Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin milli televiziya və radio ilə xalqa müraciəti - 2 noyabr 1993-cü il

Əziz həmvətənlər, hörmətli bacılar və qardaşlar!

Son vaxtlar erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü nəticəsində respublikada yaranmış vəziyyətlə əlaqədar mən bu gün televiziya studiyasına gəlib, bəzi fikirlərim və mülahizələrim haqqında sizinlə söhbət aparmaq, öz rəyimi bildirmək istəyirəm.

Azərbaycan Respublikası, onun vətəndaşları beş ildən çoxdur ki, müharibə şəraitindədirlər. Bu müddətdə erməni silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzü mütəmadi olaraq davam edib, respublikamızın ərazi bütövlüyü aybaay, ilbəil pozularaq, onun torpaqları təcavüzkar tərəfindən işğal olunubdur, indi isə böyük bir qismi işğal altındadır.

Son həftələr Azərbaycanda, respublikanın Ermənistanla həmsərhəd bölgə və rayonlarında vəziyyət daha da gərginləşmiş, erməni silahlı qüvvələrinin təcavüzkar hücumları şiddətlənmiş və bunun nəticəsində Füzuli, Cəbrayıl rayonlarının cənub hissəsində olan yaşayış məntəqələri- kəndlər, qəsəbələr dağıdılıb viran edilmişdir. Bu rayonlar tamamilə erməni silahlı qüvvələrinin işğalı altına keçmişdir. Sonra Zəngilan rayonuna hücumlar olmuş və nəticədə bu rayon da işğal edilmişdir. Beləliklə, respublikamızın vətəndaşlarına, həyatına, Azərbaycanın ərazi bütövlüyünə yeni zərbələr endirilmiş, insanlar tələf olmuş, yaralanmış, on minlərlə vətəndaşımız yerlərindən didərgin düşüb, qaçqına çevrilmişdir. Onların çox hissəsi başqa yol olmadığına görə Araz çayı vasitəsilə İran ərazisinə keçmiş və oradan respublikamızın digər rayonlarına, məntəqələrinə gəlib çıxa bilmişdir.

Müharibə dövründə, yəni beş ildən artıq bir müddətdə Azərbaycan Respublikası vətəndaşlarının bir qismi tələf, şəhid olmuşdur. Son hadisələr zamanı da həlak və şəhid olanlar var. Ümumiyyətlə, Ermənistanın təcavüzü başlanandan indiyə qədər təxminən 16 min azərbaycanlı şəhid, tələf olmuş, 22 minə qədər adam yaralanmış, yüz minlərlə adam qaçqın düşmüşdür. İndi qaçqınların sayı 1 milyon nəfərdən artıqdır. Kəndlərimiz, şəhərlərimiz, qəsəbələrimiz viran olmuşdur.

Mən bu gün sizin önünüzdə çıxış edərək şəhid olmuş azərbaycanlıların ruhu qarşısında baş əyirəm, onların ailələrinə, qohum-əqrəbalarına başsağlığı verirəm.

Bəli, Azərbaycan indi ağır vəziyyətdədir. Son həftələr vəziyyət daha da ağırlaşmış və gərginləşmişdir. Mən bu gün həmin vəziyyətə geniş təhlil vermək fikrində deyiləm. Sadəcə olaraq bəzi məsələlərə toxunub, öz fikirlərimizi sizə çatdırmaq, eyni zamanda bəzi məsələləri aydınlaşdırmaq istəyirəm.

Azərbaycan vətəndaşlarına məlumdur ki, mən Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən gündən indiyə qədər, indi isə prezident vəzifəsində olduğum zaman Ermənistanla Azərbaycan arasında gedən müharibəyə son qoyulması, işğal edilmiş torpaqlarımızın geri qaytarılması və ümumiyyətlə, bu hərbi münaqişənin kəsilməsi tərəfdarı olmuşam. Münaqişənin həll edilməsində sülh yoluna üstünlük vermişəm və bu məsələlərin danışıqlar yolu ilə həll olunmasını daha lüzumlu bilmişəm. Milli Məclisin iclaslarında bu barədə dəfələrlə fikir mübadiləsi olubdur və Milli Məclis, Azərbaycan ictimaiyyəti bu siyasəti bəyənmişdir. Biz bu yolla getməyə çalışmışıq.

Məlumdur ki, biz bu siyasəti həyata keçirərək, bu yolla gedərək, birinci növbədə beynəlxalq təşkilatların imkanlarından istifadə etməyə çalışmışıq. Cəsarətlə deyə bilərəm ki, bu sahədə çox səmərəli və çox fəal tədbirlər görmüşük. Birləşmiş Millətlər Təşkilatının, onun Təhlükəsizlik Şurasının, ATƏM-in, onun çərçivəsində olan Minsk qrupunun imkanlarından maksimum istifadə etməyə çalışmışıq. Bununla yanaşı, böyük dövlətlərin təşəbbüslərindən və vasitəçilik imkanlarından da istifadə etməyə səy göstərmişik. ABŞ-ın, Rusiyanın, Türkiyənin bu barədə təşəbbüslərindən və imkanlarından istifadə etməyə çalışmışıq. Həmişə də hesab etmişik ki, bu yolla getsək, müvəffəqiyyət qazanarıq. Təəssüf ki, bu görülən tədbirlər indiyə qədər lazımi nəticə verməyib. Lakin bu o demək deyildir ki, biz həmin yoldan çəkinirik.

Bu məqsədlərə nail olmaq üçün biz, şəxsən mən və mənim məsləkdaşlarım Ermənistan Respublikasının rəhbərliyi ilə danışıqlar aparılmasını da lüzumlu hesab etmişik. Dağlıq Qarabağda olan qüvvələrlə bilavasitə əlaqəyə girib, onlarla danışıqlar aparıb, məsələlərin sülh yolu ilə həll olunmasına da səy göstərmişik və bu barədə də sizə məlum olan danışıqlar aparılmışdır. Bunların nəticəsində atəşin kəsilməsi və atəş kəsildiyi dövrdə müəyyən danışıqlar aparılması, məsələnin sülh yolu ilə həll olunması, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxması məsələlərini qəti surətdə qoymuşuq.

Sizə məlumdur ki, uzun müddət atəş kəsilmişdi və biz bu vaxt danışıqlar aparırdıq. Sazişə görə, atəşin kəsilməsi noyabrın 5-nə qədər davam etməli idi. Təəssüf ki, atəşin kəsilməsi pozulmuşdur. Bu, ilk dəfə oktyabrın 10-da, yəni mən Azərbaycan Respublikasının prezidenti vəzifəsinə başladığım gün olmuşdur. Cəbrayıl rayonu ərazisində erməni silahlı qüvvələri tərəfindən, bizim silahlı qüvvələrimiz tərəfindən hərbi əməliyyatlar aparılmışdır. Bundan sonra danışıqlar nəticəsində atəşin yenə də kəsilməsinə nail olmuşduq. Fəqət, oktyabrın 21-dən bu saziş yenə də pozulmuş, erməni silahlı qüvvələri şiddətli hücumlara keçmiş və əvvəllər Füzuli, Cəbrayıl rayonlarının şimal hissələri işğal olunmuşdusa, cənub bölgəsindəki qəsəbələr və kəndlər, o cümlədən İranla həmsərhəd olan hissə Azərbaycan Respublikasının nəzarəti altında olduğu halda, indi bunlar da əldən getmişdir.

Daha sonra Zəngilan rayonuna hücumlar olmuşdur. Bu hücumları dayandırmaq və Zəngilan rayonunu müdafiə etmək üçün lazımi tədbirlər görmüşdük. O vaxt İran İslam Cümhuriyyətinin prezidenti ağayi Haşimi Rəfsəncani də burada idi. İran rəhbərliyi də bu işə qoşuldu. Ermənistan rəhbərliyi ilə danışıqlar aparıldı, atəşin kəsilməsi və Zəngilana hücumların dayandırılması haqqında təkliflər verildi. Eyni zamanda Zəngilanın müdafiə olunması üçün lazımi tədbirlər görüldü. Lakin bunlar da nəticə vermədi. Zəngilan rayonundan da həm əhali, həm də ordu çıxdı.

