Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Nyu-Yorkda Amerikanın neft şirkətlərinin təşkil etdiyi qəbulda çıxışı - 29 sentyabr 1994-cü il

Hörmətli xanımlar, cənablar!

Sentyabrın 20-də Azərbaycanda, onun paytaxtı Bakıda tarixi bir hadisə baş vermişdir. Azərbaycan Respublikası ilə dünyanın iri neft şirkətləri arasında otuz il müddətinə artıq hamıya məlum olan böyük bir müqavilə imzalanmışdır.

Bilirsiniz ki, Azərbaycan neft ölkəsidir və ta qədimdən ona \"Odlar diyarı\" deyirlər. Azərbaycan dünyada ilk dəfə sənaye üsulu ilə çıxarılan neftin məkanı olub - 1847-ci ildə Bakıda ilk dəfə neft fontan vurmuşdur. Ondan bir neçə il sonra isə ABŞ-da, Pensilvaniyada neft fontanı olmuşdur. Doğrudur, Azərbaycandakı ilk neft fontanı dünyada o qədər də məşhur olmayıb. Ona görə də çoxları elə bilir ki, ilk neft fontanı Pensilvaniyaya məxsusdur. Ancaq sonradan bu tarixi fakt araşdırılıb və mən sentyabrın 20-də Bakıda neft müqaviləsi imzalanması mərasimində bu faktı tarixi sənədlər əsasında dünyaya bəyan etdim, dedim ki, Bakıda neft Pensilvaniyadan bir neçə il qabaq fontan vurmuşdur.

1900-cü ildə, əsrin əvvəlində dünyada çıxarılan neftin 50 faizi Azərbaycanda hasil edilirdi. İndi XX əsr başa çatır və ötən dövrdə Azərbaycan nefti bütün dünyada məşhur olubdur, Azərbaycan neftindən dünyanın hər yerində istifadə edilib. Ancaq təəssüf ki, Azərbaycanın adı, respublikamızın gördüyü işlər dünya miqyasında, o cümlədən ABŞ-da o qədər də məlum olmayıb. İndi, XX əsrin sonunda, XXI əsrin astanasında Azərbaycan nefti yenidən dünyada məşhurlaşır. Üç ildən artıq gedən danışıqlar başa çatıb, tarixi müqavilə imzalanıb. Bu, həm Azərbaycan üçün, həm də ölkəmizlə müştərək iş görməkdən ötrü müqaviləyə imza atmış neft şirkətləri üçün böyük tarixi hadisədir.

Bu müqavilənin baş tutması Azərbaycanın müstəqilliyi ilə əlaqədardır. 150 ildir ki, Azərbaycanda sənaye üsulu ilə neft çıxarılır. Ancaq xalqımız bu sərvətin sahibi olmayıb. Azərbaycan xalqı, respublikamız ilk dəfədir ki, xarici ölkələrin neft şirkətləri ilə tarixi əhəmiyyətli müqavilə imzalamışdır. Mən çox sevinirəm ki, bu üç il müddətində müqavilənin hazırlanması ilə əlaqədar Azərbaycan ilə ABŞ arasında çox sıx əlaqələr yaranmışdır. İndi Azərbaycanın Amerikada çoxlu dostları var. Doğrudur, bu, istədiyimiz qədər çox deyil. Ancaq əvvəlkilərə nisbətən indi dostlarımızın sayı xeyli çoxdur.

Məni çox sevindirir ki, burada Amerika konqresmeni cənab Qreq Laflin Azərbaycan haqqında gözəl sözlər dedi. Mən dünən Kolumbiya Universitetinin Harriman İnstitutunda - keçmiş Sovet İttifaqını öyrənən institutda oldum, institutun professorları, elmi işçiləri ilə, Azərbaycanı çox sevən, ölkəmiz haqqında çoxlu yazılar yazan professor Tadeuş Svyatixovski ilə görüşdüm. Çox sevindim ki, Svyatixovski kimi bir şəxs var və o, Azərbaycan haqqında həqiqətləri yazır. Ancaq eyni zamanda təəssüflə bildirdim ki, nə üçün Amerikada Svyatixovskilər azdır və Azərbaycan üçün cəmi bir Svyatixovski var. Orada mənə dedilər ki, indən sonra burada Svyatixovskilər çox olacaq. İndi cənab Laflin çıxış edəndə fikirləşdim ki, nə üçün Azərbaycanın Amerikada cəmi bir Laflini var. Mən istərdim ki, Amerikada Azərbaycan üçün Laflinlər yüzlərlə olsun.

