"Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası - 2002" IX Beynəlxalq sərgi və konfransının açılışında Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 4 iyun 2002-ci il

Hörmətli xanımlar və cənablar!

Sizi Bakı neft, qaz, neftayırma və neft kimyası IX Beynəlxalq sərgi və konfransının işə başlaması münasibətilə ürəkdən təbrik edirəm. Sərgi və konfrans iştirakçılarının hamısını səmimi qəlbdən salamlayıram və sizə işlərinizdə uğurlar arzulayıram.

Bakı neft-qaz sərgisi ənənəvi xarakter alıbdır. Doqquz ildir ki, ardıcıl surətdə təşkil olunur. İldən-ilə yeni şirkətlərin, yeni ölkələrin nümayəndələri sərgidə iştirak etmək üçün Azərbaycana gəlirlər. Bunların hamısı Bakı neft-qaz beynəlxalq sərgisinin dünya miqyaslı bir sərgiyə - konfransa çevrildiyini əyani surətdə nümayiş etdirir.

Şübhə etmirəm ki, əvvəlki illərdə olduğu kimi, indiki sərgidə, konfransda da dünyanın 31 ölkəsindən Azərbaycana gəlmiş iştirakçılar səmərəli fikir mübadiləsi aparacaq, neft və qaz sənayesinin inkişafı üçün elmi nailiyyətləri və təcrübələrini bir-biri ilə bölüşəcəklər. Bakı beynəlxalq neftqaz sərgisi bir daha dünyanın neft və qaz sənayesi sahəsində öz xidmətlərini göstərəcəkdir.

Bakıda belə bir sərginin keçirilməsi heç də təsadüfi deyildir. Bakı, Azərbaycan qədim neft diyarıdır. 150 il bundan öncə dünyada ilk dəfə Azərbaycanda sənaye üsulu ilə neft hasil olmuşdur. Sonrakı onilliklərdə Azərbaycanın neft yataqları dünyanın böyük şirkətlərinin nəzər-diqqətini cəlb etmiş və XIX əsrin əvvəllərində Bakı dünyada ən böyük neft hasil edilən bölgəyə çevrilmişdi.

Bu, bizim keçmişimizdir. Amma indi, son illər aparılan işlər və Bakı neft-qaz sərgisinin 9-cu dəfə keçirilməsi Azərbaycanı müasir dünyada böyük neft mərkəzlərindən birinə çevirmişdir. Bunun əsası 1994-cü ildə qoyulmuşdur. O vaxt müstəqil Azərbaycan dövlətinin neft strategiyası irəliyə sürülmüş və onun həyata keçirilməsinə başlanılmışdı. 1994-cü ildə dünyanın bir çox neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkətinin imzaladığı, dünyaya bəyan etdiyi "Əsrin müqaviləsi" bu işin başlanğıcını qoymuşdur.

"Əsrin müqaviləsi"nin imzalanması dünya və xüsusən neft və qaz hasilatı ilə məşğul olan ölkələr, ümumiyyətlə, enerji ehtiyatlarına maraq göstərən ölkələr üçün mühüm hadisəyə çevrilmişdir.

Bəlkə də bu, möcüzə kimi qəbul olunmuşdu. O vaxt biz ciddi bir addım atdıq. Hələ Azərbaycan öz dövlət müstəqilliyinin möhkəmləndirilməsi ilə məşğul idi. Gənc, müstəqil Azərbaycan dövləti qarşısında böyük və çətin vəzifələr dururdu. Amma o vaxt, məhz 1994-cü ildə biz bu addımı atdıq. Buna inanmayanlar, bunu fantaziya hesab edənlər vardı. Bizim bu işimizə mane olmağa çalışanlar vardı. Dərhal dünyanın bir çox mərkəzlərindən səslər gəldi ki, Xəzərin hüquqi statusu müəyyən olunmayana qədər dənizdə belə genişmiqyaslı iş görmək olmaz. Bizim bu işimizə etiraz etdilər. Ancaq biz atdığımız addıma çox inanırdıq və bununla bərabər, çox əzmlə hərəkət edirdik.

İndi bizim əldə etdiyimiz nailiyyətlər göz qabağındadır. "Əsrin müqaviləsi" imzalanandan üç il sonra - 1997-ci ildə biz "Çıraq" neft yatağından ilkin neft aldıq. Təbiidir ki, neft almaqdan öncə biz bu neftin dünya bazarına ixracı haqqında tədbirlər görmüşdük. Bakı-Novorossiysk ixrac kəməri tikilmişdi. Ona görə də 1997-ci ilin noyabr ayında "Çıraq" neft yatağından ilkin neftin hasil edilməsini biz böyük təntənə ilə qeyd edərkən, artıq həmin yataqdan alınan neft Novorossiysk limanında, Qara dənizdə tankerlərə vurulurdu.

