaların heç birində lift yox idi, yaxud az bir qismində lift olmuşdu. Amma bu binada lift var idi və bunu görən adam ondan sevinə-sevinə istifadə edirdi.

Bu otel ilə əlaqədar mənim xatirələrim çoxdur. Ona görə bu gün bu bina ilə yenidən tanış olarkən onların çoxu yadıma düşür, ona görə də deyirəm. Bəlkə də sizin vaxtınızı alıram, ancaq bunlar mənim üçün çox əziz xatirələrdir.

Xatirimdədir, 1950-ci ildə Bakıya işə gələn zaman mənim yaşamağa yerim yox idi, müxtəlif yerlərdə yaşayırdım. Sonra isə mənə dedilər ki, sənə mənzil verənə qədər get bu oteldə bir-iki ay yaşa, - onun pulunu mən işlədiyim idarə verməli idi, - ondan sonra sənə mənzil verəcəyik. Mən gəlib burada bir nömrə tutdum. O, yaxşı nömrələrdən biri idi. Söz verdilər ki, onun pulunu verəcəklər. Xatirimdədir, anamla, bacımla, qardaşımla gəlib orada yerləşdik. Ancaq mən burada iki ay əvəzinə, səkkiz ay yaşamalı oldum. Sonra mənzil alıb buradan köçdüm. Ona görə də bu otel mənim üçün bir növ mənzil, ev olubdur. Şəxsi xatirələrimə və vaxtilə bu otelə bağlılığıma görə mən buranın yenidən qurulmasını çox arzu edirdim. Mən bir daha sevinc hissi keçirirəm ki, \"LUKoyl\" şirkəti böyük iş görübdür və bu otelə yeni həyat veribdir.

Bu otel və onun tarixi haqqında düşünərkən bir məqamı da qeyd etmək istəyirəm. Görünür, burada müəyyən qədər varislik özünü göstərir. Yəni əsrin əvvəlində böyük sahibkar, Azərbaycan neft mədənlərinin böyük bir hissəsinin sahibi Musa Nağıyev bu binanı istifadə etmək üçün tikdirib, yaradıbdır. İndi, əsrin sonunda \"LUKoyl\" Neft Şirkəti bu binanı öz əlinə alıbdır və ondan istifadə edir. Bu bina əsrin əvvəlində də əsasən neft sənayesi işçilərinin, yaxud da neft sahəsindəki iş adamlarının istifadəsi üçün yaranmışdı. Əsrin sonunda da o, neft sənayesində böyük yer tutan \"LUKoyl\" şirkətinin əlinə keçibdir.

Allah Musa Nağıyevə rəhmət etsin ki, vaxtilə bu cür bina tikib, sonra gələn nəsillər üçün qoyubdur. Mən \"LUKoyl\" şirkətinə və onun prezidenti Vahid Ələkbərova təşəkkür edirəm ki, bu binanı yenidən dünyaya gətiribdir.

Belə bir böyük binada öz ofisini yerləşdirən \"LUKoyl\" şirkəti, şübhəsiz ki, bunu indiyə qədər Azərbaycanda öz fəaliyyətini genişləndirməyin nəticəsi olaraq, eyni zamanda, bundan sonra respublikamızda görəcəyi böyük işlərdən ötrü lazımi şərait yaradılması üçün edibdir.

Rusiya Federasiyasının \"LUKoyl\" şirkəti demək olar ki, Rusiyanın neft sənayesində ən iri və ən fəal çalışan neft şirkətlərindən biridir. Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra, öz təbii sərvətlərini, o cümlədən neft və qaz yataqlarını xarici ölkələrin neft şirkətləri ilə müştərək işlətmək proqramını hazırlayarkən \"LUKoyl\" şirkəti təşəbbüs göstərərək Azərbaycana gəlmiş, bir neçə gün bundan öncə beş illiyini qeyd etdiyimiz \"Əsrin müqaviləsi\"nin imzalanmasında iştirak etmişdir. Ondan sonrakı illərdə, ötən beş ildə \"LUKoyl\" daim təşəbbüslər göstəribdir. Bizim imzaladığımız ikinci böyük müqavilənin - Xəzər dənizinin Azərbaycan sektorundakı \"Qarabağ\" yatağının birgə işlənilməsi barədə imzalanmış müqavilənin əsas hissəsini \"LUKoyl\" şirkəti təşkil edirdi.

Üçüncü müqavilənin - \"Şahdəniz\" neft-qaz yatağının birgə işlənilməsi barədə müqavilənin yaranmasında da \"LUKoyl\" şirkətinin iştirakı olubdur. Bu müqavilədə onun böyük bir payı vardır. Nəhayət, mən 1997-ci ildə Moskvada, Rusiyada rəsmi səfərdə olduğum zaman Kreml sarayında biz Azərbaycan Dövlət Neft Şirkəti ilə \"LUKoyl\" şirkəti arasında Xəzər dənizində zəngin neft yataqlarından biri olan \"Yalama-Samur\" neft yatağının müştərək işlənilməsi üçün müqavilə imzalamışıq.

