Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Lissabon Zirvə toplantısının yekunları ilə əlaqədar respublika ictimaiyyətinin nümayəndələrilə görüşdə nitqi - Prezident sarayı, 6 dekabr 1996-cı il

Hörmətli xanımlar və cənablar! Bugünkü görüş ATƏT-in Lissabon Zirvə toplantısının yekunlarına həsr olunmuşdur. Buraya bu görüşə Azərbaycan Respublikası ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri və nümayəndəliklərinin başçıları və nümayəndələri, beynəlxalq təşkilatların nümayəndəliklərinin bütün başçıları, respublikanın kütləvi informasiya vasitələrinin və xarici ölkələrin informasiya orqanlarının nümayəndələri dəvət ediliblər.

Hörmətli görüş iştirakçıları, mən sizi salamlayıram və sizi əmin edirəm ki, Lissabon Zirvə görüşü haqqında lazımi qədər məlumat verməyə çalışacağam. Təəssüf olsun ki, burada sinxron tərcümə etməyə hələlik imkanımız yoxdur. Buna görə də Azərbaycan dilini bilməyən görüş iştirakçılarından üzr istəyirəm və rica edirəm ki, onlar burada olan imkanlardan istifadə etsinlər. Güman edirəm ki, onlar öz həmkarlarından, yaxud başqa vasitələrdən istifadə edib mənim Azərbaycan dilində söylədiyim sözləri başa düşəcəklər.

ATƏT-in Lissabon Zirvə görüşü beynəlxalq aləmdə böyük və əlamətdar bir hadisədir. ATƏT yaranandan indiyə qədər Avropada təhlükəsizliyi, əməkdaşlığı təmin etməyə çalışan bir təşkilatdır. Helsinki aktında ATƏT-in prinsipləri həkk olunubdur və 1975-ci ildən indiyə qədər ATƏT bu prinsiplərin Avropada və bütün başqa ölkələrdə bərqərar olmasına çalışır. Hesab edirəm ki, bu müddətdə ATƏT çox böyük iş görüb, nailiyyətlər əldə edibdir. Avropada, dünyada sülhün bərqərar olması, təhlükəsizliyin təmin edilməsi, demokratiyanın inkişaf etməsi, insan hüquqlarının qorunması sahəsində dəyərli işlər görüb və lazımi nəticələr əldə edibdir. Ona görə də ATƏT bir təşkilat kimi dünyanın hər yerində böyük hörmət və ehtiram qazanıbdır.

Azərbaycan dövlət müstəqilliyi əldə edəndən ATƏT-ə üzv qəbul olunubdur. Azərbaycan ATƏT-də üzv olmağı ölkəmizin beynəlxalq aləmdə siyasətini həyata keçirməsi üçün, dövlət müstəqilliyini təmin etməsi üçün mühüm bir vasitə hesab edir.

ATƏT-in Lissabon Zirvə görüşündə müasir problemlərə aid bir çox məsələlər müzakirə olundu və sənədlər qəbul edildi. Birinci mühüm sənəd XXI əsrdə Avropanın təhlükəsizliyi modelinə həsr olunmuşdur. Bu, çox əhəmiyyətli bir sənəddir. Yəni artıq, ATƏT irəliyə baxır, XXI əsrin problemləri ilə bağlı qayğılarla yaşayır və ona görə də məhz indi, 96-cı ilin sonunda Zirvə görüşündə birinci sənədi buna həsr edibdir. Biz bu sənədin hazırlanmasında və qəbul olunmasında iştirak etdik, onu dəstəklədik, ona səs verdik. Ümumiyyətlə, bu sənəd ATƏT-in üzvləri tərəfindən yekdilliklə qəbul olundu.

ATƏT-in Avropada təhlükəsizliyə və əməkdaşlığa dair yekun sənədi, onun hazırlanması və müzakirəsi, demək olar, çox mürəkkəb və gərgin şəraitdə keçdi. Çünki bu sənəddə ATƏT-ə daxil olan ölkələrin bir çoxunun problemlər, münaqişələr haqqında, yaxud qarşılıqlı əlaqələr haqqında, bu ölkələrin özlərinə və ya ölkələr birliyinə olan münasibətlər haqqında bir sıra müddəalar əks edilmişdir. Ona görə də hazırlıq zamanı müzakirə həm Vyanada, həm də Lissabonda çox gərgin və mürəkkəb keçdi. Azərbaycan da bu sənədə çox maraqlı olduğuna görə onun hazırlanması mərhələsindən qəbul edilməsi mərhələsinə qədər bu sənədin hazırlanmasında və müzakirəsində fəal iştirak etdi, ölkəmizin mövqelərinin orada əks olunmasına çalışdı.

Siz artıq bu sənədlərlə informasiya orqanlarının verilişlərindən, mətbuatdan tanışsınız. Ancaq mən Azərbaycana aid məsələlər haqqında sizə lazımi qədər geniş məlumat vermək istəyirəm. Güman edirəm ki, bu barədə sizin də məlumatınız var, bütün Azərbaycan ictimaiyyətinin də. Çünki televiziya vasitəsilə, mətbuat vasitəsilə bir çox məsələlər haqqında məlumatlar verilibdir. Ancaq bununla yanaşı, mən orada gedən proseslər haqqında, Azərbaycanla əlaqədar məsələnin həll edilməsi mərhələsi və onun həll olunması prosesi haqqında, Lissabon sammitində Azərbaycana aid və xüsusən Ermənistan-Azərbaycan münaqişəsinə, Dağlıq Qarabağ münaqişəsinə aid məsələlərin müzakirəsi haqqında sizə daha geniş məlumat vermək istəyirəm.

Bilirsiniz ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra bu, ATƏT-in üçüncü Zirvə görüşüdür. 1992-ci ildə ATƏT-in Zirvə görüşü Helsinkidə olmuşdur. Artıq o vaxt Azərbaycan müstəqil dövlət idi və ölkəmizin nümayəndə heyəti Azərbaycanın o vaxtkı prezidenti başda olmaqla Helsinkidə ATƏT-in Zirvə görüşündə iştirak etmişdi. Sonra ATƏT-in Zirvə görüşü 1994-cü ilin dekabr ayında Macarıstanda, Budapeştdə keçirilmişdir. Orada Azərbaycanın bugünkü prezidenti başda olmaqla Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Nəhayət, bu il dekabrın 2-3-də Portuqaliyada, Lissabonda ATƏT-in növbəti Zirvə görüşü olmuşdur və biz orada iştirak etmişik. 1992-ci ildə Helsinkidə ATƏT-in Zirvə görüşünün sənədlərində Azərbaycan haqqında, Azərbaycan - Ermənistan münaqişəsi haqqında, Dağlıq Qarabağ münaqişəsi haqqında heç bir iz yoxdur. Yəni bizim əlimizdə olan sənədlərdə bu məsələnin orada müzakirə edilib-edilməməsi, yaxud qoyulması məlum deyildir, ancaq Azərbaycana aid, Azərbaycan-Ermənistan münaqişəsinə aid heç bir sənəd yoxdur. 1994-cü ildə Budapeştdə ATƏT-in Zirvə görüşündə isə Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ münaqişəsi haqqında çox əhəmiyyətli qərar qəbul olunmuşdur.

