Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Oarabağ" neft strukturunda ARDNŞ ilə bir qrup xarici neft şirkəti - "LUKoyl" (Rusiya), ACİP (İtaliya), "Pennzoyl Kəspiən Development Korporeyşn" (ABŞ), LUKACİP (Rusiya - İtaliya) arasında birgə iş haqqında sazişin təntənəli imzalanma mərasimində çıxışı - "Gülüstan" Sarayı, 10 noyabr 1995-ci il

Hörmətli xanımlar və cənablar, hörmətli qonaqlar!

Bu gün Azərbaycanda, Bakıda, bu möhtəşəm "Gülüstan" sarayında yeni bir əlamətdar hadisə baş verir. Azərbaycan Respublikasının Xəzər dənizindəki sektorunda yerləşən neft yataqlarından birinin - "Qarabağ" neft yatağının bir neçə xarici ölkənin neft şirkətləri ilə müştərək istifadə olunması üçün müqavilənin imzalanması mərasiminə toplaşmışıq. Bu münasibətlə Azərbaycana qonaqlar gəlibdir. Xarici şirkətlərin mənsub olduğu ölkələrin yüksək səviyyəli hökumət nümayəndə heyətləri, xarici şirkətlərin nümayəndə heyətləri və digər qonaqlar bura toplaşıblar. Bu təntənəli mərasimdə hazırda Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin rəhbərləri, səfirlər də iştirak edirlər. Mən bu mərasimdə iştirak edən qonaqları və bura toplaşanların hamısını ürəkdən salamlayıram və deyirəm: Siz Azərbaycan Respublikasına xoş gəlmisiniz!

Bu müqaviləni hazırlayıb imzalanmağa təqdim edən şirkətlər Rusiyanın "LUKoyl", ABŞ-ın "Pennzoyl", İtaliyanın "ACIP" və Azərbaycan Dövlət Neft Şirkətidir. Bu müqavilənin imzalanması üçün təşkil olunmuş təntənəli mərasimdə iştirak etmək üçün respublikamıza gəlmiş Rusiya Federasiyası hökumətinin nümayəndə heyətini və nümayəndə heyətinin başçısı, Rusiyanın energetika naziri Yuri Şafraniki ürəkdən salamlayıram.

Amerika Birləşmiş Ştatlarının hökumət nümayəndə heyətini və nümayəndə heyətinin başçısı, ABŞ-ın energetika nazirinin müavini Çarlz Körtisi ürəkdən salamlayıram.

İtaliyanın hökumət nümayəndə heyətini və nümayəndə heyətinin başçısı, İtaliyanın sənaye naziri Alberto Klonu ürəkdən salamlayıram.

Bu müqavilənin hazırlanmasında xüsusi fəaliyyət göstərmiş Rusiyanın "LUKoyl" şirkətini və onun prezidenti Vahid Ələkbərovu salamlayıram.

İtaliyanın "ACİP" şirkətini və onun prezidenti Qumleylo Moskatonu salamlayıram. Azərbaycanda bir neçə ildir ki, fəaliyyət göstərən və hazırda öz işinin nəticələrini nlimayiş etdirən ABŞ-ın "Pennzoyl" şirkətinin prezidenti Tom Hamiltonu salamlayıram.

Sizin hamınızı, Azərbaycana gəlmiş bütün qonaqları bir daha salamlayıram və əmin olduğumu bildirmək istəyirəm ki, bugünkü mərasimimiz - çox tarixi əhəmiyyət kəsb edən bir müqavilənin imzalanması mərasimi müvəffəqiyyətlə başa çatacaqdır.

Bu gün burada görülən iş müstəqil Azərbaycan Respublikasında həyata keçirdiyimiz tədbirlərin davamıdır. Müstəqil Azərbaycan Respublikası öz təbii sərvətlərinin sahibidir və bu sərvətlərdən istədiyi kimi istifadə etmək imkanına malik olaraq, onlardan Azərbaycan xalqının iqtisadi inkişafı və xalqımızın rifahı naminə xarici ölkələrin şirkətləri ilə müştərək istifadə etməyi lazımlı yol hesab edir və bu yol ilə də gedir. Bu yol Azərbaycan Respublikasının iqtisadiyyatının dünyaya açıq olduğunu göstərir, eyni zamanda respublikamızın demokratiya, bazar iqtisadiyyatı yolu ilə getdiyini göstərir.

