Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qaçqınlar və köçkünlər üçün hazırlanmış evlərə və müxtəlif təyinatlı obyektlərə baxdıqdan sonra söhbətindən - Keşlə yük stansiyası, 6 dekabr 1998 -ci il

Heydər Əliyev: Çadır şəhərciklərinə yola salınmaq üçün yüklənmiş evlərə və müxtəlif təyinatlı obyektlərə baxdım, Keşlə yük stansiyasında görülmüş abadlıq işləri ilə də tanış oldum. İndi buraya xeyli dəmiryolçu toplanmışdır. Sizlərə müraciətlə soruşmaq istəyirəm : İşləriniz necədir?

Dəmiryolçular: Əladır.

Heydər Əliyev:  Xorla deyirsiniz əladır. Azərbaycanda indi heç bir şey əla deyildir. Nə cür ola bilər ki, siz hər şeyə əla deyirsiniz?

Rafiq Mustafayev (Keşlə yük stansiyası rəisinin müavini): Cənab prezident, xoş gəlmisiniz. Sizi burada görməyimizə çox şadıq. Mən sizi 1992-ci ildə Naxçıvanda görmüşdüm.

Heydər Əliyev: Sən Naxçıvanda nə edirdin?

Rafiq Mustafayev: Məzuniyyətə çıxmışdım, bacım oğlu Adillə birlikdə Sizinlə görüşməyə gəlmişdim. Dəmiryolçularımız Sizin siyasətinizi hamılıqla bəyənirlər. Onlar Sizə arxadırlar, hər əmrinizə hazırıq. Desəniz, lap ölümə də gedərik, torpaqlarımızı düşməndən alarıq.

Heydər Əliyev: Sən nə vəzifədə işləyirsən?

Rafiq Mustafayev: Keşlə yük stansiyası rəisinin müaviniyəm.

Heydər Əliyev: Poqonların qəribə görünür. Heç generallarda belə poqonlar yoxdur.

Ziya Məmmədov: Bu poqonları özümüz düzəltdirmişik. Müdafiə Nazirliyi ilə razılaşdırmışıq.

Heydər Əliyev: Kim özünə necə poqon istəyirsə elə düzəltdirir?

Ziya Məmmədov: Xeyr, vahid fərqləndirmə nişanları var, bu poqonlar onların əsasında hazırlanıbdır.

Heydər Əliyev: Yaxşı, bunun poqonu belə olanda, bəs səninki necə olacaq? Hamının belə paltarı var?

Ziya Məmmədov: Bəli, hamının varıdır.

Heydər Əliyev: Bu geyimləri dəmiryolçulara pulsuz verirsiniz?

Ziya Məmmədov: Xeyr, maaşlarından tutmaq şərti ilə veririk. Hələlik pulsuz verməyə imkanımız yoxdur. Lakin maaşlarından az-az tuturuq.

Heydər Əliyev: Döşünüzdəki bu nişan nədir?

Rafiq Mustafayev: \"Fəxri dəmiryolçu\" nişanıdır.

Heydər Əliyev: Bəs bu nədir?

Ziya Məmmədov: Bu, bizim milli ulduzumuzdur. Onun ortasındakı nişan isə Azərbaycan dəmir yolunun emblemidir.

Heydər Əliyev: Dəmir yolu necə işləyir ?

Artur Rasizadə: Yaxşı işləyir, keçən illərə nisbətən irəliləyiş var. Gələn ilin tapşırıqlarını da artırmışıq.

Ziya Məmmədov: Respublikamızın müstəqillik əldə etdiyi dövrdə büdcəyə ən çox vəsaiti ötən il keçirmişik.

Artur Rasizadə: Dəmiryolçularınişində dönüş var.Lakin görüləsi işlər də çoxdur.

Heydər Əliyev: Təkcə Azərbaycanda deyil, dəmiryolçular hər yerdə cəmiyyətin çox qabaqcıl dəstəsi olublar. Ötən əsrin sonunda, bu əsrin əvvəllərində Azərbaycanda dəmir yolunun çəkilməsinin ölkəmiz üçün həddindən artıq faydası olubdur. Gərək biz tarixi düzgün qiymətləndirək. Çəkilmiş dəmir yolu xətləri, tikilmiş binalar, dəmir yolu stansiyalarında inşa edilmiş vağzal binaları nə qədər vaxtdır ki, durur. Bakının vağzal binasını götürün.

