Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstana ilk rəsmi səfəri (8-10 mart 1996-cı il)

Azərbaycan dövlətinin xarici siyasətində Gürcüstanla münasibətlər özünəməxsus yer tutur. Azərbaycan-Gürcüstan münasibətlərindəki çoxsaylı təmas nöqtələri bu dövlətlərin strateji müttəfiqə çevrilməsi üçün şərait yaradır. İki ölkəni dərin iqtisadi, siyasi maraqlar bir-birinə bağlayır. Həmçinin, bu ölkədə yarım milyondan çox soydaşımızın yaşaması bu qonşu dövlətə xüsusi diqqətlə yanaşmağı tələb edir.

Martın 8-də Azərbaycan Prezidenti Heydər Əlievin və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin nümayəndə heyətlərinin iştirakı ilə gürüşü olub. Görüşdən sonra sənədlərin imzalanması mərasimi olub. Gürcüstan ilə Azərbaycan Respublikası arasında «Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında müqavilə» və «Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq haqqında» bəyannamə imzalanıb.

Daha sonra Azərbaycan və Gürcüstan prezidentləri mətbuat konfransında bəyanatla çıxış ediblər.

Həmin gün Gürcüstan Prezidenti adından Azərbaycan Prezidentin şərəfinə ziyafət verilib. Ziyafətdə çıxış edən Prezident Heydər Əliyev qeyd edib: «Müstəqil Gürcüstan ilə müstəqil Azərbaycan Respublikası arasında çox böyük əhəmiyyətli sənədlər imzalanıbsa və iki ölkənin, iki respublikanın, iki xalqın, iki müstəqil dövlətin başçıları bir araya gəlib, görüşüb gələcək əməkdaşlığı daha da inkişaf etdirmək üçün lazımi qərarlar qəbul ediblərsə, bu, doğrudan da tarixi hadisədir».

Martın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev Gürcüstan parlamentinin xüsusi iclasında çıxış edib. Heydər Əliyev Azərbaycan və Gürcüstan əlaqələrinin tarixindən, müstəqillik dövründə üzləşdikləri çətinlikdən, separatizmə qarşı mübarizəsindən, münasibətlərin perspektivindən ətraflı bəhs edib.

Martın 9-da Azərbaycan Prezidenti Heydər Əliyevə Tbilisi Dövlət Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi olub. Gürcüstana rəsmi səfərindən razılıqla danışan Azərbaycan Prezidenti qeyd edib: «Biz iki gündür ki, böyük bir bayram keçiririk. Müstəqil Gürcüstan ilə müstəqil Azərbaycan Respublikası arasında, xalqlarımız arasında dostluğun, qardaşlığın, əməkdaşlığın möhkəmlənməsi və inkişaf etməsi üçün çox dəyərli və cəsarətli addımlar atırıq. Güman edirəm ki, bu günlər bizim birgə gördüyümüz işlər və imzaladığımız çox böyük əhəmiyyətə malik sənədlər xalqımızın və dövlətimizin gələcəyi üçün olduqca böyük xidmətlər göstərəcəkdir.»

Daha sonra Heydər Əliyev Tbilisi Nəbatət bağında Fətəli Xan Xoskinin abidəsinin açılış mərasimində iştirak edib, Mirzə Fətəli Axundov və Mirzə Şəfi Vazehin məzarlarını ziyarət edib.

Həmin gün Prezident Heydər Əliyev Tbilisi Cümə məscidində mömin azərbaycanlılarla, Z.Paliaşvili adına Dövlət Akademik Opera və Balet Teatrında azərbaycanlıların nümayəndələri ilə görüşüb.

Martın 10-da Azərbaycan Prezidenti Heydər Əliyev Gürcüstan Televiziyasına müsahibə verib. Səfər dövründə imzalanan sənədlərin əhəmiyyətindən danışan Prezident Heydər Əliyev onların gələcək fəal əməkdaşlıq üçün hüquqi baza yaratdığını bildirib.