Bunlar hamısı, şübhəsiz ki, bizdə çox böyük narahatlıq hissi doğurubdur. Birinci növbədə ona görə ki, torpaqlarımızın bir qismi də işğal edilib, bu ərazidə olan yaşayış məntəqələrimiz dağılıbdır. Respublikaya yenə də böyük zərbə vurulubdur. On minlərlə adam qaçqın düşübdür. Şübhəsiz ki, bunlar həm bizi, həm də Azərbaycan Respublikasının ictimaiyyətini narahat edir. Biz bunların heç birinə biganə qalmamışıq və biganə deyilik.

Bu dövrdə biz gecə-gündüz həmin işlərlə məşğul olmuşuq, lazımi tədbirlər görməyə, mövcud imkanların hamısından istifadə etməyə çalışmışıq. Lakin bu, göstərilən nəticələri verməyib. Bunun səbəblərini indi sizin qarşınızda tam təhlil etmək fikrində deyiləm. Ancaq onu qeyd etmək lazımdır ki, bizim məğlubiyyətlərimiz bir tərəfdən Azərbaycan Ordusunun hissələrinin bir çox yerlərdə gücsüzlüyü nəticəsində, döyüş qabiliyyətinin olmaması nəticəsində baş vermiş, digər tərəfdən, bu ərazidə yaşayan vətəndaşların, bizim soydaşlarımızın öz torpaqlarını qorumaq, saxlamaq əvəzinə dərhal qaçmaq, yurdlarını qoyub didərgin düşmək əhval-ruhiyyəsi ilə əlaqədar olmuşdur.

Bu heç də sirr deyildir ki, son hadisələr zamanı Cəbrayıl rayonunun ərazisində, Horadizdə və başqa məntəqələrdə əsgərlərimiz, döyüşçülərimiz öz mövqelərini vuruşmadan, yerli əhalidən qabaq tərk etmişlər. Zəngilandakı vəziyyətə nəzarət edərək, orada olan silahlı qüvvələrimizin rayonu müdafiə etməsi üçün dəfələrlə tədbirlər görərək müşahidə etdik ki, həmin döyüşçülərin də çox hissəsi müdafiə edəcəyi yerləri döyüşsüz, müqavimətsiz, heç bir atəş açmadan tərk edib geriyə, İran ərazisinə qaçmağa üstünlük vermişdir.

Bunların hamısı bizi böyük dərdə salan hallardır. Bunları etiraf etmək bizdən ötrü ağırdır, çətindir. Ancaq nə qədər acı olsa da, bu, həqiqətdir.

Son vaxtlar torpaqlarımızın bir qisminin işğal olunması bəzi adamlar tərəfindən belə qiymətləndirilir ki, bu, yəqin ki, Azərbaycanın müdafiə qabiliyyətinin olmamasının, yaxud bu işdə respublika rəhbərliyinin lazımi tədbirlər görməməsinin nəticəsidir. Lakin bu, belə deyildir. Uğursuzluqlar, məğlubiyyətlər beş ildən artıq müddətdə Azərbaycanda gedən proseslərin məntiqi nəticəsidir. Ermənistan tərəfindən, erməni silahlı qüvvələri tərəfindən Azərbaycana təcavüzlər 1988-ci ilin fevralından etibarən başlanmışdır. Altı ilə yaxındır ki, biz bu vəziyyətdəyik. Təəssüf ki, bu müddətdə Azərbaycan Respublikasını idarə edən şəxslər, orqanlar dövlətimizi qorumaq, saxlamaq, onun ərazi bütövlüyünü təmin etmək üçün lazımi tədbirlər görməmiş, nəticədə təcavüzkar qüvvələr dalbadal irəliləmiş, respublikamızın mövqeləri itirilmiş və bütün bunlar indi bizi bu faciəli vəziyyətə gətirib çıxarmışdır.

Bunun bir hissəsi Azərbaycan Respublikası Sovetlər İttifaqının tərkibində ikən olmuşdur. Ancaq iki ildən artıqdır ki, Azərbaycan Respublikası müstəqil bir dövlətdir. Bu iki il müddətində müstəqil dövlətimiz öz müdafiə qüvvələrini, öz ordusunu yaratmalı idi. Bundan ötrü Azərbaycan Respublikasının bütün imkanları vardı. Ordunu bir gündə, beş gündə, bir ayda, üç ayda yaratmaq mümkün deyil. Ancaq iki il, üç il müddətində ordu yaratmaq, Azərbaycanın etibarlı müdafiəsini təşkil etmək və ərazi bütövlüyünü də təmin etmək mümkün idi. Lakin bu fürsətlər əldən verilib və Azərbaycanın müdafiə imkanları get-gedə möhkəmlənmək əvəzinə zəifləmişdir. Ayrı-ayrı dəstələr, qruplar, yaxud batalyonlar tərəfindən aparılan ayrı-ayrı döyüşlərin hamısı pərakəndə şəkildə olmuş, müxtəlif qüvvələrə, məqsədlərə xidmət etmiş, böyük bir hərbi strategiya, müdafiə strategiyası əsasında, hərbi nizam-intizam əsasında görülən tədbirlər olmamışdır. Belə hallar bəzən Azərbaycan ictimaiyyəti arasında cürbəcür əsassız təbliğatların yayılmasına gətirib çıxarmışdır. Əslində isə Azərbaycanın müdafiə qüvvələri, dediyim kimi, günbəgün, aybaay zəifləmişdir.

Mən indi bütün bunlara qiymət vermək istəmirəm. Ancaq bir neçə sözlə Azərbaycan vətəndaşlarını, xalqımızı agah etmək istəyirəm ki, haradan başlamışıq, nə üçün bu günə gəlib düşmüşük, böyük potensialı, imkanları, 7 milyon əhalisi olan Azərbaycan Respublikası nə üçün indi ağır vəziyyətə düşmüşdür.

Təəssüf ki, bütün bu dövrdə Dağlıq Qarabağ məsələsindən Azərbaycanda bir çox qruplar tərəfindən hakimiyyət uğrunda mübarizə üçün istifadə edilmişdir. Ayrı-ayrı qüvvələr, siyasi qruplar, ayrı-ayrı şəxslər Azərbaycanın bu faciəli vəziyyətində biri o birinə üstün gəlib, üstün gəlməyə cəhd göstərib, biri digərini yıxaraq onun yerinə keçmək istəmişdir. Belə bir şəraitdə Azərbaycanın aqibəti, xalqımın ümumi vəziyyəti unudulub, müxtəlif qüvvələrdən hər biri baş verən proseslərdən istifadə edərək hakimiyyətə gəlmək istəmişdir. 1992-ci ildə hakimiyyətə gələn qüvvələr də elə Qarabağ problemindən istifadə etmişdilər. İndi də ayrı-ayrı siyasi qüvvələr yaranmış fürsətdən öz məqsədləri, siyasi hikkələri üçün istifadə etməyə çalışırlar.

Əgər son dövrə nəzər salsaq, bu ilin əvvəlindən götürsək, Azərbaycanın müdafiə imkanlarının böhranı, dövlət rəhbərliyinin böhranı o vaxtdan başlanmışdır. Xatırlayın, bu ilin fevralında Azərbaycanda dərin böhran əmələ gəldi, respublikanın rəhbərliyində toqquşmalar, ayrı-ayrı qrupların qarşıdurması və bir-biri ilə mübarizəsi, Xalq Cəbhəsinin verdiyi bəyanatlar və cürbəcür rəqabətlər Azərbaycan Respublikasının müdafiə qüvvələrini çox zəiflətdi. Bu qüvvələr birləşmək, respublikanı qorumaq əvəzinə, bir-biri ilə toqquşmağa başladılar. Nəticədə martın axırında Kəlbəcər rayonu əldən getdi.

