Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin \"Pi Es Ci İnternəşnl\" şirkətinin prezidenti Ed Smit ilə görüşü zamanı söhbətindən - London, 27 fevral 2000-ci il

Ed Smit: Cənab prezident, yəqin xatırlayırsınız, Amerikanın keçmiş dövlət katibi cənab Şults ilə biz Azərbaycanda olarkən, Sizinlə görüşərkən söylədim ki, Klivlend mənim anadan olduğum şəhərdir. Ümid edirdim, Sizinlə bu dəfə orada görüşərəm, onda gedib ailəmi ziyarət etməyim üçün də əlimə bəhanə düşər.

Heydər Əliyev: Mən orada az qaldım, imkanım olmadı. Klivlenddə heç otelə də getmədim. Klinikaya getdim, məni orada müayinə etdilər, sonra hava limanına gəldim, təyyarə ilə buraya uçdum. Amma mən ötən dəfə Klivlenddə çox olmuşdum. Bu dəfə həkimlər dedilər ki, qalmağa ehtiyac yoxdur.

Siz burada yaşayırsınız?

Ed Smit: Bəli, burada yaşayıram. Bizim şirkətin baş qərargahı \"Dorçester\" otelinin yaxınlığında yerləşir. Bizim \"Pi es ci internəşnl\" şirkəti bütün dünyadakı boru kəmərləri ilə əlaqədar işlədiyinə görə biz öz baş qərargahımızın ofisini dünyanın mərkəzi kimi Londonda açmışıq. Lakin onu da deməyi özümə borc bilirəm ki, indi biz əsas diqqətimizi Xəzər hövzəsinə yönəldirik.

Cənab prezident, ümid edirdim ki, bu gün Sizinlə görüşmək imkanı qazanacağam və Transxəzər qaz kəməri ilə əlaqədar aparılan işlər barədə Sizə məruzə edəcəyəm.

Heydər Əliyev: Mən də maraqlanıram, çünki son vaxtlar xoşa gəlməyən bəzi məlumatlar alıram. Mən də sizinlə görüşmək istəyirdim ki, öyrənim görüm həqiqət nədən ibarətdir.

Bilirsiniz ki, siz cənab Şults ilə bərabər Bakıda olarkən, mənimlə görüşərkən dövlətimizin, şəxsən mənim bu barədə mövqeyimi açıq-aydın bildirdim ki, biz bunu dəstəkləyirik. Yəni biz tərəfdən bir problem yoxdur. Amma nə üçünsə, deyirlər ki, son vaxtlar işlər yaxşı getmir. Deyə bilərsinizmi, vəziyyət necədir?

Ed Smit: Doğru buyurursunuz, işlər arzu olunan qədər də yaxşı deyildir.

Həm biz, həm də \"Şell\" şirkəti indi anlayırıq ki, öz qazını Türkiyəyə ixrac etmək üçün Türkmənistanın Türkiyə ilə müqaviləsi olmasına baxmayaraq, \"Şahdəniz\" yatağında açılmış böyük qaz ehtiyatları Azərbaycanın Xəzər bölgəsində qaz ixrac edən ən əsas ölkələrdən birinə çevrilməsinə səbəb olacaqdır.

Biz prezident Niyazova bildirmişik ki, Transxəzər qaz kəməri çəkilərkən təkcə Türkmənistanın deyil, həm də Azərbaycanın qazının Türkiyəyə çatdırılmasına, ixrac olunmasına şərait yaratmalıyıq. Biz Türkmənistanın prezidentinə bildirmişik ki, Türkmənistandan ilk boru kəmərini biz çəkəcəyik və elə eləcəyik ki, onun tutumu ildə 16 milyard kubmetr Türkmənistan qazını Türkiyəyə ixrac etməyə, gələcəkdə isə həm də 8 milyard kubmetr Azərbaycan qazını ixrac etməyə imkan yaratsın.

Qaz kəmərlərinin özünəməxsus xüsusiyyətləri vardır. Bu, ondan ibarətdir ki, qaz kəməri çəkildikdən sonra ya onun yanından paralel olaraq əlavə bir kəmər çəkmək vasitəsilə, yaxud da kompressorlar quraşdırmaq yolu ilə həmin kəmərdən daha çox miqdarda qaz - istər Türkmənistan qazı, istərsə də Azərbaycan qazı - ixrac edilməsinə şərait yaratmaq mümkündür.