Müstəqil Azərbaycan Respublikası həyatının bütün sahələrində demokratiyanın inkişaf etdirilməsinə çalışır. Biz dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında, həm də iqtisadi sahədə demokratiyanın inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstəririk. Biz bu prinsiplərə söykənərək respublikamızın iqtisadiyyatını dünya iqtisadiyyatı ilə daha sıx əlaqələndirməyə və müştərək işlər görməyə çalışırıq. Biz bunu Azərbaycan Respublikası iqtisadiyyatının inkişaf etdirilməsi üçün ən səmərəli yol hesab edirik.

Bu sahədə görülən işlər artıq öz nəticəsini verir. Bir il bundan öncə respublikamızda, Bakıda Azərbaycanın Xəzər dənizindəki sektorunda üç neft yatağının - "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dünyanın böyük neft şirkətləri ilə müştərək istifadə edilməsi üçün böyük müqavilə imzalanıbdır. Həmin müqaviləni imzalamış 11 şirkət dünyanın altı ölkəsinə mənsubdur. Bu, müqavilənin beynəlxalq xarakter daşımasının əyani sübutudur. Məlumdur ki, bu müqavilənin imzalanması yolu asan olmamışdır. Biz çox böyük maneələrlə rastlaşmışdıq, çoxlu çətinliklərlə üzləşmişdik. Ancaq bütün bunlar bizim tutduğumuz yolla irəli getməyimizin qarşısını ala bilmədi. Biz bu maneələrin hamısının öhdəsindən gələrək nəhayət, keçən ilin sentyabrında indi "Əsrin müqaviləsi" adlandırılan müqaviləni imzalamağa nail olduq. Bu müqavilənin imzalanmasından sonra keçən bir il Azərbaycan Respublikasının həyatında o qədər də asan bir mərhələ olmayıbdır. Biz böyük sınaqlardan keçdik. İşimizi pozmağa cəhd edən daxili və xarici qüvvələrin qarşısını ala bildik.

Bu bir il müddətində Azərbaycanın həyatında çox faciəli, qorxulu, təhlükəli hadisələr baş vermişdir. Biz dövlət çevrilişi cəhdləri ilə rastlaşdıq - onların qarşısı alındı, terror aktları ilə rastlaşdıq - onların qarşısı alındı, təxribat aktları ilə rastlaşdıq - onların qarşısı alındı, xaricdən bizim ölkəmizə təzyiq göstərən qüvvələrin güclü hərəkətləri ilə rastlaşdıq - onların qarşısı alındı. Bu gün Azərbaycan öz müstəqil siyasətini müvəffəqiyyətlə həyata keçirir.

Müqavilə imzalandıqdan sonra bunun həyata keçirilməsinə şübhə edənlər də vardı, ona bədbin əhval-ruhiyyə ilə yanaşanlar da vardı və bu müqavilənin yerinə yetirilməsinə birbaşa maneçilik edənlər də vardı. Ancaq bunlar da müqavilənin həyata keçirilməsinə mane ola bilmədilər. Mən bu gün məmnuniyyət hissi ilə deyə bilərəm ki, bu il oktyabrın 9-da konsorsiumun beynəlxalq əməliyyat komitəsinin iclasında aparılan müzakirə və qəbul edilmiş qərar sübut edir ki, ötən il bağladığımız müqavilə əməli surətdə həyata keçirilir və öz nəticələrini verir. Müqavilənin həyata keçirilməsi üçün bu il 100 milyon ABŞ dollarına qədər vəsaitdən istifadə edilib və gələn il üçün 600 milyon dollar həcmində büdcə təsdiq olunubdur. Müqavilədə nəzərdə tutulmuş iş qrafiki də vaxtında yerinə yetirilir. 1996-cı ilin sonunda layihəyə əsasən "Çıraq" neft yatağından ilkin neft hasil olunacaqdır. Bu neftin ixracı üçün neft kəmərlərinin çəkilib başa çatdırılması haqqında da qərarlar qəbul edilibdir.

Konsorsium ilkin neftin ixracı üçün iki neft kəmərinin çəkilməsini lüzumlu hesab edibdir. Onlardan biri Rusiyanın ərazisindən Qara dənizə - Novorossiysk limanına, digəri isə Gürcüstan ərazisindən Qara dənizə - Supsa limanına çəkiləcəkdir. Qeyd etmək istəyirəm ki, bu qərar respublikamızda və digər ölkələrdə - Rusiyada, Gürcüstanda, Amerika Birləşmiş Ştatlarında, bu şirkətlərin mənsub olduğu Qərb ölkələrində çox bəyənilibdir və ən müvafiq qərar kimi yüksək qiymətləndirilibdir.

