Oljas Süleymenov (1936), görkəmli qazax yazıçısı, Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi (2002)

Ərəb dilindəki öyrədən, tədris edən şəxs mənasındakı “müəllim” sözü qazax dilində də işlədilir. Bununla yanaşı, mənim ana dilimdə bu sözün sinonimi olan “ustaz” sözü də var, mənşəcə ümumtürk “usta” sözündən gələn bu kəlmənin mənası “mütəxəssis”, “öz işinin bilicisi”dir.

Mən həyatda çox şey öyrənmişəm və neçə-neçə ləyaqətli, yüksək hörmət-izzətə layiq insanlara ehtiramla “müəllim” demişəm. Amma onlardan yalnız bir neçəsini “ustaz”, həyat müəllimi bilmişəm.

1970-80-ci illərdə Heydər Əliyev SSRİ respublikalarının ən məşhur rəhbərlərindən biri idi, 1980-ci illərin əvvəllərində SSRİ-nin hər yerindən idman şərhçilərini Moskvaya çağırmışdılar ki, onların arasından ən hazırlıqlılarını seçsinlər. Onlar həmin ilin yayında keçiriləcək yay Olimpiya oyunlarının gedişini işıqlandırmalı idilər. Testlərdən biri belə idi ki, respublikalardan birinin adı çəkiləndə dərhal, bədahətən mümkün qədər çox ad (fərqi yoxdu, idmançı, yazıçı, yaxud alim olsun) sadalamaq, ilk öncə isə, bu respublikanın partiya rəhbərinin adını çəkmək lazım idi. Çoxları məhz bu sınaqda “büdrədi”. Moldova... Türkmənistan... Litva... Latviya... Estoniya... Ermənistan... Qırğızıstan... Tacikistan... Belorus... Buna baxmayaraq, hətta ən kəmsavadlar da bilirdilər ki, Şerbitski Ukraynanın, Kunayev Qazaxıstanın, Əliyev Azərbaycanın, Şevardnadze Gürcüstanın, Rəşidov Özbəkistanın rəhbərləridir. Rəhbərlərin məşhurluğu təkcə respublikanın iqtisadi və siyasi sanbalı ilə deyil, həm də liderin şəxsiyyəti ilə izah edilirdi.

Əgər belə bir sorğu indi də keçirilsə, Əliyevin soyadı bütün cavablarda yenidən çəkilər. Halbuki indi, nəinki başqa bir zəmanədir, həm də başqa bir dövrdür. Elə bir dövr ki, özünün yüksək ad-sanını, nüfuzunu qoruyub-saxlamaq heç də hamıya müyəssər olmayıbdır.

... Sovet elmində türkdilli xalqlara cüzi bir tarixi rol ayrılırdı. Bu ənənənin bünövrəsi çar Rusiyası dövründə qoyulmuşdu. O Rusiyada ki, on illər boyu Türkiyə ilə müharibələr aparmışdı və onu da unutmurdu ki, Rusiyanı XIII əsrdən XVI əsrədək idarə etmiş Qızıl Orda da türk imperatorluğu idi. Tarixçi alimlər və dilçilər yeni nəsilləri türk mədəniyyətinin slavyan mədəniyyətinə guya heç bir təsir göstərmədiyinə inandırmaq üçün türklərin töhfəsini açıq-aşkar qulaqardına vurur, onun üstündən sükutla keçirdilər.

SSRİ-nin ən savadlı siyasətçiləri başa düşürdülər ki, Şimali Avrasiyanın taleyini həmişə slavyan və türk superetnoslarının qarşılıqlı münasibətləri müəyyənləşdirib və gələcəkdə də müəyyənləşdirəcəkdir. Odur ki, bir-birindən qarşılıqlı surətdə asılı olan bu iki etnosdan hər hansı birinin əhəmiyyətini elmi bəhanələrlə kiçiltmək cəhdləri digərinə və ümumən, tarixi prosesin nəticələrinə mənfi təsir göstərəcəkdir.

Azərbaycan, Qazaxıstan, Özbəkistan rəhbərləri slavyan və türk amillərinin təbii tarazlığını saxlamağa çalışır və başa düşürdülər ki, həmin tarazlıq pozulsa, bu, türk xalqlarının xeyrinə olmayacaqdır. Elə slavyan xalqlarının özlərinin də. Hələ onda belə bir inam yaranırdı ki, biz tarixən bir-birimizdən qarşılıqlı surətdə asılıyıq. Ona görə də bu müddəanı milli ideyanın mühüm dayaq nöqtəsi kimi dərk etmək vacibdir. O ideyanın təşəkkülünə və inkişaf etdirilməsinə isə yeni formasiyanın alim və yazıçıları kömək edə bilərdilər. Deyə bilərəm ki, əgər biz nəyəsə nail olurduqsa, bu, daha çox respublikalarımızın siyasi rəhbərliyinin dəstəyi və həyanlığı sayəsində mümkün olurdu.

