Milli Məclisin 24 fevral tarixli iclasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yekun nitqi - 24 fevral 2001-ci il

Hörmətli Milli Məclis!

Hörmətli deputatlar, xanımlar və cənablar!

Azərbaycanın ali qanunvericilik orqanında, Milli Məclisdə iki gün müddətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması yollarının araşdırılması istiqamətində gedən müzakirə, hesab edirəm, həm bizim üçün, yəni bu müzakirənin iştirakçıları üçün, həm də Azərbaycan ictimaiyyəti üçün, xalqımız üçün çox əhəmiyyətlidir.

Mən çox məmnunam ki, müzakirə keçdi. Hesab edirəm ki, bu müzakirə vəziyyətin nə qədər çətin, nə qədər ağır olduğunu bir daha hamıya göstərdi. Bəzi çıxışlarda səsləndi ki, nə üçün bu müzakirə gecikibdir, biz bunu vaxtında etməliydik, təklif verməli idik, məsələ həll etməliydik. Mən bunlarla razı deyiləm. Çünki elə dünən, bu gün aparılan müzakirə də onu göstərdi ki, konkret bir təklif verən yoxdur. Azərbaycan prezidenti kimi mən və mənimlə bərabər bu məsələ ilə bilavasitə məşğul olan şəxslər ötən illər birlikdə çalışmışıq ki, məsələnin sülh yolu ilə, birinci növbədə, ATƏT-in Minsk qrupu vasitəsilə və eyni zamanda dünyanın bütün beynəlxalq təşkilatları vasitəsilə, dünyanın böyük dövlətlərinin köməyi ilə həll edilməsinə nail olaq. Biz bu işləri apararaq, müəyyən bir konkret nəticəyə gələ bilmədiyimizə görə, bu məsələni müzakirəyə çıxarıb sadəcə, söhbət, danışıq aparmağı lüzumsuz hesab etmişik. Dünən, bu gün gedən müzakirələr də mənim üçün bu fikri tam təsdiq etdi.

Danışmaq, hissiyyatları bildirmək, vətəni sevməyi bir daha bəyan etmək, ərazi bütövlüyümüzün ən mühüm məsələ olduğunu bəyan etmək, Qarabağın bizim üçün nə qədər əziz olduğunu bəyan etmək, bəyan etmək ki, \"Dağlıq Qarabağsız Azərbaycan yaşaya bilməz\" - bunlar artıq 12 il müddətində yüz, min dəfələrlə deyilibdir. Bunu hamı deyir. Dünən də, bu gün də çıxışların əksəriyyəti bundan ibarət olubdur.

Ancaq bunu nə cür həll etmək lazımdır? Biz bunun üçün ötən illərdə çalışmışıq ki, heç olmasa məsələnin həllinə yaxınlaşan zaman, Azərbaycan üçün hansısa bir variant məqbul olan zaman gətirib onu Milli Məclisin müzakirəsinə verək ki, görək, Milli Məclis buna nə münasibət göstərir. Əgər indiyə qədər apardığımız danışıqlar bizi qane etməyibsə, yəni bizə verilən təkliflərlə və danışıqlar zamanı irəliyə sürülmüş fikirlərlə razı olmamışıqsa, razı olmadığımız məsələləri müzakirəyə çıxarmağın əhəmiyyəti var? Bəziləri dünən də, bu gün də deyirlər ki, siz bu məsələni bir neçə il bundan öncə müzakirəyə çıxarsaydınız, biz yolları deyərdik. Yaxşı, hesab edək ki, biz günahkarıq. Hərçənd hesab etmirəm, amma şərti olaraq belə hesab edək. Bəs indi nə deyirsiniz?

Xüsusən, bizi bu barədə tənqid atəşinə tutanlara deyirəm. Biri deyir ki, biz 1994-cü ildə nə bilim, demkonqresdə məsələni müzakirə etmək üçün təklif vermişik. Axı, bu qədər də ağ yalan olmaz. 1994-cü ildə həmin o müxalifət qüvvələri pərən-pərən düşüb qaçıb gizlənmişdilər, canlarını qurtardılar. Surət Hüseynovun qorxusundan hərəsi bir deşiyə girmişdi. O vaxt onlar təklif verə bilərdilərmi?

