\"Statoyl\" şirkətinin Azərbaycan prezidentinin şərəfinə verdiyi rəsmi ziyafətdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - Stavanger, 25 aprel 1996-cı il

Hörmətli nazir, hörmətli prezident, möhtərəm xanımlar və cənablar!

Mən sizi - \"Statoyl\"un bütün əməkdaşlarını, Stavanger şəhərinin sakinlərini Azərbaycan xalqı adından səmimi qəlbdən salamlayıram. Qafqaz diyarından, Azərbaycan diyarından Yer kürəsinin ən şimalında yerləşən Notveç dövlətinin sakinlərinə və \"Statoyl\" şirkətinin əməkdaşlarına hərarətli dostluq salamı yetirirəm.

İkinci gündür ki, mən Norveçin baş naziri hörmətli xanım Brundtlandın dəvəti ilə sizin ölkənizdə rəsmi səfərdəyəm. Hesab edirəm ki, bu iki gündə çox səmərəli işlər görülüb və Norveç-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni mərhələ açılıbdır. Norveçin kralı, baş naziri, parlament sədri və başqa rəsmi şəxsləri ilə görüşlərimiz və danışıqlarımız, nəhayət, baş nazir xanım Brundtland ilə imzaladığımız sənədlər Norveç-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün çox yaxşı əsaslar yaradır.

Norveç-Azərbaycan əlaqələrinin yaranmasında və inkişaf etməsində \"Statoyl\" şirkətinin xüsusi xidmətləri var. Norveç Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. \"Statoyl\" şirkəti Azərbaycan dövlət müstəqilliyinə nail olduqdan sonra ölkəmizlə iqtisadi əməkdaşlıq etmək istəyən dünyanın böyük şirkətlərindən respublikamıza birincilər sırasında gələn şirkətidir. Bunların hamısı Norveç - Azərbaycan əlaqələrinin, Norveç-Azərbaycan dostluğunun yaranması üçün çox böyük kömək olmuşdur və bizim bugünkü görüşlərimiz də məhz dörd il öncə Norveçin Azərbaycana göstərdiyi münasibət və marağın əyani, məntiqi nəticəsidir.

Biz Norveçə, Oslo şəhərinə gəldiyimiz ilk anlardan indiyədək Norveç hökuməti və dövlətinin böyük qonaqpərvərliyini hiss edirik. Görüşlərimiz çox mehriban mühitdə keçibdir. Bütün bunlarda \"Statoyl\" şirkəti də fəal iştirak edibdir.

Biz Norveçə gəldiyimiz vaxtdan sizin xalqınızın dövlət müstəqilliyi yolunda indiyədək əldə etdiyi uğurların, öz iqtisadiyyatını inkişaf etdirmək, öz rifahını yaxşılaşdırmaq üçün gördüyü böyük işlərin və qazandığı nailiyyətlərin şahidiyik. Norveç xalqının və hökumətinin XX əsrdə əldə etdiyi nailiyyətlər doğrudan da heyranedicidir. Şübhə yoxdur ki, bunlar Norveç xalqının istedadı və fədakarlığı sayəsində qazanılmışdır. Bu nailiyyətlərin əldə edilməsində \"Statoyl\" şirkətinin də böyük xidmətləri var.

Biz bir dost xalq kimi, dost ölkə kimi sizin bu yüksək nailiyyətlərinizə sevinirik və bu nailiyyətlər münasibətilə mən sizi ürəkdən təbrik edirəm, öz hörmət və ehtiramımızı bildirirəm.

Norveç neft istehsalı sahəsində gənc ölkədir. Norveçin dəniz sektorunda neft istehsalının tarixi cəmi 30 ilə bərabərdir. Azərbaycan isə qədim neft ölkəsidir. Azərbaycanda neft istehsalının tarixi 150 ildir, dənizdə neft hasilatının tarixi isə 50 ildir. Azərbaycanda neft istehsalı sahəsində əldə olunmuş nailiyyətlərdən və təcrübədən keçmişdə dünyanın bir çox ölkələrində istifadə edilmişdir. İndi isə Azərbaycan öz neft sənayesini inkişaf etdirmək üçün dünyanın neft sənayesi sahəsində qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnmək istəyir. Bu baxımdan Norveçin və \"Statoyl\"un qazandığı nailiyyətlər və təcrübə bizim üçün çox maraqlıdır, çox əhəmiyyətlidir.

Qısa bir müddətdə - 30 ildə Norveçdə \"Statoyl\" şirkətinin belə yüksək nailiyyətlər qazanması müasir texnologiyadan istifadə olunması ilə bağlıdır. Bu texnologiya sayəsində əldə olunmuş nailiyyətlər bizim üçün də çox maraqlıdır. Ona görə də burada sizin təcrübənizlə yaxından tanış olmaq və ondan faydalanmaq istəyirik.

