Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Səudiyyə Ərəbistanı Krallığının neft və mineral sərvətlər naziri Əli bin İbrahim ən-Nəiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 4 iyun 2003-cü il

Əli bin İbrahim ən-Nəimi: Zati-aliləri cınab prezident, mən ilk əvvəl, kral Fəhd ibn Əbdüləziz Al Səudun salamlarını, xoş arzularını Sizə yetirirəm. Eyni zamanda, vəliəhd Abdullah ibn Əbdüləziz Al Səudun salamını və xoş arzusunu Sizə çatdırıram. İkinci vəliəhd Sultan ibn Əbdüləziz Al Səudun da Sizə səmimi salamı vardır. Onların hamısı Azərbaycana tərəqqi arzulayır və Sizə ən xoş diləklərini yetirir.

Heydər Əliyev: Çox sağ olsunlar. Xahiş edirəm mənim də ən xoş arzularımı və salamımı onların hamısına çatdırasınız.

Əli bin İbrahim ən-Nəimi: Cənab prezident, sağ olun. Sizin salamlarınızı krala çatdırmaq mənim üçün başucalığı olacaqdır.

Səudiyyə Ərəbistanında biz Sizin siyasətinizi, xüsusilə də neft və qaz sahəsindəki siyasətinizi daim izləyirik. İnanırıq ki, ölkənizin karbohidrogen ehtiyatlarının dünya üçün açılması Sizin tərəfinizdən atılan müdrik bir addım idi. Biz Sizin bu addımınızı tam dəstəkləyirik.

Eyni zamanda, beynəlxalq neft bazarının inkişaf etdirilməsi bizi çox maraqlandırır. Biz istəyirik ki, beynəlxalq neft bazarı, həm istehsalçılar, həm də istehlakçılar üçün sabit və ədalətli olsun.

Heydər Əliyev: Biz də bunu istəyirik.

Əli bin İbrahim ən-Nəimi: Düşünürəm ki, Səudiyyə Ərəbistanı və Azərbaycan Respublikasının bu sahədə birgə işləmək üçün geniş imkanları vardır.

Heydər Əliyev: Mən sizin fikrinizlə razıyam. Dünyada neftin qiyməti gərək həmişə sabit olsun. Mən istərdim ki, bundan aşğı düşməsin. İndi 28 dollardır. Bu, yaxşı rəqəmdir. Sizin ölkə OPEK-in üzvüdür və böyük imkanlarınız var ki, bu qiymət aşağı düşməsin.

Əli bin İbrahim ən-Nəimi: Cənab prezident, biz şərəf duyuruq ki, Səudiyyə Ərəbistanı OPEK ölkələri içərisində liderdir. Biz daim çalışırıq ki, bir barrel xam neftin qiyməti 22-28 dollar arasında olsun.

Heydər Əliyev: 28 dollar.

Əli bin İbrahim ən-Nəimi: Biz çalışırıq 28 dollar olsun. Amma Zati-aliləri, Sizə bildirim ki, bugünkü qiymət təxminən 27 dollardır.

Heydər Əliyev: Qoy 27 olsun.

Əli bin İbrahim ən-Nəimi: Çalışacağıq ki, 28-ə qaldıraq. Bu məqsədə yetmək üçün bizə əməkdaşlıq lazımdır. Əslində, biz bu əməkdaşlığı həmişə axtarırıq. İstər OPEK-in üzvü, istərsə də neft hasil edən digər ölkə olsun.

Heydər Əliyev: Biz bu barədə sizinlə əməkdaşlığa hazırıq.

Əli bin İbrahim ən-Nəimi: Cənab prezident, çox sağ olun. Artıq bu əməkdaşlığın ruhunu Sizin ölkəyə gəldiyim gündən həm mənə olan münasibətdən, həm də Sizin ekspertlərinizlə olan müzakirələrdən hiss edirəm.

