ATƏM-in sədri İsveçin Xarici İşlər Naziri Marqareta af Uqlas ilə görüşdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin çıxışı - 26 oktyabr 1993-cü il

Hörmətli qonaqlar!

Məni xəbərdar etdilər ki, rus dilində danışmaq lazımdır, baxmayaraq ki, bizdə dövlət dili Azərbaycan dilidir. Lakin xanım Uqlas və nümayəndə heyətinin üzvləri üçün rus dilindən tərcümə etməyin asan olduğunu nəzərə alaraq, mən rus dilində danışacağam. Bir də ki, bu dili hamı başa düşür.

Mən ATƏM-in sədri, İsveçin xarici işlər naziri xanım Marqareta af Uqlası və nümayəndə heyətinin üzvlərini salamlayır, Azərbaycanda olduqları müddətdə onlara səmərəli fəaliyyət və bizdən ötrü mühüm və çox zəruri olan bu missiyaya uğurlu nəticələr arzulayıram.

Respublikamız elə vəziyyətdədir ki, beynəlxalq təşkilatların, o cümlədən də ATƏM kimi nüfuzlu və geniş beynəlxalq təşkilatın köməyinə və dəstəkləməsinə xüsusilə ehtiyacı var. Biz son vaxtlar ATƏM-lə intensiv əlaqə saxlayırıq, burada müxtəlif tərkibli nümayəndə heyətləri ilə, o cümlədən Minsk konfransının sədri Mario Raffaelli başda olmaqla Minsk qrupunun nümayəndə heyəti ilə görüşmək imkanımız olmuşdur. Biz Azərbaycan Respublikasının taleyi ilə bağlı çox mürəkkəb problemlərin həllində ATƏM-in fəaliyyətinə həmişə böyük ümid bəsləmişik. Bu gün isə ATƏM-in nümayəndə heyətini ən nüfuzlu tərkibdə, xüsusən də ATƏM-in sədri xanım Uqlas başda olmaqla qəbul edirik.

Biz son günlər sizin bəzi ölkələrə səfərinizi diqqətlə izləyir və nəzərdə tutduğumuz cədvələ uyğun olaraq buraya gəlişinizi səbirsizliklə gözləyirdik. Təəssüf edirəm ki, siz Azərbaycana səfəriniz üçün belə az vaxt ayırırsınız. Zənnimcə, Azərbaycanın düşdüyü mürəkkəb vəziyyəti nəzərə alaraq, başqa ölkələrlə müqayisədə bir qədər çox vaxt ayırmaq lazım idi. Lakin biz təvazökarlıq edib bununla da kifayətlənirik.

Sizə yaxşı məlumdur ki, Azərbaycan üçün indi başlıca problem dövlətimizin ərazisində döyüş əməliyyatlarının dayandırılması, Azərbaycanın müharibə vəziyyətindən çıxması və Azərbaycan Respublikasının suveren hüquqlarının təmin edilməsidir. Bununla əlaqədar biz ATƏM-in fəaliyyətinə çox böyük ümid bəsləmişik və indi də bəsləyirik.

Azərbaycan xalqının, Azərbaycan Respublikasının həyatı ilə bağlı problemlərin həlli sahəsində ATƏM -in bu vaxta qədərki fəaliyyətindən danışsaq, əlbəttə, burada müsbət məqamların olduğunu da deyə bilərik. Lakin bununla belə, bu gün bizim əsasımız var deyək ki, qəti nəticələr baxımından belə deyildir. İndi respublikamızda böhranlı vəziyyət yaranmışdır. Mən bilmirəm, bu, sadəcə təsadüfdür, yoxsa sizin gəlişinizlə əlaqədar xüsusi olaraq yaradılmış şəraitdir, lakin hər bir halda, bizdən ötrü nə qədər böhranlı və faciəli olursa-olsun, indiki vəziyyət - real faktdır. Sizin Azərbaycan üçün məhz belə ağır dövrdə buraya səfərinizi respublikamızın bütün vətəndaşları diqqətlə izləyirlər. Buna görə də biz çox istəyirik ki, sizin buraya səfəriniz ATƏM-lə bağlı olduğumuz problemlərin həllində konkret əməli nəticələrlə başa çatsın...