Bu ilin iyun ayını yada salın. Respublika dərin hakimiyyət böhranı keçirirdi. Azərbaycanı bürümüş ictimai-siyasi, iqtisadi böhranlara yenisi də əlavə olundu-dövlət rəhbərliyi böhranı baş verdi. Bəzi qüvvələr öz şəxsi məqsədlərinə nail olmaq üçün respublikanı parçalamaq səviyyəsinə gətirib çıxardılar. Ordu parçalandı. Bunları unutmaq lazım deyil. Silahlı qüvvələrin bir hissəsi Gəncə tərəfdə, bir hissəsi Qarabağda, bir hissəsi Lənkəran zonasında qaldı. O vaxt Lənkəran zonasında milli-etnik problemlər qabarıq şəkildə üzə çıxdı. Azərbaycan vətəndaş müharibəsi səviyyəsinə gəlib çatdı. Bir tərəfdən \"Talış-Muğan Respublikası\" yaratmaq istəyən quldur dəstələri, ikinci tərəfdən süni surətdə \"ləzgi problemini\" ortaya atan adamlar, üçüncü tərəfdən guya başqa etnik qrupların mənafeyini müdafiə edənlər - bunların hamısı dövlət rəhbərliyinin siyasətində böyük səhvlərin nəticəsində, eyni zamanda həmin rəhbərliyin daxilində gedən çəkişmələrin nəticəsində, yenə də hakimiyyət uğrunda mübarizə nəticəsində meydana çıxdı. Bu da, şübhəsiz, Azərbaycanda ordunun yaradılmasına və möhkəmlənməsinə mane oldu, hətta mövcud qüvvələrin dağılmasına, parçalanmasına gətirib çıxardı.

İyun hadisələri dövründə Gəncədə, Bakının yaxınlığında qardaş qanı töküldü, adamlar bir-birinə atəş açdılar, tələf oldular. Nə üçün? Hakimiyyət uğrunda mübarizə üçün, ayrı-ayrı qüvvələrin öz şəxsi məqsədlərinə nail olması üçün. Bir daha qeyd edirəm ki, o zaman Azərbaycan vətəndaş müharibəsi ərəfəsinə gəlib çatmışdı.

Bu gün deyə bilərik ki, biz Azərbaycanı həmin təhlükədən qurtara bildik. Məhz həmin dövrdə mən böyük təkidli dəvətlər nəticəsində Naxçıvandan Bakıya gəldim. Mən heç vaxt hakimiyyət üçün, vəzifə üçün mübarizə aparmamışam, bu niyyətdə də olmamışam. Ancaq Azərbaycanın belə ağır dövründə dəvət olundum və gəldim. Azərbaycan xalqının iradəsi bir yerə toplandı, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı, lazımi tədbirlər görüldü. Lakin ayrı-ayrı qüvvələr yenə də respublikanı parçalamaq, ölkədəki ictimai-siyasi qrupları bir-birinə qarşı qoymaq, beləliklə də Azərbaycanın müdafiə imkanlarını zəiflətmək istədilər. Onlar bu əməlləri indi də davam etdirirlər.

Əgər son iki il ərzində, Azərbaycanın müstəqil dövlət olduğu dövrdə respublikanı etibarlı müdafiə etmək üçün lazımi silahlı qüvvələr yaransaydı, daxili sabitlik olsaydı və bütün qüvvələr torpaqlarımızı qorumağa, ərazi bütövlüyümüzü təmin etməyə yönəldilsəydi, indi bu günə düşməzdik. Son aylarda cəbhə bölgələrindəki uğursuzluqlar, bəzi rayonların erməni silahlı qüvvələri tərəfindən işğal olunması bu böhran proseslərinin, daxildəki çəkişmələrin, toqquşmaların, rəqabətin nəticəsində baş vermiş böhranın məntiqi yekunudur.

Bu qısa müddətdə istənilən səviyyədə ordu yaratmaq, Azərbaycanı müdafiə etmək çox çətin vəzifədir. Çünki çox şey pozulduğu kimi, müdafiə qüvvələri də pozulmuşdur. Əgər son həftələrdə bizim minlərlə döyüşçümüz öz mövqelərini vuruşmadan qoyub qaçıbsa, bunu necə qiymətləndirmək olar? Demək, orduda nizam-intizam, tələbkarlıq, qanun-qayda olmamışdır. Eyni zamanda, bizdə olan məlumata görə, ordu hissələrinin bəzilərinin döyüşsüz, müqavimətsiz geri çəkilməsi, bəzən isə yerli əhalini vahiməyə salaraq, qorxudaraq vaxtından əvvəl öz yerlərindən çıxarılması, ayrı-ayrı cinayətkar dəstələrin, müxtəlif siyasi qrupların yenə də şəxsi mənafelərinə, məqsədlərinə nail olmaq üçün apardıqları təxribatların nəticəsidir. Bunu demək üçün əlimizdə çox əsaslı dəlillər var.

Ona görə vəziyyətə düzgün qiymət verilməlidir və heç kəs belə düşünməməlidir ki, guya bu vəziyyət ancaq son vaxtlarda yaranmışdır. Yox. Bu, Azərbaycanda gedən proseslərin, həm ordu içərisində, həm siyasi qüvvələr arasında gedən proseslərin məntiqi nəticəsidir, indiyə qədər Azərbaycanda silahlı qüvvələrin təşkil olunmamasının, Müdafiə Nazirliyində, ordu hissələrində yol verilən kobud səhvlərin, bəzən isə cinayət hallarının, xəyanətlərin nəticəsidir. Belə hesab edirəm ki, biz bu məsələlərə doğru-düzgün, obyektiv münasibət bəsləməliyik və heç kəs yaranmış vəziyyətdən öz şəxsi məqsədlərinə nail olmaq üçün istifadə etməməlidir. Bir daha qeyd edirəm, bu günlərdə biz gecə-gündüz bu məsələlərlə məşğul olmuşuq. Ola bilər, başqa məsələlərlə məşğul olmağa vaxt tapmamışıq.

Dünən biz yaranmış vəziyyəti Müdafiə Şurasında müzakirə etdik, ciddi tədbirlər gördük. Müdafiə nazirinin birinci müavini, sərhəd bölgələrində hərbi hissələrə rəhbərlik edən general-mayor Z. Rzayev vəzifəsindən kənarlaşdırıldı. Onun general rütbəsindən məhrum edilməsi məsələsi də müzakirə olundu. Ancaq keçmiş xidmətlərini nəzərə alaraq, bu qərarı qəbul etmədik, yalnız onu vəzifəsindən götürdük. Eyni zamanda tapşırıq verdik ki, bu məsələlər daha dərindən təhlil olunsun.

Eyni zamanda qeyd olundu ki, Nazirlər Kabineti, onun rəhbərliyi son aylarda müdafiə məsələlərinin təşkilini öz üzərinə götürsə də, lazımi tədbirlər görməmiş, ordunun təchizatı məsələləri ilə yaxından məşğul olmamış, ordunun təşkili işində səhvlərə yol verilmişdir. Bununla əlaqədar onlara xəbərdarlıq edilmişdir. General Nəcməddin Sadıqov baş qərargahın rəisi təyin olunmuşdur. Başqa tədbirlər də görülür.

Ancaq güman etmirəm ki, son hadisələrə qiymət verməyimiz bu tədbirlərlə qurtarır. Xeyr. Hüquq-mühafizə orqanlarına, prokurorluq orqanlarına göstəriş vermişik ki, ordu hissələrində xəyanətkar, cinayətkar hərəkət etmiş adamlar haqqında lazımi tədbirlər görülsün. Bu şəxslərin hamısı qanun qarşısında, həm də xalq qarşısında cavab verməlidir.

