Vaşinqtonda ABŞ Senatının binasında ARDNŞ ilə ABŞ-ın "Monkrif oyl", "Ekson", "Mobil" şirkətləri arasında üç neft müqaviləsinin imzalanması mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 27 aprel 1999-cu il

Hörmətli senator Hatçinson!

Hörmətli nazir Deyli!

Hörmətli nazir müavini, senatorlar, konqresmenlər, xanımlar və cənablar!

Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram və bu gün Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Konqresin binasında belə bir mərasim keçirilməsindən hədsiz məmnun olduğumu bildirirəm.

Hörmətli senator Hatçinson, mənim haqqımda və Azərbaycan haqqında dediyiniz xoş sözlərə görə sizə təşəkkür edirəm və bildirmək istəyirəm ki, siz doğru buyurdunuz ki, mən Amerika Birləşmiş Ştatlarının çox sadiq dostuyam.

Bu mərasimdə nazir Deylinin, senatorların, konqresmenlərin, nazir müavininin və Amerika hökumətinin yüksək səviyyəli nümayəndələrinin iştirak etməsi müqavilələrin imzalanmasına xüsusi qiymət verir. Mən bu gün böyük xoşbəxtlik, iftixar hissləri keçirirəm, ona görə ki, Azərbaycanın 1994-cü ildə dünyaya bəyan etdiyi neft strategiyası ardıcıl surətdə həyata keçirilir və böyük uğurlar qazanır.

1994-cü ilin sentyabr ayında Azərbaycanda böyük bir müqavilə imzalandı. Bu müqaviləyə Amerika Birləşmiş Ştatlarında və dünyada "Əsrin müqaviləsi" adı verildi. Biz bu müqavilə ilə Azərbaycanın Xəzər dənizindəki enerji ehtiyatlarının müştərək istifadə olunması üçün ilk böyük addım atdıq və gələcək üçün böyük perspektivlər açdıq. Böyük sevinc hissi ilə bildirirəm ki, bizim imzaladığımız müqavilə nəzərdə tutulmuş plan, qrafik əsasında həyata keçirilibdir. 1997-ci ilin noyabrında ilkin neft almışıq, onu Bakı-Novorossiysk, şimal marşrutu ilə ixrac edirik. Bu ilin aprel ayının 17-də isə ikinci - qərb neft kəmərini istismara verdik. Bakı-Supsa neft kəməri, vasitəsilə də nefti dünya bazarlarına ixrac edirik.

Ötən illər ərzində Azərbaycanın neft strategiyası yeni-yeni mərhələlərinə çatıbdır. "Əsrin müqaviləsi" imzalanandan sonra biz artıq 16 müqavilə imzalamışıq və onların da əməli surətdə həyata keçirilməsi ilə məşğuluq. Məmnuniyyətlə qeyd edirəm ki, bütün bu müqavilələrdə Amerika Birləşmiş Ştatlarının neft şirkətləri görkəmli yer tutur. Ötən dövrdə onlar Azərbaycana külli miqdarda investisiya qoyublar və Amerika Birləşmiş Ştatlarının neft şirkətləri demək olar ki, Azərbaycanın Xəzər dənizində, Azərbaycanda neft strategiyasının həyata keçirilməsində aparıcı rol oynayırlar.

Neft strategiyamız dünyada böyük əks-səda yaratmış, dünyanın bir çox ölkələrində maraq və müsbət münasibət doğurmuşdur. Amma eyni zamanda bizə qarşı əks münasibət də, bizim neft strategiyamıza mane olmaq cəhdləri də müşahidə edilmişdir. Biz bu yolda böyük sınaqlardan keçmişik, böyük çətinliklərin öhdəsindən gəlmişik, böyük maneçiliklərin qarşısını almışıq və bu işlərdə Amerika Birləşmiş Ştatları, onun hökuməti, Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klinton, ABŞ-ın Energetika Nazirliyi, Ticarət Nazirliyi, digər nazirliklər, Amerika Birləşmiş Ştatlarının Senatı və Konqresi bizə həmişə dəstək vermiş, yardım etmişlər.

Bütün bunlara görə mən bu gün sizə, Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintona, bizə dəstək verən bütün nazirliklərə, Konqresə, Senata öz təşəkkürümü, minnətdarlığımı bildirirəm.