Xatirinizdədir, o Zirvə görüşü ərəfəsində biz belə bir qərarın qəbul edilməsi üçün geniş fəaliyyət göstərmişdik, çox iş görmüşdük. Budapeştdə Zirvə görüşündə mənim rəsmi nitqimdə də və aparılan ikitərəfli, çoxtərəfli danışıqlarda da, həyata keçirilmiş bütün işlər nəticəsində biz nəhayət, Budapeşt sammitində Azərbaycana aid, bir daha qeyd edirəm Ermənistan-Azərbaycan münaqişəsinə aid əhəmiyyətli bir qərarın qəbul edilməsinə nail olmuşduq. Mən sizə xatırladım, o qərarın əsas məzmunu bundan ibarətdir ki, ATƏT bu münaqişənin tezliklə həll olunmasının, sülh yolu ilə aradan qaldırılmasının zəruriliyini bir daha bəyan etmişdir. O vaxt Ermənistan-Azərbaycan münaqişəsində artıq yeddi ay davam edən atəşkəsin çox əhəmiyyətli olduğunu qeyd etmişdir və tövsiyə etmişdir ki, atəşkəs rejiminə riayət olunsun, münaqişəyə son qoymaq üçün, məsələni sülh yolu ilə həll etmək üçün danışıqlar prosesi intensivləşdirilsin və Minsk qrupunun işi daha intensiv aparılsın. Əgər Minsk qrupu o vaxta qədər bir sədrin rəhbərliyi altında fəaliyyət göstərirdisə, dekabr ayında Budapeştdə Minsk qrupunun formatı dəyişdi və onun iki həmsədri - Rusiya və Finlandiya təyin edildi. Sənədin ən mühüm hissələrindən biri ondan ibarətdir ki, ilk dəfə olaraq ATƏT-in sülhü mühafizə qüvvələrinin yaradılması haqqında qərar qəbul edildi və Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün, əldə olunacaq sülh sazişinin yerinə yetirilməsi, təmin edilməsi üçün çoxmillətli sülhü mühafizə qüvvələrindən istifadə edilməsi zərurəti nəzərə alındı.

Bildiyiniz kimi, Budapeşt sammitinə qədər nəzərdə tutulurdu ki, əgər Böyük Sülh Sazişi əldə edilsə, şübhəsiz, buraya sülhü mühafizə qüvvələri daxil olmalıdır və bu qüvvələr bir ölkədən olacaqdır. Ancaq Budapeştdə qəbul edilən qərar elə oldu ki, əvvəlcə ATƏT-in çoxmillətli sülhü mühafizə qüvvələri yaradılmalıdır və bu qüvvələrdən Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması məqsədi ilə əldə ediləcək sazişin həyata keçirilməsi üçün istifadə olunmalıdır. Qərarın əsas məzmunu, əsas mənası bundan ibarətdir.

Budapeştdən sonra Minsk qrupunun fəaliyyəti həqiqətən gücləndi. Bu iki il müddətində Minsk qrupu çox görüşlər keçirmiş, onun nümayəndələri dəfələrlə regionumuzda olmuş, danışıqlar aparmış, çox işlər görmüşlər. Bilirsiniz ki, biz bu iki il müddətində tək Minsk qrupunun vasitəsilə deyil, həm də bütün imkanlardan istifadə etməyə çalışmışıq və məqsədimiz də tezliklə sülh əldə etmək, işğal olunmuş torpaqlarımızı azad etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək və doğma yurdundan didərgin düşmüş Azərbaycan vətəndaşlarını öz yerlərinə, obalarına qaytarmaqdır. Bunun üçün biz Minsk qrupu çərçivəsində daim fəal iş görməklə məşğul olmuşuq, eyni zamanda ikitərəfli görüşlərdən, dövlət və hökumət başçılarının görüşlərindən, Azərbaycanda keçirilən görüşlərdən, mənim xarici ölkələrə səfərim zamanı keçirdiyim görüşlərdən, beynəlxalq təşkilatlar çərçivəsində olan ikitərəfli görüşlərdən, başqa imkanlar çərçivəsində keçirilən görüşlərdən səmərəli istifadə etməyə çalışmışıq.

Eyni zamanda beynəlxalq təşkilatların imkanlarından da istifadə etməyə çalışmışıq, yəni beynəlxalq təşkilatların toplantılarında onların tribunasından istifadə edərək Azərbaycanın vəziyyəti, Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat vermişik və həmin təşkilatların bu işə qoşulmasına çalışmışıq. Mən beynəlxalq təşkilatlar dedikdə həm Birləşmiş Millətlər Təşkilatını, həm ATƏT-i, həm İslam Konfransı Təşkilatını, həm İqtisadi Əməkdaşlıq Təşkilatını, həm MDB-ni, həm Avropa Birliyini, həm də Avropa Şurasını nəzərdə tuturam. Biz onların hamısının imkanlarından səmərəli istifadə etməyə çalışmışıq.

Bütün bu dövr ərzində, bu iki ildə çalışmışıq ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün ədalətli qərar qəbul edilsin və biz buna nail ola bilək. Ancaq təəssüflər olsun ki, biz bu iki il müddətində atəşkəs rejimini saxlamağa nail olmaqla yanaşı, ümumiyyətlə, sabitliyi təmin etməklə yanaşı eyni zamanda son məqsədə çata bilməmişik, yəni Böyük Sülh Sazişini əldə edə bilməmişik. Bunların da səbəbi Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutaraq, Azərbaycan torpaqlarının bir qisminin işğal olunması vəziyyətindən istifadə edərək, bir tərəfdən məsələnin sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu daim bildirmişdir, ikinci tərəfdən isə daim danışıqlardan nəyin bahasına olursa-olsun Dağlıq Qarabağa müstəqillik statusu almağa çalışmış və cəhd göstərmişdir.