Dünənki müzakirənin gedişində məlum olan bir məsələni də qeyd etmək istəyirəm. Son günlərdə işğal olunan ərazilərdəki ordu hissələrində xidmət edən adamların əksəriyyəti həmin rayonların vətəndaşlarıdır. Məsələn, Zəngilan rayonundan çıxan hərbi hissədə əsgərlərin, zabitlərin əksəriyyəti yerli adamlardır. Onlar döyüşmək əvəzinə, öz torpaqlarını müdafiə etmək əvəzinə, atəş səsi eşidən kimi tez-tələsik ailələrini çıxarmaqla və başqa işlərlə məşğul olmuşlar. Şübhəsiz ki, dinc əhali döyüş bölgələrindən çıxarılmalıdır, bunun üçün lazımi tədbirlər görülməlidir. Lakin bu o demək deyildir ki, döyüşçü öz mövqeyini tərk edərək yalnız özü və ailəsi haqqında düşünsün, qaçmağa çalışsın. Qeyd etmək istəyirəm ki, bu rayonların ərazisində bizim vətəndaşlarımız, öz torpaqlarını müdafiə etməyə qadir olan cavanlar da var idi. Onların çoxu vaxtından əvvəl qaçıb getmişdir. Əgər adam öz evini, öz ocağını, öz torpağını, yaşayış yerini qorumursa, onun əvəzinə kim gəlib qoruyacaqdır?

Bəli, Azərbaycan xalqı qəhrəman xalqdır. Onun tarixində igidlik ənənələri həmişə güclü olmuşdur. Xalqımız öz qəhrəmanları ilə daim fəxr etmişdir. Azərbaycan xalqının qüdrəti bu gün də itməmişdir. Ancaq qeyd etdiyim kimi, son illərdə gedən mənfi proseslər insanların bir çoxunun mənəviyyatını pozmuş, onların bəzilərində vətənpərvərlik hissini tamamilə kütləşdirmişdir. Vətəni qorumaq, torpağa bağlı olmaq hissini, \"ölsəm də, öz torpağımda şəhid olum\" hissini çoxları itirmişdir. Bu, onların günahı deyil, onlara rəhbərlik edən adamların təqsiridir.

Ordumuzda narahatlıq doğuran, adamı dəhşətə gətirən başqa hallar da var. Mən bunu sizə çox böyük təəssüflə, həyəcan hissi ilə deyirəm, lakin bu həqiqəti etiraf etməyə məcburam. Bütün bu proseslər, bir neçə il ərzində yığılmış bu günahlar, nöqsanlar, çatışmazlıqlar, ayrı-ayrı yerlərdə mənəviyyat pozğunluğu, cinayətkarlığın artması, cinayətkar ünsürlərin üstün mövqe tutması - bunların hamısı bütövlükdə qəhrəman, mərd, mətanətli, cəsarətli Azərbaycan xalqını belə ağır, çətin vəziyyətə salmışdır.

Ancaq bu o demək deyildir ki, biz çıxılmaz vəziyyətdəyik. Xeyr. Bu vəziyyətdən çıxmaq üçün Azərbaycan xalqının qüdrəti və imkanları var. Lakin bundan ötrü gərək xalq bir məqsədə xidmət etsin. Torpağımızı, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, onun suverenliyini, müstəqilliyini qorumaq hər bir vətəndaş üçün, hər bir azərbaycanlı üçün ən ümdə, ən ülvi, ən başlıca vəzifə olmalıdır. Qalan hisslər, duyğular, qalan cəhdlər hamısı bir kənara qoyulmalıdır. Ancaq indiyə qədər biz bunu etməmişik.

Yəqin indi hamı başa düşür ki, Azərbaycan çox gərgin vəziyyətdədir. Ona görə də, bir daha qeyd edirəm, bu barədə lazımi tədbirlər görüləcəkdir. Müdafiə Nazirliyinin rəhbərliyində aparılmış dəyişikliklər və başqa tədbirlərimiz şübhəsiz ki, öz nəticəsini verməlidir. Biz müdafiə qüvvələrimizi hər cəhətdən gücləndirməliyik.

Hətta belə ağır vəziyyətdə də mən yenə atəşin dayandırılması, sülh danışıqları aparılması, məsələnin sülh yolu ilə həll olunması və işğal edilmiş torpaqlarımızın bu yolla geri qaytarılması tərəfdarıyam. Mənim mövqeyim belədir və ona əsaslanaraq ayrı-ayrı dövlətlərlə əlaqə saxlayıram. Ermənistanla bəzi danışıqlar aparırıq. Bu mövqeni gələcəkdə də davam etdirəcəyik. Eyni zamanda biz təkcə buna ümid bəsləmirik. Azərbaycanın gərək etibarlı müdafiəsi olsun. Biz işğalçılıq, qəsbkarlıq siyasəti yeritmirik. Biz sadəcə olaraq torpaqlarımızı özümüzə qaytarmalıyıq, işğal edilmiş ərazilərimizi geri almalıyıq, Azərbaycanın ərazi bütövlüyünü təmin etməliyik. Bu, haqq işidir. Biz bu haqq yolda bütün imkanlardan istifadə etməliyik.

Müdafiə qüvvələrini möhkəmləndirmək üçün Azərbaycanda bütün mənəvi-psixoloji vəziyyət dəyişməlidir. İndiki əhval-ruhiyyə ilə Azərbaycanın bütövlüyünü təmin etmək mümkün olmayacaqdır. Bir tərəfdə torpaqlarımız əldən gedib, yüz minlərlə adam qaçqın düşüb, ağır vəziyyətdə, yersiz-yurdsuz, çadırlarda (bəzən bunlar da çatışmır) yaşayır, o biri tərəfdə isə Azərbaycan torpağında yaşayan, onun çörəyini yeyib suyunu içən, havası ilə nəfəs alan, sərvətlərindən istifadə edən adamlar eyş-işrət içərisindədirlər. Hələlik onlarda Azərbaycanı qorumaq, müdafiə etmək əhval-ruhiyyəsi yoxdur. Şübhəsiz ki, belə vəziyyətdə biz bu uğursuzluqların təbii olduğunu qeyd etməliyik. Ona görə də gərək bütün qüvvələrimizi toplayaq.

İndi Müdafiə Nazirliyi lazımi tədbirlər görür, səfərbərlik aparılır. Bu, ümumi səfərbərlik deyil, adi səfərbərlikdir. Sizə xatırlatmaq istəyirəm ki, Azərbaycan Sovetlər İttifaqının tərkibində olanda hər il Sovet Ordusuna 60 min nəfər çağırışçı yola salınırdı. İndi, Azərbaycan müstəqil bir dövlət olanda nə üçün bunu etmək mümkün olmasın? Nə üçün gənclərin bir hissəsi çağırışdan boyun qaçırır, orduda xidmət etmək istəmir, valideynləri isə cürbəcür vasitələrlə onları hərbi xidmətdən azad etdirirlər? Bəziləri orduda xidmət etməli olan oğlanlarını Azərbaycandan kənara, başqa ölkələrə göndərmişlər. Bəs onda Azərbaycanı kim qoruyacaq, onun müstəqilliyini kim təmin edəcəkdir? İndi adamları ayağa qaldırmaq, milli-vətənpərvərlik hissini yüksəltmək, xalqı səfərbər etmək əsas vəzifələrimizdən biridir.

Mən bu gün televiziya ilə verilən kiçik bir xəbəri dinlədim. 1941-ci ildə Böyük Vətən müharibəsinin ilk günündə Azərbaycandan 18 min nəfər könüllü yazılaraq cəbhəyə getmişdi. O vaxt Azərbaycanın əhalisi cəmi üç milyon nəfər idi. İndi nə üçün bunu edə bilmirik? O zaman Sovetlər İttifaqını qorumaq üçün cəbhəyə gedirdilər. İndi isə doğma torpağımızı, öz dövlətimizi, müstəqil Azərbaycanı qorumaq üçün adamları səfərbər edə bilmirik.

