"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 28 saylı Səbail seçki dairəsinin 17 saylı seçki məntəqəsində səs verdikdən sonra jurnalistlərlə görüşdə bəyanatı (12 noyabr 1995-ci il)" sənədinə tarixi arayış

Bütövlükdə xalqın, dövlətin və hər bir vətəndaşın taleyinə birbaşa və həlledici təsir göstərən Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu və ölkədə ilk demokratik parlament seçkilərinin keçirilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ilin mayın 2-də Azərbaycan Respublikasının Milli Məclisi yeni konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibini təsdiq edib. Heydər Əliyevin sədr olduğu komissiyaya həmin vaxtda mövcud olan hər üç hakimiyyət qanadının rəhbərlərindən əlavə, ictimai elmlər sahəsində tanınmış mütəxəssislər, görkəmli elm xadimləri, ictimai və yaradıcılıq təşkilatlarının rəhbərləri daxil edilib.

12 noyabr 1995-ci ildə 158 maddə, 12 keçid müddəası, 5 bölmə və 12 fəsildən ibarət müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olunub. Həmin gün həm də Azərbaycan Respublikası Milli Məclisinə ilk seçkilər keçirilib.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.56