Biz bu il Ermənistanla bilavasitə danışıqlar aparmaq üçün yeni bir kanal da yaratmışıq. Ermənistan prezidentinin xüsusi nümayəndəsinin və Azərbaycan prezidentinin xüsusi nümayəndəsinin mütəmadi görüşlərini təşkil etmişik. Bu görüşlər Avropanın bir neçə ölkəsində dəfələrlə keçirilibdir. Biz bu görüşlərdən də istifadə etməyə çalışmışıq. Nəhayət, şəxsən mən beynəlxalq təşkilatların iclaslarında, toplantılarında Ermənistan prezidenti Levon Ter-Petrosyanla bir neçə dəfə görüşlər keçirmiş, danışıqlar aparmışam, Azərbaycanın mövqelərini izah etməyə çalışmışam və məsələnin sülh yolu ilə həll olunması üçün konstruktiv addımlar atdığımı nümayiş etdirmişəm.

Belə görüşlərdən biri də biz apreldə Lüksemburqda Avropa Birliyində olduğumuz zaman baş vermişdir. Azərbaycanın və Ermənistanın prezidentləri münaqişənin sülh yolu ilə həll olunması ilə əlaqədar orada ilk dəfə birgə bəyanat vermişdilər. Ancaq yenə də qeyd edirəm, bunların hamısı bizi son məqsədə, nəticəyə gətirib çıxarmamışdır. Ona görə də biz ATƏT-in Lissabon Zirvə görüşünə hazırlaşdığımız dövrdə çox geniş fəaliyyət göstərməyə çalışdıq və bunu edə bildik.

Biz həm Minsk qrupunun işini daha da sürətləndirməyə və Minsk qrupunun vasitəsindən istifadə etməyə çalışmışdıq, həm də Minsk qrupuna daxil olan dövlətlərin - Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Türkiyə və başqa dövlətlərin nümayəndə heyətləri, dövlət başçıları ilə əlaqə quraraq Minsk qrupunun işini gücləndirməyə xüsusi diqqət yetirmişik. Eyni zamanda bu ölkələrin dövlət başçıları, yaxud o dövlətlərin nümayəndələri ilə görüşlərdə də bu işi sürətləndirməyə və Lissabon Zirvə görüşündə məsələnin sülh yolu ilə həllini təmin edə biləcək bir qərar qəbul olunması üçün əsas yaratmağa çalışmışıq.

Bunun üçün mən bu il noyabrın əvvəlində ATƏT-in üzvü olan bütün ölkələrin dövlət və hökumət başçılarına məktublar göndərmişəm. Bu məktublarda hər bir dövlət və hökumət başçısına həmin problemi bir daha geniş izah etməyə çalışmışam, Azərbaycanın konstruktiv mövqedə olduğunu nümayiş etdirmişəm və respublikamızın konkret təkliflərini irəli sürmüşəm. Bizim bu təkliflərimizin Lissabon Zirvə görüşünədək həyata keçirilməsi üçün dövlət və hökumət başçılarından lazımi səylər göstərmələrini xahiş etmişəm. Bu məktublara, mənim müraciətimə ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının bir çoxu yazılı cavablar da, şifahi cavablar da vermişlər, bütün bu cavablarda bizim mövqelərimizi ümumiyyətlə müdafiə etmişlər.

Bilirsiniz ki, ABŞ prezidenti Bill Klinton mənim məktubuma cavab olaraq noyabrın 8-də məktub göndərmişdir. Bu məktub mətbuatda dərc olunub, sizə məlumdur. O, bizim bu prinsiplərimizi dəstəkləmişdir. Yenə deyirəm, Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə və bir çox digər ölkələrin dövlət başçılarından da belə məzmunlu məktublar almışıq. Bunlarla yanaşı, biz noyabr ayında Minsk qrupunun Azərbaycana gələn bütün tərkibi ilə, ABŞ-dan, Rusiyadan gələn böyük nümayəndə heyətləri ilə görüşüb danışıqlar aparmışıq.

Bunların hamısında biz bir məqsədi irəli sürürdük. Şübhəsiz ki, ATƏT-in Zirvə görüşü münaqişəyə son qoymaq üçün bir qərar qəbul etmək imkanında deyil. Ancaq münaqişənin sülh yolu ilə həll olunmasının ATƏT-in prinsiplərinə söykənən əsas prinsiplərinin qəbul edilməsi Zirvə görüşündən sonra, 1997-ci ildə bu işin daha da sürətlə və müvəffəqiyyətlə aparılmasına kömək edəcəkdir. Ona görə də həm dövlət və hökumət başçılarına göndərdiyim müraciətlərdə, həm də apardığım bütün danışıqlarda biz belə izah etmişik ki, bu prinsiplər üç elementdən ibarət olmalıdır. Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması - bilirsiniz ki, indiyədək Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir və onu da bilirsiniz ki, 1989-cu ildə qərar qəbul edilibdir ki, Dağlıq Qarabağ Ermənistanın tərkibinə daxil olmuşdur və bu qərar indiyədək ləğv olunmayıb - ona görə də bu, çox prinsipial məsələdir.

Bizim formulun ikinci elementi Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək status verilməsidir. Üçüncü element, - bu Ermənistan tərəfinin daimi təkididir - Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunmasına zəmanət verilməsidir.

Bu üç əsas elementdən ibarət olan formulu biz dəfələrlə Minsk qrupuna da təklif etmişdik və dünya ölkələrinin dövlət və hökumət başçılarına mənim göndərdiyim müraciətlərdə də bunlar irəli sürülmüşdür. Biz Lissabon Zirvə toplantısı ərəfəsində keçirdiyimiz bütün görüşlərdə bunları irəli sürmüşdük. Bizim məqsədimiz də ondan ibarət idi ki, əgər Lissabon Zirvə görüşü Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün bu prinsipləri qəbul etsə, demək, bundan sonra gedəcək danışıqlar, Minsk qrupunun fəaliyyəti bu prinsiplər üzərində qurulmalıdır.

Siz bunu bilməlisiniz, iş burasındadır ki, Minsk qrupu, ümumiyyətlə, bu prinsipləri qəbul edərək, eyni zamanda Minsk qrupunun görüşlərində, Ermənistan-Azərbaycan nümayəndələrinin görüşlərində Ermənistan bu prinsiplərə etiraz etdiyinə görə Minsk qrupu bu prinsipləri müzakirəyə qoya bilməyib. Ona görə də Minsk qrupunun bu məsələdə həmin prinsipləri müzakirənin əsasına çevrilməsi üçün biz bu prinsiplərin Zirvə görüşündə qəbul edilməsinə nail olmağa çalışırdıq. Bunun üçün də biz Zirvə görüşü ərəfəsində Helsinkidə - Minsk qrupunun son toplantısında bu məsələni çox kəskin qoymuşuq, Lissabon görüşünü hazırlayan qrupun Vyanadakı işində də biz bu prinsipləri irəli sürmüşdük və nəhayət, Lissabonun özündə, Zirvə görüşü başlanmazdan əvvəl bu prinsiplərin sammitin sənədinə daxil olunmasını təkid edirdik və buna cəhd göstərirdik, çalışırdıq.