Xanım Uqlas, erməni silahlı birləşmələrinin təcavüzkar hərbi əməliyyatını pisləyən bəyanat verdiyinizə görə ilk növbədə sizə təşəkkür etmək istəyirəm. Həmin təcavüz nəticəsində son günlər Azərbaycanda vəziyyət olduqca mürəkkəbləşmiş və on minlərlə adam daimi yaşayış yerlərini tərk etmişdir və indi ağır müsibət içərisindədir. Zənnimcə, ATƏM-in sədri kimi, sizin bəyanatınızın çox mühüm siyasi əhəmiyyəti var və ümid edirəm ki, həmin bəyanat vəziyyətin dəyişməsinə təsir göstərəcək. Buna görə, sizə təşəkkür edirəm.

Əlbəttə, biz çox istəyirik ki, dövlət müstəqilliyi əldə etmiş Azərbaycan Respublikasının qarşısında duran bütün problemlərin həllində ATƏM-in imkanlarından istifadə edək. Lakin hazırda bizdən ötrü ən kəskin, mühüm problem Azərbaycanın ərazi bütövlüyünü, dövlət suverenliyini, sərhədlərinin toxunulmazlığını, respublikamızın hərbi təcavüzə məruz qalan, həlak olan, daimi yaşayış yerlərini itirən vətəndaşlarının, sakinlərinin həyatının qorunmasını təmin etmək problemdir. Bütün bu vəziyyət böyük faciəyə gətirib çıxarır.

Biz bazar iqtisadiyyatı, demokratiyanın inkişafı, insan hüquqlarının müdafiəsi və demokratik inkişaf yolu tutmuş gənc müstəqil dövlət kimi Azərbaycanın qarşısında duran bütün başqa məsələlərlə bağlı problemlərin həllində ATƏM-in imkanlarından istifadə etmək barədə sizin təkliflərinizi məmnuniyyətlə qəbul edirik. Lakin bir daha qeyd edirəm ki, bizdən ötrü son dərəcə mühüm problem hərbi əməliyyatların dayandırılması və Azərbaycan ərazisinin xeyli hissəsini işğal etmiş qoşunların respublika ərazisindən çıxarılmasıdır.

Son aylar ərzində Azərbaycan Respublikası rəhbərliyinin və şəxsən mənim bu problemin sülh yolu ilə həllinə qəti şəkildə tərəfdar olduğumuzu sübut etməyə ehtiyac yoxdur. Çünki atəşin dayandırılması haqqında dəfələrlə imzalanmış sazişlər də, sonuncu belə saziş də məhz Azərbaycan tərəfinin təşəbbüsü və cəsarət edib deyim ki, şəxsən mənim təşəbbüsümlə mümkün olmuşdur.

Biz bilirik ki, ATƏM siyasi təşkilatdır, onun müvafiq silahlı birləşmələri yoxdur. Eyni zamanda belə hesab edirik ki, ATƏM kifayət qədər nüfuzlu beynəlxalq təşkilatdır və bir halda ki, biz müharibə vəziyyətindən çıxmaqla bağlı problemlərimizin bu məsələnin məhz siyasi yolla həll ediləcəyinə ümid bəsləyirik, deməli, əlbəttə ki, ATƏM-in fəaliyyətindən çox şey gözləyirik.

Gizlətmirəm, respublikanın vətəndaşları da, müxtəlif siyasi xadimlər, o cümlədən müxalifətdə olan xadimlər də, xarici müxbirlər də mənə tez-tez sual verirlər: BMT Təhlükəsizlik Şurasının, istər ATƏM-in Minsk qrupunun, istərsə də, ümumiyyətlə, ATƏM-in dəfələrlə qəbul etdiyi qərarların həyata keçirilməyərək qaldığını bilə-bilə, siz doğrudanmı inanırsınız ki, bu məsələni ATƏM-in qüvvəsi ilə, ATƏM-in, Birləşmiş Millətlər Təşkilatının, onun Təhlükəsizlik Şurasının imkanları ilə həll etmək olar?