Ötən bir il müddətində görülən işlər və onların nəticələri əyani surətdə nümayiş etdirir ki, biz doğrudan da bu işləri görməyə qadirik və xarici ölkələrin neft şirkətləri ilə birlikdə, onları təmsil edən dövlətlərlə birlikdə biz Azərbaycanın təbii sərvətlərindən səmərəli istifadə edə bilərik. Şübhəsiz ki, bütün bunlar həm bu müqavilədə, konsorsiumda iştirak edən şirkətlərin, həm də onların mənsub olduğu ölkələrin respublikamızla, Azərbaycan Dövlət Neft Şirkəti ilə qarşılıqlı fayda prinsipləri əsasında qurulubdur. Bütün bunlar, nəhayət, bu gün yeni bir yatağın - "Qarabağ" neft yatağının müştərək istifadə olunması üçün imzalanacaq müqavilənin həyata keçirilməsinə əlverişli şərait yaradır. Qeyd etdiyim kimi, "Qarabağ" neft yatağının müştərək istifadə olunmasında Rusiyanın "LUKoyl", İtaliyanın "ACİP", Amerika Birləşmiş Ştatlarının "Pennzoyl" şirkətləri müştərək surətdə iştirak edirlər. Dünyanın bu böyük ölkələrinin tanınmış neft şirkətlərinin burada, Azərbaycanda müştərək iş görmək üçün bir araya gəlməsi, bir müqavilə ətrafında toplaşması iqtisadi əhəmiyyətdən əlavə çox böyük siyasi əhəmiyyət də daşıyır. Bu onu göstərir ki, Rusiya, Amerika Birləşmiş Ştatları, İtaliya və Azərbaycan doğrudan da iqtisadi sahədə səmərəli əməkdaşlıq edə bilərlər və bu gün bu sahədə böyük bir addım atırlar.

"Qarabağ" neft yatağı zəngin yataqdır. Onun gözəl gələcəyi var. Müqavilənin əsas prinsipləri ondan ibarətdir ki, bu neft yatağından müştərək istifadə olunmasından müqavilədə iştirak edən şirkətlərin hamısı istənilən səviyyədə fayda götürəcəkdir. Proqnozlara görə, "Qarabağ" neft yatağından 85 milyon tondan 150 milyon tona qədər neft hasil olunması gözlənilir. Bu müqavilənin iqtisadi səmərəliliyi 18 faizdir və hətta ondan da yüksəkdir.

Qeyd etdiyim kimi, hər bir şirkət bu müqavilədən fayda götürəcəkdir. Nəzərdə tutulmuş proqnozlar həyata keçərsə, müqavilədən əldə olunan daxili gəlirin təxminən 65 faizdən 80 faizə qədər hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə çatacaqdır.

Bu müqavilə "Qarabağ" neft yatağının 25 il müddətində işlənməsini nəzərdə tutur. Bu yataqdan ilkin neft 2003-cü ildə hasil edilməyə başlanacaqdır. Beləliklə, bu mliqavilə gələcəyə yönəldilibdir. Biz bu gün Azərbaycanın cari məsələlərini, respublikamızın ağır böhran vəziyyətindən çıxarılması məsələlərini həll edərkən üzümüzü irəliyə tuturuq, gələcəyə baxırıq, ölkəmizin gələcəyi haqqında düşünürük, Müstəqil Azərbaycanın gələcəkdə daha qüdrətli, böyük iqtisadi potensiala malik dövlət olması haqqında fikirləşirik. Eyni zamanda bu müqavilənin imzalanması və onun 25 il müddətində həyata keçirilməsi Azərbaycan Respublikasının, ölkəmizin iqtisadiyyatını Amerika Birləşmiş Ştatlarının, Rusiyanın, İtaliyanın iqtisadiyyatı ilə sıx bağlayır, bu böyük ölkələrlə Azərbaycan arasında olan əməkdaşlıq və dostluq əlaqələrinin inkişaf etdirilməsi üçün yaxşı zəmin yaradır.

Bu müqavilənin layihəsi bir neçə aydır ki, mütəxəssislər, alimlər və ekspertlər tərəfindən işlənib hazırlanır. Həmin məsələ mənim şəxsi nəzarətim altında olubdur. Bu ilin avqustunda mən təqdim olunan materiallar əsasında, nəhayət, bu müqavilənin imzalanması üçün sərəncam vermişəm. Mən çox məmnunam ki, görülən işlər artıq öz nəticəsini veribdir və bu gün biz bu müqavilənin imzalanması mərasiminə toplaşmışıq.

Hörmətli xanımlar və cənablar, mən sizin hamınızı bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Bu müqavilənin uğurlu, xeyirli olmasına əmin olduğumu bildirmək istəyirəm. Müqaviləni imzalamaq üçün hazırlamış şəxsləri öz qələmlərini götürüb onu imzalamağa dəvət edirəm.

Diqqətinizə görə təşəkkür edirəm.