Ancaq təəssüflər olsun ki, əvvəl Vyanada, sonra Lissabonda hazırlanmış bəyannamə layihəsində başqa bir maddə meydana gəlmişdi. O maddə də ondan ibarət idi ki, Ermənistan-Azərbaycan münaqişəsi sülh yolu ilə həll olunmalıdır, danışıqlar prosesi intensivləşdirilməlidir, tərəflər razılığa gəlməlidir, kompromis əldə edilməlidir, atəşkəs qorunub saxlanmalıdır, sülh danışıqları davam etdirilməlidir.

Bizə izah edirdilər ki, Ermənistan tərəfi bizim irəli sürdüyümüz təklifə konsensus vermədiyinə görə o təklif, layihə heç ümumi sənədin layihəsinə də daxil olunmamışdır. 18-ci paraqraf altında belə bir yazı var idi. Biz Lissabonda çalışdıq və buna nail olduq ki, o yazı oradan çıxarıldı və Lissabon sənədinə 20-ci paraqraf altında həmin bu prinsipləri əks etdirən bir paraqraf salındı.

Mən sizə bildirmək istəyirəm ki, bu, asan məsələ deyildi, çox çətin məsələ idi. Minsk qrupunun üzvləri və bir çox başqa dövlətlərin nümayəndələri orada bizi dəstəklədiklərinə görə biz bu paraqrafın ora salınmasına nail olduq. Yəni o paraqrafın salınması, hesab edirəm, bizim ilk, çox uğurlu addımımız oldu ki, əvvəlki, bizim üçün qeyri-məqbul məzmun daşıyan paraqraf əvəzinə bu paraqraf layihəyə salındı.

Ancaq bilirsiniz ki, ATƏT konsensus əsasında işləyir. Ermənistan bu maddəyə veto qoydu və bu paraqrafın qəbul olunmasına qəti etiraz etdi. Bizim sonrakı işlərimiz ona yönəldildi ki, bu paraqrafın orada saxlanılmasına nail olaq. Siz açıq bilməlisiniz, - baxmayaraq ki, bu paraqraf özü də bizi tam təmin etmirdi. Çünki o paraqrafda üç elementdən olan formul yazılmışdı, ancaq eyni zamanda deyilirdi ki, sammit təəssüf edir ki, konsensus olmadığına görə bu, qəbul olunmur və tövsiyə edilir ki, danışıqlar davam etsin. Biz bunu da qəbul etdirməyə çalışırdıq ki, ATƏT-in sənədində heç olmasa ilk dəfə olaraq prinsiplər əks edilsin. Çünki ATƏT-in indiyə qədərki sənədlərində bu formul öz əksini tapmamışdı, yəni Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması və Dağlıq Qarabağın statusu məsələsinin Azərbaycanın tərkibində həll edilməsi indiyə qədər heç bir sənədə daxil olmamışdı. Ona görə də biz bu paraqrafın, bəndin saxlanmasına çalışırdıq. Ancaq Ermənistan buna veto qoydu və bu vetonun üzərində də axıradək durdu.

Belə olan vəziyyətdə bizim başqa çıxış yolumuz yox idi. Biz çox müzakirələr, təhlillər apardıq. Bunların nəticəsində, - sizə açıq deyirəm, - mən çox riskli qərar qəbul etdim. Bu qərar da ondan ibarət idi ki, hələ Lissabon Zirvə görüşü, yəni sammitin iclası başlanmazdan əvvəl, dekabrın 1-də axşam mən Lissabon Zirvə toplantısının son sənədinə veto qoydum. Konsensus hüququ buna imkan verir. Şübhəsiz ki, bu, çox böyük narahatlıq, təşviş doğurdu. Çünki belə bir addım bəlkə də gözlənilməz idi. Ancaq biz belə bir addımı atdıq. Ondan sonra bizim işimizin yeni bir mərhələsi başlandı.

Mən həm dekabrın 1-də - Zirvə görüşü işə başlamamışdan əvvəl, həm də dekabrın 2-də, 3-də bir çox görüşlər keçirmişdim. Orada demək olar ki, dövlət və hökumət başçılarının tam əksəriyyəti ilə həm hazırlıq dövründə, həm dekabrın 2-də səhər saat 9-da sammit öz işinə başlayandan sonra tənəffüslər zamanı, yaxud Portuqaliya prezidentinin, baş nazirinin təşkil etdikləri qəbullar zamanı dövlət və hökumət başçıları ilə fərdi görüşlər keçirirdim, danışıqlar aparıb mövqelərimizi izah edirdim. Nümayəndə heyətimizin üzvlərinin hər biri də öz səviyyəsində bu mövqeləri izah edirdi və biz sübut etməyə çalışırdıq ki, mövqeyimiz düzgündür, doğrudur.

Ancaq bu çoxsaylı görüşlərlə yanaşı, həmin məsələləri müzakirə etmək və orada müəyyən dəstək almaq üçün mən bir neçə dövlət və hökumət başçıları ilə, xarici işlər nazirləri ilə xüsusi görüşlər də keçirdim. Bunlar xüsusi, ayrıca, müstəqil görüşlər idi. Mən ABŞ-ın vitse-prezidenti cənab Albert Qor ilə, Rusiyanın baş naziri, bu ölkənin nümayəndə heyətinin başçısı cənab Viktor Çernomırdinlə, Türkiyənin prezidenti cənab Süleyman Dəmirəllə, Finlandiyanın prezidenti cənab Marti Ahtisaari ilə, Ukraynanın prezidenti Leonid Kuçma ilə, Portuqaliyanın baş naziri cənab Antonio Qutyereslə, İsrailin baş naziri cənab Netanyahu ilə, Qazaxıstanın prezidenti cənab Nursultan Nazarbayevlə, Gürcüstanın prezidenti cənab Eduard Şevardnadze ilə, ATƏT-in hazırkı sədri, İsveçrənin xarici işlər naziri cənab Flavio Kotti ilə bir neçə dəfə, Ermənistanın prezidenti cənab Ter-Petrosyanla, Rusiyanın xarici işlər naziri cənab Yevgeni Primakovla, Almaniyanın xarici işlər naziri cənab Klaus Kinkellə, Böyük Britaniyanın xarici işlər naziri cənab Malkolm Rifkindlə, Fransanın xarici işlər naziri cənab Evre de Şarettlə, ABŞ dövlət katibinin müavini xanım Linn Devislə xüsusi görüşlər keçirdim, müzakirələr apardım, mövqelərimizi izah etməyə çalışdım.