Həqiqətən də bu bir faktdır ki, vaxt gedir. BMT-nin Təhlükəsizlik Şurası üç dəfə çox mühüm qətnamə qəbul etmişdir, ATƏM-in Minsk qrupu işğal qoşunlarının Azərbaycan ərazisindən çıxarılması haqqında bir neçə dəfə cədvəl tərtib etmişdir, gah Romada, gah Vyanada, gah da Cenevrədə və daha haradasa dəfələrlə iclaslar keçirmişdir. Özü də dünyanın ən böyük, nüfuzlu beynəlxalq təşkilatlarından - BMT və ATƏM-dən, Qarabağ münaqişəsi deyilən məsələnin həlli üçün ATƏM çərçivəsində xüsusi olaraq yaradılmış Minsk qrupundan söhbət gedir. Lakin onların bütün qərarları yalnız bir tərəfin - Dağlıq Qarabağın ortaya atdığı maneələrlə qarşılaşır. Buna görə də adamlarda istər-istəməz bədbinlik yaranır.

Siz qeyd etdiniz ki, ATƏM-in cənab Mozberq, cənab Sika və cənab Kazimirov kimi nüfuzlu xadimləri də respublikamızın problemləri və atəşin dayandırılması, işğal qoşunlarının ərazimizdən çıxarılması məsələləri ilə ATƏM tərkibində fəal və geniş iş aparırlar. Mən onlara şəxsən hörmət bəsləyirəm, dəfələrlə onlarla görüşmüşəm və fəaliyyətlərinə böyük ehtiramla yanaşıram, şadam ki, onlar bu gün burada bizimlə birlikdədirlər. Lakin bütün bunlar nəticə vermir. Təkrar edirəm, BMT Təhlükəsizlik Şurasının qətnamələri nəticəsiz qaldıqda, həmin bədbinlik istər-istəməz mənə də sirayət edir. Lakin bununla belə əminəm ki, ATƏM-in imkanlarından və əlbəttə, ATƏM vasitəsi ilə Təhlükəsizlik Şurasının imkanlarından indiyədək kifayət qədər istifadə edilməmişdir. Çox istəyirəm ki, bizim sizinlə görüşümüz bu son dərəcə mürəkkəb problemin həllində ATƏM-in daha müvəffəqiyyətli fəaliyyəti üçün başlanğıc nöqtəsi olsun...

Başa düşürəm, ATƏM-in baş katibi vəzifəsi nə deməkdir, onun çox böyük əhəmiyyəti var. Mən baş katibi tanıyıram, onunla Naxçıvanda əvvəlki işimdən tanışam. Lakin indiki halda ATƏM-in sədri ilə ilk dəfə görüşdüyümdən istifadə edərək sizə, sizin bütün nümayəndə heyətinizə, o cümlədən də baş katibə üz tuturam. Siz baş katibə söz verməzdən əvvəl icazənizlə daha bir neçə kəlmə deyəcəyəm, sonra isə baş katibi məmnuniyyətlə dinləyərik. Söylədiyiniz fikirlərlə əlaqədar bir neçə qeydimi bildirmək istəyirəm.