Sonra biz işimizi daha da sürətlə davam etdirdik. 1999-cu ildə Qərb istiqamətində Bakı-Supsa neft ixrac kəmərini başa çatdırdıq, aprel ayında onun açılışını təntənə ilə qeyd etdik. O vaxt da artıq Bakı-Supsa neft kəməri neftlə dolu idi. Biz açılışı qeyd edərkən neft Gürcüstanın Supsa limanında tankerlərə doldurulurdu. Beləliklə, biz bu layihənin birinci hissəsini uğurla, bəzi hallarda vaxtından əvvəl yerinə yetirdik.

İndi artıq "Çıraq" neft yatağından ildə 5 milyon tondan artıq neft hasil edilir və həmin neft Bakı-Supsa neft kəməri ilə ixrac olunur.

Azərbaycan Dövlət Neft Şirkəti Xəzərin Azərbaycan sektorunda olan zəngin neft və qaz yataqlarının müştərək işlənilməsi üçün dünyanın bir çox neft şirkətləri ilə müqavilələr imzalamışdır. O yataqlarda da işlər davam edir.

1996-cı ildə, növbəti Bakı neft-qaz beynəlxalq sərgisindən sonra, iyun ayında biz BP və bir çox başqa şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının müştərək işlənilməsi haqqında müqavilə imzaladıq. 2000-ci ildə isə artıq orada quyular qazıldı, BP və onunla tərəfdaş olan neft şirkətləri Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə "Şahdəniz" yatağında böyük qaz ehtiyatlarının kəşf edilməsi haqqında bəyanat verdilər və bildirdilər ki, oradan bir trilyon kubmetrdən çox qaz hasil etmək olar. Təbiidir ki, bu, minimumdur. Biz "Şahdəniz" yatağından hasil olunacaq qazın nəqli haqqında da düşündük.

"Azəri-Çıraq-Günəşli" neft yatağı haqqında imzalanmış müqaviləni həyata keçirərək, onun gələcək nəticələrini nəzərə alaraq, biz hələ 1994-cü ildən bu neftin dünya bazarlarına ixracı haqqında tədbirlər görməyə başladıq. O vaxt da və son illər ərzində də Bakı-Tbilisi-Ceyhan böyük neft ixrac kəmərinin tikilməsi barədə bizim qərarımız qəti idi.

İndiyə qədər dünyanın müxtəlif ölkələrində neft və qaz problemləri ilə məşğul olan mərkəzlərdə, - təbii ki, bəzilərində - bir tərəfdən, bu neft kəmərinin də mümkün olmaması, ikinci tərəfdən, iqtisadi cəhətdən səmərəli olmaması haqqında fikirlər irəli sürülür. Bir də təkrar edirəm, həmin fikirlər ondan ibarətdir ki, bu kəmər iqtisadi cəhətdən səmərəli deyil, bu, mümkün deyil, bu kəmərin təhlükəsizliyini təmin etmək mümkün deyildir və sair. Ancaq bunların heç biri bizi tutduğumuz yoldan çəkindirmədi. Çünki biz inanırdıq ki, təkcə "Azəri-Çıraq-Günəşli" yatağından yox, Xəzərin Azərbaycan sektorunda olan digər yataqlardan və hətta, Xəzərin başqa bölgələrindəki, yəni digər Xəzəryanı ölkələrə mənsub olan yataqlardan da neftin dünya bazarına ixrac edilməsinin ən əlverişli yolu Bakı-Tbilisi-Ceyhan böyük neft ixrac kəməridir. Biz öz qərarımızda qəti idik. Ona görə də 1998-ci ildə Ankarada Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşa edilməsi haqqında saziş imzalandı. Sonra əməli işlər görüldü.

1999-cu ildə ATƏT-in İstanbul sammiti keçirilən zaman Bakı-Tbilisi-Ceyhan böyük neft ixrac kəmərinin tam həyata keçirilməsi ilə əlaqədar Türkiyə, Gürcüstan, Azərbaycan və Qazaxıstanın dövlət başçıları böyük bir saziş imzaladılar. Bu saziş Amerika Birləşmiş Ştatlarının himayəsi altında imzalandı və ABŞ prezidenti Bill Klinton da buna öz imzasını atdı. Ondan sonra əməli iş davam edir. Biz artıq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşa edilməsi ərəfəsindəyik.

