\"LUKoyl\" şirkətinin yaranmasının 10-cu ildönümü münasibətilə keçirilmiş yığıncaqda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 12 oktyabr 2001-ci il

Hörmətli cənab səfir!

Hörmətli Vahid Ələkbərov!

Hörmətli qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Mən sizi və Rusiya Federasiyasının \"LUKoyl\" şirkətində çalışan 120 minlik kollektivi \"LUKoyl\" şirkətinin yaranmasının 10-cu ildönümü münasibətilə ürəkdən təbrik edirəm, sizə, \"LUKoyl\"a gələcək uğurlar arzulayıram.

\"LUKoyl\" şirkətinin yaşı Azərbaycanın dövlət müstəqilliyinin yaşı ilə bərabərdir. Biz bu günlər Azərbaycanın dövlət müstəqilliyini bayram edirik, qeyd edirik. Bu, bizim üçün ən böyük bayramdır. Bu günlərdə Rusiya Federasiyasının \"LUKoyl\" şirkətinin 10-cu ildönümü qeyd olunur. Mən çox məmnunam ki, \"LUKoyl\" şirkəti 10-cu ildönümünü, təbiidir ki, Rusiyanın paytaxtı Moskvada keçirəndən sonra Azərbaycanda, Bakıda da bizimlə bir yerdə keçirmək qərarına gəlibdir. Mən təşəkkür edirəm. Təbiidir ki, bunun əsası var. Ancaq ola bilərdi ki, bunu o qədər də qiymətləndirməsinlər. Həqiqətən, \"LUKoyl\" şirkətinin dünya miqyasında tanınması Azərbaycanda ilk neft müqaviləsinin, \"Əsrin müqaviləsi\"nin bağlanmasından başlayır.

O illər çox ağır, çətin illər idi. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan hələ 1988-1989-cu illərdən başlayaraq öz torpaqlarının müdafiəsinə qalxmışdı, müharibə gedirdi, qan tökülürdü. Ancaq bununla yanaşı, müstəqil Azərbaycan dövləti Azərbaycanın gələcəyini düşünərək, 1993-cü ildə Azərbaycanın zəngin təbii sərvətləri olan neft və qaz yataqlarının dünyanın böyük və müasir texnikaya, texnologiyaya malik olan, sərmayə qoymaq imkanı olan şirkətləri ilə müqavilələr bağlayıb, birgə işləməyi qərara aldı. Bir də deyirəm, 1993-cü il idi, müharibə gedirdi, qan tökülürdü, Azərbaycanda insanlar çox ağır vəziyyətdə yaşayırdılar.

1993-cü ildə Azərbaycan parçalanmaq təhlükəsi qarşısında idi. Vətəndaş müharibəsi başlamışdı. Biz bunların qarşısını alırdıq. Yəni bizim ən birinci vəzifəmiz bunlardan ibarət idi. Ancaq düşünürdük ki, biz bunların qarşısını mütləq alacağıq, sonrakı günlər isə Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməliyik. Bunun üçün də biz bu işlərlə də məşğul olurduq.

Xatırlayıram, 1993-cü ildə bu müqavilənin hazırlanması üçün nə qədər gərgin mübarizə gedirdi. Burada bəzi fırıldaqçılar bu müqavilədən öz mənafeləri üçün istifadə etmək istəyirdilər. Başqa ölkələrdən bu müqavilənin əleyhinə olan və müqavilənin baş tutmasının qarşısını almaq istəyənlər meydana düşdülər. Ancaq biz bütün bu çətinliklərin içərisindən çıxdıq, düz yol tutduq. 1993-cü ilin sonunda, 1994-cü ilin əvvəlində Azərbaycan Dövlət Neft Şirkəti mütəxəssislərinin böyük bir qrupu əvvəlcə Azərbaycanda, sonra İstanbulda, sonra Hyüstonda bu müqavilənin hazırlanması ilə məşğul oldular. Nəhayət, müqavilə hazır oldu.

O vaxt bizim bu sahədə təcrübəmiz yox idi, bu işlər bizim üçün çox yeni idi. Ancaq bizim neft sənayesi sahəsində böyük təcrübəmiz vardı. Biz öz sərvətlərimizin qiymətini bilirdik, öz sərvətlərimizdən ən səmərəli şəkildə istifadə etmək üçün lazımi tədbirlər görürdük. Bu danışıqlar, bu dartışmalar xeyli vaxt aparırdı. Hər bir şirkət öz mənafeyini güdürdü. Biz də başa düşürdük ki, əgər belə böyük müqavilə hazırlanırsa, hər bir tərəfin mənafeyi təmin olunmalıdır. Ancaq eyni zamanda, Azərbaycanın mənafeyi birinci növbədə təmin olunmalıdır. Çünki Azərbaycan bu sərvətlərin sahibidir, bu enerji ehtiyatlarının sahibidir. Əgər öz təbii sərvətlərindən, öz xalqına, öz dövlətinə məxsus olan sərvətlərdən başqa şirkətlərlə birlikdə istifadə etmək istəyiriksə, demək, Azərbaycanın mənafeləri birinci növbədə təmin olunmalı idi.