Bildiyiniz kimi, həm \"Pi es ci internəşnl\", həm də \"Şell\" şirkətləri Transxəzər qaz kəmərini çəkmək üçün hazırda yaradılmış konsorsiuma daxildirlər. Lakin biz istəyirik ki, bu konsorsiumu genişləndirərək orada Azərbaycanın, Gürcüstanın və Türkiyənin maraqlarını təmin edək. Geniş tərkibli belə bir konsorsium bu kəmər üçün nəqliyyat xidmətləri göstərərək, təkcə Türkmənistanın, yaxud Gürcüstanın maraqlarını deyil, bütövlükdə regionun bütün ölkələrinin maraqlarını təmin edər. Onların bu konsorsiumda iştirak etməsi, pay alması kəmərin işinə çox müsbət təsir göstərər.

Təəssüf, bu gün biz Türkmənistan prezidenti cənab Niyazovun belə bir mövqeyi ilə rastlaşmışıq ki, Azərbaycanda hələ qaz yoxdur və biz Azərbaycanda çoxlu qaz ehtiyatları aşkar edilməsindən narahat olmamalıyıq. Biz onu da bilirik ki, Türkmənistan prezidenti Rusiyanın \"Qazprom\" şirkəti ilə danışıqlara başlayıbdır ki, ildə 50 milyard kubmetr Türkmənistan qazı Rusiya ərazisi vasitəsilə ixrac edilsin, yəni bu qaz Rusiyaya satılsın.

Biz hesab edirik ki, hər iki variant, yəni həm Türkmənistan tərəfinin belə bir fikrə düşməsi və öz mövqeyini bildirməsi, həmçinin bu sahədə addım atması Transxəzər qaz kəmərinin həyata keçirilməsinə maneçilik törədir, onun işini çətinləşdirir.

Hesab edirik ki, Transxəzər qaz kəmərinin uğursuzluğa düçar olması ilk növbədə Türkmənistanın mənafelərinə zərbədirsə, ziyandırsa, həmçinin Azərbaycanın da, Gürcüstanın da mənafelərinə xidmət etmir. Açıq-aşkar aydındır ki, bu, regionun mənafelərinə xidmət göstərmir.

Cənab prezident, icazə verin, bu kəmərin Azərbaycan üçün hansı faydalar gətirə biləcəyi barədə bir-iki kəlmə söyləyim. Boru kəmərləri çəkilərkən onun həcmi nə qədər geniş olarsa, o zaman həmin kəmərdən ixrac ediləcək - istər qaz, istərsə neft - qazın və neftin hər bir hissəsinə daha az xərc çəkilər. Ona görə də biz hesab edirik ki, əgər Azərbaycan qazı Türkmənistandan çəkiləcək Transxəzər qaz kəməri ilə ixrac olunarsa, onda qazın nəqli üçün Azərbaycanın üzərinə düşən xərclər də az olacaqdır.

Mən cənab Ələsgərov ilə apardığım danışıqlar zamanı ona bildirmişəm ki, biz Azərbaycana öz qazını Transxəzər kəməri ilə ötürmək, ixrac etmək üçün rəqabətə davamlı və çox məqsədəuyğun qiymətlər təklif etməyə hazırıq və yaxud Azərbaycanın özünü də bu kəmərdə iştirakçı paya malik tərəf kimi daxil etməyə hazırıq.

Ötən beşinci gün Aşqabadda keçirilən görüşlər zamanı Türkiyənin səfiri cənab Balkan prezident Niyazova açıq-aşkar bildirdi ki, əgər Türkmənistan qazı Türkiyə bazarına ixrac olunacaqsa, o yalnız Transxəzər qaz kəməri vasitəsilə ixrac ediləcəkdir və türkmən qazının Türkiyə bazarlarına Rusiya vasitəsilə ixracı qəbuledilməzdir. Hesab edirik ki, Türkiyə hökuməti öz rəsmi mövqeyini açıq-aşkar bildirərək bəyan edir ki, Türkmənistan qazının Türkiyə bazarlarına ixracı yalnız Transxəzər qaz kəməri vasitəsilə olacaq və Azərbaycan da öz qaz ehtiyatlarını, qaz potensialını bu kəmər vasitəsilə realizə edə biləcəkdir. Mən bu barədə beşinci gün axşam cənab Ələsgərova da məlumat vermişəm, vəziyyətlə onu tanış etmişəm və bildirmişəm ki, biz Azərbaycan qazının bu kəmər vasitəsilə ixrac olunmasının tərəfdarıyıq. İstəyirik Azərbaycan da Transxəzər qaz kəmərini dəstəkləsin ki, biz ümumi səylərlə bu layihəni həyata keçirə bilək.