Doğrudur, son günlər bizə məlumatlar gəlmişdir ki, bəzi yerlərdə hərbi komissarlıqlar, polis idarələri bu işdə də əyintilərə yol vermişlər. Bu əyintilər nədən ibarətdir? Bir tərəfdən onlar adamları qanunsuz toplayaraq çağırış məntəqələrinə aparır və orada qeyri-qanuni hallara yol verirlər. Bu isə xalqın narazılığına səbəb olub. Biz dünən Müdafiə Şurasında müzakirə zamanı belə halları pislədik. İkinci tərəfdən isə xəbər verirlər ki, adamları yığıb çağırış məntəqəsinə aparırlar, səhəri gün burada həmin adamların cəmi 20 faizi qalır, 80 faizi yox olur. Bu, nə təhər olur? Rüşvət alıb buraxırlar.

Azərbaycanda rüşvətxorluq ən dəhşətli bir haldır. Həyatın hər sahəsində rüşvətxorluq baş alıb gedir. Azərbaycan vətəndaşları, xüsusilə 70-ci illərdə fəaliyyət göstərən adamlar bilirlər ki, mən o dövrdə respublikaya rəhbərlik edəndə rüşvətxorluqla mübarizəni fəaliyyətimin əsas istiqaməti kimi qəbul etmişdim. Azərbaycana rəhbərlik etdiyim 14 il ərzində fəaliyyətimin çox hissəsini rüşvətxorluqla mübarizəyə sərf etmişdim. Doğrudur, mən Azərbaycandan gedəndən sonra, xüsusən də istefaya çıxandan sonra bəzi adamlar həmin rüşvətxorları, oğruları milli qəhrəman səviyyəsinə qaldırdılar, onları 70-ci illərin guya qurbanları hesab etdilər. Nəticədə nə oldu? Azərbaycanda rüşvətxorluq on qat, iyirmi qat, yüz qat artdı. İndi bu vəziyyət bütün xalqı dəhşətə gətirir. Elə bu səfərbərlik hadisəsində də. Hərbi komissarlıqların əksəriyyətində rüşvətxorluq halları var.

Kim məndən inciyirsə, qoy incisin, həqiqəti demək lazımdır. Heç belə iş olarmı? Rüşvət verən, öz oğlunu çağırışdan azad edən adam Vətən haqqında, torpaq haqqında düşünürmü? Yaxud da ki, rüşvət alıb, cinayət yolu ilə cibini pulla dolduran adam Vətən haqqında, torpaq haqqında, Azərbaycanın müstəqilliyi haqqında düşünürmü? Bunların hamısı aradan götürülməlidir. Biz bu sahədə ciddi tədbirlər görəcəyik. Mən hamıya xəbərdarlıq edirəm və bildirmək istəyirəm ki, biz bu hallara dözməyəcəyik. Lakin biz nə qədər mübarizə aparsaq da, - mən bunu öz həyat təcrübəmə əsasən deyirəm,- əgər insanların mənəviyyatında dəyişiklik olmasa, pozulmuş mənəviyyat bərpa edilməsə, insanlarda vətənpərvərlik, namus, şərəf, qeyrət hissi baş qaldırmasa, biz heç nə edə bilmərik.

Buna görə də sizə müraciət edirəm. İndi bizim ordumuz yaranmalı və qurulmalıdır. Bir də qeyd edirəm, ordumuz ancaq Azərbaycanı müdafiə etmək məqsədi daşıyır. İşğalçılıq məqsədi daşımır. Bizim işimiz haqq işidir, gərək hər bir vətəndaş bunu özünün şərəfli borcu kimi qəbul etsin. Kim özü orduda qulluq edə bilirsə, qoy könüllü surətdə getsin. Kim özü qulluq edə bilmirsə, yanındakıları başa salsın ki, gedib orduda xidmət etmək lazımdır. Yaxud əgər özü orduda qulluq edə bilmirsə, fikirləşsin ki, orduya necə kömək etmək lazımdır. İndi bunların hamısı ən zəruri vəzifələrdir. Bütün xalqa, Azərbaycan vətəndaşlarına müraciət edirəm ki, bu tədbirlərin həyata keçirilməsində fəal iştirak etsinlər.

Azərbaycan böyük təhlükə altındadır. Lakin biz bu təhlükənin qarşısını ala bilərik, almalıyıq da. Hər kəs öz vəzifəsini başa düşməlidir. Polis orqanları, hərbi komissarlıqlar, başqa hüquq-mühafizə orqanları, prokurorluq orqanları qanun-qayda yaradılması üçün, adamların qanuna riayət etməsi üçün lazımi tədbirlər görməlidirlər. Amma bunun üçün gərək həm polis, həm prokurorluq orqanlarında, həm hərbi komissarlıqlarda, həm də başqa sahələrdə, ordumuzun zabit heyətində, yüksək təbəqələrində mənəviyyatca saf adamlar olsunlar. Əgər belə olmasa, onlar vətəndaşlıq, azərbaycanlılıq, vətənpərvərlik məsuliyyətini hiss etməsələr, bu vəzifələri yerinə yetirə bilməyəcəklər.

Bəli polis, prokurorluq orqanlarına, hərbi komissarlıqlara böyük səlahiyyətlər verilib. Ancaq bu səlahiyyətlərdən yalnız və yalnız dövləti möhkəmləndirmək, nizam-intizamı gücləndirmək, ordunu qurmaq, müdafiə qüvvələrini möhkəmləndirmək, ərazi bütövlüyünü təmin etmək üçün istifadə etmək lazımdır. Şəxsi məqsədlər bir yana atılmalıdır. İndi hər şey cəbhə üçün, müdafiə üçün olmalıdır. 1941-1945-ci illər müharibəsi dövrünü bir yadınıza salın. O dövrü yaşayan adamlardan biri də mənəm. O vaxt insanlar ac da, çılpaq da qalırdılar, çox şeydən məhrum idilər. Lakin bir şey hamı üçün ümdə idi, əsas vəzifə idi: cəbhəyə, orduya kömək etmək, Vətənin müdafiəsini təşkil etmək. İndi də hamı belə etməlidir, indi də belə olmalıdır.

İndi biz respublikamızda iqtisadiyyat sahəsində islahatlar keçiririk. Bazar iqtisadiyyatı əsas yolumuzdur, sərbəst iqtisadiyyata böyük meydan vermişik və bu yolla da gedəcəyik. Lakin bu o demək deyildir ki, bəzi adamların çıxışlarında, bizə gələn məktublarda deyildiyi kimi, Bakıda cavan oğlanlar alver eləsin, kommersiya mağazalarında otursun, eyş-işrətlə məşğul olsun, xalqımızın bir hissəsi - onsuz da ağır vəziyyətdə, kənd rayonlarında yaşayan hissəsi isə gedib torpaqları müdafiə etsin. Bu torpaq hamımızındır - təkcə orada yaşayan adamların, təcavüzə məruz qalanların deyil, bütün Azərbaycanın torpağıdır. Hesab edirəm ki, bizim vətəndaşlarımız, ictimai - siyasi təşkilatlarımız məni düzgün başa düşərlər. Bir tərəfdə restoranlarda çalğı, həddindən artıq pullu adamların cürbəcür kef məclisləri, digər tərəfdə isə şəhidlər, cəbhədə vuruşanlar, qaçqın düşüb ağır vəziyyətdə yaşayanlar. Yox, hamı bərabər yaşamalıdır. O adamların hamısı bu işlərini qoyub cəbhəyə getməlidir. Ümumiyyətlə, indi Azərbaycanda hamıda Vətəni müdafiə əhval-ruhiyyəsi olmalıdır. Mən bütün vətəndaşları bu yola dəvət edirəm. Kim bu yolla gedəcəksə, o, xalqını sevən, Vətəninə sədaqətli olan adamdır. Kim bizim əxlaqımıza, mənəviyyatımıza, milli ənənələrimizə zidd olan yollarla gedəcəksə, o cür həyat tərzi ilə yaşayacaqsa, onların Azərbaycanda yaşamaq hüququ yoxdur.