1994-cü ildən sonra bizim neft müqavilələrinin həyata keçirilməsi sahəsində Azərbaycana qoyulan investisiyaların əksəriyyətini Amerika Birləşmiş Ştatlarının neft şirkətləri qoyublar. Azərbaycana bir milyard dollardan artıq Amerika kapitalı gəlibdir, və bu müqavilələrlə, onların həyata keçirilməsi üçün nəzərdə tutulmuş investisiyaların ümumi həcmi 50 milyard dollara qədərdir.

Bu gün "Ekson" şirkətinin Azərbaycan Dövlət Neft Şirkəti ilə imzalanacağı müqavilədə Xəzər dənizinin Azərbaycan sektorunda "Zəfər" və "Məşəl" neft yataqlarında iş görmək üçün 5 milyard dollar həcmində investisiya tutulubdur. "Mobil" şirkətinin Azərbaycan Dövlət Neft Şirkəti ilə imzalayacağı müqavilədə Xəzər dənizinin Azərbaycan sektorunda "Savalan", "Dalğa", "Lerik-dəniz" və "Cənub" neft yataqlarında investisiyanın həcmi 4,5 milyard dollar olacaqdır. "Monkrif oyl" şirkəti isə "Padar" sahəsində quruda olan neft yataqlarında Azərbaycan Dövlət Neft Şirkəti ilə müqavilə imzalayacaqdır. Senator xanım Hatçinson narahat olmasın, onların üzərinə investisiyanın qalmış hissəsi düşür.

Hörmətli dostlar!

Biz 1997-ci ilin avqust ayının 1-də Vaşinqtonda, Ağ evdə Amerika Birləşmiş Ştatlarının şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında dörd müqavilə imzaladıq. Bizim üçün çox əhəmiyyətlidir ki, ikinci dəfə Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda, bu dəfə Konqresin binasında biz yeni üç neft müqaviləsi imzalayırıq.

Bugünkü hadisənin ən maraqlı cəhəti bir də ondan ibarətdir ki, biz neft sahəsindən kənara çıxıb insanlara çox vacib, əhəmiyyətli olan səhiyyə sahəsində də əməkdaşlığa başlayırıq və burada bu gün bir müqavilə imzalanacaqdır ki, Debeyki mərkəzinin Azərbaycanda ürək-damar xəstəliklərinin müalicə edilməsi üçün yeni bir tibb mərkəzinin yaradılması ilə əlaqədar biz işə başlayırıq. Bunlar hamısı Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələrin ardıcıl surətdə inkişaf etməsini, möhkəmlənməsini və genişlənməsini sübut edir.

Biz Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq əlaqələri yaratmışıq və bu əlaqələr çərçivəsində öz işimizi aparır, bu əlaqələri inkişaf etdirməyə çalışırıq. İqtisadiyyat sahəsində imzaladığımız müqavilələr və artıq əldə etdiyimiz nailiyyətlər ölkələrimiz arasında, siyasi, iqtisadi, elmi, mədəni sahələrdə də əlaqələrin inkişaf etməsinə böyük imkanlar yaradır. Biz bunlara yüksək qiymət veririk və sizi əmin edirəm ki, biz bu əlaqələrin gələcəkdə də inkişaf etməsi üçün əlimizdən gələni edəcəyik.

Senator Hatçinson Azərbaycan prezidentini - məni Amerikanın böyük dostu kimi təqdim etdi. Mən həqiqətən dostam və dostluğumdan da şərəf, qürur hissi duyuram. Biz Amerika Birləşmiş Ştatlarını, hörmətli dostlar, sizi özümüzün böyük dostumuz hesab edirik, bu dostluğa sadiqik və sadiq də olacağıq.

Bizim apardığımız siyasət Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsini təmin edibdir. Amerika Birləşmiş Ştatları ilə indi mövcud olan əlaqələrimiz Azərbaycanın müstəqil siyasət aparılmasını dünyaya nümayiş etdirib və Azərbaycanın müstəqilliyinin daimi, əbədi olduğunu sübut edir. Əmin ola bilərsiniz ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarının dostu, sədaqətli tərəfdaşı kimi öz öhdəliklərinə həmişə sadiq olacaqdır.

Mən sizin hamınızı bugünkü əlamətdar tarixi hadisə münasibətilə təbrik edirəm. Hamınıza cansağlığı və səadət arzulayıram. Amerika xalqına sülh, əmin-amanlıq, onun hökumətinə və dövlətinə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.