Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyanın \"İtoçu\" şirkətinin prezidenti Minoro Murofuşi ilə görüşdəki söhbətindən - Tokio, Azərbaycan Prezidentinin iqamətgahı, 24 fevral 1998-ci il

Hörmətli cənab Murofuşi!

Mən sizi səmimi-qəlbdən salamlayıram və bu gün Yaponiyanın ən nüfuzlu neft şirkətinin rəhbəri ilə görüşümdən şərəf duyduğumu bildirirəm.

Azərbaycan-Yaponiya əməkdaşlığının durmadan inkişafı barədə söylədiyiniz fıkirlərə, Azərbaycan haqqında söylədiyiniz xoş sözlərə görə sizə minnətdarlığımı bildirirəm. Mən də sizinlə 1997-ci ilin sentyabrındakı görüşümüzü məmnunluqla xatırlayıram. Mən Yaponiyanm Baş naziri cənab Haşimotonun dəvəti ilə Yaponiyaya rəsmi səfərə gəlmişəm. Məmnuniyyət hissi ilə deyə bilərəm ki, Tokio şəhərində, \"Gündoğar ölkə\"yə ayaq basandan indiyə qədər bu səfərim çox uğurlu, qarşılıqlı anlaşma və dostluq şəraitində keçir. Xəzərin Azərbaycan sektorundakı neft-qaz yataqlarının birgə işlənilməsi üçün imzalanmış müqavilələrin həyata keçirilməsində dünyanın 12 ölkəsinin 20 ən nüfuzlu şirkətinin, o cümlədən \"İtoçu\"nun yaxından iştirak etməsindən çox məmnun və razı qaldığımı bildirirəm və zəngin təbii ehtiyatlara malik respublikamızda digər sahələrdə də əlaqələr qurulması, qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün \"İtoçu\" şirkətinin geniş imkanlara malik olduğımu yüksək qiymətləndirirəm. Yaponiyanın 6 şirkətinin Bakıda nümayəndəliyinin açılmasından və bu ölkənin digər nüfuzlu şirkətlərinin də Azərbaycanla əlaqələrin sıxlaşdırılmasına böyük maraq göstərməsindən çox məmnun qaldığımı söyləmək istəyirəm. Əmin olduğumu bildirirəm ki, \"İtoçu\" şirkəti ilə respublikamızın əməkdaşlığı bundan sonra daha da sürətlə inkişaf edəcəkdir. Ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi barədə cənab Murofuşinin irəli sürdüyü təklifləri diqqətlə dinlədim və \"İtoçu\" Neft Şirkətinin Azərbaycanla sıx əməkdaşlıq etməsinə bundan sonra da dəstək verəcəyimi bildirirəm.