BMT Təhlükəsizlik Şurasının sədrinə Surəti: BMT-nin Baş Katibinə - 18 avqust 1993-cü il

Hörmətli cənab sədr!

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 822 və 853 nömrəli qətnamələr qəbul edilməsindən artıq kifayət qədər vaxt keçmişdir. Lakin indiyədək heç bir əsər-əlamət yoxdur ki, Ermənistan Respublikası, Dağlıq Qarabağ ermənilərinin uydurma rəhbərliyi belə yüksək hörmətli beynəlxalq təşkilatın qərarını yerinə yetirmək niyyətindədirlər.

Tamamilə aydındır ki, nəinki işğal olunmuş, yandırılmış və talan edilmiş Kəlbəcər və Ağdam rayonları, həm də digər Azərbaycan əraziləri tərk edilməmişdir. BMT Təhlükəsizlik Şurasının qərarlarına və bütün beynəlxalq hüquq normalarına təcavüzkar həyasızcasına məhəl qoymur. Füzuli rayonunda azərbaycanlılar yaşayan dinc kəndləri zəbt etməkdə və yandırmaqdadır, Füzuli şəhəri üzərinə güclü hücum əməliyyatı aparır, Cəbrayıl, Qubadlı istiqamətində ərazimizin içərilərinə doğru hücumu genişləndirir. Bərdə şəhərini və başqa yaşayış məntəqələrini ələ keçirməyə çalışır.

Açıq təcavüz faktı o dərəcədə aşkardır ki, hər hansı əlavə faktlar gətirmək lüzumsuzdur, əminəm ki, onlar sizə BMT-nin Bakıdakı nümayəndəsi, bu yaxınlarda Füzulidə olmuş cənab Mahmud əl-Səidin məruzələrindən məlumdur.

İzah olunanlarla əlaqədar xahiş edirəm, Təhlükəsizlik Şurası dərhal çağırılsın və təcavüzkarı dayandırmaq, qan tökülməsinə son qoymaq, Azərbaycan Respublikasının yüz minlərlə müdafiəsiz dinc sakinini qorumaq üçün, nəhayət, kəsərli və təxirəsalınmaz tədbirlər görülsün.

Heydər Əliyev,
Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini
həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri.

\"Azərbaycan\" qəzeti, 19 avqust 1993-cü il.