Mən ad çəkmək istəmirəm, amma birinin adını çəkməyə məcburam. 1993-cü il hadisələrindən sonra keçmiş baş nazir Pənah Hüseynov üç ildən artıq gizləndi. Sonra onu haradasa, təsadüfən tutdular, həbsə saldılar. O, bir müddət orada qaldı. Mən dedim, yaxşı, qaçıb gizlənibdir, indi gəlibdir. Fikirləşdim və dedim ki, bəlkə bu adamın günahlarını bağışlamaq lazımdır. Hətta mən xahiş etdim ki, onu həbsxanadan yanıma gətirsinlər.

Mən onunla üç saat söhbət etdim. Həmin söhbətin yazısı vardır. O, söhbət zamanı bizim apardığımız işlərin hamısının düzgün olduğunu dedi, öz təşkilatının buraxdığı səhvləri dedi. Hətta 1994-cü ildə Surət Hüseynovun Azərbaycanda dövlət çevrilişi həyata keçirmək cəhdi zamanı özünün mənsub olduğu siyasi təşkilatın bu məsələyə münasibətini tənqid etdi, başqa şeylər etdi. Dedim, Allaha şükürlər olsun ki, o ağıllanıbdır. Mən də hüquq-mühafizə orqanlarından xahiı etdim ki, onu azad etsinlər, getsin. Bəlkə doğrudan da o, başqalarını başa sala bilər. Getdi.

Amma bir neçə aydan sonra Azərbaycanda bütün müxalifəti bir-birinə vuran, aranı qarışdıran, heç bir şeyə layiq olmayıb, amma eyni zamanda, müxalifətin içində onu buna, bunu ona qızışdıran ki, sən lider olacaqsan, sən lider olacaqsan, sən lider olacaqsan... Bax, indi deyirlər ki, biz təklif verirdik. Həmin adamlar 1994-cü ildə belə vəziyyətdə idilər. Niyə yalan danışırsınız? Nə üçün yalan danışırsınız?

Mən açıq deyirəm, heç vaxt, heç bir konkret təklif heç bir müxalifət təşkilatı tərəfindən verilməyibdir. Əgər mənim bu sözlərimi onlar təkzib etmək istəyirlərsə, o təklifləri çıxarsınlar, bəyan etsinlər, dərc etsinlər. Əgər həqiqətən orada bir rasional fikir olsa, mən onlardan üzr istəməyə hazıram.

Bilirsiniz, bu cür pozucu mövqe tutub, Azərbaycanda hakimiyyət iddiası ilə yaşayaraq, Azərbaycanın müstəqilliyini, suverenliyini, bütövlüyünü, Azərbaycanın vəziyyətini öz şəxsi ambisiyalarına qurban verən adamlar özlərini Azərbaycan vətəndaşı hesab edə bilməzlər. Bax, bunlara görə bu gün deməyə haqqım var ki, indiyə qədər biz heç bir təşkilatdan, heç bir yerdən heç bir təklif almamışıq. Özümüz nə bacarmışıq, onu da etmişik. Mən bu barədə dünən dedim.

1993-cü ildə mən fəaliyyətə başlayandan Minsk qrupu ilə sıx əməkdaşlıq edirdim. Mən dünən dedim, Minsk qrupu həmsədrlərinin Azərbaycana birgə ziyarətləri zamanı onlarla 98 dəfə görüşmüşəm. Hər görüş də iki, üç, dörd saat çəkibdir. Sadəcə, boş söhbətmi aparmışıq? Nəhayət, 1997-ci ildə Minsk qrupunun verdiyi təklif nəyi göstərir? Onu göstərir ki, onlar ancaq məsələnin indiki reallıq əsasında həllini mümkün hesab edirlər.

Hesab edirəm, bizim indiyə qədər gördüyümüz işlər faydalıdır. Bundan artıq heç bir şey etmək mümkün olmazdı. Amma biz dünən, bu gün məsələni Milli Məclisə çıxarıb müzakirə edən zaman və müzakirə dövründə ictimaiyyət bildi, bu salonda oturanlar bildilər ki, vəziyyət nə yerdədir. İndi vəziyyətin belə olduğu halda gərək, real vəziyyəti dərk edib mümkün, real yollarla gedək. İndi hay-küylə heç bir şey etmək mümkün deyildir.