"Şahdəniz" yatağından hasil olunacaq qazın ixrac olunması üçün ötən ilin mart ayında Türkiyə Cümhuriyyəti ilə saziş imzalamışıq.

Təbiidir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri, həm də Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri Gürcüstanın iştirakı ilə yaranıb və həyata keçiriləcəkdir.

Beləliklə, biz hasil olunacaq neft və qazın ixracının təmin edilməsi haqqında öncədən düşünmüşük, onları həyata keçiririk.

Biz bütün bu işlərimizlə Xəzər dənizinin böyük neft və qaz ehtiyatlarını dünyaya açmışıq.

Xəzər dənizinin Azərbaycan sektorunda zəngin neft-qaz yataqlarının olması haqqında məlumatlar yetərli qədərdir. Bildiyiniz kimi, Azərbaycan hələ 50 il bundan öncə əfsanəvi Neft daşlarında, sahildən 100 kilometr uzaqda suyun dərinliklərindən neft və qaz hasil etməyə başlamışdır. Buna görə də bizim bu barədə istənilən qədər təcrübəmiz, böyük elmi potensialımız vardır. Azərbaycan müstəqil dövlət olandan sonra biz bu işləri həm özümüz üçün daha geniş miqyasda həyata keçirməyə başlamışıq, həm də Xəzər dənizinin böyük imkanlarını dünyaya açmışıq. Bu da Xəzər dənizinə dünyada, xüsusilə Qərbdə-Amerika Birləşmiş Ştatlarında, Avropada, habelə Asiya ölkələrində böyük maraq oyatmışdır.

Xəzər dənizi, Xəzər hövzəsi indi dünyanın ən zəngin neft və qaz yataqlarına malik olan bir bölgə kimi tanınmışdır. Buna görə də Xəzəryanı ölkələr son illər öz sahillərində, öz sektorlarında neft və qaz hasilatı ilə məşğul olmağa başlamışlar. Bu işin çox böyük gələcəyinə, perspektivlərinə inanırlar.

Suyun dərinliklərində neft quyuları qazmaq, neft hasil etmək asan iş deyildir. Vaxtilə biz Azərbaycanda suyun təxminən 120-150 metr dərinliyində quyular qaza bilirdik. Ancaq eyni zamanda bilirdik ki, Xəzərin Azərbaycan sektorundakı neft və qaz yataqlarının çox hissəsi dənizin dərin hissələrindədir. Ona görə də müasir texnika və texnologiyaya malik qazma qurğuları lazım idi. Biz bu işə 1970-ci illərin əvvəllərində başladıq. Bakıda belə qurğuların hazırlanması üçün dərin özüllər zavodu tikildi. O, indi də öz xidmətini göstərir. Ancaq bu, müasir texnika və texnologiyaya cavab verə bilmir.

Ötən illərdə neft strategiyamızın həyata keçirilməsi, "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənilməsi ilə əlaqədar işlərin görülməsi üçün Xəzər dənizində müasir texnika və texnologiyaya malik olan, suyun böyük dərinliklərində qazma işləri aparan qurğular yaradılmışdır - "Dədə Qorqud", "İstiqlal", "Qurtuluş" qazma qurğuları...

Mən başqa rəqəmlər gətirmək istəmirəm. Ancaq onu demək istəyirəm ki, bu üç qazma qurğusunun yaranmasına 450 milyon dollardan artıq vəsait sərf olunubdur. Bunlar indi Xəzər dənizində yeganə qurğulardır ki, suyun böyük dərinliklərində - 1000 metr dərinlikdə qazma işləri apara bilir və aparır. Başqa Xəzəryanı ölkələrin burada belə qurğuları yoxdur. İndi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, yəni BP-nin başçılıq etdiyi konsorsium yeni bir böyük qazma qurğusu hazırlayır. O, 2003-cü ildə istismara veriləcəkdir.

"Əsrin müqaviləsi"nin həyata keçirilməsi bizə böyük uğurlar gətiribdir. Biz bu layihədə nəzərdə tutduğumuzdan da üstün göstəricilərin meydana çıxmasını görürük. İndi "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənilməsinin birinci fazasına başlanır. Sonra ikinci, üçüncü fazalar olacaqdır. Qarşıdakı 5-6 ildə təkcə bu yataqlardan 40 milyon, daha sonra 50 milyon ton neft hasil ediləcəkdir. Bu, bilavasitə Azərbaycanın dövlət müstəqilliyinin nəticəsidir. Azərbaycanın dövlət neft strategiyasının nə qədər böyük əhəmiyyətə malik olduğunu, elmi cəhətdən nə qədər əsaslı olduğunu göstərir. Azərbaycanın dövlət neft strategiyası bundan sonra da öz müsbət nəticələrini verəcəkdir.