Ziya Məmmədov: Siz onu yenidən qurdunuz.

Heydər Əliyev: Yox, binanı genişləndirdik, oranı düzəltdik. Əsas bina indi də durur. Dəmir yolu sahəsinin Azərbaycanda dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular həmişə çox intizamlı olublar. Dəmir yolunun özü çox intizam tələb edir. Keçmişdə elə bir ifadə var idi ki, saatları həmişə dəmir yolunun saatı hədindən artıq dəqiq işləyən saat idi. Vaxtilə mən bunların hamısını görmüşəm, dəmir yolu qatarları dəqiqəbədəqiqə vaxtında gedib-gəlirdi. Çünki o vaxt intizam, qayda-qanun elə idi ki, hər hansı bir qatarın 10-15 dəqiqə gecikməsi fövqəladə bir hadisəyə çevrilirdi. Bu, 30-cu, 40-cı, 50-ci, hətta 60-cı illərdə də belə idi . 70-ci illərdə də bu sahədə biz çox çalışırdıq. Ondan sonra, Moskvada işləyərkən keçmiş Sovetlər İttifaqının dəmir yollarına rəhbərlik etmək mənim üzərimə düşmüşdü. Mən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi bir çox sahələrlə yanaşı, nəqliyyata , o cümlədən dəmir yolu sahəsinə də baxırdım. O vaxt mən Sovetlər İttifaqının dəmir yolu sistemi ilə çox yaxından tanış oldum. Bu məsələlərlə çox dərindən məşğul olurdum. O vaxt dünyada ən uzun dəmir yolları olan ölkə Sovetlər İttifaqı hesab edilirdi.

Artur Rasizadə: O vaxt Baykal-Amur magistralının tikintisində də Sizin zəhmətiniz böyükdür.

Heydər Əliyev: Təkcə Baykal-Amur magistralında yox, mən Uzaq Şərqə, Vladivostoka, Naxodka stansiyasınadək getmişəm. İş onda deyil, mən Sovetlər İttifaqının dəmir yolu xətlərini yaxşı bilirdim. Çünki onlarla hər gün məşğul olurdum. 80-ci illərin əvvəllərində dəmir yolunun işləri müəyyən qədər axsayırdı. Ona görə də demək olar ki, hər gün mən dəmir yolunun işi ilə məşğul olurdum . Dəmiryolçular yəqin ki, bilirlər, - biz həftədə bir dəfə selektor müşavirəsi keçirirdik. Bütün stansiyalarda bizim danışıqlarımıza selektorla qulaq asırdılar, tələblərimizə selektorla qulaq asırdılar, tələblərimizə baxırdılar.

Azərbaycanda da dəmiryolçular həmişə qabaqcıl olublar və fərqləniblər. Dəmiryolçu peşəsi hörmətli peşə olubdur. Əhalinin başqa təbəqələrinə nisbətən dəmiryolçularımız həmişə yüksək maaş alıblar, yaxşı yaşayıblar. Onların özlərinin xüsusi səhiyyə , təhsil və başqa xidmət sahələri olubdur. Doğrudur, bir vaxt onların səhiyyə və təhsil sahələrini əllərindən almaq istədilər. Yadımdadır, mən əvvəllər Azərbaycanda işləyəndə də belə cəhdlər olurdu. Amma dəmiryolçular tələblərinin üstündə möhkəm durdular.

Ziya Məmmədov: Son illərdə də belə cəhdlər olmuşdur.

Heydər Əliyev: Tərcümeyi-halımdan məlumdur ki, mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm. Təəssüf ki, 1989-1990-cı illərdən başlayaraq Azərbaycanda dəmir yolunu dağıtmağa başladılar. Biz işə başlayanda da dəmir yolunu elə bir qaydaya sala bilmədik. Mən özüm də nəzarət edirəm və bilirəm ki, indi dəmir yolunun işində ciddi, müsbət dəyişikliklər var. Bu çox sevindiricidir . Ancaq eyni zamanda imkanların da nə qədər olduğu bəllidir. Məsələn, 3-4 il bundan öncə dəmir yolu belə işləmirdi. Biz buraya yeni vəsait ayırmamışıq.