Nəzərinizə çatdırmaq istəyirəm ki, son dörd ildə bizim bu əməkdaşlığımız kifayət qədər uğurlu olubdur. Biz əsas istehsalçılarla əməkdaşlığı yaxşı aparmışıq və nail olmuşuq ki, neft bazarında qiymətlər həm hasilatçılar, həm də istehlakçılar üçün sabit və ədalətli olsun. Haqqında danışdığımız 22-28 dollar arasındakı qiymət, əlbəttə, bizim istədiyimiz 28-dir, - hamı üçün sərfəlidir. Ən vacibi isə odur ki, beynəlxalq neft şirkətləri üçün olduqca mühüm rəqəmdir.

Yəni onların marağı olur ki, neft hasil edən ölkələrə sərmayələrini daha da artırsınlar.

Heydər Əliyev: Doğrudur, düz deyirsiniz.

Əli bin İbrahim ən-Nəimi: Cənab prezident, sağ olun. Biz Səudiyyə Ərəbistanında çox ümid edirik ki, bu sahədə, Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsində əməkdaşlığımız davam edəcəkdir, daha da genişlənəcəkdir. Düşünürəm ki, gələcəkdə informasiya mübadiləsini artırmaq, ekspertlər, mütəxəssislər mübadiləsini genişləndirmək vacibdir.

Heydər Əliyev: Sağ olun. Mən sizin dediklərinizlə razıyam. İndiyə qədər sizin ölkə ilə neft sahəsində əməkdaşlığımız, demək olar ki, olmayıbdır. İndi təşəbbüs sizin tərəfinizdən olmalıdır. Biz bu əməkdaşlığa çox geniş səviyyədə hazırıq. Əgər siz Azərbaycanla əlaqələri yaxşı inkişaf etdirsəniz, biz bundan məmnun olacağıq.

Əli bin İbrahim ən-Nəimi: Cənab prezident, çox sağ olun. Bu, mənim Sizin ölkəyə ilk səfərimdir. Elə ilk səfərim vaxtı da özümlə dəvətnamələr gətirmişəm. Həm Sizin yanacaq və energetika nazirinizi, həm də Dövlət Neft Şirkətinin birinci vitse-prezidentini öz ölkəmizə dəvət edirik. Biz gərək Azərbaycanda və Səudiyyə Ərəbistanında neft sahəsinin inkişafı ilə bağlı əməkdaşlıq edək.

Heydər Əliyev: Çox sağ olun, mən razıyam. Amma neft sahəsindən savayı, Səudiyyə Ərəbistanı ilə əməkdaşlığımız var. Səudiyyə Ərəbistanı burada müəyyən təşkilatlar yaradıbdır, səfir bunu bilir. Onlar burada yaxşı fəaliyyət göstərirlər və qaçqınlara, başqalarına yardım edirlər. Mən buna görə təşəkkür edirəm. Güman edirəm ki, bu yardımlar gələcəkdə də davam edəcəkdir.

Əli bin İbrahim ən-Nəimi: Cənab prezident, mən də əminəm, ölkələrimiz arasında əlaqələr var və bunlar daha da güclənəcəkdir. Amma tutduğum vəzifə məndən tələb edir ki, enerji məsələləri ilə məşğul olum. Ona görə də mən bu məsələ ilə ciddi məşğul oluram. Çünki hər iki ölkənin uğuru, əslində, bu sahənin inkişafından çox asılıdır.

Zati-aliləri, çox sağ olun ki, iş cədvəlinizdən vaxt ayırdınız, məni qəbul etdiniz. Ümid etmək istəyirəm ki, ölkələrimiz arasında rəsmi səfərlər artacaq və əlaqələr daha da genişlənəcəklər.

Heydər Əliyev: Bir daha xahiş edirəm ki, mənim salamımı, ən xoş arzularımı kral Fəhd ibn Əbdüləziz Al Səuda və ölkənizin vəliəhdi Abdullah ibn Əbdüləziz Al Səuda çatdırasınız.

Əli bin İbrahim ən-Nəimi: Cənab prezident, çox sağ olun. Sizin salamlarınızı və xoş arzularınızı böyük məmnuniyyətlə çatdıracağam.

\"Azərbaycan\" qəzeti, 5 iyun 2003-cü il.