Ola bilər, cənab Laflin istəyir ki, tək olsun və Azərbaycanda yalnız onu sevsinlər. Amma güman edirəm ki, cənab Laflin çox geniş qəlbli adamdır, o heç vaxt qısqanclıq etməyəcək və istəyəcək ki, Azərbaycanı onun kimi sevən konqresmenlər çox olsunlar. Mən bu gecə burada sizinlə bərabər olarkən sentyabrın 20-də axşam \"Gülüstan\" sarayındakı ziyafəti xatırlayıram. \"Gülüstan\" sarayının salonu 4-5 dəfə bu salondan böyükdür. O ziyafətdə iştirak edən qonaqların yarısı Amerikadan gəlmiş adamlar idi. Mən o axşam da düşünürdüm, bu gün də düşünürəm ki, artıq Amerikada Azərbaycanın dostları çoxalıb. Düşünürəm ki, bu gün Laflin tək deyil, dostlarımızın sayı artıb. Güman edirəm ki, biz hələ bu işin başlanğıcındayıq. Biz günbəgün, aybaay iş dairəmizi genişləndirəcəyik və dostluq əlaqələrimiz daha da möhkəmlənəcək. Bakıda imzalanmış müqavilənin həm iqtisadi, həm humanitar, həm də siyasi əhəmiyyəti var. Mən o müqavilənin bağlanması barədə sentyabrın 14-də fərman imzalayarkən düşündüm ki, Azərbaycanın müstəqilliyini bütün dünyada nümayiş etdirmək üçün ciddi bir addım atıram. Bu, həqiqətdir. Çünki bu müqavilənin bağlanmasına mane olan qüvvələr çox idi. Bizi hətta bəzən hədələyirdilər. Ancaq Azərbaycanın müstəqilliyi indi o qədər möhkəmdir ki, heç bir hədədən, maneədən çəkinmədik və müqaviləni imzaladıq.

Şübhəsiz ki, bu, Azərbaycan üçün cəsarətli bir addımdır. Ancaq mən əminəm ki, bu, Azərbaycanın gələcəyi üçün çox ümidverici bir addımdır. Bu müqavilədə iştirak edən Qərb ölkələrinin və ABŞ-ın neft şirkətləri də belə fikirdədirlər. Müqavilənin iqtisadi cəhəti kimi, digər cəhətləri də bizim üçün çox əhəmiyyətlidir. Bu müqavilə Azərbaycan ilə ABŞ arasında və digər Qərb ölkələri arasında əlaqələri inkişaf etdirmək üçün böyük əsas yaradır.

Təsəvvür edin. Müqavilə sentyabrın 20-də imzalanıb, sentyabrın 25-də Azərbaycan Prezidenti ilk dəfə ABŞ-a gəlib, sentyabrın 26-da ABŞ Prezidenti cənab Bill Klintonla Azərbaycan Prezidenti görüşüb, çox əhəmiyyətli danışıqlar aparıb. Bu gün biz burada toplaşmışıq və \"Gülüstan\" sarayında olduğu kimi, burada da həmin tarixi hadisəni qeyd edirik. Baxın, bir həftə içərisində nə qədər hadisə baş verib. Bunlar hamısı müstəqil Azərbaycan üçün tarixi hadisələrdir. Bunlar hamısı Azərbaycan xalqının qəlbindən gələn hisslərdir. Bunlar hamısı Azərbaycan xalqının, Azərbaycan Respublikasının Qərbə, ABŞ-a olan hörmət və ehtiramının əlamətidir. Bunlar hamısı xalqlarımız arasında yaranan dostluğun ilk körpüsüdür. Mən hesab edirəm ki, bu yolda bizə heç bir qüvvə mane ola bilməz. Biz cəsarətli addım atmışıq və axıra qədər getməyə hazırıq. Mən Azərbaycanın Prezidenti kimi bu sahədə üzərimə düşən vəzifələri axıradək yerinə yetirəcəyəm. Azərbaycan xalqı ilə Amerika xalqı arasında dostluq əlaqələrinin genişləndirilməsi üçün bütün səylərimi sərf edəcəyəm. Əminəm ki, bundan sonra Amerika vətəndaşları, siz, buradakı dostlarımız Azərbaycan ilə daha yaxından tanış olaraq xalqımızın nə qədər geniş ürəkli, səmimi olduğunu hiss edəcəksiniz.

Sizin hamınızı bu tarixi hadisə münasibətilə təbrik edirəm. Bu günlərdə ABŞ-da, Nyu-Yorkda olmağımdan çox məmnunam. ABŞ Prezidenti cənab Bill Klintonla görüşlərimi Azərbaycan üçün çox əhəmiyyətli hesab edirəm. Əminəm ki, bunlar hamısı Azərbaycan ilə ABŞ arasında dostluq əlaqələri üçün çox yaxşı əsasdır. Cənab Laflin dedi ki, o, Azərbaycanda iki dəfə olub. Mən onu üçüncü dəfə ölkəmizə dəvət etdim. Sizin hamınızı Azərbaycana dəvət edirəm. Bəziləriniz mənim dəvətim olmadan da gələcəksiniz, çünki ölkəmizdə işləriniz var. Ancaq bilin ki, hər birinizi Azərbaycanda əziz qonaq kimi qəbul etməyə hazırıq.

Bugünkü görüş bizim üçün tarixi hadisədir. Hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram. ABŞ kimi böyük dövlətin qüdrətinin artmasını arzu edirəm. Bütün Amerika xalqına xoş arzularımı bildirirəm.

\"Azərbaycan\" qəzeti, 30 sentyabr 1994-cü il.