Dəmir Yolu İdarəsi və onun rəhbərliyi öz imkanlarından düzgün və səmərəli istifadə edibdir. Bir də ki, bu, şübhəsiz, biz Transqafqaz magistralının yaradılmasına başladıqdan sonra olubdur. Azərbaycanda bəzi adamlar bunu düzgün dərk edə bilmirlər, lakin mütəxəssislər, dəmiryolçular və başqaları bilirlər. İctimaiyyət bunun nə qədər böyük fayda gətirdiyini də çoxları bilmir. Artıq dəmir yolunun yaxşı işləməsinin, yüksək iqtisadi göstəricilər əldə etməsinin bir səbəbi də odur ki, yükdaşımalar artıbdır. Transqafqaz magistralını biz hərəkətə gətirməsəydik, Mərkəzi Asiya ilə Avropa arasında Azərbaycan vasitəsilə yükdaşımalar artmasaydı bu göstəricilər də olmayacaqdı.

Dəmir yolu ilə yanaşı, Xəzər gəmiçiliyinin gəlirləri də artıbdır. Lakin yaranmış imkanlardan daha səmərəli istifadə etmək lazımdır. Mən baş vermiş müsbət dəyişikliklərin səbəblərini bilirəm. Transqafqaz magistralının yaradılması ilə bağlı gördüyümüz tədbirlər dəmir yolunda yükdaşımaları artırıbdır. Bu da dəmir yolunun iqtisadi inkişafına kömək edir, gəlirlərini artırır. Mən hesab edirəm ki, siz imkanların hamısından tam istifadə edə bilməmizsiniz. Lakin bunu etmək lazımdır.

Konteynerlərdən qaçqınlar və köçkünlər üçün evlər və xidmət obyektləri hazırlanması yaxşı təşəbbüsdür. İşğal edilmiş ərazilərdən zorla köçürülmüş insanların vəziyyətini oktyabr ayında gedib gördükdən sonra, demək olar ki, mən bir haray çəkdim. Təəssüflər olsun ki, bunu əvvəl görənlər vəziyyətin bu qədər ağır olduğunu bəyan etməmişdilər, bildirməmişdilər. Görürsünüzmü, qısa bir zamanda \"Azəravtonəqliyyat\" Dövlət Konserni 222 belə ev hazırlayıbdır, 100-ünü isə Azərbaycan dəmiryolçuları hazırlayıblar. Bunların hamısı 2 ay ərzində - oktyabr- noyabr aylarında görülən işlərdir. Təsəvvür edin ki, ötən illərdə Nazirlər Kabineti, Qaçqınlar Komitəsi bununla məşğul olsaydı, görün bu müddətdə nə qədər iş görülərdi. Lakin qaçqınların, köçkünlərin vəziyyətinə biganə qalıblar. Mən özüm görmüşəm ki, Biləsuvarda, İmişlidə qaçqınlar və köçkünlər döşəməsi torpaq, palçıq, üstü qamışla, polietilenlə örtülmüş otaqlarda yaşayırlar. Əlbəttə, onlara nisbətən, hazırladığınız bu konteynerlər böyük nemət olacaqdır. Aydındır ki, bunların heç birisi insanın adi evini, mənzilini əvəz edə bilməz. Bu təbiidir. Lakin qaçqınlar və köçkünlər öz evlərini işğal edilmiş torpaqlarımız azad olunduqdan sonra alacaqlar. Onlar öz yerlərinə qayıdandan sonra, - mən demişəm , - bu ailələrin hər biri üçün şübhəsiz, biz yeni-yeni binalar, evlər tikəcəyik. Buna şübhə yoxdur. Ancaq hələ ki, biz bunu həll edə bilməmişik, lap bir ay da, iki ay da, üç ay da olsa - bu işi görmək, onların vəziyyətini yaxşılaşdırmaq lazımdır. Onların heç olmasa yaşayış vəziyyətini yaxşılaşdırmaq lazımdır. Onların heç olmasa yaşayış vəziyyətini müəyyən qədər yüngülləşdirmək olar. Sizin göstərdiyiniz təşəbbüs onların vəziyyətinin yaxşılaşmasına xidmət edir.