Mən burada bir təklif ala bilmədim. Bəli, müharibə edək, bu, çoxdan məlum olan şeydir. Sülh yolu ilə danışıqlar aparaq, 7 ildir aparırıq. Sonra nə edək? Başqa bir şey deyən olmadı. Nəhayət, Ermənistan prezidenti Koçaryan ilə danışıqlar aparıram. Ancaq nə üçün bunlar sülh yolu ilə həll olunmur? Çünki mən dünən də dedim, bu gün də deyirəm: Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı hələ 1990-cı ildə işğal edibdir. Hələ 1989-cu ildə SSRİ hökuməti Dağlıq Qarabağda Xüsusi İdarəetmə Komitəsi yaradaraq, onu Azərbaycanın tərkibindən çıxarıbdır. Sonra gedən müharibələrdə Dağlıq Qarabağ işğal olunubdur.

Nəhayət, 1992-ci ildə burada, Azərbaycanda hakimiyyət mübarizəsi getdiyi zaman, o vaxtkı rəhbərlik ilə Xalq Cəbhəsi arasında hakimiyyət mübarizəsi getdiyi zaman, mayın 9-da Şuşa işğal olundu. Mayın 14-də burada, bu salonda bəzi qüvvələr Mütəllibovu yenə də hakimiyyətə gətirdilər. Sonra ona hücum olundu. Mayın 17-də Laçın işğal edildi. Mayın 18-də bu salonda Xalq Cəbhəsi parlamenti əlinə alıb parlament sədri seçdi. İki ay sonra isə prezident seçdi. Bu iki rayonun işğal olunması artıq o vaxt Dağlıq Qarabağı Ermənistana birləşdirdi. Bunlar reallıqdır.

Ondan sonra da rayonlar işğal olunubdur. O da reallıqdır. Artıq bu rayonlar neçə ildir işğal altındadır. Əhali oradan çıxarılıbdır. Dağlıq Qarabağ, faktiki olaraq, Ermənistana birləşdirilibdir. İndi belə olan halda dünyada heç bir qüvvə Ermənistan silahlı qüvvələrinin oradan çıxarılması üçün tədbir görmək istəmir və ona təsir etmək istəmir - nə 12 dövlətdən ibarət Minsk qrupu, nə Amerika Birləşmiş Ştatları, nə Fransa, nə Rusiya, nə də başqa dövlətlər. Bu, reallıqdır.

Bizimlə ən dost, qardaş ölkə Türkiyədir. Bizə bütün dəstəkləri verir. Ancaq Ermənistanın işğal etdiyi rayonlardan ermənilərin çıxarılması üçün bir tədbir görə bilmir. Çünki onun imkanı yoxdur. Başqalarının birgə imkanı var, çünki onlar Ermənistana yardım edirlər. Amerika Birləşmiş Ştatları da, Rusiya da Fransa da. Ancaq onlar bunu etmirlər. Əksinə gün kimi aydın olubdur ki, təcavüzkar kimdir. Təcavüzkara kömək edirlər, yardım edirlər və Azərbaycana qarşı 907-ci maddəni tətbiq ediblər, indiyə qədər də aradan götürmürlər.

Amerikanın keçmiş prezidenti cənab Klinton, - hansı ki, mən dəfələrlə görüşüb söhbətlər etmişəm və o, bir neçə dəfə söz vermişdi. Bizim bəyanatımızda yazılıbdır ki, 907-ci maddə ləğv olunmalıdır, - hakimiyyətdən getməsindən üç gün əvvəl mənə məktub göndəribdir ki, biz 907-ci maddəni ləğv edə bilərik, ancaq siz Ermənistana bir jest edin. Jest nədən ibarətdir? Heç olmasa, Qazax bölgəsində, ya başqa bir bölgədə sərhədi açın, Ermənistanla Azərbaycan arasında ticarət getsin. Biz də 907-ci maddəni götürək.

