\"Azəri-Çıraq-Günəşli\" yataqlarının tammiqyaslı işlənilməsinin 1-ci mərhələsinin qətnaməsinin imzalanması mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü - 30 avqust 2001-ci il

Hörmətli xanımlar və cənablar!

Biz bu gün Azərbaycanın həyatında yeni bir əlamətdar hadisə münasibətilə buraya toplaşmışıq. 1994-cü ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın 11 neft şirkəti arasında Azərbaycanın Xəzər dənizindəki sektorunda yerləşən \"Azəri\", \"Çıraq\" və \"Günəşli\" yataqlarında müştərək iş görmək üçün müqavilə imzalanmışdır. Bu müqavilə imzalandığı gündən dünyada \"Əsrin müqaviləsi\" adlanıb və o vaxtdan indiyə qədər bütün dünyanın nəzər-diqqətini cəlb edibdir.

Bu müqavilə Azərbaycanda Milli Məclis tərəfindən ratifikasiya olunandan sonra burada 11 neft şirkəti konsorsium - Beynəlxalq Əməliyyat Şirkəti adı ilə ümumi bir təşkilat yaradıbdır. Onlar da Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə müqavilənin həyata keçirilməsi üçün lazımi tədbirlər görməyə başlamışlar. Təbiidir ki, burada böyük hazırlıq işləri görülməli idi. Bunlar müvəffəqiyyətlə həyata keçirildi və 1997-ci ilin oktyabr ayında \"Çıraq\" neft yatağında qurulmuş platformadan ilkin neft hasil olundu. O vaxta qədər Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə gələcəkdə hasil olacaq neftin ixracının təmin edilməsi üçün iki neft kəmərinin tikilməsinə nail olubdur. Qara dənizin Novorossiysk limanına nefti çatdırmaq üçün Bakı-Novorossiysk xətti və Gürcüstanın Qara dənizdə olan Supsa limanına neftin çatdırılması üçün Bakı-Supsa xətti tikilmişdir.

Təbiidir ki, bir çox başqa işlər də görülmüşdür. Səngəçalda böyük terminal tikilmiş, neftin və qazın sahilə gətirilməsi üçün böyük mühəndis işləri aparılmışdır, qurğular, borular tikilmişdir və bunların nəticəsində də hasil edilən neft artıq ixrac olunmağa başladı. O vaxtdan indiyə qədər \"Çıraq\" neft yatağından 15 milyon 400 min ton neft hasil olunubdur və bununla bərabər, səmt qazı da alınıbdır. Hasil olunan neft ixrac edilib, səmt qazı isə Azərbaycanın istifadəsinə verilibdir.

Ancaq indiyə qədər görülən işlər böyük neft müqaviləsinin başlanğıc mərhələsi idi. Qəbul olunmuş proqram əsasında bu yataqlarda lazımi işləri aparmaq üçün Beynəlxalq Əməliyyat Şirkəti, Azərbaycan Dövlət Neft Şirkəti bu işləri müəyyən fazalara birinci faza, ikinci faza, üşüncü fazaya bölübdür. Demək, indiyə qədər görülən işlər başlanğıc dövrü hesab olunur. İndi isə \"Əsrin müqaviləsi\"nin həyata keçirilməsi üçün yeni mərhələ başlanıbdır. Bunun da adı birinci fazadır. Təbiidir ki, birinci fazanın başlanılması üçün \"Bakı-Tbilisi-Ceyhan\" əsas ixrac neft kəmərinin tikilməsi haqqında qərar qəbul olunmalı idi.

Təəssüflər olsun ki, bu, bizdən asılı olmayan səbəblərə görə müəyyən qədər ləngidi. Ancaq buna baxmayaraq, artıq bu işlər də arxada qalıbdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında sazişlər imzalanıb, lazımi kommersiya işləri görülübdür və indi artıq mühəndis axtarış işləri gedir. Gələn ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına başlanacaqdır. Buna görə də görülən işlərin əsasında bu böyük müqavilənin birinci fazasına başlamaq imkanı əldə edilmişdir.

