Azərbaycan - Livan münasibətləri

\"\"                   \"\"

 
 
  
Münasibətlərin tarixi - Azərbaycan və Livan arasında münasibətlər elə də dərin tarixə malik deyildir. Bu münasibətlər daha çox Sovetlər Birliyi zamanı Livandan olan gənclərin Azərbaycanda təhsil almaları ilə xarakterik idi. İkitərəfli münasibətlər isə yalnız SSRİ dağılıdıqdan sonra yaranmağa başlayıb. Livan və Azərbaycan arasında əlaqələr indiyə qədər əhəmiyyətli olmasa da, əvəzində Azərbaycanla düşmən münasibətdə olan Ermənistan və Livan əlaqələri həmişə çox geniş olub.

 

İkitərəfli münasibətlər - 18 sentyabr 1992-ci il tarixində Azərbaycan Respublikası və Livan arasında diplomatik əlaqələrin yaradılması barədə Protokol imzalanıb. 1998-ci ildə Livan Respublikası xarici işlər nazirinin müşaviri N. Qəssub Azərbaycan Respublikasının Livanda fəxri konsulu təyin edilib. Hazırda Azərbaycanın Suriyadakı səfiri M. Əliyev həmçinin Azərbaycanın Livandakı səfiri vəzifəsini icra edir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1997-ci ilin dekabrında İKT-yə üzv ölkələrin Tehranda keçirilmiş VIII zirvə toplantısı zamanı Livan Respublikasının Prezidenti İlyas Həravi və Baş naziri Rafiq Əl-Həriri ilə görüşüb. Görüş zamanı Azərbaycan Prezidenti Heydər Əliyev beynəlxalq təşkilatlar, xüsusilə də İKT çərçivəsində ölkələrimiz arasında mövcud əməkdaşlığı razılıq hissi ilə qeyd edib.

1998-ci il 11 fevral tarixində Livanın Baş naziri Rafiq əl-Həriri Azərbaycanda rəsmi səfərdə olub. Baş nazir Rafiq əl-Həririnin şərəfinə verilmiş rəsmi ziyafətdə Azərbaycan Prezidenti Heydər Əliyev nitq söyləyib. Livan və Ermənistan arasında sıx əməkdaşlıq olduğunu qeyd edən Prezident Heydər Əliyev Livan Baş nazirinin Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində öz səylərini təklif etməsindən məmnun olduğunu bildirib: \"Mən güman edirəm ki, Livanın və cənab baş nazir, şəxsən sizin bu barədə imkanlarınız var, əgər bu imkanlarınızı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında həll olunmasına sərf edə bilsəniz, biz sizə çox minnətdar olarıq\". Heydər Əliyev Livanı 1992-ci ildə ziyarət etdiyini qeyd edərək Livanın və Beyrutun onu heyran etdiyini bildirib, Livanı Şərq aləminin cənnəti, Livan xalqını isə fədəkar adlandırıb.

Rafiq Əl-Həririnin Azərbaycana bu səfərinə sərt reaksiya verən Ermənistan və Livan erməniləri onun həmçinin Türkiyə ilə iqtisadi-ticari münasibətləri də inkişaf etdirməsini kəskin tənqid etmişdilər.

2006-cı ilin yayında Livanda İsrail ordusunun apardığı iri miqyaslı hərbi əməliyyatlar zamanı rəsmi Bakı bu əməliyyatları pisləyib. Elə həmin il Azərbaycan Livana humanitar yardım göndərib.

2007-ci ilin aprelində AR XİN E. Məmmədyarov ilə görüşdə Livan Prezidenti Emil Lahud qeyd edib ki, Livan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Livanda Azərbaycan diasporu olmasa da, erməni diasporu mövcuddur. Çoxlu sayda Livan ermənilərinin ölkədəki müharibə vəziyyəti səbəbilə xarici ölkələrə köç etmələrinə baxmayaraq, erməni diasporu hələ də çoxsaylı olub, əhəmiyyətli mövqeyə malikdir.

Bütün bunlar Livanın Azərbaycanla geniş səviyyədə əməkdaşlıq etməsinə mənfi təsir göstərir. Hətta özünü \"Dağlıq Qarabağ\"ın \"baş naziri\" adlandıran Leonard Petrosyanın 1998-ci ildə Livanda olarkən Livan prezidenti, baş naziri, baş nazirin müavini və parlament sədri ilə görüşlər keçirməsini Livan tərəfindən Azərbaycana qarşı böyük hörmətsizlik hesab etmək olar. Baxmayaraq ki, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi kimi, Livanın cənubu da işğal altındadır, həmçinin hər iki ölkə - Azərbaycan və Livan müsəlman ölkəsidir və İKT çərçivəsində əməkdaşlıq edirlər, (Livan ərazisinin işğalını müsəlman ölkələri, o cümlədən Azərbaycan pisləmişdir), bununla bərabər 14 mart 2008-ci il tarixində BMT Baş Assambleyasının 62-ci sessiyasında \"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət\" adlı qətnamə layihəsi ilə əlaqədar keçirilmiş səsvermədə Livan Respublikası iştirak etməmişdir ki, bunu da erməni diasporu və Ermənistan ilə münasibətləri korlamamaq ilə əlaqələndirmək olar.

Azərbaycan Respublikası İKT-yə üzv ölkələrin İcraiyyə Komitəsinin 2006-cı il 3 avqust tarixində Malayziyadakı (Putracaya şəhərində) növbədənkənar sammitində İsrail təcavüzünü pisləyən, Livan höküməti və xalqı ilə həmrəylik bildirən sənədə - Livandakı vəziyyətə dair Bəyannaməyə qoşulmuşdur.

Bütün bunlara baxmayaraq Livan və Azərbaycan münasibətləri daha da dərinləşdirmək fikrindədir. Bunun üçün dəqiq vaxtı məlum olmasa da, 2010-cu ilin yazında Livan Baş Naziri Saad Əl-Həririnin Azərbaycana rəsmi səfəri planlaşdırılır və əlaqələrin daha da inkişaf etməsi bu səfərdən asılıdır.

İqtisadi əlaqələr - İki ölkə arasında iqtisadi-ticari əlaqələr çox zəifdir. Belə ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan və Livan arasında 2009-cu ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsi 17,6 milliyon ABŞ dolları olub ki, bunun da 17,5 milyon ABŞ dollarını Azərbaycan mallarının Livana ixracı hesabınadır. İki ölkə arasında iqtisadi, ticarət, gömrük, həmçinin hava nəqliyyatı sahəsində bir sıra müqavilələr imzalanmışdır.

 

Ümumi tarixi arayış 3 iyul 2010-cu il tarixdə tərtib olunub.