Xəzər dənizinin Azərbaycan sektorundakı \"Araz\", \"Alov\", və \"Şərq\" strukturlarının, \"İnam\" strukturunun, quruda yerləşən \"Muradxanlı\" və \"Cəfərli\" neft yataqlarının və \"Zərdab\" strukturunun birgə işlənməsi haqqında üç sazişin imzalanması mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 21 iyul 1998-ci il

Hörmətli Baş nazir!

Sizə birinci növbədə, məni Böyük Britaniyaya rəsmi səfərə dəvət etdiyinizə görə minnətdarlığımı bildirirəm. Ölkənizdə apardığım və bu gün Sizinlə apardığımız çoxsahəli, ətraflı və dərin məzmunlu danışıqlar ölkələrimiz arasındakı əlaqələrin inkişaf etməsi üçün çox yaxşı əsas yaratdı.

Biz Birləşmiş Krallıqla Azərbaycan arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində son dörd ildə yaxşı nailiyyətlər əldə etmişik. Bütün bunlar ölkələrimizin əməkdaşlığı üçün böyük perspektivlər açır.

Cənab Baş nazir, biz Sizinlə birlikdə gələcəyin əsasını qoyuruq. Bizim indicə imzaladığımız siyasi bəyannamə çox böyük əhəmiyyət daşıyır və mən bunu yüksək qiymətləndirirəm. Dünyanın ən böyük dövlətlərindən biri olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə Azərbaycan arasında belə əlaqələrin yaranması və belə bir siyasi bəyannamənin imzalanması Azərbaycan üçün çox böyük siyasi əhəmiyyət kəsb edir.

Bu gün Sizin və mənim iştirakımızla imzalanmış iqtisadi sazişlər, sənədlər Azərbaycan ilə Birləşmiş Krallığın əlaqələrinin gələcək inkişafı üçün çox yaxşı əsas yaradır. Eyni zamanda, bunlar hamısı yeni müstəqillik əldə etmiş demokratiya, tərəqqi, bazar iqtisadiyyatı yolu ilə gedən Azərbaycan üçün çox əhəmiyyətlidir.

Sizin ölkənizin, xalqınızın böyük tarixi nailiyyətləri vardır. XX əsrin ikinci yarısında, İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Sizin ölkəniz bütün sahələrdə böyük tərəqqi əldə etmişdir. Biz Sizin bütün sahələrdəki təcrübənizdən istifadə edirik. Biz Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi apararaq, bazar iqtisadiyyatını yaradıb inkişaf etdirərək Sizin təcrübənizdən istifadə etməyə çalışırıq.

Xəzərin Azərbaycan sektorundakı zəngin yataqların və ümumiyyətlə Azərbaycanın ərazisində olan neft yataqlarının Birləşmiş Krallığın böyük neft şirkətləri ilə birgə işlənilməsi bizim üçün çox əhəmiyyətlidir. Birləşmiş Krallığın yüksək texnikaya, texnologiyaya, zəngin təcrübəyə malik şirkətləri və Azərbaycanın təbii sərvətləri, bizim yüksək səviyyəli kadrlarımız bu işləri gələcəkdə birlikdə görəcəklər.

Mən bəyan edirəm ki, bu gün imzaladığımız siyasi bəyannamədə Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannamədə əks olunmuş bütün müddəaların hamısının həyata keçirilməsinə çalışacaq, Birləşmiş Krallıq - Azərbaycan dostluğunu, əməkdaşlığını daim irəliyə doğru aparacağıq.

Mən Sizi təbrik edirəm, Azərbaycan haqqında və mənim haqqımda söylədiyiniz xoş sözlərə görə Sizə minnətdarlığımı bildirirəm. Sağ olun.