Təbii ki, burada da çox işlər görmək lazımdır. Bir çox məsələləri razılaşdırmaq lazımdır. Bu barədə həm Beynəlxalq Əməliyyat Şirkəti, həm də Azərbaycan Dövlət Neft Şirkəti və bunların hamısını birləşdirən rəhbər komitə çox böyük iş aparıbdır. Nəhayət, birinci fazanın başlanması üçün razılıq əldə olunubdur. Sazişlər hazırlanıb və burada imzalanacaqdır. Bununla da, biz \"Əsrin müqaviləsi\"nin ardıcıl surətdə həyata keçirilməsini təmin edəcəyik.

İndi imzalanacaq saziş çox böyükdür. Onun hamısını təbiidir ki, burada sizə bəyan etmək imkanı yoxdur və bir də orada çox texniki məsələlər var. Ancaq bu saziş ilə əlaqədar Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında qətnamə imzalanıbdır. Ona görə də bu saziş haqqında müfəssəl məlumat vermək üçün hesab edirəm ki, indi bu qətnaməni sizə bəyan etmək lazımdır.

Azərbaycan Prezidenti Heydər Əliyevin yekun nitqi

Hörmətli xanımlar və cənablar!

Güman edirəm ki, hörmətli cənab Vudvordun nitqi bizim bu gün başlayacağımız işlər haqqında, onların gələcəyi haqqında və Azərbaycan xalqına, Azərbaycan Respublikasına gətirəcəyi yeni nailiyyətlər haqqında çox ətraflı məlumat verdi.

Cənab Vudvord, mən sizə, Beynəlxalq Əməliyyat Şirkətində birləşmiş bütün xarici şirkətlərin nümayəndələrinə, bu şirkətlərdə çalışan xarici ölkələrdən gəlmiş mütəxəssislərə və onlarla bərabər Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşlarına, Azərbaycan neftçilərinə indiyə qədər birlikdə gördükləri işə görə səmimi qəlbdən təşəkkür edirəm.

\"Əsrin müqaviləsi\"nin nə qədər ağır və çətin şərtlər içərisində meydana çıxması haqqında biz çox danışmışıq. Həm Azərbaycan ictimaiyyətinə, həm də beynəlxalq aləmə həmin proses yaxşı tanışdır. Ancaq bu müqavilənin həyata keçirilməsi heç də asan olmayıbdır. Biz bir çox mərhələlərdən keçmişik. Bir çox ağır və çətin problemlərin həll edilməsinə nail olmuşuq. Beləliklə də, \"Əsrin müqaviləsi\" imzalanandan sonra hamımız birgə, ardıcıl çalışaraq hər kəsə məlum olan nailiyyətlər əldə etmişik.

İndiyə qədər görülən işlər, \"Çıraq\" yatağından hasil edilən neft və onun ixrac edilməsi həm neft şirkətlərinə, həm də Azərbaycan Dövlət Neft Şirkətinə, deməli, Azərbaycan dövlətinə artıq mənfəət gətirir. Məhz bunların nəticəsidir ki, Azərbaycanda indi Dövlət Neft Fondu yaranıb və bu fondda 430 milyon dollardan çox vəsait vardır. Bu müqavilədə iştirak edən hər bir şirkət də onun payına düşən mənfəəti götürübdür. Beləliklə də, biz görülən işlərin əməli nəticəsini, yəni bu işlərin gətirdiyi mənfəəti görürük və bundan da istifadə edə bilərik.