Mən bunu artıq sizə deməliyəm. Dedim ki, olmaz. Mən buna gedə bilmərəm. Əgər siz, o böyüklükdə dövlət orada, Amerikada erməni diasporundan qorxub bunu mənə təklif edirsinzsə, buna gedə bilmərəm. Biz 8 ildir 907-ci maddənin təzyiqi altında yaşayırıq, bundan sonra da yaşayarıq. Budur, real vəziyyət.

Türkiyənin hörmətli səfiri tənəffüsdə mənə bir məlumat verdi. Kaliforniya ştatının Konqresinə - onun da Konqresi var - məsələ çıxarılıbdır: 24 apreli \"soyqırımı günü\" elan etmək, Türkiyəyə qarşı lazımi qərar çıxarmaq. Demək, Amerikada bu iş gedir və gedəcəkdir. Ancaq indi əlavə nə olunur? Əlavə olunur ki, 1988-ci il Sumqayıt hadisələri və nəticədə 350 min erməninin Azərbaycandan kütləvi şəkildə sürgün edilməsi haqqında iddialar əks olunsun. Erməni diasporu budur. Yenə də Arzumanlıya demək istəyirəm, Amerikada yaşayan azərbaycanlıların əksəriyyəti Kaliforniyada yaşayır. Heç birinin ağlına gəlir ki, Azərbaycanı müdafiə etmək lazımdır? Doğrudur, onlar İrandan köçmüş azərbaycanlılardır. Mən həqiqəti deyirəm, bundan artıq nə olacaqdır? Onların əksəriyyəti özünü azərbaycanlı hesab etmir. Deyirlər ki, biz iranlıyıq. Reallıq budur. Ona görə də ümumi sözlər yox, yenə də deyirəm, konkret təkliflər.

Bizim apardığımız bütün işlər gəlib bu yerdə dayanır ki, Ermənistan silahlı qüvvələrini o şərtlə çıxara bilər ki, Dağlıq Qarabağın statusu müəyyən olunsun. Əgər bu olmasa Ermənistan heç bir şey etməyəcəkdir. Bizə bunu bütün başqa ölkələr də deyirlər.

Təbiidir, Dağlıq Qarabağ Azərbaycanın qədim torpağıdır. Bizim üçün əziz torpaqdır. Amma həqiqət ondan ibarətdir ki, orada yaşayanların əksəriyyəti erməni olubdur. Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayon işğal edilibdir. Onlar qaçqın vəziyyətində çadırlarda yaşayırlar. Burada bəziləri yenə də deyirlər ki, gəlin gözləyək, gəlin donduraq, filan edək. Mən istərdim ki, bu sözləri deyən adamlar, bu fikirdə olan adamlar - kimsə burada dedi, mən də onunla razıyam - öz evini bir ay qaçqına versin, getsin çadırda yaşasın. Heç qaçqına verməsin. Qoy evi 10 gün burada qalsın, özü gedib 10 gün o çadırda yaşasın, indi bu dəqiqə. Bilirsiniz, Azərbaycanda həqiqət bundan ibarətdir.

Biz bazar iqtisadiyyatı qururuq, iqtisadi islahatlar həyata keçiririk. Bunun nəticəsində əhalimizin bir qismi bizneslə məşğul olaraq zənginləşib və həddindən artıq zənginləşibdir. Bir qismi orta şəraitdə yaşayır. Bir qismi kasıb şəraitdə yaşayır, amma onlardan da ən ağır şəraitdə yaşayan qaçqınlardır. Qaçqınlar elə vəziyyətdədir ki, buna dözmək mümkün deyildir. Amma qaçqın olmayan, yəni evi-eşiyi olan adamlar tək Bakıda yox, başqa yerlərdə - dövlətlilər, zənginlər heç , onlar pullarını bilmirlər hara qoysunlar, malikanələr tikirlər, başqa şeylər edirlər, - rahat yaşayırlar. O birisi orta təbəqə də rahat yaşayır.

Biz Azərbaycanın hər yerində, Bakıda ictimai-siyasi sabitliyi təmin etmişik. Restoranlar gecə saat 2-yə, 3-ə, 5-ə qədər işləyir. İnsanlar toy edirlər. Hər toya 300-400 adam çağırır, 3-4 orkestr çağırır. Rahat yaşayır, elektrik işığı da iki saat sönəndə hay qaldırırlar ki, niyə mənim iki saat işığım olmadı. Evində də üç dənə televizor var, beş dənə paltaryuyan maşını var, dörd dənə də qızdırıcı cihazı var. Onlar heç bilirlərmi ki, qaçqınlar nə vəziyyətdə yaşayır?