Ölkəmizdə gördüyümüz bu işlər, dediyim kimi, dövlət müstəqilliyimiz sayəsində mümkün olmuşdur. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulmasının nəticəsidir. Azərbaycanda demokratik dəyərlərin, bazar iqtisadiyyatının bərqərar olunmasının nəticəsidir. Biz bunları, təbiidir ki, ölkəmizin iqtisadiyyatının inkişaf etdirilməsi üçün, xalqımızın rifah halının yaxşılaşdırılması, müstəqil Azərbaycan dövlətinin iqtisadi cəhətdən daha da qüdrətli olması üçün edirik. Biz bu yolumuzu bütün istiqamətlərdə davam etdirəcəyik.

Eyni zamanda, bizim bu fəaliyyətimiz beynəlxalq xarakter daşıyır.

Çünki bu işləri biz öz xalqımız, millətimiz, öz ölkəmiz üçün görməklə yanaşı, bu işlərə dünyanın böyük neft şirkətlərini qoşmuşuq. İndi təkcə birinci layihədə -"Əsrin müqaviləsi"ndə 400-dən artıq xarici şirkət fəaliyyət göstərir. Bu da dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri ilə Azərbaycanın əlaqələrini genişləndirir, möhkəmləndirir. Azərbaycana xarici sərmayənin güclü axınını təmin edir. Azərbaycanla Avropa ölkələri, Amerika Birləşmiş Ştatları arasında əlaqələrin bütün sahələrdə inkişafını təmin edir.

Eyni zamanda, bizim bu layihələr - həm neft və qaz hasilatı ilə əlaqədar olan layihələr, həm Bakı-Tbilisi-Ceyhan böyük ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri bölgəmizdə təhlükəsizliyin təmin olunmasına yardım göstərir. Həm də bölgəmizdə iqtisadi əlaqələrin inkişafı üçün böyük imkanlar yaradır. Bax, bunlar Azərbaycan dövlətinin müstəqillik əldə edəndən sonra həyata keçirdiyi neft strategiyasının nəticəsidir. Bunlar Azərbaycanın dövlət müstəqilliyinin nəticəsidir. Azərbaycanın dünyanın bir çox ölkələri ilə, çox böyük və çoxsaylı şirkətləri ilə iqtisadi əlaqələrini yaradan və təmin edən amillərdir.

Bütün bunlar 9-cu dəfə Azərbaycanda keçirilən Bakı beynəlxalq neft-qaz sərgisində də öz əksini tapır. Hesab edirəm ki, Azərbaycanda hər il belə sərginin keçirilməsi onun hər bir iştirakçısı üçün faydalıdır. Eyni zamanda bu, bizim üçün, Azərbaycan üçün faydalıdır.

Burada nümayiş etdirilən eksponatlar, konfransda aparılan müzakirələr - bunların hamısı sərginin iştirakçıları üçün çox fayda gətirir və gətirəcəkdir.

Mən inanıram ki, Bakı beynəlxalq neft-qaz sərgisi bundan sonra da hər il keçiriləcəkdir. Gələn il biz sizinlə birlikdə bu sərginin on illiyini qeyd edəcəyik. Yenə də buraya toplaşacağıq. İnanıram ki, Xəzəryanı ölkələrin Xəzər hövzəsində neft və qaz hasilatı ilə əlaqədar bundan sonra görəcəyi işlər, Azərbaycanın dövlət neft strategiyasının daha da geniş miqyasda həyata keçirilməsi Bakı beynəlxalq neft-qaz sərgisini gələcəkdə daha da zənginləşdirəcəkdir.

Mən bu sərgini təşkil edənlərə - Spirhed Eksibişnz şirkətinə, Azərbaycan Ticarət və Sənaye Palatasına təşəkkürümü bildirirəm. Sərgidə, konfransda iştirak edən, uzaq məsafələri qət edərək buraya gələn Azərbaycanın bütün qonaqlarını bir daha salamlayıram. Hamınızı bu sərginin işə başlaması münasibətilə təbrik edirəm. Hər birinizə cansağlığı, işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 5 iyun 2002-ci il