Burada sizin düzəltdiyiniz poliklinika kompleksi balaca bir şeydir. Lakin qaçqın düşərgəsi üçün çox əhəmiyyətlidir. Orada həkim, dərman olacaqdır, xəstələrə yardım göstəriləcəkdir. Yaxud da, kiçik bir doğum evi düzəltmisiniz. Yəqin ki, mən televiziyada danışanda eşitmisiniz, - bir qaçqın evində qucağında südəmər uşaq olan qadından soruşdum ki, bu uşaq harada dünyaya gəlib. O dedi ki, döşəməsi torpaqdan, palçıqdan olan bu evdə, əlbəttə, hər düşərgədə belə bir doğum evi qoymuş olsanız, bu, qaçqın və köçkünlərə böyük köməkdir. Ona görə də gördüyünüz işləri bəyənirəm və qiymətləndirirəm. Ancaq çox təəssüf edirəm ki, bir neçə il vaxt itirmişik. Belə evlərdən və xidmət obyektlərindən çoxlu miqdarda hazırlamaq olardı. Nə üçün hərə öz sahəsində insanlara qayğı göstərmir? Bu, məni incidir. Sizin gördüyünüz işlər sevindiricidir. Eyni zamanda mən fikirləşirəm, - nə üçün bu işi bir il, iki il bundan əvvəl etməmişik.

Demək, bundan ötrü lazım idi, Azərbaycanın prezidenti özü getsin, özü görsün, gəlib məcbur etsin, ondan sonra bu iş görülsün? Belə işləmək yaramaz. Bunlardan, şübhəsiz ki, hərə üçün nəticə çıxarmalıdır. Biz Qaçqınlar Komitəsinin işinə xüsusi əhəmiyyət verərək, onun sədrinə Nazirlər Kabineti sədrinin müavini statusu və fövqəladə səlahiyyətlər vermişik. İnanıram ki, Dövlətqaçqınkomun sədri Əli Həsənov ona verilmiş bu səlahiyyətlərdən istifadə edərək bu mühüm dövlət orqanının işlərini yaxşı aparacaqdır.

Mənə məlumat verdilər ki, konteynerlərdən hazırlanmış evlər və xidmət obyektləri Biləsuvara və İmişliyə göndəriləcəkdir. Onların daşınması üçün dəmiryolçular nəqliyyat vasitələri də ayıracaqlar. Saatlıdakı qaçqın düşərgələrinə də belə konteynerlərin göndərilməsi nəzərdə tutulur.

Konteynerlərdən hazırlanmış evləri, ilk növbədə, yaşayış şəraiti ağır olan qaçqın və köçkünlərə ayırmaq barədə Dövlətqaçqınkomun sədri Əli Həsənov ölkəmizin başçısına bildirdi ki, bundan sonra konteynerlərdən hazırlanacaq evlər daha da təkmilləşdiriləcək, sərnişin vaqonlarından hazırlanan evlər daha əlverişli olacaqdır. Bu evlərin səyyar olmasının üstünlükləri də nəzərə çarpdırıldı. Bildirdi ki, qaçqınlar öz daimi yaşayış yerlərinə qayıtdıqdan sonra onlar üçün yeni evlər tikilənədək bu səyyar evlərdən istifadə edə bilərlər.

Bəli, bu evləri qaçqın və köçkünlər özləri ilə aparıb doğma torpaqlarında qoya bilər, ev tikilib hazır olana qədər orada yaşamaq mümkündür. Sonra bu konteyner -ev muzeyə çevrilə bilər. Qoy görsünlər ki. Azərbaycan tarixinin doğrudan da belə səhifələri də olmuşdur.

Görürsünüzmü, yaxşı işləri mən həmişə qiymətləndirirəm, ancaq nöqsanlara, qanun pozuntularına yol verənləri, ümumiyyətlə işə laqeyd münasibət göstərənləri bağışlamıram. Bundan sonra belə də olacaqdır. Kim əgər kiçik bir yaxşı iş görürsə o, heç vaxt nəzərdən qaçmayacaqdır və qiymətləndiriləcəkdir.

\"Azərbaycan\" qəzeti, 7 dekabr 1998-ci il.