Hətta bəzi hərbçilər də mənə deyirlər ki, bu ağır vəziyyətdə Azərbaycanı atıb başqa ölkələrə gedən, vəziyyət dəyişdikdən sonra geri qayıtmaq istəyən adamları respublikanın vətəndaşlığından məhrum etmək lazımdır, onların Azərbaycana qayıtmasına imkan verilməməlidir. Bu təkliflərdə həqiqət var. Həmin təklifləri irəli sürənlər Azərbaycana canı yanan adamlardır. Güman edirəm ki, mənim bu sözlərimi düzgün başa düşəcəksiniz.

Biz çoxlu məktub alırıq, bizə xeyli müraciətlər də olur. Əhalinin əksər hissəsi qanun-qaydanı möhkəmlətməyi, tələbkarlığı artırmağı, adamları nizam-intizama tabe etməyi, qanunları ciddiləşdirməyi istəyir. Bunların hamısı təbiidir. Ürəyi Vətən üçün, xalq üçün, torpaq üçün yanan adam belə düşünür və belə də düşünməlidir. Biz bu sahədə də lazımi tədbirlər görəcəyik.

Qeyd etdim ki, Azərbaycanda 1 milyon nəfərdən çox qaçqın var. Son vaxtlar onların sayı artıb. Qaçqınların bir hissəsi İmişli rayonunun ərazisində yerləşdirilib, İran İslam Cümhuriyyətindən oraya yardım, çadırlar və sair şeylər göndərilib. Qaçqınların bir hissəsi başqa rayonlarda yerləşdirilib, bir hissəsi də Bakıya gəlib, onların hamısına mütləq qayğı göstərilməlidir. Lakin lazımi qayğı yoxdur. Mən yenə də əlli il bundan əvvəlki müharibəni yada salıram. O vaxtlar Sovetlər İttifaqı ərazisinin xeyli hissəsi faşist qoşunları tərəfindən zəbt edilmişdi. Çox adam öz yerlərini tərk etmiş, qaçqın vəziyyətinə düşmüşdü. Ancaq o vaxtlar həmin adamları ayrı-ayrı ailələr öz himayəsinə götürürdülər. Mən hesab edirəm ki, Bakı şəhərində də, başqa şəhər və rayonlarımızda da hər ailə bir qaçqın ailəsini qəbul etmək imkanına malikdir. Bu, böyük bir xeyirxah iş olardı. İndi bizim rayonlarda, qəsəbələrdə, kəndlərdə və şəhərlərdə bəzi adamların iri evləri, bir neçə otaqlı mənzili vardır. Nə olar ki, qoy onların hərəsi bir qaçqın ailəsini götürüb saxlasın. Bunu etmək lazımdır. Biz qaçqınları yağışın, qarın altında qoya bilmərik. Bununla yanaşı, dünən biz ciddi tədbirlər görmüşük, Nazirlər Kabinetinə göstəriş vermişik. Qaçqınların məskunlaşdığı yerlərdə əlavə tədbirlər görmək niyyətindəyik.

Eyni zamanda belə bır fikir də meydana çıxıb və mən onu sizə çatdırmaq, müraciət etmək istəyirəm. İndi Azərbaycan Respublikasının, məsələn, Bakı, Gəncə, Sumqayıt və başqa şəhərlərində, digər yerlərində həm dövlət müəssisələrimiz var, həm də çoxlu şirkət, iş adamları, kommersiya ilə məşğul olan təşkilatlar var. Bunların bir çoxu son illər müvəffəqiyyətlə fəaliyyət göstərir, xeyli vəsait toplaya bilib. Bəs onlar nə iş görürlər? Onların gördüyü işlərə etirazımız yoxdur. Qeyd etdiyim kimi, biz bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat yolu ilə gedirik və bunların hamısına imkan verilib və veriləcəkdir. Lakin bununla yanaşı, bax, həmin strukturlar-həm dövlət müəssisələri, həm də xüsusi bölmə, şirkətlər, firmalar, assosiasiyalar, iş adamları qaçqınlara kömək etməlidirlər. Şübhəsiz ki, bu işlər pərakəndə halda ola bilməz. Biz Nazirlər Kabinetinə göstəriş vermişik ki, bu işi mütəşəkkil hala salsınlar.

Lakin elə olmasın ki, kimsə balaca bir iş görməklə, qaçqınlara aparıb yemək verməklə öz vəzifəsini bitmiş hesab etsin. Yaxşı olar ki, qaçqınların müəyyən bir hissəsini ayrı-ayrı şirkətlər, iş adamları və başqaları öz öhdəsinə götürsün, qaçqınların yerləşdirilməsi, maddi cəhətdən təmin edilməsi qeydinə qalsınlar. Ta qaçqınlar öz torpaqlarına qayıdana qədər. Əlbəttə, onlara bundan sonra da kömək edilməlidir. Çünki qaçqınlar öz yurdlarına qayıtdıqdan sonra çətinlikləri çox olacaqdır. Axı onların evləri dağıdılmışdır, bu adamlar var-dövlətlərini itirmişlər. Bu sahədə lazımi işlər görmək lazımdır. Bizdə Qaçqınlar Komitəsi var. Mən onun fəaliyyətini gənaətbəxş hesab etmirəm. O, öz işini genişləndirməlidir. Biz bu sahədə də lazımi tədbirlər görəcəyik.

Mən bütün rayonların, bütün şəhərlərin icra hakimiyyəti başçılarına, bütün nazirliklərin rəhbərlərinə, - hamıya müraciət edirəm ki, gücümüzü, imkanlarımızı toplayıb qaçqınlara lazımi kömək göstərməliyik.

Son vaxtlar baş vermiş hadisələrdən bəzi qüvvələr Azərbaycanda daxili sabitliyi pozmaq üçün istifadə edirlər. Biz bunu görürük. Həmin qüvvələr, birinci növbədə Xalq Cəbhəsinin qüvvələri və başqa qüvvələr orduda təxribatla məşğul olmuş, cəbhəyanı rayonlara gedərək əhalini yalandan qorxudub geri çəkilməyə məcbur etmişlər. Bu qüvvələrin bəziləri rayonların işğal olunmasına qəsdən imkan yaratmağa cəhd göstərmişlər və fürsətdən istifadə edərək öz fəaliyyətini davam etdirməyə can atırlar. Bunların hamısı xəyanətdir. Xalqına xəyanət edən, torpağa xəyanət edən adam əsl xəyanətkardır. Lakin bu, bir adamın işi deyildir, bunlar qruplardır, təşkilatlardır. Bizdə belə məlumatlar var. Azərbaycanın bu vəziyyətə düşməsinin əsas günahkarları olan bu adamlar fürsəti əldən verməyib, itirilmiş mövqelərini geri qaytarmaq, qisas almaq məqsədi güdürlər. Bunun üçün onlar çox çirkin yollara gedirlər və çirkin işlər görürlər. Adamlar arasında cürbəcür təbliğat aparmağa, xalqı çaşdırmağa, ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərirlər.

Son günlər alınan məlumatlar göstərir ki, Xalq Cəbhəsinin bəzi dəstələri, bəzi təşkilatlar yerlərdə adamlara silah paylayırlar və silahlı üsyan qaldırmaq fikrinə düşüblər, hakimiyyəti ələ keçirmək niyyətindədirlər. Halbuki hakimiyyət onlarda idi. Amma siz onu saxlaya bilmədiniz. Heç kəs hakimiyyətinizin əldən getməsinə çalışmırdı. Əgər siz bu hakimiyyəti saxlaya bilmədinizsə, özünüz qaçdınızsa, geri çəkildinizsə, buna kim təqsirkardır? Bəs indi nə istəyirsiniz?