Bizim adamlar bu barədə təcrübə topladılar. Xatirimdədir, son dəfə bizim qrupumuz 45 gün Amerika Birləşmiş Ştatlarının Hyüston şəhərində gecə-gündüz çalışdı ki, bu müqavilə hazırlansın və hazırlandı. 1994-cü ilin sentyabr ayında burada, bu mötəbər \"Gülüstan\" sarayında - artıq bu saray tarixi məna daşıyır - biz bu müqaviləni imzaladıq.

O vaxt bizim bu müqaviləyə maraq göstərənlər Amerika Birləşmiş Ştatlarının şirkətləri idi. Avropanın bəzi ölkələrinin şirkətləri idi. Ancaq eyni zamanda, bu müqaviləyə Rusiyada da maraq var idi. Amma irəliyə çıxan yalnız və yalnız \"LUKoyl\" oldu. \"LUKoyl\" da ilk gündən bizim hazırlıq işlərimizdə iştirak etdi və müqaviləni imzaladı. Beləliklə də dünyanın məşhur, çox zəngin neft şirkətləri ilə eyni sırada durdu.

\"LUKoyl\" şirkətinin yaranması Sovetlər İttifaqının dağılmasının nəticəsidir. Azərbaycanın və Sovetlər İttifaqına mənsub olan digər müttəfiq respublikaların dövlət müstəqilliyini elan etməsi SSRİ-nin dağılması ilə əlaqədardır. Millət kimi, xalq kimi və respublika kimi, təbiidir ki, biz öz müstəqilliyimizi arzu edirdik və SSRİ dağılan kimi bu müstəqilliyi elan etdik. Ancaq biri var ki, xalq, dövlət müstəqilliyini elan edir və müstəqil yaşamaq istəyir. Biri də var ki, keçmiş sistem, yəni sosialist iqtisadi sistemi birdən partlayır, yeni bazar iqtisadiyyatı yoluna düşən bir şirkət əmələ gəlir. Bu da \"LUKoyl\" şirkəti idi. Yeganə şirkətdir. Rusiyada belə şirkətlər ondan sonra yaranıbdır. Amma \"LUKoyl\" qabaqda gedəndir. \"LUKoyl\" Rusiyanın bütün başqa iqtisadi qurumlarına bazar iqtisadiyyatına keçmək və yeni iqtisadi prinsiplər əsasında işləmək üçün yol açdı. \"LUKoyl\"un yaradılması təşəbbüsünü birinci növbədə şirkətin prezidenti Vahid Ələkbərov ortaya atdı.

\"LUKoyl\"u dünya şirkətləri sırasına çıxaran digər amil Azərbaycan ilk neft müqaviləsini hazırlayarkən \"LUKoyl\"u qəbul etməsidir.

Çünki biz də anlayırdıq ki, gərək elə şirkətlərlə müqavilə imzalayaq ki, onlar tamamilə etibarlı olsunlar. Onların vəsaiti olsun, onlar başqa şirkətlərlə bir sürətlə gedə, ayaqlaşa bilsinlər. \"LUKoyl\" belə bir zamanda yarandı, belə bir yola düşdü. İndi görürsünüz, Vahid Ələkbərov \"LUKoyl\"un bugünkü vəziyyəti haqqında bir neçə rəqəmlə məlumat verdi. O, on il əvvəl yaransa da, onun əsas inkişafı, Vahidin dediyinə görə, elə 7 il bundan öncə - bizim müqavilənin imzalanmasından başlayır. Bu müddətdə nə qədər inkişaf edibdir. 80 milyon tona qədər neft hasil edirlər. 120 min insan çalışır və təbiidir ki, bu 120 min insan yeni iqtisadi sistem içərisində iş yeri alıbdır, eyni zamanda onlar yüksək dərəcədə təmin olunan insanlardırlar. Rusiyanın bazar iqtisadiyyatı yolu ilə getməsində \"LUKoyl\" şirkətinin böyük rolu vardır.

\"LUKoyl\" Azərbaycanda bizimlə bərabər işə başladı və çox uğurlu başladı. İndiyə qədər \"LUKoyl\" Azərbaycana təxminən 500 milyon dollar sərmayə qoyubdur. Səhv etmirəmsə, bizim müqaviləyə 242 milyon dollar sərmayə qoyubdur. Ancaq indi oradan öz mənfəətini götürür. Qoyduğu sərmayənin 87 faizini götürübdür. Görürsünüz, artıq 87 faizini alıbdır. Beləliklə, \"LUKoyl\" həm Rusiya üçün irəlidə gedən və Rusiyanın iqtisadi islahatlarının inkişaf etməsində xüsusi rol oynayan bir şirkətdir. Həm də indi o, dünyada məşhur olan şirkətdir. \"LUKoyl\" gedib Amerika Birləşmiş Ştatlarında benzindoldurma stansiyaları yaradıb, Amerika Birləşmiş Ştatlarında onun 1400 benzindoldurma stansiyası var. Düzdür, Azərbaycanda da var, 15 dənədir.