O cümlədən orta təbəqə. Restoranlara barlara təkcə zənginlər getmir ki? Orta təbəqə də gedir. Lap kasıb təbəqə, hansı ki, kasıbdır, pulu azdır, amma onun evi var, heç olmasa, nə təhər deyərlər, başının üstündə damı var, damının altında yaşayır. Biz bu cür rahatlığı yaratmışıq.

Xaricdən gələn adamlar deyirlər ki, Azərbaycanda olan rahatlıq, yəni ictimai asayiş indi heç bir yerdə yoxdur. İndi biri çox zəngin, biri ondan bir az aşağı, biri ondan bir az yoxsul yaşayır, lap yoxsulun da müəyyən yaşamaq yeri var, müəyyən qədər imkanı var. Ancaq o çadırda yaşayanlar? Bəs biz onların haqqında düşünməliyik, yoxsa yox? Onlara elə o çətinliyi verməliyik? Ancaq deyirlər ki, yox, gəlin, Dağlıq Qarabağa muxtariyyətdən da aşağı bir status verək. Bunu heç kəs qəbul etmir. Qəbul etmir, torpaqlarımız azad olmur, insanlar əziyyət çəkir. Bunun da sonu görünmür.

Ona görə mən bir daha xahiş edirəm, bir daha hamıdan xahiş edirəm, o cümlədən müxalifətə müraciət edirəm, bizim ziyalılara müraciət edirəm. İndi gördüm ki, Milli Məclisdə çıxış edənlərin sən deyən elə bir təklifi yoxdur. Amma yenə də hər biri otursun, düşünsün, yazıb Milli Məclisə versinlər. Bəlkə bizim indiyə qədər tapa bilmədiyimiz bir yolu hamımız, Azərbaycan xalqı, milləti birlikdə tapaq. Bizi günahlandıranlar ki, biz bunu tapa bilməmişik, gəlsinlər o yolu göstərsinlər. Onda biz bu məsələnin həll olunmasını onlara verərik. Qoy gəlsinlər, göstərsinlər. Amma bilin, ümumi danışıqlarla məsələ həll oluna bilməyəcəkdir. Tələb etməklə ki, erməni oradan çıxmalıdır, bu olmayacaqdır. Real vəziyyəti bilmək lazımdır.

Nəhayət, mənim sözlərim ondan ibarətdir ki, dünənki bugünkü, müzakirəni Azərbaycan prezidenti kimi, özümə çox faydalı hesab edirəm. Ona görə ki, mən imkan tapdım, açıq-aydın, heç bir şeyi gizlətmədən sizə və sizin vasitənizlə bütün Azərbaycan xalqına bildirim. Eyni zamanda bu mənə imkan verdi ki, görüm bizim Milli Məclis, dəvət olunan başqa şəxslər, yaxud da adi vətəndaşlar bizə bu barədə nə kömək edə bilərlər, nə təklif verə bilərlər. Bu sözləri sizə deyərək, mən heç də onu bildirmək istəmirəm ki, biz ümidsizlik. Yox. Məsələni mütləq həll edəcəyik. Ancaq məsələnin həll olunmasının nə qədər çətin, nə qədər ağır olduğunu hamı bilməlidir. Bir daha deyirəm, kim bu sahədə öz xidmətini göstərə bilərsə, o, Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndiriləcəkdir.

Burada hansısa çıxışlarda belə fikir səsləndi ki, Milli Məclisin adından Birləşmiş Millətlər Təşkilatına və ATƏT-ə müraciət edilsin. Mən bu təklifləri dəstəkləyirəm.