Bilirsiniz ki, biz dövlət müstəqilliyini əldə edəndən sonra xarici investisiyanın Azərbaycana və xüsusən, birinci növbədə neft və qaz sahəsinə cəlb edilməsi işi ilə daim məşğul oluruq. Biz bu sahədə artıq çox böyük nailiyyətlər əldə etmişik. \"Əsrin müqaviləsi\" imzalandıqdan sonra təkcə bu müqavilənin icra olunması üçün Azərbaycana 2 milyard ABŞ dolları məbləğində investisiya gəlibdir. Ondan sonrakı müqavilələrin imzalanması və həyata keçirilməsi ilə bağlı da Azərbaycana investisiyalar gəlir. Bu investisiyaların böyük bir hissəsi \"LUKoyl\" şirkətinə məxsusdur. Demək, biz Rusiya Federasiyasından Azərbaycanda uzun müddətli iş görmək üçün investisiyalar alırıq və bunu da birinci növbədə \"LUKoyl\" şirkəti həyata keçirir.

\"LUKoyl\" şirkətinin Azərbaycanın iqtisadiyyatında iştirak etməsi və ölkəmizlə əməkdaşlığı Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin inkişaf etməsinin gözəl nümunəsidir. Biz bunu yüksək qiymətləndirir və arzu edirik ki, - mən bunu Rusiyanın yanacaq və energetika naziri cənab Kalyujnı burada olarkən ona da dedim, - Rusiya Federasiyasının digər neft şirkətləri də, yaxud başqa şirkətləri də Azərbaycana gəlsinlər, ölkəmizə sərmayə gətirsinlər, Azərbaycanla müştərək iş görsünlər. Əgər \"LUKoyl\" bunu edirsə, demək, Rusiya kimi böyük bir dövlətin başqa şirkətləri də bunu edə bilərlər. Xüsusən ona görə ki, biz ötən beş ildə özümüzü etibarlı bir tərəfdaş kimi göstərmişik. Əgər Rusiya Federasiyasının başqa şirkətləri bunu hələ indiyədək etməyiblərsə, bu, onların günahıdır, bizim günahımız deyildir. Mən bir daha bəyan edirəm ki, biz Rusiya Federasiyası ilə və ona məxsus olan digər şirkətlərlə bütün sahələrdə əməkdaşlıq etməyə hazırıq.

Bugünkü hadisə məni bir daha ona görə sevindirir ki, Azərbaycanda, Bakıda çox güclü inşaat işi gedir. Biz son illərdə Bakı şəhərində çox böyük əhəmiyyətə malik olan, müasir memarlıq üslubu daşıyan, müasir tələblərə cavab verən bir neçə bina inşa edib istifadəyə vermişik. Biz dünən Bakı hava limanının aerovağzal kompleksinin açılışı münasibətilə təntənəli mərasim keçirdik. Bu, bizim həqiqətən böyük nailiyyətimizdir. Şübhəsiz ki, bunu da xarici sərmayəni cəlb edərək, xarici şirkətlərlə, o cümlədən Türkiyənin, Böyük Britaniyanın şirkətləri ilə əməkdaşlıq edərək həyata keçirə bilmişik. Ancaq biz bunu etmişik, edirik və bundan sonra da edəcəyik.

Bakı hava limanının aerovağzal kompleksi böyük memarlıq abidəsidir. Sərnişinlər üçün, bütün uçuş əməliyyatlarının həyata keçirilməsi üçün orada hər cür şərait yaradılıbdır. Bu binanın xarici də, daxili də, interyeri də, eksteryeri də çox gözəldir. Mənə belə gəlir ki, Bakı hava limanının yeni aerovağzal kompleksi dünyanın ən böyük şəhərlərinin aerovağzal kompleksləri ilə müqayisə oluna bilər və bəlkə onların bir çoxundan da gözəldir.

Müstəqil Azərbaycan yaşayır, müstəqil Azərbaycanın iqtisadiyyatı inkişaf edir, müstəqil Azərbaycanda sürətli inşaat işləri gedir. İnşaat həyatın çox əhəmiyyətli bir sahəsidir. İnşaat ölkəyə, şəhərə yeni-yeni binalar gətirir, iş fəaliyyətinin, yaşayış şəraitinin yaxşılaşmasını təmin edir və öz memarlıq nümunələri ilə şəhəri gözəlləşdirir.

Mən çox sevinirəm ki, həyatımızın bu ağır, çətin dövründə, böyük sosial-iqtisadi problemlər içərisində olduğumuz zaman biz belə böyük işlər görə bilirik. \"LUKoyl\" şirkətinin bu gün bizə göstərdiyi bu gözəl bina mənim dediklərimə əyani sübutdur. Ümidvaram ki, \"LUKoyl\" şirkətinin Bakıda olan hissəsi burada daha da uğurlu fəaliyyət göstərəcək, bizim əməkdaşlığımız getdikcə genişlənəcək və bu şirkət Azərbaycanda çox görkəmli yer tutacaqdır.

\"LUKoyl\" şirkətinə, onun Azərbaycanda çalışan əməkdaşlarına Bakıda və bütün dünyada gördükləri işlərin hamısında uğurlar arzulayıram. \"LUKoyl\" şirkətinin prezidenti, bizim həmyerlimiz Vahid Ələkbərova bu böyük və dəyərli işində böyük-böyük müvəffəqiyyətlər arzulayıram. Sağ olun.

\"Azərbaycan\" qəzeti, 4 oktyabr 1999-ci il.