Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin \"Şell\" şirkətinin icraçı direktoru Filipp Vats ilə görüşdə söhbətindən - Hyüston, \"Vinham Varvik\" oteli, 3 avqust 1997-ci il

Hörmətli cənab Filipp Vats!

İlk öncə təmsil etdiyim Azərbaycan Respublikasının, onun xalqının, şəxsən mənim və ailəmin ünvanına söylədiyiniz xoş sözlərə görə Sizə təşəkkürümü bildirirəm.

Sizin icraçı direktor olduğunuz ABŞ-ın Hollandiya və Böyük Britaniya ilə birgə şirkəti \"Şell\" bir çox ölkələrdə böyük nüfuz qazandığı kimi Azərbaycanda da yaxşı tanınır. Hollandiyaya mənim rəsmi səfərə gəlməyim barədə Sizin arzunuza cavab olaraq bildirirəm ki, mən belə bir dəvət almışam və vaxt tapıb Hollandiyaya səfərə gedəcəyəm. \"Şell\"in respublikamızla əlaqələrə böyük maraq göstərməsini məmnunluqla yüksək qiymətləndirirəm.

... Sizin, dəniz yataqlarının işlənməsində böyük təcrübəyə malik olan \"Şell\" şirkətinin Azərbaycanla uzunmüddətli əlaqələr qurmaq və ölkəmizə külli miqdarda sərmayə qoymaq niyyətiniz, infrastrukturların formalaşdırılması, neft və qaz kəmərlərinin layihələşdirilməsi və çəkilməsi barədə təklifləriniz olduqca maraqlıdır və diqqətlə öyrəniləcəkdir.

Mən \"Şell\" şirkətinin Bakıda YUNİSEF-in keçirdiyi bir tədbirə sponsorluq etdiyini yaxşı xatırlayıram və əminəm ki, şirkətinizin respublikamızla sıx əlaqələr qurması hər iki tərəf üçün faydalı olacaqdır. Mən \"Şell\"in Azərbaycanda yeni iş yerləri yaratmaq, mədəniyyət, təhsil sahələrinin inkişafına kömək göstərmək barədə təkliflərini xüsusilə yüksək qiymətləndirirəm və ümidvar olduğumu bildirirəm ki, bu sahələrdə də əməkdaşlığımız yaxşı nəticələr verəcəkdir.

\"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir\" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı -2003, 11-ci cild, səh. 303