Siz dediniz ki, beynəlxalq təşkilatların imkanları da var, nöqsanları da. Lakin bu zaman siz müvafiq tərəflər arasında bilavasitə əlaqənin zəruri olduğunu da xatırlatdınız. Siz haqlısınız ki, əvvəlki Azərbaycan rəhbərliyində bu cəhət çatışmırdı. Mən bunu yüksək qiymətləndirirəm ki, siz bu məsələyə Azərbaycan rəhbərliyinin münasibətində dəyişiklikləri, o cümlədən mənim şəxsi münasibətimi qeyd etdiniz. Amma siz razılaşmaya bilməzsiniz ki, Azərbaycan tərəfindən münasibətin dəyişməsi bu məsələnin həlli üçün daha əlverişli şərait yaratmalı idi. Bir necə ay bundan əvvəl Azərbaycan rəhbərliyi Dağlıq Qarabağla heç bir əlaqəni qəbul etmir və yaxın qoymurdu. Odur ki, mən bu əlaqələrlə bağlı addımlar atmağa başladıqda Azərbaycanın müxalifəti və Azərbaycanda bəzi dairələr tərəfindən çox böyük tənqidə məruz qaldım. Mən bunu məhz sizin dediyiniz prinsipləri əsas tutaraq edirdim. Lakin indi mən həmçinin bununla əlaqədar tənqidə məruz qalıram ki, atdığım addımlar müsbət nəticələr verməkdənsə, əksinə, vəziyyətimizi daha çox pisləşdirmişdir. Bir diqqət yetirin, iyunda Mario Raffaelli başda olmaqla nümayəndə heyəti buraya gəldikdə biz onunla görüşdük, o, Bakıda, Ağdam rayonunda, Qarabağda, Yerevanda oldu. Biz əvvəllər ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər rayonundan qoşunların çıxarılması cədvəli ilə tamamilə razı idik, lakin Mario Raffaelli Azərbaycandan getdikdən bir neçə gün sonra Ermənistan silahlı birləşmələri Ağdam rayonunu işğal etdilər. Buna baxmayaraq, biz bundan sonra da Ermənistanla əlaqələr saxladıq, şəxsən mənim Levon Ter-Petrosyanla əlaqələrim oldu, sonra bizim rəhbərlərin Dağlıq Qarabağ rəhbərləri ilə, o cümlədən parlament sədrinin müavini Afiyəddin Cəlilovun, baş nazirin müavini Abbas Abbasovun, ordumuzun baş qərargahının rəisi Səfər Əbiyevin əlaqələri oldu. Bu şəraitdə də respublikamıza qarşı təcavüz davam etdi, həm Ağdam, həm Füzuli, həm Cəbrayıl, həm də Qubadlı rayonları işğal olundu. Biz barışıq haqqında saziş bağladıq. O da pozuldu. Sağ olun ki, sazişin Ermənistan tərəfindən pozulduğu barədə bəyanat verdiniz. Son günlər hərbi əməliyyatlar nəticəsində on minlərlə adam acınacaqlı vəziyyətə düşmüşdür. Dünən onların bir qismi İmişli rayonunun ərazisinə qayıtmışdır. ATƏM-in nümayəndələri də oraya getmişlər. Onlar qaçqınların nə vəziyyətdə olduqlarını öz gözləri ilə görəcəklər. Budur mənim əlaqələrimin nəticəsi.

Gərək ki, dünən sizə Azərbaycanın xəritəsini göstərdilər. İndi vəziyyətin necə olduğu göz qabağındadır. Zəhmət olmasa, bir baxın. Budur, daha aydın xəritə. Dağlıq Qarabağa tamamilə ermənilər nəzarət edirlər. Sonralar Laçın rayonu işğal olunmuşdur. Bir baxın, il yarım bundan əvvəl bu, necə bir ərazi idi. Bu ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonu, sonra 150 min nəfərdən çox əhalisi olan Ağdam rayonu, Füzuli, Cəbrayıl, Qubadlı rayonları işğal olundu.

Zəngilan rayonu mühasirədədir. Dünən çox çətinliklə nail olduq ki, bu rayon işğal edilməsin. Bu məsələ ilə gecədən keçənədək məşğul olduq. Ermənistan işğalçı qoşunları artıq İranla sərhədə çıxmış, Azərbaycan-İran sərhədinin əksər hissəsinə nəzarət edirlər. Əslində münaqişə beynəlmiləlləşdirilmişdir. Bayaq dedim ki, on minlərlə adamımız İran ərazisindədir.

Bəs nə üçün belə olur? Axı biz danışmışdıq ki, atəş dayandırılsın, Dağlıq Qarabağla bağlı məsələyə baxılsın. Amma yeni-yeni rayonlar işğal olunur, Ermənistan tərəfi güc mövqeyindən hərəkət edir və öz şərtlərini qəbul etdirir.

