Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki - 15 dekabr 2001-ci il

Əziz bacı və qardaşlar!

Sizi dünya müsəlmanlarının əziz bayramı - Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

İslamın Allah-təala tərəfindən bəşəriyyət üçün din olaraq seçildiyi və onun müqəddəs kitabı Qurani-Kərimin nazil edildiyi Ramazan ayı dünya xalqlarının mənəviyyatı tarixinə böyük təsir göstərmiş mübarək aylardan biridir. Sülhün, əmin-amanlığın, qardaşlığın bərqərar edilməsinə dəvət edən islam dininin həmin müqəddəs ayında müsəlmanlar bu humanist prinsiplərin təntənəsi naminə hər cür sınaqlara, məhrumiyyətlərə sinə gərmək qabiliyyətlərini nümayiş etdirirlər. Qəlblərindəki imanın gücü ilə ağır sınaqlardan ləyaqətlə çıxmış bacı və qardaşlarımızın fərəh və qürur hissini bir-biri ilə bölüşdürmək üçün böyük bayram büsatı qurmağa tam haqları vardır.

Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ilə xalqımız öz zəngin milli və dini dəyərlərindən lazımınca faydalanmaq imkanını əldə etmişdir. Artıq on ildir ki, Azərbaycan xalqı Ramazan ayının mübarək günlərində öz dini ayinlərini azad və sərbəst şəkildə keçirir, bu müqəddəs bayramı təntənə ilə qeyd edir. Ramazan ayının sınaq günlərində öz borcunu yerinə yetirmiş müsəlmanlarımız bu gün şadlıq edir, bir-birlərinə ehtiram və məhəbbət bildirərək sıx həmrəylik nümayiş etdirir, həyatdan getmiş yaxınlarını yad edirlər.

Bu müqəddəs gündə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarına rəhmət, şəhidlərimizin ailələrinə və yaxınlarına səbr diləyirəm.

Azərbaycan Respublikasından kənarda yaşayan bütün soydaşlarımıza təbriklərimi və ən xoş arzularımı yetirirəm. Doğma Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün tam bərpa edilməsi, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması naminə hamınızı sıx əməkdaşlığa və həmrəyliyə çağırıram.

Yeni minilliyin və yeni əsrin bu ilk Ramazan bayramı münasibətilə ulu Tanrıdan sizə cansağlığı, xoş əhval-ruhiyyə, ölkəmizin tərəqqisi yolunda fəaliyyətinizdə böyük uğurlar arzulayıram!

Bayramınız mübarək olsun!

"Azərbaycan" qəzeti, 16 dekabr 2001-ci il