Norveç ilə Azərbaycan arasında neft sənayesi və neft istehsalı sahəsində əməkdaşlıq sürətlə inkişaf edir. \"Statoyl\" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının işlənməsində və istismarında çox fəal iştirak edir. 1994-cü il sentyabrın 20-də imzalanmış böyük neft müqaviləsində - \"Əsrin müqaviləsi\"ndə \"Statoyl\" şirkətinin çox böyük və görkəmli yeri var. Bu, ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsi üçün çox yaxşı əsaslar yaradır. \"Statoyl\" ilə əməkdaşlığımız sayəsində indiyədək əldə olunmuş nəticələri mən müsbət qiymətləndirirəm və gələcəkdə daha geniş əməkdaşlıq edəcəyimizə inanıram. Bu əməkdaşlıq üçün konkret addımlar atıldığını da görürəm.

Güman edirəm ki, bu gün və sabah burada keçirəcəyimiz vaxt gələcək əməkdaşlığımız üçün çox faydalı olacaqdır. Sizin Azərbaycan nümayəndə heyətinə, Azərbaycan prezidentinə göstərdiyiniz qonaqpərvərliyə görə, böyük diqqətinizə görə təşəkkürümü bildirirəm. Mən Norveç-Azərbaycan əməkdaşlığının böyük gələcəyi olduğuna inanıram. Mən o gələcəyi görürəm.

\"Statoyl\" ilə imzaladığımız müqavilənin azı 30 il müddəti var. Güman edirəm ki, əməkdaşlığımız 30 ildən də artıq davam edəcəkdir. Başqa müqavilələrin də müddəti çox olacaqdır. Buna görə də deyə bilərik ki, XXI əsr Norveç -Azərbaycan əməkdaşlığı əsri olacaqdır.

Hörmətli nazir, siz qeyd etdiniz ki, Norveç demokratik bir ölkədir. Doğrudan da, demokratiya sahəsində Norveç xalqının, Norveç dövlətinin qazandığı nailiyyətlər dünyada özünəməxsus və görkəmli yer tutmuşdur. Bu, bizim üçün çox gözəl örnəkdir və gözəl təcrübə mənbəyidir. Azərbaycan Respublikası da demokratiya yolu ilə gedir. Biz dünya demokratiyasının nailiyyətlərini Azərbaycanda tətbiq etmək istəyirik. Bu sahədə bizim müəyyən nailiyyətlərimiz də var və demokratiyanın inkişaf etdirilməsi üçün böyük gələcəyimiz də var. Azərbaycanın Norveçlə əməkdaşlığı və xüsusən \"Statoyl\" ilə Azərbaycan Dövlət Neft Şirkətinin müştərək iş görməsi Azərbaycanın məhz demokratiya yolu ilə, azad iqtisadiyyat yolu ilə getdiyini, dünya iqtisadiyyatına daha sıx bağlandığını nümayiş etdirir. Buna görə də bu gün Norveçdə restoran və hotel işçilərinin tətil etməsi bizi təəccübləndirmir. Biz bunu adi bir hal kimi qəbul edirik və bu, bizim buradakı işlərimizə mane ola bilməz. Siz qeyd etdiniz və mən də təsdiqləyirəm ki, tətil günləri \"Statoyl\" şirkətinin neft və qaz istehsalı ilə yanaşı, daha geniş imkanlara və qabiliyyətə malik olduğunu bir daha göstərdi. Mən \"Statoyl\" şirkətini və onun prezidentini bu nailiyyət münasibətilə də təbrik edirəm.

O ki qaldı ziyafəti böyük bir restoranda keçirmək istəyinizə və bunun mümkün olmamasına, buna görə darıxmayın. Bizim üçün bura da xoşdur, ziyafətin yeri bizim üçün o qədər də önəmli deyildir. Sizin bizə göstərdiyiniz qonaqpərvərlik, mehribanlıq və xüsusən səmimi duyğular bizim üçün daha önəmlidir.

Beləliklə, mən Norveç xalqının gələcək xoşbəxtliyi və səadəti şərəfinə badə qaldırıram. Noorveç dövlətinin şərəfinə badə qaldırıram. Norveç kralının, Norveç hökumətinin, baş nazirin şərəfinə, energetika və sənaye nazirinin şərəfinə, \"Statoyl\" şirkətinin və onun gələcək uğurlarının şərəfinə, \"Statoyl\" şirkəti prezidentinin şərəfinə, bu salondakı norveçli dostlarımızın şərəfinə, Norveç-Azərbaycan dostluğu şərəfinə badə qaldırıram. Sizin şərəfinizə. Sağ olun.