Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin cəbhəyanı bölgədə - İmişli, Füzuli, Beyləqan, Şəmkir, Ağcabədi rayonlarındavə Gəncə şəhərində görüşlər zamanı çıxışları (11-12 dekabr 1993-cü il) sənədinə tarixi arayış

11-12 dekabr 1993-cü il tarixdə Heydər Əliyevin cəbhəyanı bölgəyə - İmişli, Füzuli, Beyləqan, Şəmkir, Ağcabədi rayonlarına səfərində respublikanın müdafiəsi ilə bağlı məsələlər, erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonlardan qaçqın düşən vətəndaşların yaşayışının təmin edilməsi məsələləri diqqət mərkəzində olub. Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan zaman Azərbaycan bir milyona yaxın qaçqın və köçkün problemi ilə üz-üzə qalmışdı. Məhz Heydər Əliyevin səyi ilə dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqəti qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə cəlb edilib. Heydər Əliyevin 17 sentyabr 1998-ci il tarixli sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramı, 6 dekabr 1999-cu il tarixli Fərmanı ilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edilib, Prezident İlham Əliyevin 1 iyul 2004-cü il tarixli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə” Dövlət Proqramı təsdiqlənib. Dövlət proqramlarının uğurla icrası nəticəsində bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin xeyli hissəsi aradan qaldırılıb.