Sizin Amerika Birləşmiş Ştatlarına bu dəfəki səfəriniz zamanı həm prezident Klinton ilə, həm də enerji naziri Riçardson ilə görüşlərinizdə Transxəzər qaz kəmərinə verdiyiniz dəstəyi biz Azərbaycan tərəfindən öhdəlik kimi qəbul edirik və bu öhdəliyin də həyata keçirilməsini sürətləndirmək üçün mən gələn həftə Azərbaycanı ziyarət edəcəyəm, Ələsgərov ilə danışıqlarımızı davam etdirəcəyik - necə edək ki, bu Transxəzər qaz kəməri tezliklə tikilib baş çatsın və regionun maraqlarına xidmət etsin.

Mən belə uzun məruzəyə görə Sizdən üzr istəyirəm. Transxəzər qaz kəmərinə verdiyiniz xidmətlərə görə Sizə təşəkkür edirəm və ümidvar olduğumu bildirirəm ki, biz ümumi səylərlə o layihənin gerçəkləşməsinə nail ola biləcəyik.

Heydər Əliyev: Təşəkkür edirəm. Məruzəniz o qədər də uzun olmadı. Mənə elə lazım idi ki, bu barədə, indiki durum haqqında bütün məlumatları bilim. Beləliklə, bir daha məlum olur ki, sizinldə bizim aramızda heç bir həll olunmayan məsələ yoxdur.

Türkmənistan prezidenti Niyazov bizim nümayəndə heyəti, sonra Türkiyənin nümayəndə heyəti, Gürcüstanın nümayəndə heyəti Aşqabadda olarkən - yanvar ayının 18-də idi - bunlara heç bir başqa şey deməmişdi və görüşü də çox əhəmiyyətli hesab etmişdi.

Ancaq o, niyə fikrini dəyişibdir - mən başa düşmürəm. Müəyyən qədər başa düşmək olar. Ancaq gərək bunu əvvəldən ölçüb-biçəydi. Yoxsa bir gün bir sənədi imzala, iki-üç ay ondan sonra başqa bir sənəd imzala - bu, o qədər də ciddi deyildir.

İlham Əliyev, sən neft şirkətinin birinci vitse-prezidenti kimi bu barədə bir şey deyə bilərsənmi?

İlham Əliyev (Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti): Bizim bu barədə mövqeyimiz elə əvvəldən birmənalı olubdur və o mövqe dəyişməz olaraq qalır. Əvvəlcədən müxtəlif səviyyələrdə bəyan etmişik ki, biz Transxəzər qaz kəməri layihəsini dəstəkləyirik və Türkiyə ilə, sizin şirkətinizlə bu barədə çoxlu danışıqlar aparmışıq. Ən əsas şərtimiz ondan ibarət olub ki, Azərbaycanda gələcəkdə çıxarılacaq qazı bu kəmər vasitəsilə dünya bazarlarına çatdıraq və mən bilirəm ki, siz də bizim bu mövqeyimizi dəstəkləyirsiniz.

Beləliklə, \"Pi es ci\" ilə Azərbaycanın mövqeləri arasında heç bir ziddiyyət, yaxud da anlaşılmazlıq yoxdur və müxtəlif zamanlarda gəzən şayiələr ki, \"Azərbaycan özü böyük qaz ölkəsi olacaqdır və ona görə də bu Transxəzər qaz layihəsini əngəlləmək istəyir\", - təbii ki, bu şayiələrin heç bir əsası yoxdur. Çünki bizim atdığımız əməli addımlar onu sübut edir ki, Azərbaycan əvvəlcədən bu layihəni dəstəkləyir və əlindən gələni edir və edəcək ki, bu layihə tezliklə həyata keçirilsin.

Biz hesab edirik ki, bu sahədə biz rəqabət yox, əməkdaşlıq etməliyik. Çünki gələcəkdə Azərbaycanın çox zəngin qaz ehtiyatları dünya bazarlarına çatdırılmalıdır və bəlkə də bir gün Türkiyənin bazarı bizim üçün yetərli olmayacaqdır. Ona görə biz istəyirik bu qaz strategiyamızı çox uzunmüddətli bir strategiya kimi həyata keçirək. Artıq biz Azərbaycan qazının Avropa ölkələrinə çatdırılması üçün müəyyən araşdırmalar aparırıq və hesab edirəm ki, sizin şirkətinizlə biz bu barədə gələcəkdə əməkdaşlıq edə bilərik.

Heydər Əliyev: Mən demək istəyirəm ki, Azərbaycan prezidentinin mövqeyi dəyişməzdir. Biz bu işlərə səthi yanaşmırıq, ölçürük-biçirik və bizim dövlət neft şirkətində, onun birinci vitse-prezidenti İlham Əliyevin dediyi kimi, bu barədə bu gün üçün də, gələcək üçün də çox aydın fikirlər var.