Bu və digər görüşlərdə mənə eyni zamanda izah etdilər ki, bizim atdığımız addım Azərbaycana ümumiyyətlə çox pis nəticələr gətirə bilər. Əgər Azərbaycan Lissabon Zirvə görüşünün sənədinə tamamilə veto qoysa, demək, heç bir sənəd qəbul olunmayacaqdır, Zirvə görüşü sənədsiz keçəcəkdir. Beləliklə, 55 dövlət Azərbaycandan narazı olacaqdır. Belə bir vəziyyətdə Azərbaycan təcrid ediləcəkdir. Mən düşünürdüm ki, ola bilər, buna başqa mənalar da versinlər, başqa nəticələr də çıxarsınlar.

Bu cür izahatlar verərək həmin görüşlərdə mənə təkidlə müraciət olunurdu ki, mən bu vetonu götürüm. ATƏT-in Lissabon Zirvə görüşünün sənədi qəbul edilsin. Mən isə bunun cavabında bildirdim ki, siz mənimlə danışdığınız, mənə müraciət etdiyiniz kimi, Ermənistan prezidenti ilə də danışmalısınız və ona müraciət etməlisiniz ki, o, 20-ci paraqrafdan öz vetosunu götürsün. Şübhəsiz ki, onunla da danışıqlar gedirdi, - bu barədə mənə məlumat verirdilər, - ona da belə təkliflər edilirdi. Ancaq onlar da bu məsələnin üzərində çox möhkəm durmuşdular, çünki hesab edirdilər ki, əgər buna razılıq versələr, bu, onların ümumi işi, daxili vəziyyəti üçün çox çətin olacaqdır.

Dekabrın 2-də axşam mən Levon Ter-Petrosyan ilə görüş keçirdim, çox ətraflı danışıqlar apardım. Mən çalışdım ona izah edəm ki, onun 20-ci paraqrafa veto qoyması düzgün deyil və 20-ci paraqrafın qəbul olunması bizim gələcək danışıqlarımıza çox kömək edəcəkdir. Mən bunu ona dəfələrlə izah etdim. Ancaq o öz dediyinin üzərində durdu. Bu danışıqlarda mən bir neçə məsələni də izah etdim. Mən bunları bildirmək istəyirəm. Lissabon Zirvə görüşü ərəfəsində Ermənistan prezidentinin müşaviri Libaridyan bir neçə bəyanat vermişdi ki, biz heç bir sənədin qəbul olunmasına imkan verməyəcəyik, veto qoyacağıq. Prezident Levon Ter-Petrosyan bəyanat vermişdi ki, guya Azərbaycan Ermənistanda daxili vəziyyətin mürəkkəb, müəyyən mənada qeyri-sabit olduğuna görə bu fürsətdən istifadə edib Ermənistana təzyiq göstərir və bəyan etmişdi ki, heç bir təzyiq Ermənistana təsir edə bilməz. Belə fikir söyləmişdi ki, Lissabonda heç bir sənəd qəbul olunmayacaqdır. Ona görə də mən prezident Levon Ter-Petrosyanla danışarkən onun bu fikirlərini təkzib etdim.

Mən bu fikirləri bu gün də deyirəm ki, Ermənistanın daxili vəziyyətində müəyyən çətinliklər, gərginliklər, qeyri-sabitlik olsa da, biz heç vaxt heç bir fürsətdən istifadə etmək istəmirik. Bizim bu mövqeyimiz bugünkü mövqe deyil, bir il də, iki il də bundan əvvəl biz bu mövqeni tutmuşuq.

Mənim Lissabon Zirvə görüşündəki nitqim sizə məlumdur, mətbuatda onunla tanış olmusunuz. Mən Lissabonda öz nitqimi sərt qurdum, yəni orada reallığı bildirdim ki, Ermənistan Azərbaycana qarşı təcavüz edibdir. Ermənistan təcavüzkardır, Ermənistan Azərbaycan torpaqlarını işğal edibdir, Ermənistan qeyri-konstruktiv mövqe tutubdur, Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət etmək istəyir və bildirdim ki, biz bunların heç birisi ilə razı ola bilməyəcəyik. Biz heç vaxt yol verə bilmərik ki, Dağlıq Qarabağ dövlət müstəqilliyi əldə etsin. Biz heç vaxt yol verə bilmərik ki, Azərbaycanın ərazisində ikinci erməni dövləti yaransın. Ancaq eyni zamanda, mən nitqimin ikinci hissəsində sülhə doğru addım barədə fikirlər irəli sürmüşdüm. Ermənistanın həm rəhbərliyinə, həm də xalqına müraciət etmişdim ki, onlar anlasınlar ki, səkkiz il davam edən bu münaqişə onlara da bir şey verməyib və verməyəcəkdir. Bundan əl çəkmək, sülh danışıqları aparmaq lazımdır. Dediyim həmin üç elementdən ibarət olan prinsipləri də irəli sürmüşdüm.

Levon Ter-Petrosyan mənimlə görüşündə bildirdi ki, mən onlara qarşı çox sərt çıxış etdim, guya ona görə də o, həmin çıxışını etdi və izah verdi. Bilirsiniz ki, o, çıxışında belə bir fikir söylədi ki, guya Dağlıq Qarabağ Azərbaycanın tərkibində olsa, Dağlıq Qarabağdakı ermənilər daim soyqırımı təhlükəsi altında olacaqlar və onların təhlükəsizliyi təmin edilməyəcəkdir. Guya 1988-ci, 1989-cu, 1990-cı, 1991-ci illərdə Azərbaycanda ermənilərə qarşı soyqırımı olubdur və belə bir soyqırımı davam edə bilər. Bu sözlərinə görə mən ona etiraz etdim. O isə mənə izah etdi ki, mən onları təcavüzkar elan etdim, onlar da belə bir cavab vermək məcburiyyətində oldular. Ancaq mən ona dedim ki, mən Ermənistanın Azərbaycana hərbi təcavüz etdiyini həmişə demişəm və bu, yeni bir söz deyil.

Bir sözlə, Ter-Petrosyanla mənim görüşüm bir nəticəyə gətirmədi. O öz mövqeyində qaldı. Ancaq mən hiss etdim ki, o da Lissabon görüşünün nəticəsiz olacağından çox narahatdır.