Bütün bu günlər ərzində biz məhz Dağlıq Qarabağla, təbii ki, həmçinin Ermənistan rəhbərliyi ilə intensiv əlaqələr saxlamışıq. Lakin bu əlaqələr bir nəticə vermir. Bax, siz insan hüquqlarının müdafiəsində ATƏM-in mühüm vəzifəsindən danışdınız. Bəs respublikanın bütün ərazisində ağır vəziyyətdə olan bir milyon nəfərdən çox qaçqının hüquqları tapdanmırmı, pozulmurmu? Zəngilanda təxminən altmış min adam mühasirədədir. Bayaq dedim ki, on minlərlə adam İran ərazisindədir. Onların bir qismi Arazdan keçərək İmişliyə qayıtmışdır. Dünən bütün gecə biz bu məsələ ilə məşğul olmuşuq. Dövlət katibi Lalə xanım Hacıyeva sizə bu barədə danışmışdır. Biz bütün şərtlərlə razılaşmışıq. Əgər bu da kömək etməsə, beynəlxalq təşkilatlar-istər BMT, istərsə də ATƏM bir şey edə bilməsələr, onda yalnız Allaha müraciət etməli və ya elliklə səfərbərliyə başlamalı, ya şəhid olmaq, ya da hadisələrin inkişafını dayandırmaq üçün döyüşə atılmalı olacağıq. Yeri gəlmişkən, son günlərin həyəcanlı hadisələri ona gətirib çıxarmışdır ki, xalq məndən bunu tələb edir. Mən bir tərəfdən, bu əlaqələrə razılıq verdiyimə görə tənqidə məruz qalıram, digər tərəfdən isə, tələblər irəli sürürlər ki, biz belə vəziyyətdə olmaqdansa ölməyə, şərəflə, şöhrətlə ölməyə hazırıq. Buna görə də vəziyyət nəinki sadəcə faciəli, hətta ondan da betərdir. Belə hesab edirəm ki, beynəlxalq təşkilatlar bu problemin həllində kömək göstərməlidirlər. Düşünürəm ki, sizin baş katib buna daha konkret cavab verəcəkdir...

Mən sizinlə tamamilə razıyam, bu məsələdə aramızda ziddiyyət yoxdur. Mən artıq bildirdim ki, biz Minsk qrupuna və bütünlükdə ATƏM təşkilatına böyük hörmətlə yanaşır, ona böyük ümid bəsləyirik. Biz bundan sonra da əməkdaşlıq edəcəyik və ATƏM-in Minsk qrupunun səmərəli fəaliyyətinə çox ümid edirik. Lakin mən söhbətimizin əvvəlində dedim ki, xanım Uqlasın bu gün verdiyi bəyanat erməni silahlı birləşmələrinin təcavüzkar hərəkətlərini pisləyən siyasi bəyanatdır. Bunun özünün çox böyük əhəmiyyəti var. Yaxud götürək dünən bu məsələ barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində verilmiş bəyanatı. Həmin bəyanatda erməni silahlı birləşmələrinin son günlər işğal etdikləri ərazidən dərhal çıxarılması tələb olunmuşdur. Bundan əlavə, bizimlə çox fəal əməkdaşlıq edən və bu məsələ ilə geniş məşğul olan cənab Kazimirov dünəndən, Bakıya gəldiyi andan etibarən bu prosesə ciddi şəkildə qoşulmuş, hərbi birləşmələrin son günlər tutduğu ərazidən çıxarılmasına nail olmaq üçün Qarabağla, Yerevanla və bizimlə əlaqə saxlamışdır. Biz gələcəkdə də belə siyasi fəaliyyətə bel bağlayacağıq. Lakin siz bilirsiniz ki, vəziyyət bizdən daha konkret, daha qəti tədbirlər görməyi tələb edir. Adamlar sərhədi keçib İrana getmiş və gecə, demək olar, çılpaq halda, çox çətin vəziyyətdə Azərbaycan ərazisinə qayıtmışdır. Biz onlardan ötrü sığınacaq yeri, əyin-baş tapa bilmirik. Mən hələ onların bütün var-dövlətini, yaxın adamlarını itirmələrini demirəm. Belə şəraitdə biz bütün təcavüzkar hərəkətlərə son qoymalıyıq.

Mən sizin imkanlarınızı realistcəsinə qiymətləndirirəm. Lakin siz də yaranmış vəziyyəti beləcə qiymətləndirməli və görülə biləcək tədbirlərə, ola bilsin, ən qəti tədbirlərə, realistcəsinə yanaşmalısınız. Axı, səbrin də sonu var. Buna görə də mən bir daha bu məsələnin siyasi yolla həllinə tərəfdar olduğumu bildirirəm. Məsələnin siyasi yolla həlli isə yalnız sizin iştirakınızla, sizin geniş fəaliyyətiniz nəticəsində mümkündür...

Bu fikirdə qalmaq istəyirəm: biz inanırıq, ümid edirik və belə hesab edirik ki, ATƏM-in ehtiyatlarından və imkanlarından daha dolğun istifadə olunmalıdır!

Sağ olun.

\"Azərbaycan\" qəzeti, 27 oktyabr 1993-cü il.