... Sovet İttifaqı binasının Qorbaçovsayağı yenidən qurulması dövlətin süqutu ilə nəticələndi. Yenidənqurmaya layihəsiz-filansız başladılar, təcrübəli qurucuları sıxışdırıb aradan çıxardılar, ancaq kütlənin ruh yüksəkliyinə və siyasi improvizasiyaya bel bağladılar. İndi, başımız daşdan-daşa dəyəndən sonra, inamla deyirik ki, həsrətində olduğumuz müstəqilliyə qovuşmaq kimi müqəddəs iş yeni dövlətlərin rəhbərlərindən çox yüksək peşəkarlıq tələb edirdi: belə bir taleyüklü məqamda gərək hakimiyyət boşluğunun yaranmasına yol verilməsin. SSRİ-nin “yenidənqurma eşqinə düşən” rəhbərliyi peşəkarları vəzifədən uzaqlaşdıraraq, yeni dövlətlərin müqəddəratını naşıların və kütlənin öhdəsinə buraxmaqla xalqları separatçılıq, vətəndaş müharibələri və etnik təmizləmələr faciəsinə düçar etdilər. Tacikistan, Özbəkistan, Qırğızıstan, Moldova, Gürcüstan, Azərbaycan, Çeçenistan... Yüz minlərlə insan öldürüldü, milyonlarla adam vətənindən didərgin salındı.

Mən əminəm ki, əgər 1980-ci illərin axırları – 1990-ci illərin əvvəllərində Heydər Əliyev Azərbaycana rəhbərliyi davam etdirsəydi, nə Ermənistan-Azərbaycan münaqişəsinə, nə də Sumqayıt hadisələrinə yol verməzdi. 1990-cı ilin yanvarında general Varennikovun tankları Bakıya yeridilməzdi. Qarabağ itirilməzdi.

...1993-cü il iyunun 1-də, Uşaqları müdafiə günü mən Bakıya humanitar yardım – 40 ton uşaq yeməyi gətirdim. Biz İl-76 yük təyyarəsinin üzərində “Uşaqların günahı yoxdur!” sözləri yazmışdıq. Mən nəzarət edirdim ki, uşaq yeməklərinin hamısı təyinat yerlərinə - uşaq xəstəxanalarına, uşaq evlərinə çatdırılsın.

Əminəm ki, əgər elə həmin 1993-cü ilin iyun ayında bir neçə gündən sonra xalq Heydər Əliyevi çağırmasaydı, ölkə daha çox insan və ərazi itirərdi. O vaxtlar BMT-nin və Qərbin hər şeyə qadir demokratik dövlətlərinin tam səhlənkarlığı üzündən Tacikistanda da qirğınlar törədilir, Yuqoslaviya, Gürcüstan, Moldova... qan-qadalarla parçalanırdı.

Heydər Əliyev müharibəni dayandırdı. Ötən on ildə regionun irili-xırdalı bütün qonşu ölkələri, Qərbin də, Şərqin də böyük dövlətləri ilə münasibətlərin normallaşdırılması üçün çox işlər gördü.

İtirilənlərin hamısının dincliklə, sülh yolu ilə tədricən qaytarılacağına inam yarandı. O, sübut etdi ki, çağdaş və gələcək dünyamızda siyasi məharət hərbi məharətdən daha səmərəli ola bilər.

Vaxt gələcək, Şumer dövründən tutmuş zəmanəmizədək türklərin tarixi – böyük hadisələrə və Bilgamıs (“Müdrik qəhrəman”), Bilgə xaqan (“Müdrik xaqan”), İltəriş (“Torpaqları birləşdirən”), Atatürk... kimi dahi adlara söykənən tarixi yazılacaqdır.

Bizim zəmanəmiz Ustad titullu layiqli adlarla təmsil ediləcəkdir.

Heydər Əlirza oğlu Əliyev belə Ustadların ən birincilərindəndir.

***

Heydər Əliyeviç, mən Sizə həmişə böyük hörmətlə yanaşmışam, yanaşıram və yanaşacağam. Çünki bir şəxsiyyət kimi, dövlət xadimi kimi bütün keçmiş Sovet İttifaqı üçün, Azərbaycan üçün, yer üzündəki bütün türk xalqları üçün qədir-qiymətinizi bilirəm. Zənnimcə, əgər onda, 1990-cı ildə Siz burada olsaydınız, həmin o Qara Yanvar olmazdı.

Bütün bunlar siyasi qeyri-peşəkarlığın nəticəsidir. Peşəkarlar meydandan çəkilmiş və boşluğu səriştəsiz adamlar, qeyri-peşəkarlar doldurmuşdular. Siyasi nadanlıq milyonlarla insanın faciəsinə gətirib çıxarır. Buna görə də çox vacibdir ki, müstəqilliyin təşəkkül tapdığı məhz bu çətin dövrdə xalqlara Sizin kimi yüksək dərəcəli peşəkarlar, bərkdən-boşdan çıxmış insanlar rəhbərlik etsinlər.

Çünki belə imkan xalqlara min ildə, bəlkə də, bir dəfə verilir və onu əldən buraxmaq olmaz. Ondan elə istifadə etmək lazımdır ki, xalq bu dövrdən möhkəmlənmiş halda çıxsın və onun sonrakı nəsilləri irsən müstəqil, sözün əsl mənasında, azad və məğrur insanlar olsunlar. Heydər Əliyeviç, Sizin kimi rəhbərlərin xidməti də məhz bundan ibarət idi.

“Dünyanı heyran qoyan insan” (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.190-194