O layihənin birinci fazasının başlanması üçün mütləq əsas ixrac neft kəməri - Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi haqqında saziş əldə olunmalı idi. Mən bu gün qeyd etmək istəyirəm ki, bu yol da bizim üçün asan olmamışdır. Biz bir neçə obyektiv və subyektiv maneələrlə rastlaşdıq. Bu gün açıq etiraf etmək lazımdır ki, Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan bəzi şirkətlər hələ ki, \"Çıraq\" yatağından alınan neft və onun gələcəyi haqqında müəyyən fikirləri olduğuna görə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin məhz indi inşasına başlanılması məsələsində tərəddüd edirdilər. Onun qiyməti, yəni kəmərin tikilməsi üçün qoyulacaq investisiya haqqında da müxtəlif fikirlər vardı. Bu da məsələnin vaxtında həll edilməsinə mane oldu. Ancaq bunların da hamısını biz birgə işimiz, əməkdaşlığımız nəticəsində aradan qaldırdıq. Bu gün birinci fazanın başlanması haqqında saziş imzalandı. Mən cəsarətlə deyə bilərəm ki, bu gün imzalanan saziş \"Əsrin müqaviləsi\"nin yerinə yetirilməsində həlledici xarakter daşıyır.

Bu sazişin imzalanması münasibətilə mən Beynəlxalq Əməliyyat Şirkətini, Azərbaycanın bütün neftçilərini, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm və tam ümidvar olduğumu bildirmək istəyirəm ki, bu saziş əsasında müəyyən edilmiş proqram vaxtında yerinə yetiriləcəkdir və biz bunların əməli nəticələrinin şahidi olacağıq.

\"Əsrin müqaviləsi\"nin imzalanması, onun həyata keçirilməsi və ondan sonra həm Azərbaycanın Xəzər dənizindəki sektorunda, həm də quru hissəsində bir çox şirkətlərlə əməkdaşlığa başlamağımız - onların hamısı Azərbaycanın dövlət neft strategiyasının tərkib hissəsidir. Ancaq bu gün cənab Vudvord burada gözəl bir ifadə işlətdi. Hesab edirəm, o, tamamilə haqlıdır: \"Azərbaycanın neft sahəsində, neft strategiyasında yeni era başlayıbdır\". Bəli, bundan sonra biz bunu da özümüz üçün vacib bir ifadə kimi işlətməliyik: Azərbaycanın yeni dövlət neft strategiyası və Azərbaycan neft sənayesinin yeni erası!

İndiyə qədər görülən işlər artıq yaxşı nəticələr veribdir. Xüsusilə bizim ölkəmiz, xalqımız üçün, Azərbaycanın iqtisadiyyatının inkişaf etdirilməsi, ölkəmizdə yeni iş yerlərinin açılması, bu layihənin yerinə yetirilməsində Azərbaycanın müxtəlif şirkətlərindən, təşkilatlarından istifadə edilməsi üçün və nəhayət, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün çox işlər görülüb və yaxşı nəticələr əldə olunubdur.

Ancaq bunlar işin başlanğıcıdır. Bu gün cənab Vudvord qeyd etdi ki, birinci fazanın həyata keçirilməsi ilə əlaqədar əlavə 3000 iş yeri açılacaqdır. Bu iş yerlərinin hamısı Azərbaycanın vətəndaşları üçün olacaqdır. Azərbaycanın neft avadanlığı istehsal edən bir çox müəssisələrinin, Xəzər dənizindəki donanmamızın gəmilərinin, Azərbaycan Dövlət Neft Şirkətinin çox böyük gəmilərinin potensialından - bütün bunların hamısından istifadə olunacaqdır. Beləliklə, onlar birincisi, iş görəcək, fəaliyyətdə olacaqlar, qazanc götürəcəklər, ikincisi, bunların hamısı Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi üçün və xalqımızın rifah halının yüksəlməsi üçün çox böyük xeyir gətirəcəkdir.