Götürək elə həmin iyun hadisələrini. Bu hadisələrin nə üçün və nədən baş verdiyini təhlil etmək istəmirəm. Bu barədə Milli Məclisin qərarı var. Ancaq baş nazir Pənah Hüseynov iyunun 6-da istefa verib, qaçıb, indiyə qədər tapılmır. Ali Sovetin sədri İsa Qəmbərov iyunun 13-də istefa verib. Azərbaycan prezidenti Əbülfəz Elçibəy iyunun 17-də Bakını tərk edərək gedib və indiyədək Kələki kəndində yaşayır. Əgər onlar günahkar deyildirlərsə, hakimiyyəti özlərində saxlamaq fikrində idilərsə, nə üçün istefa verdilər, nə üçün qaçdılar? Halbuki hakimiyyət də, dövlət də onların əlində idi. Onlar hakimiyyətdən də, dövlətdən də, bütün imkanlardan istifadə edib Azərbaycanda sabitlik yaratmalı, vətəndaş müharibəsinin qarşısını almalı və silahlı qüvvələri gücləndirib Azərbaycanın müdafiəsini təmin etməli idilər. Ancaq bunu etmədilər. Ona görə etmədilər ki, onlar hakimiyyətə gələn gündən daxildə bir-biri ilə mübarizə aparmaq, bir-birini yıxmaq, bir-birinin vəzifəsini əlindən almaq niyyətləri ilə yaşayır, cürbəcür qanunsuz hərəkətlərə yol verir, xalqda narazılıq yaradırlar. Ona görə də bu hakimiyyət öz-özünə yıxılıb getmişdir.

Bir sözlə, bu hakimiyyəti onların özləri təhvil verib, özləri çıxıb gediblər, onları heç kəs yıxmayıbdır. İndi bu vəziyyətdə torpağı, Vətəni qorumaq əvəzinə Xalq Cəbhəsinin fürsətdən istifadə edib ara qızışdırması, insanları çaşbaş salması, qaçqın vəziyyətinə düşən adamlardan öz çirkin məqsədləri üçün istifadə edib təxribatlar törətməsi, dövlət orqanlarına qarşı təbliğat aparması nəyə lazımdır? Halbuki Xalq Cəbhəsi torpağı qorumaq, Vətəni qorumaq məqsədilə yaradılmışdı. Demək belə çıxır ki, beş ildən bəri gedən proseslər indi də davam edir. Bunlara son qoymaq lazımdır.

Buna görə də oktyabrın 10-da prezident vəzifəsinin icrasına başlayarkən xalqa müraciətimdə də bildirdim ki, prezident kimi Azərbaycan Respublikasında siyasi dünyabaxışından asılı olmayaraq bütün qüvvələri əl-ələ verib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmağa dəvət edirəm. Ola bilsin ki, kiminsə kimdən xoşu gəlmir, birinin bir cür, başqasının ayrı cür dünyagörüşü var, bunların hamısı kənara qoyulmalıdır. Ola bilər ki, tarixi biri bir cür, başqası ayrı cür təhlil etsin, - bunlara son qoyulmalıdır. İndi Azərbaycan üçün bir amal, bir məqsəd var: Azərbaycanı bu ağır vəziyyətdən xilas etmək, onun ərazi bütövlüyünü, müdafiəsini təmin etmək. Kimin əlindən nə gəlirsə, bu amal, bu məqsəd naminə etməlidir.

Hamımız üçün bir böyük məfhum var: Azərbaycan Respublikası, Azərbaycan xalqı. Bu məfhumun ətrafında hamı sıx birləşməlidir.

Azərbaycanın müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü təmin edildikdən sonra kim hansı vəzifəni istəyirsə, gəlib götürsün. Ancaq indi durub vəzifə davası döymək, bu fürsətdən, bu yazıq, məzlum adamlardan, onsuz da ağır bəlaya düçar olmuş insanlardan, qaçqınlardan istifadə edib təbliğat aparmaq, qisas əhval-ruhiyyəsi ilə yaşamaq - bunların hamısı xalqımıza xəyanətdir. Mən başa düşmürəm, nədən ötrü qisas almaq istəyirlər. Ona görə də mən Xalq Cəbhəsinə və başqa siyasi qüvvələrə xəbərdarlıq edirəm ki, bu əməllərindən əl çəksinlər. Azərbaycanın dövlət qanunları qorunacaqdır, Azərbaycan dövləti özünü və respublikanı qorumağa qadirdir. Hesab edirəm ki, bundan hərə özü üçün nəticə çıxarmalıdır. Biz belə hallara yol verməyəcəyik! Bununla əlaqədar mən xalqa, hamıya - bütün siyasi partiyalara, siyasi qüvvələrə, Azərbaycanı sevən, vətəninə hörmət bəsləyən bütün adamlara bir daha müraciət edirəm: Hamı qüvvələri toplayıb bir hədəfə vurmalıdır, Azərbaycanı müdafiə etmək, bu ağır vəziyyətdən çıxarmaq lazımdır.

Azərbaycanın iqtisadiyyatında da dağıntılar çoxdur. Mən bunu dəfələrlə demişəm. Hazırda sənayemiz də, kənd təsərrüfatımız da ağır vəziyyətdədir. Bir tərəfdən torpaqların bir hissəsi işğal edilib, digər tərəfdən kənd rayonlarında lazımi işlər görülmədi, məhsul yığılmadı. Əlaqədar nazirliklər üzərlərinə düşən vəzifələri yerinə yetirmədilər, rayon rəhbərləri lazımi iş görmədilər. İqtisadiyyatda da çətinliklərimiz çoxdur. Ancaq həm sənayedə, kənd təsərrüfatında, həm də adamların təchizatı sahəsində olan çətinlikləri aradan qaldırmaq mümkündür. Xalqımız dözümlü xalqdır, bu ağır vəziyyətə dözəcəkdir. Ola bilər az yesin, ola bilər nəyi isə çatmasın, ola bilər lazımi paltarı olmasın. Lakin torpağı itirmək olmaz. Ona görə də indi bütün qüvvələr cəlb olunmalıdır ki, hamımız birləşək və hamımız Azərbaycanın müdafiəsini təmin edək, yaranmış vəziyyətdən birlikdə çıxaq.

Bu baxımdan hesab edirəm ki, işğal olunmuş rayonların əhalisi fəaliyyət göstərməlidir. Həmin rayonlarda çox qəhrəman, cəsur adamlar, hörmətli adamlar olubdur. Laçın rayonundan da, Kəlbəcər rayonundan da, Dağlıq Qarabağın ərazisindən, Şuşadan, Ağdamdan, Füzulidən, Cəbrayıldan, Qubadlıdan, Zəngilandan olan hörmətli, nüfuzlu şəxslər, bu rayonların əhalisi müdafiə üçün imkanlara malik adamların səfərbər edilməsində bizə kömək etməlidirlər. Bu rayonların əhalisi arasından bizim orduda xidmət etmək imkanı olan adamları gətirib özləri təqdim etməlidirlər. Belə etsələr, səfərbərlikdə buraxılmış səhvlər yəqin ki, olmaz, yaxud da az olar.

Ona görə də həmin rayonların hörmətli adamlarına, vətəndaşlarına müraciət edirəm. Mən bu rayonların səlahiyyətli nümayəndələri ilə, - özü də beş-on nəfərlə yox, böyük tərkibdə, hər rayondan 500, 600, 700 nəfərlik tərkibdə, - ayrı-ayrılıqda görüşməyə hazıram. Onlarla görüşüb, bu rayonların geri qaytarılması üçün hansı tədbirləri görmək barədə məsləhətləşmək əzmindəyəm və dəvət edirəm ki, bu görüşlər yaxın günlərdə təşkil olunsun. Mən buna hazıram. Eyni zamanda bütün başqa nüfuzlu şəxslərin hamısı ilə, bu işdə iştirak etməyə imkanı olan hər bir adamla görüşməyə hazıram. Bu gün mənə xəbər verdilər ki, böyük bir dəstə - Əfqanıstanda vuruşmuş azərbaycanlı döyüşçülər, təxminən min nəfər adam mənimlə görüşmək üçün müraciət ediblər. Mən onlarla görüşməyə razılıq vermişəm. Onlar Azərbaycanın müdafiəsi üçün vuruşmağa hazırdırlar. Bu, yaxşı təşəbbüsdür. Arzu edirəm ki, belə təşəbbüslər davam etsin. Beləliklə biz müdafiə qüvvələrimizi möhkəmləndirər, Azərbaycanda milli həmrəyliyi, milli birliyi təmin edərik. Ancaq bunlarla yanaşı, bizə gələn məktubların, təkliflərin hamısında bizdən bir şey tələb olunur: qanun-qaydanı möhkəmlətmək, tələbkarlığı gücləndirmək, cinayətkarlığa qarşı mübarizəni ciddiləşdirmək, hüquq-mühafizə orqanlarında qanun-qayda yaratmaq, ordunu möhkəmlətmək, orduya qayğı göstərmək.