Çox rəqəmlər demək olar. İndiyə qədər biz 21 müqavilə imzalamışıq. Bu müqavilələrdə 14 ölkədən 32 neft şirkəti iştirak edir. 21 müqavilənin 5-də \"LUKoyl\"un payı var və bir neçə müqavilədə çox uğurla iştirak edir.

İndi \"LUKoyl\" istehsal həcminə və iqtisadi potensialına görə dünya şirkətləri içərisində dördüncü yerdədir. \"Ekson\", \"BP\", \"Şevron-Teksako\" və sonra da siz. Bu, sizin üçün kifayətdir.

Vahid Ələkbərov: Cənab prezident, daha da irəliyə getmək lazımdır.

Heydər Əliyev: Bilirsən, əgər siz bu müddət ərzində belə güclü sıçrayış edə və dünyada dördüncü yer tuta bilmisinizsə, bu, böyük işdir. Bunda Azərbaycanın da xidməti var. Bu xidmətin nədən ibarət olduğunu mən izah etdim. Ancaq eyni zamanda \"LUKoyl\"un bu cür sıçrayış etməsi, təbiidir ki, onun prezidentinin işgüzarlığından, bacarığından, öz işinə sadiq olmasından çox-çox asılıdır. Bu da bizim həmyerlimiz, Azərbaycanın yetişdirməsi Vahid Ələkbərovdur.

Mən bu gün Vahid Ələkbərova Azərbaycanın yüksək mükafatını, \"Şöhrət\" ordenini təqdim edərkən, Azərbaycan neftçilərinin keçmiş SSRİ məkanında nə qədər böyük xidmətlər göstərdiklərini dedim. Onlardan biri də, yəni ən ucaya qalxanlardan biri də Vahid Ələkbərovdur. O, 1974-cü ildə Azərbaycanın Neft-Kimya İnstitutunu bitiribdir. Sən onda işə təzəcə başlamışdın, biz burada, Azərbaycanda quruculuq işləri aparırdıq. Sonra 1979-cu ilə qədər burada \"Xəzərdənizneft\"də işləyibdir. Ondan sonra fikirləşib ki, yox, mənim üçün daha geniş bir sahə lazımdır. Sibirə, Tümenə gedibdir.

Mən bu gün orada da dedim, burada da deyirəm: Azərbaycanda neft sahəsində irəlidə olmaq hər adama nəsib olmur. Ancaq bu, kiçik bir respublikadır, əhalisi də azdır, az deyil, özümüzə görə var, amma başqalarına nisbətən azdır. Amma Rusiya kimi böyük bir dövlətdə, ondan qabaq SSRİ kimi böyük bir dövlətdə bu cür inkişaf etmək və cəmiyyətdə öz yerini tutmaq, təbiidir ki, adi bir hal deyildir. Bu, hər adama nəsib olmur.

Eyni zamanda bu, göydən də düşmür. Bu, insanın biliyindən, fitri istedadından, bacarığından və işinə sədaqətindən asılıdır. Bunların da kökü Azərbaycandadır. Hər bir belə insanların mütləq genetik xüsusiyyətlərini axtarmaq lazımdır. Vahid Ələkbərovun genləri Azərbaycandandır. Azərbaycandan olan bu genlər gör nə qədər güclüdür ki, o, gedib belə böyük işlər görür və \"LUKoyl\" şirkəti Rusiyanın iqtisadiyyatında öz böyük payını verir. Bunlar hamısı sevindirici hallardır.

Mən çox böyük sevinc hissi keçirirəm ki, biz bu günü \"LUKoyl\"a həsr etmişik. Mən Azərbaycanın yüksək mükafatını - \"Şöhrət\" ordenini təqdim etdim, sonra hamımız birlikdə böyük rus şairi, dünyanın böyük ədəbiyyat və mədəniyyət şəxsiyyətlərindən biri Aleksandr Sergeyeviç Puşkinin Azərbaycanda qoyulmuş heykəlini, abidəsini açdıq. İndi də gəlmişik, bu gözəl salonda işimizi davam etdiririk. Bu gün Azərbaycanda həm dövlət müstəqilliyinin 10-cu ildönümü günləridir, həm də bu gün Azərbaycanda bizim üçün doğma olan \"LUKoyl\" Şirkətinin günüdür.

Əziz dostlar, mən sizi bir də təbrik edirəm. \"LUKoyl\"u təbrik edirəm. \"LUKoyl\"un prezidenti Vahid Ələkbərovu təbrik edirəm. Rusiya Federasiyasını təbrik edirəm. Rusiya Federasiyasının prezidenti hörmətli cənab Vladimir Putinə buradan öz hörmət-ehtiramımı və səmimi dostluq salamlarımı göndərirəm. Təklif edirəm ki, badələri \"LUKoyl\"un prezidenti Vahid Ələkbərovun şərəfinə, Rusiya-Azərbaycan dostluğunun və qarşılıqlı surətlə faydalı əməkdaşlığının şərəfinə, rus və Azərbaycan xalqlarının dostluğu şərəfinə qaldırasınız. Sağ olun.

\"Azərbaycan\" qəzeti, 13 oktyabr 2001-ci il.