Bir daha qeyd edirəm, bu məsələ ilə əlaqədar mənimlə olan danışıqlarda məni inandırmağa çalışırdılar ki, əgər mən bu sənədin qəbul olunmasının qarşısını axıradək alaramsa, bu, Azərbaycan üçün gələcəkdə çox mürəkkəb vəziyyət yaradacaq, Azərbaycan ATƏT-dən, bütün dövlətlərdən təcrid olacaqdır. Mən onsuz da bunu anlayırdım, bunu anlayaraq bu addımı atmışdım. Mən dəfələrlə demişdim ki, əgər 20-ci paraqraf çıxarılarsa, onda bilin ki, heç bir sənəd qəbul olunmayacaqdır.

Mənim son saatlaradək belə qəti, kəskin mövqeyimi hiss edənlər, eyni zamanda sammitin sənədinin qəbul olunması üçün çalışanların şübhəsiz ki, hamısı mənə bir neçə alternativ variant təklif etdilər. Ancaq o variantlar cürbəcür idi, mən onları qəbul etmədim.

Nəhayət, sizə məlum olan bəyanat sammitin son iclasından yarım saat qabaq mənə təqdim olundu ki, ATƏT-in sədri ATƏT-in üzvlərinin, sammitin iştirakçılarının hamısının iradəsini ifadə edərək belə bir bəyanat verir və bu prinsipləri təsdiq edir. Beləliklə, bu, ümumi sənədə daxil olmasa da, ancaq ATƏT-in sənədi kimi qəbul olunacaqdır və görünəcəkdir ki, Ermənistandan başqa bütün dövlətlər bu prinsipləri müdafiə etdilər. Mənə Avropa Birliyi tərəfindən ayrıca müraciət oldu. Avropa Birliyinə daxil olan dövlətlər yığışıb danışmışdılar, onlar mənə müraciət etdilər ki, əgər mən buna razılıq versəm, onlar da həm ATƏT-in üzvü kimi bunu müdafiə edəcəklər, eyni zamanda Avropa Birliyi adından həmin prinsipləri müdafiə edəcəklər. Mən isə bildirdim ki, şübhəsiz, bunları real şəkildə görməliyəm, ondan sonra öz qərarımı qəbul edəcəyəm.

Dünən axşam Lissabon sammitinin son iclası televiziya ilə verilibdir, siz artıq o vəziyyəti görmüsünüz, mən bunu danışmaq istəmirəm. Məhz son iclasda yenə də mən sədrlik edən Portuqaliya baş nazirinin müraciətini qəbul etmədim və dedim ki, vetonu götürmürəm. Ondan sonra Amerika Birləşmiş Ştatlarının nümayəndəsi təşəbbüs etdi və dedi ki, əgər belə bir bəyanat verilsə necə? Mən də dedim ki, baxacağam, əgər belə bir bəyanat olsa, bəlkə də vetonu götürə bilərəm. Ermənistana təklif etdilər, lakin o, vetosunu götürmədi.

Nəhayət, sizə məlum olan bəyanat elan edildi. Bundan sonra isə mən vetonu götürdüm. Beləliklə, ATƏT-in sənədi qəbul olundu. Amma eyni zamanda Azərbaycan üçün çox əhəmiyyətli, çox dəyərli bir sənəd qəbul edildi.

Şübhəsiz ki, bu iclas ərəfəsində mənimlə çox görüşlər keçirilmişdir. Elə o iclas salonunda, onun qarşısında, otaqlarda hər bir dövlət başçısı bəyan edirdi ki, əgər mən buna razılıq versəm, onlar çıxış edəcək və bizi müdafiə edəcəklər. Ancaq bu çıxışların hamısına ehtiyac olmadı. Çünki artıq hər şey məlum idi.

ATƏT-in fəaliyyətdə olan sədri Flavio Kotti ATƏT üzvlərinin hamısının adından bu bəyanatı verəndən sonra, Minsk qrupunun başçıları, - bunlar iki dövlətdir, Rusiya, bir də Finlandiya, - Rusiyanın nümayəndə heyətinə başçılıq edən cənab Çernomırdin çıxış etdi, hesab edirəm, çox yaxşı çıxış etdi; Finlandiyanın, yəni həmsədr olan o biri ölkənin prezidenti cənab Ahtisaari çıxış etdi. Avropa Birliyinə daxil olan 15 dövlət adından İrlandiyanın baş naziri çıxış etdi, Türkiyənin nümayəndəsi çıxış etdi. Hamı bunu dəstəklədi və beləliklə də bu sənəd qəbul olundu.

Bu sənəd sizə məlumdur. Ancaq bir daha sizə oxumaq istəyirəm:

\"ATƏT-in fəaliyyət göstərən sədrinin bəyanatı.

Hamımız bilirsiniz ki, son iki ildə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində və Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsində tərəqqi əldə olunmayıb.

Təəssüf edirəm ki, tərəflərin tənzimlənmənin prinsiplərinə dair fikirlərini bir-birinə yaxınlaşdırmaq üçün Minsk konfransı həmsədrlərinin səyləri uğursuz olub.

Minsk qrupunun həmsədrləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını təşkil edəcək üç prinsip tövsiyə edilibdir. Həmin prinsiplər Minsk qrupunun üzvü olan bütün dövlətlər tərəfindən dəstəklənir. Onlar aşağıdakılardır:

- Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

- Azərbaycan tərkibində Dağlıq Qarabağa ən yüksək dərəcəli özünüidarəetmə verən özünütəyinetmə əsasında Dağlıq Qarabağın sazişlə müəyyən edilmiş hüquqi statusu;

- tənzimləmə müddəalarına bütün tərəflərin əməl etməsini təmin edən qarşılıqlı öhdəliklər daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təminatlı təhlükəsizliyi.

Təəssüf edirəm ki, Ermənistan bunu qəbul edə bilmədi. Bu prinsiplər bütün digər iştirakçı dövlətlər tərəfindən dəstəklənir.

Bu bəyanat Lissabon sammitinin sənədlərinə daxil olacaq\".

