Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərləri, neftçi alim və mütəxəssislərilə görüşdə çıxışı - 5 fevral 1994-cü il

Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatınıi inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verir.

Azərbaycanda olan neftin çıxarılması və emalının sürətləndirilməsi üçün üç ildir ki, xarici neft şirkətləri ilə danışıqlar aparılır. Bu yaxınlarda AMOKO Neft Şirkətinin rəhbəri ilə görüşümdə o, müqavilələrin Gecikməsindən narazılığını bildirdi. Bəlkə də üç il belə danışıqların aparılması üçün çoxdur. Lakin 7 müqavilə 30 il müddətinə bağlanılır. Gələcəkdə Azərbaycan dövlətinin iqtisadi inkişafı və onun vətəndaşlarının maddi rifahı bu müqavilədən çox asılı olduğu üçün bizim səhv etməyə haqqımız yoxdur. Ona görə də biz əmin olmalıyıq ki, bu müqavilələr Azərbaycan dövlətinin və Azərbaycan xalqının mənafeyinə uyğundur. Mən bu barədəki fikirlərimi AMOKO Neft Şirkətinin prezidenti Robert Blantona da açıq şəkildə bəyan etdim. Xatirinizdədirsə, 1993-cü ilin I yarısında xarici neft şirkətləri ilə müqavilə bağlamaq üçün layihələr hazır idi. Lakin biz bu müqavilələrin Azərbaycanın mənafeyinə cavab verib-vermədiyini yoxlamağı qərara aldıq. Düzdür, bu qərarımıza heç də maraqlı olan tərəflərin hamısı birmənalı yanaşmadılar. Açıq şəkildə narazılıqlarını bildirənlər də oldu. Bunun üçün də biz müstəqil ekspertlərə və öz mütəxəssislərimizə bu layihələrin öyrənməsini təklif etdik. Məlum oldu ki, bu layihələrdə Azərbaycanım iqtisadi mənafeyi tam nəzərə alınmayıb. Söz-söhbətlərə son qoymaq uçün xarici firmaların rəhbərlərini və həmin ölkələrin səfirlərini qəbul etdim.

Xatirinizdədirsə, mən onlara da bəyan etdim ki, Azərbaycan dövləti xarici neft şirkətləri ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Bir şərtlə ki, bu əməkdaşlıq hər iki tərəfin mənafeyinə cavab versin. Bu gün mənim sizinlə görüşməyimin əsas səbəbi də budur ki, hazırlanan layihələr barədə siz öz təklif və fikirlərinizi burda açıq şəkildə bildirəsiniz.