Sizə deyim ki, mart ayının 1-də ATƏT-in fəaliyyətdə olan sədri, Rumıniyanın xarici işlər naziri Azərbaycanda olacaqdır. Kim istəyirsə, çalışsın onunla görüşsün, öz fikrini desin. Hesab edirəm, o vaxta çatdırmaq olar, Milli Məclisin müraciətini hazırlayıb ATƏT-in sədrinə vermək olar. ATƏT-in Minsk qrupuna 12 dövlət daxildir. Onun həmsədrləri var. Demək, həmsədrlərə göndərmək lazımdır - Amerikanın prezidentinə, Rusiyanın prezidentinə, bir də Fransanın prezidentinə. Milli Məclis bunu da edə bilər. Xahiş edərdim ki, əgər deputatlar razı olsa, Milli Məclisin adından bu müzakirənin nəticəsi olaraq belə bir müraciəti Minsk qrupunun həmsədrlərinə göndərsinlər.

Nəhayət, burada dedilər ki, biz məcbur etməliyik ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qərarlar çıxarsın. Mən ona cavab verdim. Ancaq eyni zamanda hesab edirəm ki, Milli Məclis deputatların adından, Azərbaycan xalqı adından BMT-nin Baş katibi Kofi Annana və BMT Təhlükəsizlik Şurasının sədrinə belə bir məktub göndərsin və onların qarşısında qoysun ki, nə üçün qəbul etdiyiniz qətnamələr yerinə yetirilmir.

Biz bunu edə bilməmişik. Bəlkə kimsə edə bilər, yaxud da Milli Məclis edə bilər. Qoy, etsin. Başa düşün, mən bunları forma üçün demirəm, düşünəsiniz ki, sizə belə cavab verirəm. Mən bunu real həqiqət kimi qəbul edirəm və istəyirəm ki, bütün istiqamətlərdən bu təşkilatlara təzyiqimizi, təsirimizi göstərək.

O ki qaldı mənə, birincisi, Minsk qrupu öz fəaliyyətini davam etdirməlidir və bundan sonra da Minsk qrupunun həmsədrləri ilə intensiv danışıqlar aparacağam. Məsələnin ədalətli həll olunması üçün təkliflərimizi irəli sürəcəyəm və onlardan məsələnin ədalətli həllinə dair yeni tədbirlər görməsini xahiş edəcəyəm. Bu məsələ həmişə mənim danışıqlarımda əsas yer tutubdur və bundan sonra da bütün xarici siyasət fəaliyyətimdə əsas yer tutacaqdır. Nə Minsk qrupundan, nə də ATƏT-dən imtina edə bilmərik. Çünki başqa vasitə yoxdur.

Ermənistan prezidenti ilə Parisdəki danışıqlarımızı sizə dedim, çətin və ağır danışıqlardır. Baxmayaraq ki, bu danışıqlar necə bir insan kimi, necə bir şəxsiyyət kimi mənim üçün çox çətindir, ağırdır, ancaq bu danışıqları yenə Parisdə aparacağıq. Ondan sonra da əgər bir şey olsa, bunu davam etdirəcəyik.

Mən sizə bir də təşəkkür edirəm ki, Milli Məclis iki gün bu məsələni müzakirə etdi və gələcəkdə əldə olunan hansısa bir müsbət hadisə ilə əlaqədar Milli Məclisə məlumat verəcəyəm. Bir də deyirəm, danışıqlar aparmaq işin birinci hissəsidir. Amma nəyəsə nail olmaq əsas hissəsidir, ikinci hissəsidir. Əgər hansısa bir razılığa gəlsəm, hansısa mən başa düşdüyüm, mənim nöqteyi-nəzərimdən bizim üçün qəbul olunası varianta razı olsam, mütləq onu Milli Məclisin müzakirəsinə verəcəyəm. Əgər Milli Məclis razı olmasa, mən milli Məclissiz heç bir şey etməyəcəyəm. Fikrim belədir ki, əgər Milli Məclis hansısa bir təkliflə razı olsa, ondan sonra bunu xalqın müzakirəsinə verməliyik. Xalqsız heç bir şey etməməliyik.

Mən həyatımın demək olar ki, çox böyük bir hissəsini bu işə həsr etmişəm və bundan sonra da mənim həyatım üçün, Azərbaycan xalqının qarşısında xidmətlərim sahəsində bundan vacib heç bir vəzifə yoxdur. Əmin ola bilərsiniz ki, mən bu vəzifəni bundan sonra da şərəflə yerinə yetirməyə çalışacağam.