Belə bir bəyanat verildi və Lissabon sammitinin belə bir sənədi əldə olundu. Mən hesab edirəm ki, bizim apardığımız işlər müsbət nəticə veribdir. Hesab edirəm ki, ATƏT-in belə bir sənədinin qəbul olunması Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün bizim istədiyimiz prinsiplərin, tək bizim istədiyimiz yox, ümumiyyətlə, bu məsələnin həlli üçün yeganə olan prinsiplərin təsdiq edilməsi, birinci növbədə Azərbaycanın ərazi bütövlüyünün tanınması, ATƏT çərçivəsində bu sənəd ilk dəfə əldə olunubdur, - Dağlıq Qarabağa məhz Azərbaycanın tərkibində status verilməsi - bunlar bizim üçün çox əhəmiyyətlidir. Təsadüfi deyil ki, bu sənəd elan olunandan sonra Ermənistan prezidenti çıxış etdi və sənədə öz etirazını bildirdi. Hətta belə fikir söylədi ki, guya bu sənəd Helsinki yekun aktına və Budapeşt Zirvə görüşünün qərarlarına ziddir. Şübhəsiz ki, onun bu fikirləri doğru deyil, yanlışdır, ancaq hərə öz mövqeyindən çıxış edir.

Hesab edirəm ki, bundan sonra Minsk qrupunun səmərəli işləməsi üçün, Minsk qrupunda Azərbaycanın öz mövqelərini daha da etibarlı təmin etməsi üçün ATƏT-in Zirvə görüşünün belə bir sənədi bizdən ötrü çox böyük əsasdır. Mən bunu yüksək qiymətləndirirəm, hesab edirəm ki, bu, ATƏT tərkibində apardığımız işlər sırasında uğurlu bir addım, müsbət nəticədir. Bir də qeyd edirəm, bu bizim üçün gələcəkdə sülh danışıqlarını aparmağa yaxşı əsas verir və bu prinsiplər əsasında əldə olunması üçün irəliləməyə əsas verir.

Mən Lissabondakı nitqimdə də bildirmişdim, bu gün bir daha bəyan edirəm ki, Lissabonda çox gərgin, mürəkkəb, çox kəskin, çox münaqişəli, dramatik vəziyyət yaranmasına baxmayaraq və Ermənistanla Azərbaycanın mövqelərinin çox sərt toqquşmasına baxmayaraq, Azərbaycan yenə də öz sülhsevər siyasətini bəyan edir. Mən bu gün bir daha bəyan edirəm ki, biz ATƏT-in Lissabon Zirvə görüşündə qəbul olunmuş bu sənədi əsas tutacağıq, ona riayət edəcəyik, onun əsasında gələcəkdə öz fəaliyyətimizi quracağıq. Eyni zamanda atəşkəs rejimini qoruyub saxlayacağıq, Ermənistanla Azərbaycan arasında iki prezidentin xüsusi nümayəndələrinin apardıqları bilavasitə danışıqlar prosesini davam etdirəcəyik və Ermənistanla Azərbaycan arasında danışıqlar prosesini bərpa etmək üçün öz tərəfimizdən bütün addımları atacağıq.

Mən bir daha bəyan edirəm, - Lissabonda bunu prezident Ter-Petrosyana demişəm, ancaq bu gün mətbuat nümayəndələrinin qarşısında yenə də bəyan edirəm, - Azərbaycan heç vaxt Ermənistanın daxilində olan proseslərdən, hansısa fürsətdən istifadə edərək nə isə əldə etmək fikrində deyildir. Bu cür şayiələri, fikirləri mən tamamilə rədd edirəm. Ermənistanın daxilində gedən proseslər onun daxili işidir. Biz Ermənistanın daxili işinə qarışmırıq. Ermənistan öz daxili məsələləri ilə özü məşğul olur və güman edirəm ki, Ermənistanda daxili sabitlik yaranacaqdır. Mən prezident Ter-Petrosyana dedim ki, bizim də daxilimizdə çox gərgin vəziyyətlər olmuşdur, ancaq mən heç vaxt bəyan etmədim ki, Ermənistan Azərbaycanın daxilində 1994-cü ildə, yaxud 1995-ci ildə yaranmış gərgin vəziyyətdən istifadə etməyə çalışıbdır - mən bunu heç yerdə bəyan etməmişəm. Ona görə də o bəyanatın da heç bir əsası yoxdur, mən onu təkzib etmişəm, bu gün də təkzib edirəm.

Bir də deyirəm, biz bu sənədə yüksək qiymət verərək çalışacağıq ki, onun əsasında bundan sonra da sülh prosesini davam etdirək və məsələnin sülh yolu ilə həllinə nail olaq.

Eyni zamanda Lissabon Zirvə görüşünün Azərbaycan üçün böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, biz həmin toplantıda Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini açıb həm Zivə görüşünün iştirakçılarına, həm də bütün dünya ictimaiyyətinə bildirdik.

Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan münaqişəsi yaranandan indiyə qədər, bu səkkiz il müddətində Ermənistanın xarici ölkələrdə, xüsusən Avropada, Amerikada təbliğatı bizdən həmişə güclü olubdur. Onlar təbliğatda da güclü olublar və onları bu ölkələrdə dəstəkləyən erməni diasporu, lobbisi də çox iş görübdür. Onlara üstünlük verən ayrı-ayrı dövlət strukturları olub və bu gün də mövcuddur. Ona görə də, Azərbaycan təcavüz altında olduğu halda, təəssüf ki, bir çox ölkələrdə məsələ belə anlaşılıbdır ki, guya biz Dağlıq Qarabağı əzirik, sıxırıq və onlara öz hüquqlarını təmin etməyə imkan vermirik. Yəni, Ermənistan tərəfi, Ermənistanın özü və onun xaricdə olan havadarları bu təbliğatı elə qurublar ki, təəssürat bizim xeyrimizə yox, Ermənistanın xeyrinə yaranıbdır.

Ancaq Lissabon görüşündə belə bir münaqişəli vəziyyət yarandığına görə və xüsusən mən o sənədə veto qoyandan sonra hər bir dövlət, nümayəndə heyəti maraqlandı ki, axı, nə olub, nədir, məsələ nədən ibarətdir? Şübhəsiz ki, məsələni öyrənməyə, dərindən bilməyə çalışdılar. Məsələn, Portuqaliyanın baş naziri məhz son saatda, Zirvə görüşünün son iclasına bir saat, yaxud saat yarım vaxt qalanda məni görüşə dəvət etdi. Mən ona vəziyyəti izah edərkən dedi ki, biz artıq hər şeyi bilirik, siz haqlısınız, ancaq gəlin, bu sammiti pozmayın və biz, Portuqaliya hökuməti də ev sahibi kimi pis vəziyyətdəyik.