Baxmayaraq ki, bəzi səbəblərdən, ya qorxaqlığa görə, yaxud pis niyyətlərə görə ordunun ayrı-ayrı hissələrindən qaçıb gedən adamlar var, biz ordumuza, əsgərlikdə olan adamlara hörmət etməliyik, ordumuzu hörmətlə, qayğı ilə əhatə etməliyik. Mən xalqı buna dəvət edirəm. Bəzi qəzetlər belə məlumat verirlər ki, guya bizim uğursuzluqlarımıza səbəb budur ki, ayrı-ayrı batalyonlar vardı, onlar ləğv edildi. Bunlar hamısı yalan sözdür. Onların necə batalyonlar olduğu məlumdur, çoxusu cinayətkar batalyondur. Onlar cəbhə bölgələrində yerli əhalini qarət etməklə məşğul olublar. Erməni silahlı qüvvələri ilə əlaqəyə girib, var-dövlətimizi onlara satmaqla məşğul olublar. Onların adları da məlumdur. Mən bu adları çəkməyə ehtiyac görmürəm.

Onların çoxu Xalq Cəbhəsi ilə, bəziləri başqa qüvvələrlə bağlı olubdur. Bədbəxtlik də burasındadır ki, biz bu ikiillik müstəqillik dövründə Azərbaycanda dövlət strukturu əsasında nizami ordu yaratmaq əvəzinə, ayrı-ayrı adamlar, ayrı-ayrı qüvvələr hərəsi özünə bir batalyon yaradıb, gedib haradasa balaca bir kəndi guya alıb, guya böyük bir şücaət göstəribdir. Əslində isə bunlar heç bir nəticə verməyib, bizi gətirib bax, bu dağıntı vəziyyətinə çıxarıb.

Ona görə də mən cürbəcür ittihamları tamamilə rədd edirəm. Kim istəyirsə bizim müdafiə qüvvələrimiz möhkəmlənsin, hamı bir mərkəzdə - Müdafiə Nazirliyində, ordumuzda cəmlənməlidir. Kim orada qulluq etmək istəyirsə, gəlib qulluq etsin.

Qanun-qaydanı, nizam-intizamı möhkəmləndirmək üçün bizə təkliflər gəlir ki, Azərbaycan müharibə şəraitindədir, buna görə də hərbi vəziyyət elan etmək lazımdır. Yaxud bəziləri təklif ediblər ki, fövqəladə vəziyyət elan olunmalıdır. Bu təkliflərdə əsas var. Mən bunlara da müəyyən dərəcədə bəraət qazandırıram. Biz bu barədə düşünürük. Ancaq güman edirəm ki, hər bir şəxs öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirərsə, hər bir azərbaycanlı öz torpağına, vətəninə, obasına sadiq qalarsa və vətənini, torpağını hər şeydən üstün tutarsa, belə tədbirlərə əl atmağa ehtiyac olmayacaqdır. İndi bütün siyasi qüvvələr bir məqsədə qulluq etsələr, dövlətin ətrafında toplaşıb, dövlətçilik yolu ilə, qanun-qayda yolu ilə Azərbaycanı bu ağır vəziyyətdən xilas etmək əzmində olsalar, onda bu tədbirlərə əl atmaq lazım gəlməyəcəkdir. Ancaq ola bilər ki, vəziyyət bizi belə tədbirlərə də əl atmaq məcburiyyətinə gətirib çıxarsın. Güman edirəm ki, əgər biz milli həmrəyliyə, vətəndaş birliyinə, vətəndaş həmrəyliyinə nail ola bilsək, bu tədbirlərin hamısından, şübhəsiz imtina edə bilərik və onlara ehtiyac olmaz.

Bu fikirlərimi sizə çatdıraraq qeyd etmək istəyirəm ki, biz öz diplomatik, siyasi fəaliyyətimizi də davam etdiririk və davam etdirəcəyik. Danışıqlar yolu ilə atəşkəsin davam etdirilməsinə nail olmağa çalışacağıq. Məsələlərin sülh yolu ilə həll edilməsinə bundan sonra da üstünlük verəcəyik. Ancaq hər bir vətəndaş, hər bir azərbaycanlı hiss etməlidir ki, indi vətəni qorumaq üçün hərə öz payını verməlidir, hərə öz yerini tapmalıdır. İndi hər kəs müsəlləh əsgər olmalıdır. Bundan artıq vəzifə yoxdur. Bütün qalan problemlər sonra həll ediləcəkdir. Bütün digər problemlər ikinci, üçüncü sıraya keçməlidir. Ön cərgədə birinci növbədə bu problem durmalıdır. Hamı onun ətrafında birləşməlidir.

Mən bəzi acı həqiqətləri sizə çatdıraraq, eyni zamanda bildirmək istəyirəm ki, doğrudan da, Azərbaycan xalqının potensialı - həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür. Biz bu potensialdan səmərəli istifadə etməliyik. Bu sahədə ziyalılarımız daha fəal çalışmalıdırlar. Onlar sərhəd bölgələrində, qaçqınların arasında, ordu hissələrində olmalıdırlar.

Burada oturub ah-vay etməkdən, yaxud qeybətlə məşğul olmaqdansa, ayrı-ayrı məsələlərə cürbəcür qiymət verməkdənsə gedib hərə bir cəbhə bölgəsində, ordu hissəsində adamların əhval-ruhiyyəsini, vətənpərvərlik hissini qaldırsa müdafiə qüvvələrinin möhkəmlənməsində iştirak etdiklərini göstərə bilərlər.

Mən yenə də əlli il bundan əvvəlki müharibə dövrünə qayıdıram. O zaman bizim ziyalılarımız - yazıçılar, mədəniyyət xadimləri, alimlər bu məsələlərdə çox fəal iştirak edirdilər. İndi də ziyalılarımızı dəvət edirəm, çox xahiş edirəm ki, bu işə qoşulsunlar. Ancaq bir məqsədlə - adamların fikrini, mənəviyyatını düzgün istiqamətə yönəltmək üçün qoşulsunlar, onları çaşdırmaq, ayrı-ayrı təxribat işləri aparmaq üçün yox. Güman edirəm ki, bu yolda hamımız bir olmalıyıq. Belə hesab edirəm ki, din xadimləri də bu sahədə öz işlərini görməlidirlər. Azərbaycan xalqının zəngin milli ənənələri var. Torpaqlarımızın etibarlı müdafiəsi üçün bu ənənələrdən istifadə olunmalıdır.

Bir sözlə, vəziyyət ağırdır, gərgindir. Ancaq bu o demək deyil ki, biz vəziyyəti çıxılmaz hesab edirik. Xeyr. Yenə də deyirəm, bu gün Azərbaycanın böyük gücü, potensialı, xalqımızın zəngin qəhrəmanlıq ənənələri - bunların hamısı birləşdirilməlidir. Bütün imkanlardan istifadə edərək Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmağa bizim imkanımız var.

Sizə bu fikirlərimlə, bu arzularımla müraciət edərək, hamımızı bu yolda fədakar mübarizəyə, Azərbaycanın müdafiəsinə qalxmağa dəvət edirəm və hamınızdan təşəbbüs, əməli fəaliyyət gözləyirəm. Diqqətinizə görə sağ olun, gecəniz xeyrə qalsın. Azərbaycan xalqına həyatın bu ağır dövründə uğurlar diləyirəm.

Sağ olun.

\"Azərbaycan\" qəzeti, 3 noyabr 1993-cü il.