Hesab edirəm ki, bütün bu işlərin həyata keçirilməsində Azərbaycan sənayesinin potensialından maksimum istifadə etmək lazımdır. Mən Beynəlxalq Əməliyyat Şirkətinə üzümü tutaraq deyirəm: Azərbaycanda nə çatmırsa, onları siz xarici ölkələrdən gətirəcəksiniz. Amma mən sizdən rica edirəm və buna da nəzarət edəcəyəm ki, siz gərək Azərbaycanda olan bütün potensialdan maksimum istifadə edəsiniz. Bu potensial da böyükdür. Əgər onlar olmasaydı, \"Dədə Qorqud\", \"İstiqlal\", \"Qurtuluş\" qazma qurğuları yaranmazdı.

Mən layihə ilə tanışam. Bilirəm ki, siz vaxtilə, 1970-ci illərdə bizim burada tikdiyimiz Dərin dəniz özüllər zavodundan da çox səmərəli istifadə edəcəksiniz. Hətta platformanın böyük hissəsini quracaqsınız və ondan sonra gətirərək, sürüşdürmə üsulu ilə həmin platformanın üzərinə qoyacaqsınız. Mən eşitdim ki, bu sahədə indiyə qədər belə iş görülməyibdir. Bunu siz görəcəksiniz. Demək, bizim o nəhəng zavodumuz da işləyəcək və təbiidir ki, onun işçiləri məşğul olacaqlar, xeyir götürəcəklər. Siz də daha başqa yerdən - uzaqdan buraya nəsə gətirməyəcəksiniz. Azərbaycanda nə varsa, hamısından istifadə etməlisiniz.

Cənab Vudvord bunu bəyan etdi: nə qədər vəsait, sərmayə qoyulacaqdır və milyardlarla gəlir götürüləcəkdir. Milyardlar dedikdə, mən manatı nəzərdə tutmuram, Amerika Birləşmiş Ştatları dollarını nəzərdə tuturam.

Ona görə də mən bu gün çox böyük sevinc hissi keçirirəm. Çünki bizim hələ 1993-cü, 1994-cü ildə başladığımız iş öz nəticələrini verir və qarşıdakı üfüqlər də, perspektiv də çox gözəl görünür. Hesab edirəm ki, xalqımız, Azərbaycan ictimaiyyəti televiziya və mətbuat vasitəsilə bugünkü mərasimlə tanış olarkən hər kəs böyük iftixar hissi keçirəcəkdir ki, Azərbaycan öz iqtisadiyyatını bu vasitələrlə əzmlə inkişaf etdirir. Bir də ona görə ki, hər biri Azərbaycan xalqının rifah halının gündən günə yaxşılaşmasına artıq tam inanacaqlar.

Mən indiyə qədər olduğu kimi, bundan sonra da bu layihənin həyata keçirilməsini nəzarətimdə saxlayacağam və sizə hər cür yardım göstərməyə hazıram.

Cənab Vudvord, siz buyurdunuz ki, Azərbaycana xarici ölkələrin böyük neft şirkətinin gəlməsinin, Azərbaycana çoxlu investisiya qoyulmasının əsas şərti ölkəmizdə yaranmış ictimai-siyasi sabitlikdir. Bəli, mən böyük iftixar hissi ilə bəyan edirəm ki, bu, Azərbaycan xalqının, Azərbaycan hakimiyyətinin, demokratik, hüquqi, dünyəvi Azərbaycan dövlətinin əsas nailiyyətlərindən biridir. Siz də və Azərbaycana investisiya qoymaq fikrində olan dünyanın başqa şirkətləri də əmin ola bilərsiniz ki, yaranmış ictimai-siyasi sabitlik bundan sonra gündən-günə möhkəmlənəcək, onun pozulmasına biz heç vaxt yol verməyəcəyik və beləliklə də, Azərbaycan bundan sonra da dünyanın müxtəlif şirkətlərinin investisiyasının cəlb olunması üçün bütün şəraiti yaradacaqdır.

Mən bir daha sizi təbrik edirəm və bu işlərinizdə uğurlar arzulayıram.

\"Azərbaycan\" qəzeti, 31 avqust 2001-ci il.