Bir şeyi də qeyd etmək istəyirəm ki, mən o sənədə veto qoyandan sonra mənimlə aparılan danışıqlarda heç bir nümayəndə heyəti, heç bir dövlət başçısı buna görə mənə irad tutmadı. Hər bir kəs bildirdi ki, mənim bu addımım əsaslıdır, buna hüququm var. Nəinki hüququm var, əsasım da var. Yəni doğrudan da bu prinsiplər ümumi sənəddə olmalıdır. Biz çalışırıq ki, bu olsun. Ancaq konsensus prinsipi olduğuna görə bir dövlət, ATƏT-in bir üzvü veto hüququndan istifadə edib buna mane olur. Mən isə dedim ki, onda mənim də veto hüququm var, mən də bundan istifadə edirəm. Yenə də deyirəm, bunu heç kəs mənə irad tutmadı. Yalnız və yalnız mənə izah etməyə çalışırdılar, məndən xahiş edirdilər, mənə müraciət edirdilər ki, vetonu götürüm, çünki, bu, şübhəsiz, böyük beynəlxalq iflas ola biləcəkdi.

Dediyim fikrə bir də qayıdıram - Lissabon Zirvə görüşünün müsbət nəticələrindən biri də ondan ibarətdir ki, bu günlər bütün dünya ictimaiyyəti, dünyanın bütün informasiya orqanlarının - qəzetlərin, televiziya və radionun diqqəti Lissabona cəlb olunmuşdu - bu, təbiidir, çünki orada böyük bir beynəlxalq tədbir həyata keçirilirdi, o cümlədən xüsusən Ermənistan-Azərbaycan münaqişəsinə cəlb olunmuşdu. Dünya ictimaiyyətinin nəzər-diqqətinin bu problemə belə geniş cəlb olunması, eyni zamanda onların bu məsələnin həlli yollarını axtararaq problemi dərindən araşdırması, öyrənməsi nəticəsində biz Azərbaycanın haqlı olmasını dünyaya yaya bildik, təbliğ edə, nümayiş etdirə bildik. Hesab edirəm ki, bu da Lissabon Zirvə görüşünün Azərbaycana verdiyi müsbət nəticələrdən biridir.

Mən bu məlumatı sizə verərək bir də qeyd etmək istəyirəm ki, biz Lissabon Zirvə görüşündə əldə olunan sənəd əsasında bundan sonra da sülh danışıqları aparacağıq, məsələnin sülh yolu ilə həllinə çalışacağıq. Lazımdır ki, Azərbaycanın ictimaiyyəti, əhalisi bütün bu prosesləri dərindən dərk edə bilsin, tutduğumuz yolu dərk edə bilsin və biz də bundan sonra bu yolla daha da cəsarətlə gedə bilək. Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın ictimaiyyəti - Azərbaycan nümayəndə heyətinin Lissabon Zirvə görüşündəki fəaliyyətini layiqincə qiymətləndirəcəkdir və ictimaiyyət, xalqımız, millətimiz sülhsevər xalq kimi, məsələnin bundan sonra da sülh yolu ilə həllinə nail olunmasında bizə dəstək verəcəkdir.

Eyni zamanda məlumdur ki, məsələ həll olunmalıdır. Bir çox dövlət başçıları, o cümlədən, məsələn, Rusiyanın baş naziri cənab Çernomırdin də öz çıxışında bildirdi ki, bu sənəd qəbul edildikdən sonra güclü danışıqlar getməlidir və 1997-ci ildə bu məsələ sülh yolu ilə həll olunmalıdır. Biz də belə fikirdəyik və mən bu fikirlərimlə də sizə verəcəyim məlumatı tamamlayıram. Diqqətinizə görə təşəkkür edirəm.

Mən suallara cavab verməyə hazıram. Buraya kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunublar. Ancaq görürəm ki, bizim ictimaiyyətin nümayəndələri fikir söyləmək üçün müraciətlər göndəriblər. Ona görə hesab edirəm ki, təkcə mən danışmayım, yaxşı olardı ki, imkan verim, yəqin, ictimaiyyətin nümayəndələrindən də kimsə söz demək istəyir. Fikirlərini desinlər, ondan sonra isə mən kütləvi informasiya orqanları nümayəndələrinin bütün suallarına cavab verməyə hazıram.

Mən bilirəm ki, burada Rusiyanın, digər ölkələrin kütləvi informasiya orqanlarının rusdilli nümayəndələri də iştirak edirlər. Ona görə də bu barədə rus dilində danışıb, sonra xahiş edəcəyəm ki, tərcüməçi ingilis dilinə tərcümə etsin.

İctimaiyyətin nümayəndələrindən bəziləri bu məsələ barədə öz fikirlərini söyləmək istədiklərini bildirmişlər. Hesab edirəm ki, onlara qısa danışmaq üçün imkan verək, sonra isə mən kütləvi informasiya orqanları nümayəndələrinin bütün suallarına cavab verməyə hazıram, özü də nəinki hazıram, həm də borcluyam.
 
Yekun sözü

Hörmətli xanımlar və cənablar!

Bugünkü görüş həm respublikamızın ictimaiyyətinə, həm də bütün dünyaya Azərbaycanın sülhsevər siyasətini bir daha nümayiş etdirdi. Bu görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə, sülh yolu ilə aradan qaldırılması haqqında Azərbaycan Respublikası prezidentinin fəaliyyətini bir daha dəstəklədi və müdafiə etdi. Bu görüş bizim bu mühüm məsələ ətrafında həmrəy, yekdil olduğumuzu bir daha sübut etdi. Ona görə də mən hesab edirəm ki, respublikamızın bütün ictimaiyyəti, xalqımız, vətəndaşlarımız Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə əlaqədar qəbul edilmiş sənədi dəstəkləyəcəklər və bu da bizim üçün, bundan sonra bu istiqamətdə hərəkət etməyimiz üçün daha da geniş imkanlar yaradacaqdır.

Mən sizi bir daha əmin edirəm ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, respublikamızın sərhədlərinin toxunulmazlığını təmin etmək, işğal olunmuş torpaqlarımızı azad etmək, yerindən-yurdundan didərgin düşmüş, indi çadırlarda ağır vəziyyətdə yaşayan bacılarımızı, qardaşlarımızı öz evinə, obasına qaytarmaq üçün bundan sonra da əzmlə çalışacağıq və mən ümidvaram ki, biz buna nail olacağıq.

Bu gün buradakı görüşdə hökm sürən sağlam əhval-ruhiyyə, natiqlərin Azərbaycan dövlətinin siyasətini dəstəkləməsi və yolumuzun doğru-düzgün olması bizə daha da çox güc, inam verir. Əmin ola bilərsiniz ki, biz bundan sonra da bu inamla, bu iradə ilə çalışacağıq və Azərbaycan Respublikasının müstəqilliyini göz bəbəyimiz kimi qoruyub saxlayacağıq.