Hələ sizin şirkət olmadan prezident Niyazov başqa bir şirkətlə əməkdaşlıq edirdi. Onlar da gəlib mənimlə görüşərkən - \"Enron\" şirkəti gəlmişdi, biz dedik ki, etiraz etmirik. Ondan sonra İsrail şirkəti gəlmişdi, biz dedik ki, etiraz etmirik. Sonra siz bu işə başladınız, biz sizə də dedik ki, etiraz etmirik.

Yəni biz prinsip etibarilə bilirdik ki, ölkəmizdə qaz var və bilirdik ki, ölkəmizdə qaz çox çıxacaqdır. Amma buna baxmayaraq, hesab edirdik ki, Türkmənistanın qazını Xəzər dənizindən Azərbaycan vasitəsilə Türkiyəyə keçirmək lazımdır. Çünki bu, birincisi, bizim ümumi strategiyamızdır; ikincisi, biz Türkmənistana maneçilik etmək istəmirik; üçüncüsü, istəyirik onların qazı Qərbə getsin; dördüncüsü də bilirdik ki, bu heç də bizim qazımızın ixracına mane olmayacaqdır. Ona görə də siz bizim tərəfimizdən arxayın ola bilərsiniz. Bizim mövqeyimiz dəyişməyəcəkdir.

İstanbulda imzaladığımız o sənədin, o müqavilənin altındakı imzamı mən çox qiymətləndirirəm və o sənədi bu gün imzalayıb iki aydan sonra onu dəyişdirə bilmərəm. Bu müqavilənin altında prezident Bill Klintonun da imzası var, prezident Süleyman Dəmirəlin, prezident Şevardnadzenin də imzası var və prezident Niyazov imza ataraq orada bu barədə çox gözəl bir nitq söylədi. Ona görə də biz bu işlərə çox ciddi yanaşırıq.

Bəli, bu gün deyə bilərik ki, bizim yaxın perspektivdə çox qaz ixrac etmək imkanımız artıq məlum olubdur. Amma bu, İlham Əliyevin dediyi kimi, bizdə rəqabət hissi doğurmur. Əksinə, əməkdaşlıq hissi doğurur. Biz bu barədə sizinlə əməkdaşlıq edəcəyik. Ancaq lazımdır ki, əsas imzalanmış o layihə həyata keçirilsin. Təbiidir ki, siz dediyiniz kimi, biz onlardan istifadə edəcəyik. Hətta məmnunam ki, siz dediniz ki, gələcəkdə o kəmərin tutumunu artırmaq olar, yaxud onun yanından bir kəmər də çəkmək olar. Düşünürəm ki, bizim buna ehtiyacımız olacaqdır. Ona görə də bunların hamısı kompleks şəkildə bizi təmin edir.

Siz işinizi Türkmənistan ilə ciddi aparın və məsələləri onlarla həll edin. Azərbaycana nə vaxt gəlirsiniz, gəlin. Dövlət Neft Şirkətində danışın, sizi həmişə qəbul edəcəklər, mənə məlumat verəcəklər. Lazım olsa, mən də sizinlə görüşə bilərəm. Biz sizə yaşıl işıq veririk.

Ed Smit: Cənab Prezident, çox sağ olun. Ümid edirik ki, bizim Azərbaycanla münasibətlərimiz, əməkdaşlığımız yalnız İstambul bəyannaməsi ilə məhdudlaşmayacaq, əksinə, daha da genişlənəcək.

Heydər Əliyev: Bəli, əlbəttə.

Ed Smit: Hesab edirik ki, sizin Dövlət Neft Şirkəti ilə və ölkənizdə fəaliyyət göstərən digər iri Qərb şirkətləri ilə birgə çalışmaq üçün yaxşı imkanlarınız vardır ki, təkcə Türkmənistanın deyil, Azərbaycanın da nəql problemlərinin, kəmərlərinin çəkilməsi işində yaxından iştirak edə bilək. Sizin Dövlət Neft Şirkəti ilə biz çox yaxın təmaslarımızı inkişaf etdirəcəyik. Cənab İlham Əliyevdən də xahiş edirik, cənab Əsgərova tapşırıq versin ki, bizimlə hərdən mərhəmətli davransın.

Heydər Əliyev: O, onu edər.

Ed Smit: Düzdür, danışıq aparmaq hər zaman xoşagələn bir haldır, lakin tərəqqi əldə etməyimizə ehtiyac vardır.

Heydər Əliyev: Onu edərlər. Ondan narahat olmayın.

\"Azərbaycan\" qəzeti, 1 mart 2000-ci il.