Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri (10-11 iyun 1997-ci il)

Qazaxıstan Prezidentinin dəvətini qəbul edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1997-ci il iyun ayının 10-11-də Qazaxıstanda rəsmi səfərdə olub. Səfərin əsas məqsədi iki respublika arasında bütün sahələrdə keçmiş əlaqələri bərpa etmək, əməkdaşlıgı inkişaf etdirməkdən ibarət olub. Belə ki, Azərbaycanın Qazaxıstanla birbaşa qarşılıqlı əlaqələrinin qurulması hələ iki respublikanın İttifaqin tərkibində olduğu dövrə təsadüf edir.

İyunun 10-da Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyev bu səfərin Qazaxıstan-Azərbaycan münasibətlərində, Azərbaycanın həyatında mühüm hadisə hesab etdiyini vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında qazax xalqının, o cümlədən şəxsən prezidentin dəstəyinin həmişə hiss olunduğunu, münaqişənin ilk günlərindən Qazaxıstan dövlətinin Azərbaycanın ərazi bütövlüyünü və bölünməzliyini dönmədən müdafiə etdiyini bildirib.

Həmin gün Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında bir sıra xüsusi əhəmiyyət kəsb edən dövlətlərarası və hökumətlərarası sənədlər imzalanıb. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Qazaxıstan Respublikası vətəndaşlarının vizasız gediş gəlişi haqqında saziş, azad ticarət haqqında saziş, mülki işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında saziş, neft maşınqayırması sahəsində əməkdaşlığın əsas prinsipləri haqqında saziş və digər sənədlər imzalanıb.

Sənədlərin imzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev birgə mətbuat konfransında bəyanatında qeyd edib: «Xalqlarımız ümumi tarixi köklərə, zəngin birgə tarixə, zəngin yaxın və oxşar ənənələrə malikdirlər. Bizi keçmişlə birgə tariximizdə olanlar da birləşdirir. Lakin Qazaxıstan və Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ölkələrimizin həyatında və xalqlarımızın həyatında tamamilə yeni mərhələ başlandı.»

İyunun 11-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Qazaxıstan Parlamentinin hər iki palatasının – senatın və məclisin deputatları qarşısında çıxış edib.

Həmin gün Azərbaycan prezidentinə Əl-Fərabi adına Qazax Milli Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilib. Mərasimdən sonra Qazaxıstanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb və qazax jurnalistlərinə müsahibəsində azərbaycanlılara göstərilən münasibətdən tam razı qaldığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Qazaxıstana rəsmi səfərinin sonunda, Qazaxıstan işgüzar dairələrinin nümayəndələrilə keçirilən yekun görüşdə, səfərin əhəmiyyətini ifadə edərək bilirib: «Dünən biz Qazaxıstan ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi və inkişaf etdirilməsi haqqında çox mühüm sənəd imzaladıq. Bu sənəd dərin mənaya, dərin məzmuna malikdir, münasibətlərimizin tərəfdaşlıq xarakterini, Qazaxıstanın və Azərbaycanın strateji tərəfdaşlığının xarakterini müəyyənləşdirir.

Biz Qazaxıstanda və Azərbaycanda neftin hasilatı və Xəzər dənizindən istifadə edərək neft və qazın beynəlxalq bazarlara nəql olunması haqqında memorandum imzaladıq. Bu sənəd istər Xəzər dənizi hövzəsində, istərsədə bütövlükdə neft və qaz sənayesi sahəsində Qazaxıstanla Azərbaycan arasında gələcək əməkdaşlıq üçün çox yaxşı bünövrə qoyur.» 

Bu gün Azərbaycan və Qazaxıstan siyasi, iqtisadi, mədəni sahələrdə və bir sıra təşkilatlarda fəal əməkdaşlıq edir. Hər iki dövlət Xəzərin hüquqi statusu məsələsində eyni mövqeni bölüşür.